- 1536 Okunma
- 1 Yorum
- 0 Beğeni
Aşıq Avdı Qaymaqlı
Elbəyi CƏLALOĞLU
Aşıq Avdı Qaymaqlı
(Ustadın100 illik yubileyinə)
1941-ci il müharibəsi başlayanda hamı kimi Aşıq Avdıya da çağırış vərəqəsi gəldi. Onu və yoldaşlarını bir başa Krım yarımadasına, Kerçə apardılar. Bu yerlər əski türk torpaqları olduğundan Avdının zövqünə bir qədər yarayırdı, hardasa bir təsəlli yeri varıydı. Hərdən gözətçi olanda, təkliyə qovuşanda və ya sakitliyə düşəndə özünə qapılaraq keçdiyi ömür yollarını – uşaqlığını, gəncliyini xəyallarında aydınca canlandıra bilirdi. Amma düşmənlə üz-üzə olduqlarından hər an qarşıdan gələ biləcək təhlükə istisnasız idi. Ara bir üstlərinə yağan güllə yağışına qarşı onlar da atəş açar, düşməni susdurub özləri də səngərlərinə çəkilərdilər. Qəfil hücumlar da olurdu, ancaq, hələlik düşməni dəf edə bilirdilər.
Avdını ilk dəfə gözətçi qoydular. İki saat karabin çiynində ayaq üstə dayanmalı idi. Gözünü cəbhə xəttindən çəkmirdi, hərdən aldadıcı qaraltılar görəndə əlləri az qala tətiyə yaxınlaşırdı. Ömründə belə çətinliyə düşməmişdi. Ona görə də, səhvə yol verə biləcəyindən də ehtiyat edirdi. Birdən xəyallar onu uşaqlığına apardı...
Aşıq Avdı 1909-cu ildə Qazax rayonunun İncə dərəsində, Qaymaqlı kəndində dünyaya gəlib. Uşaq vaxtlarında əlinə keçən taxta parçası və ya iş alətlərini saz əvəzi sinəsinə basıb, körpəcə titrək səsiylə zümzümələyərdi. Deyilənlərə görə, atası İsa kişi (düzgünlüyün tərəfini saxladığına və çılğınlığını gizlədə bilmədiyinə görə el arasında ona “Dəli İsa” deyirlərmiş) balaca Avdıda olan bu həvəsi görüb bir taxtanın üstünə qurudulmuş qoyun bağırsağı bağlayaraq saza oxşar bir şey düzəldibmiş.
Avdı 14-15 yaşlarında daha gözəl avazla oxumağa başlayıb. İsa kişi oğlunda olan tükənməz həvəsi görüb, o dövrdə İncə dərəsində aşıq olmadığından oba-oba, el-el ustad axtarışına çıxıb. O, oğlu ilə birlikdə Qazax rayonunun Canallı kəndində Aşıq Məhəmmədin yanına gəlib. Aşıq Məhəmməd Avdının qabiliyyətinə heyran qalsa da, “qocalmışam, şəyird öyrətməyə hövsələm qalmayıb” deyərək təəsüflənib.
Bir qədər sonra İsa kişi Borçalıda Aşıq Sadıq Sultanovun sorağını alıb. O Avdını da özüylə götürüb birbaşa onun yanına gedib. Aşıq Sadıq gənc Avdını sınağa çəkəndən sonra onun istedadını, səsini, avazını bəyəndiyini söyləyib və şəyirdliyə götürməsinə razılıq verib. Həmin vaxt Qazax rayonunun Sarıvəlli kəndindən Dərya Məhəmməd də ustada qulluq edirdi. Beləcə, Dərya Məhəmmədlə ustadlarının evində dostlaşdılar, bir-birinə qoşulub aşıq sənətinin dərinliklərinə baş vurdular.
Aşıq Avdı ustadının sevimli şəyirdlərindən olub və onunla birlikdə Borçalıda, İncə dərəsində bir çox məclislər keçirib. Kəmərli kəndində keçirilən məclislərin birində aşıq sənətinin pərəstişkarları Aşıq Sadığa müraciətlə deyiblər ki, “ay aşıq, sən səsinlə otuzluq lampanı söndürə bilirsən, sevimli şəyirdin Avdı da bunu edə bilərmi”? Aşıq Sadıq da üzünü çevirib “oğlum bir özünü göstər” deyib. Avdının zil səsi və bülbül kimi cəh-cəhi lampanı söndürən anda camaat onu dayandırıb, alqışlayıb da. Belə hallar tez-tez təkrarlanırmış. Hətta arabir el məclislərində böyük şairimiz Səməd Vurğunla rastlaşdıqlarından onunla dost olmuşdular. Deyilənə görə, müharibə illərində Səməd Vurğun yazıçı dostları ilə el-obanı gəzərək əhalidə ruh yüksəkliyinin artmasına çalışırmış. Şairin bir dəfə yönü Qaymaqlı kəndinə düşüb. Aşıq Avdını soruşub. Müharibədə olduğunu biləndə “bir aşığınız varıydı, onu da qoruya bilməmisiniz” deyib...
***
...Növbəni dəyişən əsgərin ayaq səsləri Avdını xəyallardan ayırdı. Dincəlməyə getdi. Lakin xoş xatirələrin şirin təəsüratları onu yatmağa qoymadı, xəyalən, gah saz götürüb məclisə çıxdı, gah da gözəllərə qoşduğu şeirlərini yadına saldı.
Aradan xeyli keçmişdi. Payız öz təbii qanunlarını təbiətə diqtə edirdi. Almanların fəallığı hiss olunurdu. Tez-tez bombalar yağdırır, atəşlər açırdılar. Qarşı tərəf isə hələlik özünümüdafiədə möhkəm dayanmışdı. Belə günlərin birində Avdının gözətçilik növbəsi çatmışdı. Gözətçilik postunu təhvil aldıqdan sonra ətrafı diqqətlə seyr etdi. Zülmət qaranlığın yaratdığı çətinliyə baxmayaraq, hər şeyin qaydasında olduğuna əmin oldu, daha doğrusu, nisbi sakitlik idi. Xəyallar onu şahlar şahı Şahi-mərdanın xalq dastanlarımızdan bizə tanış olan sehrlərindəki kimi bir anda İncə dərəsinə gətirib çıxartdı.
Avdı gənc vaxtlarında İncə dərəsində Mehriban adlı bir varlı qızına vurlmuşdu. Uzaqdan-uzağa bir-birinə aşiq olmuşdular. Məhəbbətin gücü Avdının ürəyini dəmirçi kürəsinə döndərmişdi. Sirrini bacısına dedikdən sonra elçilər yola düşdülər. O dövrdə varlıların kasıb ailələrə qız vermədiklərindən (bu ənənə qismən də olsa, indi də yaşayır) elçilər əlləri ətəklərindən uzun geri qayıtdılar. Avdını dərd bürüdü, sevdiyini qaçırmaq fikrinə düşdü. Lakin məsələdən halı olan əmisi - tütəkçalan Vəli (gözəl tütək çaldığına görə ona bu adı veriblərmiş) Avdıya öyüd verərək “ay oğul, sən iki qardaşın bir oğlusan (Avdının qardaşları rəhmətə gedibmiş, Vəli kişinin isə oğlu yox idi), düşmənçilik yaratma, Allah eləməmiş başına bir iş gəlsə ocağımız sönmüş olar” - dedi. Atasından və digər böyüklərindən təmiz əxlaq, gözəl tərbiyə mənimsəmiş Avdı bu fikrindən daşınsa da ilk sevgisini ürəyindən qopara bilmədi. Ömür boyu onun eşqiylə yaşadı. Atası Mehribanı başqasına ərə verdikdən sonra Avdı da Kəmərli kəndindən Yasəmən xanımla evləndi və ömrünün axrınacan onunla yaşadı...
İndi əsgəri mövqeyində dayanan Avdı Mehribanın eşqiylə yazdığı qoşmalarını xatırlayırdı. Birdən ona tərəf qara kölgənin gəldiyini hiss etdi. Karabini gözünün üstünə alıb, qundağını çiyninə dayadı. “Dayan!” əmri verdi. Kölgə yenə yaxınlaşırdı. “Dayan, vururam!” - bu dəfə əmri belə səsləndi.
-Avdı, mənəm, tanımadınmı?
Səs Avdıya tanış gəlsə də kölgəni tanımadı və “kimsən”? - deyə soruşdu.
- Evdən məktub alırsanmı? – deyə qara kölgədən səs gəldi.
- Ayə, kimsən?
- Kənddə hamı salamatdır, nigaran olma, Avdı.
- De görüm kimsən?
- Başına çox işlər gələcək, amma, sağ-salamat qayıdacaqsan.
- Səsin tanışdır, ancaq tanıya bilmirəm.
- O tərəfə bax, birdən gələn olar.
Avdı dönüb arxaya baxdı, bir şey görmədi, yenə də düzəldi ki, nəsə desin, amma qara kölgə daha yoxuydu. O, “bismillah” deyib, bir az da diqqətlə baxdı, heç kimi görmədi. Avdı qarovul növbəsini dəyişib dincəlməyə gedəndə də bu hadisəni uzun müddət unuda bilmədi. “Deyəsən bu Xızır peyğəmbər idi” deyə düşündü.
***
Avdının xidmət elədiyi hərbi hissədə bir rus hər gün içib sərxoş gəzirdi. Bir gün o sərxoş vəziyyətdə qışqıraraq hay-küy salmağa başladı. Bu zaman almanların bu hay-küyü eşidib hücum edəcəklərindən ehtiyatlanan komandir Avdı ilə əsgərlik yoldaşı Şəmkirli İsakı onun üstünə nəzarətçi qoyaraq tapşırdı ki, qışqırmağa qoymasınlar. Gecəni səhərəcən sərxoşun qışqırmasının qarşısını aldılar. Səhər açılanda Qara dəniz tərəfdən əsən meh sanki Avdının saçlarını və üzünü oxşayırdı. Özündən asılı olmayaraq onun aşıq qəlbi cuşa gəldi və zümzümə etməyə başladı. Bu zaman İsak “ayə, rusu gözləyirdin, indi özün səs salırsan” dedi.
Avdı ona cavab vermədən eləcə oxumağında idi. İsak yerlisinin sinə dəftər olduğunu bilirdi, ona görə də onun dodağından qopan misraları tezcə vərəqə köçürdüb saxladı (sonralar bu hadisənin xoş xatirə kimi onların yadlarına düşəcəyini irəlidə rastlayacaqsınız).
***
1942-ci ildə almanlar qəflətən Kerçdəki sovet hərbi hissəsinin üzərinə hücuma keçib bombardman etdilər. Çoxunu öldürdülər, sağ qalanları isə əsir götürdülər. Ailələrə gələn “qara kağız”ların sayı-hesabı yox idi. “Qara kağız”lardan birini də aşıq Avdının atası İsa kişi almışdı. Poçtalyon uzaqlaşdıqca gözü onun izində qalan İsa kişi məktub əlində heykələ dönmüşdü. Heç ağlamaq da düşmürdü yadına. Onun qeyri-adi duruşu ömür-gün yoldaşı Yetər xanımın diqqətini çəkdi. Yetər xanım qaşlarını çatıb yavaşca yaxınlaşsa da əvvəlcə İsa kişi onu duymadı. Birdən bir-birinə baxdılar, İsa kişinin gözündən qopan yaş giləsi məktubu islatdı, boğuq səslə nəsə dedi. Yetər xanımın (yayda yalağa və qışda arana köçəndə at minərək, qaçaq-quldurdan qorunmaq üçün beşaçılan gəzdirdiyinə görə ona “kişi Yetər” də deyirdilər) ürəyində qopan fırtına dodaqlarında səsləndi, əlləri kimisə hədələyirmiş kimi göydə nəsə axtardı. El yığıldı, ağlaşma quruldu. “Kişi Yetər”in ahından az qala dağlara od düşəcəkdi. Yasəmən xanımın (aşığın ömür-gün yoldaşı 2007-ci ildə, 105 yaşında dünyasını dəyişib) suru düşdü. İncə dərəsi qəm dəryasına dönmüşdü.
Aradan xeyli keçmişdi. Dəli İsanın (aşığın atası 1953- cü ildə Allah rəhmətinə qovuşub) üz-gözündə və qamətində qara xəbərin vurduğu zərbələr hiss olunurdu. Bir gün o, sarsıntılar içində həyətdə oturub atına yəhər düzəldirdi. Birdən bağ tərəfdən qulağına saz səsinə bənzər dınqıltı gəldi. İsa kişi səsə doğru getdi. O kürəkəni Yəhya ilə nəvəsi Sadığın taxtadan düzəldib, çaldıqları sazı görəndə “ay bala, sazcığazınızla məni niyə parçalayırsınız, sizdən mənə Avdımı olacaq” deyib uzaqlaşdı.
“Qara kağız” düz dörd il Avdının əzizlərinə hüzn yaşatdı. Lakin hadisə başqa cür olmuşdu. Almanlar bombardmandan sonra yaralılara yaxınlaşıb bir-bir yoxlayırdılar. Ağır yaralıları güllələyib basdırır, yüngül yaralıları isə əsir götürürdülər. Bombardmandan üç gün keçmişdi. Aşıq Avdı başının sağ tərəfindən güllə yarası almışdı. Üç gün ərzində qan itirməsi, eyni zamanda aclıq və susuzluq onu heydən salmışdı. Güllə səsinə kipriklərini aralayıb, başını azca yuxarı qaldırdı. Alman əsgəri yaxınlıqdakı yaralı rus döyüşçüsünü güllələmişdi. Bu dəfə ona yaxınlaşdılar. “Qalx”əmri verildi. Avdı əlini ağzına apararaq su istədiyini bildirdi. Alman zabiti əsgərə ona su verməyi əmr etdi. Avdı suyu içdikdən sonra gözlərinin işığının artdığını hiss etdi. Yenə də su istədi. Bu dəfə də verdilər və suyu içib ayağa durdu. Onu əsirlərə qatıb Almaniyaya göndərdilər. Orada yarası da sağaldı.
Bir qədər keçdikdən sonra Avdını bir dəstə ruslarla birlikdə yüksək çinli, yaşlı bir alman zabitinin evinə qulluqçu göndərdilər. Zabitin həyətində kök, çuğundur və başqa bostan bitkiləri yetişdirirdilər. Alman zabiti onu çox incidirdi, göz verib işıq vermirdi, hətta əlindəki çəliklə vururdu da. Avdı isə nə edəcəyini bilmirdi, çıxış yolu axtarışında idi.
Günlərin bir günündə həmin zabit bostanda yaba ilə işləyən Avdıya yaxınlaşıb onu bərkdən vurur. Səbr kasası tükənən Avdı bu dəfə hirsini cilovlaya bilməyib, yabanı zabitin qarnına soxur. Tribunal Avdıya altı il iş kəsir. 1945-ci ildə almanlar üzərində qələbə çalınandan sonra, amerikalılar əsirləri azad edərkən Avdını da azad ediblər. Azad olunanların çoxu müxtəlif ölkələrə üz tutsalar da Avdı öz el-obasına qayıtmağa qərar verir. Avdı və digər əsirlər mühakimə olunmaq üçün nəzarətçilərin müşaiyyəti ilə Moskva şəhəri yaxınlığındakı Mojaysk şəhərinə gətirilirlər. Aşıq Avdı orada evlərinə məktub yazıb vəziyyətı barədə ailəsinə xəbər göndərir. Məktub çatan kimi Avdının anası Yetər xanım və bacısının əri dərzi Musa (o rus dilini yaxşı bilirmiş) onun yanına yollanırlar. Bu hadisə 1946-cı ilin yayında baş verir. Gələnlər komandirlə görüşərkən xəbərin doğruluğuna sevindiklərindən kənddən Avdının adına gətirdikləri sovqatı ona verirlər. Komandir Avdını əzizləri ilə görüşdürür. Həsrətlər qucaqlaşırlar, göz yaşları bir-birinə qarışır...
Yetər xanıma məlum olur ki, Avdı bir aydan sonra mühakimə olunacaq. O, komandiri dilə tutub məhkəməyə qədər Avdının azadlığa buraxılmasına nail olur.
Beləliklə, vətənə yola düşürlər. Nəqliyyat vasitələrinin qıtlığı ucbatından Qaymaqlı kəndinə bir ay üç günə çatırlar. Əslində isə bu vaxt onun məhkəməsi başlamlı idi.
Qarayazıdan Kür çayının Sarıvəlli kəndi yerləşən hissəsinə qədər gəlib, çayı qayıqla keçirlər. Onları qayıqda görən bir nəfər Qaymaqlı kəndinə muştuluğa gedir. Kürə tərəf axışan kənd camaatı kənddən təxminən iki kilometr Sarıvəlliyə tərəf “Qarataxta” deyilən yerdə Avdıgillə qarşılaşırlar. Gələnlərin içində aşıq Avdının kiçik yaşlı oğlu Sadıq da vardı. Yetər xanım ondan soruşduqda ki, oğlunla niyə görüşmədin, o tanımadığını deyir, çünki Avdı əsgər gedəndə oğlu bir yaş yarımda imiş.
Nəhayət gəlib kəndə çatdılar. İsa kişi oğlunun ayaqları altında qurban kəsdi. Zurnaçı Xəlil evin damına çıxıb zurnasını səsləndirdi. O, hər əsgərlikdən gələn olanda ev yiyəsinin damına çıxıb zurnasını sazlayardı. Bu dəfə carçılığa ehtiyac qalmamışdısa, bu bir qayda olduğundan ənənəsinə sadiq qaldı.
***
Muştuluqçu özünü Sarıvəlli kəndinə aşıq Dərya Məhəmmədin yanına çatdırıb xələtini aldı.
Aşıq Məhəmməd də müharibəyə getmişdi, lakin o, 1943-cü ildə ağır yaralandığından evə buraxılmışdı. Evə gəldikdən sonra isə tez-tez dostu Avdının ailəsinə baş çəkər, İsa kişinin, Yetər ananın vəziyyətindən halı olardı. Avdıdan “qara kağız” gəldiyini eşidəndə isə Aşıq Məhəmmədin gözlərinin yaşı bığlarını islatmışdı, günlərlə özünə gələ bilməmişdi. O, Yetər ananın yanına gəlib əhd eləmişdi: “Avdı sağ-salamat qayıtsa, Sarıvəllidən Qaymaqlıya ayaqqabısız, ayağı corablı, piyada gələcəm, bir saz havası çalıb, sonra onunla görüşəcəm”.
İndi o nisgilli günlər arxada qalmışdı. Aşıq Məhəmmədin sevincinin həddi-hüdudu yox idi. O, bir an belə dayana bilməyib, sazını çiynindən asaraq əhd elədiyi kimi Sarıvəlli kəndindən payi-piyada Qaymaqlıya yola düşdü (bu yolun uzunluğu təxminən 8-10 km-dir). Yolda addımlarını sürətləndirdi, yorulmaq bilmədi, o tələsirdi. Əziz dostunun müharibədən sağ-sağlamat qayıtmasından ilhama gəlib az qala qanad açıb uçmaq istəyirdi. Birdən Allahın acığına gələcəyindən ehtiyatlanıb addımlarını yavaşıtdı, ancaq ürəyində sevgidənmi, yoxsa həyacandanmı heç özünün də bilmədiyi qəribə bir döyüntü var idi. O, Qaymaqlıya çatanda İsa kişinin evinin həyətində iynə atsan yerə düşməzdi. Qələbəlikdən səslər eşidildi:
- Aşıq Məhəmməd gəldi!
Aşıq Avdı ayağa durdu, istədi onunla görüşsün, lakin aşıq Məhəmməd onu saxladı və həyacanlı səslə “mənim əhdim var” dedi. Sazını köynəkdən çıxarıb özünün məşhur “sestra” qoşmasını oxumağa başladı. Şeirin iki bəndini bir təhər oxudu, üçüncü bəndə keçəndə onu qəhər boğdu, qeyri ixtiyari sazı yerə qoyub özünü Avdının üstünə atdı. Cəmi həsrətlər kimi qucaqlaşdılar, göz yaşlarını bir-birinin çiyinlərinə axıtdılar. Səhnəni görən hər kəs gözlərini yenidən sıxmağa başladı. Bu tərəfdə ağlaşmadan təsirlənən Yasəmən xanım qəşş elədi. Qonşu gəlinlər üzünə, boynunun dalına su vurub onu ayıltdılar. Araya sükut çökdü. Hamı duyğulu halda bir-birinə baxırdı. Bir azdan sükutu yenə də aşıqların özləri pozdular.
Aşıq Məhəmməd üzünü tutub aşıq Avdıya “bir götürüb sazını dilləndirsənə” dedi. Aşıq Avdı divardan asılmış sazına baxıb dedi:
- Ay Məhəmməd, beş ilə yaxındır əlimə saz dəyməyib, yəqin ki, yadırğamışam.
- Yox, yadırğamazsan, götür çal, sazı intizarda qoyma.
Avdı sazını köynəkdən çıxartdı. Üstündə üçcə teli qalmışdı. Onu Yetər xanım adəti üzrə hər gün səhər köynəyindən çıxarıb təmizləyər, tellərini silərdi. Beləcə, zaman-zaman tellərin altısı qırılmışdı. İndi isə Avdı özü mizrabı götürüb çəkən kimi tellərin üçü də qırıldı, sanki saz sahibinin nəfəsini duyan kimi sevincindən qəm tellərini yolmuşdu, indi ona yeni dəm telləri lazım idi.
***
Aşıq Avdının evə gəldiyi günün səhərisi onu rayon mərkəzinə Təhlükəsizlik İdarəsinə çağırırlar. Səbəb də yuxarıda qeyd etdiyim kimi onun məhkəmədə ola bilməməsi idi. Aşıq sazını da götürüb deyilən yerə gedir. Təhlükəsizlik xidmətinin rəisi onu əməlli-başlı tənbeh edir və tutulacağı ilə hədələyir. Bu vaxt rəisə zəng gəlir və ona bayırda gözləməsini tapşırır. Aşıq Avdı isə otaqdan çıxan kimi bir başa Bakı şəhərinə yollanır. Azərbaycan Yazıçılar İttifaqının üzvlərindən şair dostu Səməd Vurğunun ev ünvanını alaraq görüşünə gedir. Böyük şair onu öz adına layiq qarşılayır və on beş gün evində qonaq saxlayır. Bu günlər ərzində ağzına su alıb duran aşıq, nəhayət, məsələni şair dostuna danışır. Səməd Vurğun bir az düşündükdən sonra “narahat olma, bir şey fikirləşərik” deyib onu təmtəraqla yola salır. Ondan sonra aşıq Avdını bir daha narahat eləyən olmur.
Bu hadisə Avdının Kerçdə keşik çəkərkən “hər zaman haqq aşıqlərinin dadına yetişən Xızır peyğəmbərlə görüş”ünü və onun dediklərini yadına saldı və Almaniyada keçirdiyi bir yol qəzasını xatırlatdı.
Onları yük maşınında meşənin içi ilə aparırdılar. Maşın yoxuşu qalxanda yarı yolda mühərrik sönür və maşın geriyə doğru şütüyür. Maşın bir az getdikdən sonra aşaraq dərəyə yuvarlanır. Bu qəzada çoxlu ölən və ağır yaralananlar olsa da Aşıq Avdının heç burnu da qanamır.
***
Onu xəyallardan Astanbəyli kənd sakini Hacıalı ayırdı. Hacıalı tək ayağının üstündə qoltuq ağacına dayanaraq axsaya-axsaya Avdıya yaxınlaşaraq müharibə günlərini xatırladı, “mən sənə ölənəcən minnətdaram” dedi.
Onlar müharibənin ilk günlərində bir yerdə döyüşmüşdülər. Hərbi hissədə su qıtlığı var idi. Uzun müddət susuz qaldıqlarından dodaqları təpimişdi. Hacıalı su üçün gizlicə yaxındakı alman hərbi hissəsinə getmək qərarına gəldi. Avdı çox dedisə, o az eşitdi. Fikrindən dönmədən məqsədinə doğru irəlilədi. Sən saydığını say, gör fələk nə sayır. Bir xeyli getmişdi ki, yanında mərmi partladı. Bayaqdan onu seyr edən Avdı dayanmadan hadisə yerinə qaçdı. Mərmi Hacıalının bir ayağını sındırmışdı. Avdı bıçağı çıxardıb onun ayağını sümükdən ayrıraraq ətdən asılı qalan yerindən kəsdi və qan axınını dayandırmaq üçün möhkəm sarıdı. Sonra onu belinə alaraq hərbi hissəyə gətirib sanitarlara təhvil verdi.
***
1948-ci ilin yazı idi. Qaranquşlar göydə dövrə vurur, gül gülü, bülbül də bülbülü çağırırdı. Aşıq Avdıgilin evlərinin alt tərəfindəki dərəylə İncə çayı axırdı. Çayın o biri üzündə isə gözəl bağ salınmışdı. Ustad aşıq hərdən çox da dərin olmayan çayın üzərinə körpü əvəzi düzülmüş taxta və daşların üstüylə həmin bağa keçərmiş. Bağa girəndə isə çiçəklərin ətrindən, sayrışan güllərin gözəlliyindən ilhama gələrmiş, keçmişində və bu günündə gördüklərinə, başına gələnlərə dair şeirlər qoşarmış.
Bu günlərdə dostu Hidris oğlu Məhəmməd Yetər qarıdan (aşığın anası 1974-cü ildə, 120 yaşında haqq dünyasına qovuşub) onu soruşub. Kişi darıxıbmış, dostunun duzlu-məzəli söhbətlərini dinləmək istəyirmiş. Ancaq evdə olmadığını bildikdə çıxıb gedib.
Bir neçə gün keçdikdən sonra Məhəmməd kişi bir də gəlib. Bu zaman aşıq bağdan təzəcə gəlib şəyirdləri Yəhya Məmmədov (o həmdə aşığın bacısı oğlu və kürəkəni idi), Cəlal Qəhramanov və oğlu Sadıqla söhbət edirmiş. Bir qədər şirin söhbətdən sonra Məhəmməd kişi “Avdı, o gün haradaydın?” deyə soruşub. Aşıq Avdı bir az düşünərək oğlu Sadığa sazı gətirməsini tapşırıb.
“Ay Məhəmməd, harada olduğumu indi sazla deyəcəm” deyərək sazını sinəsində müstəkam edərək oxumağa başlayıb:
Bir gün durdum çıxdım gülşən seyrinə,
Gördümkü bülbüllər gülə yalvarır.
Bənövşə boynunu büküb nərgizə,
Nərgiz özü şirin dilə yalvarır.
Bir yanda dayanmış xumar gözlü yar,
Bağda hər çiçəyin öz nəşəsi var.
Bir neçə addımda bulaqdan kənar,
Lilpar batıb dərin lilə yalvarır.
Hər otun başında var bir piyala,
Yasəmən dalğındı, gedib xəyala,
Mehriban çıxanda sorğu-suala,
Avdı yaşın silə-silə yavarır.
Söz tamama yetişən kimi, şəyirdi Cəlal soruşur:
- Avdı dayı, bu hansı havadı?
- Bala, elə indi yarandı.
Bu vaxt Yəhya dillənir:
- Bəs havanın adı nə olacaq?
- Ürəyiniz nə istəyirsə, o da olsun.
- Mən təklif edirəm ki, “Avdıgülü” olsun – Cəlal Qəhramanov dıllənir.
- Bala, biz İncədərəsinin sakinləriyik, onda qoy bu havanın adı “İncəgülü” olsun – Aşıq Avdı bu qənaətə gəlir. Elə o vaxtdan bu havaya həm “İncəgülü”, həm də “Avdıgülü” deyirlər.
***
1980-ci ildə Aşıq Avdı oğlu Sadıqla Qazax bazarına gediblərmiş. Bazarda gediş-gəlişin çoxluğundan daxılların arasından keçmək çətin imiş. Birdən uca boylu bir kişi aşığın qarşısında dayanır. Aşıq Avdı:
- A kişi, yol ver keçək!
Uca boylu kişi diqqətlə ona baxırdı. Bu aşığın nəzərindən qaçmasa da yenə də yol istədi. O isə “sən aşıq Avdı deyilsənmi”? soruşdu. Aşıq Avdı diqqətlə baxanda həmin adamın əsgərlik yoldaşı Şəmkirli İsak olduğunu bildi. Qucaqlaşdılar, xeyli söhbətləşdilər, çayxanada oturub çay gətirtdilər, əsgərlik günlərini xatırlayıb xatirələrə daldılar. İsak kişi onunla birlikdə sərxoş rusun üstündə nəzarətçi durduqları vaxt səhər tezdən əsən mehə zümzümələdiyi sözləri xatırlatdı. Bu sözlər aşığın yadında qalmamışdı. İsak isə həmin sözləri kağıza köçürdüyünü deyərək, cibindən yanları əzilmiş köhnə bir vərəq çıxarıb ona uzatdı:
Səhərin sübhü çağında,
Halım olub yaman, yellər.
Budur sənə amanatım,
Yetir dosta aman, yellər.
Oxuyub qəlbi oyansın,
Gözləsin məni, dayansın,
Deməsən, qanadın sınsın,
Yalvarır bu cavan, yellər.
Avdının əşqi sazına,
Həm oğluna, həm qızına,
Hamı yetsin murazına,
Qoy kəsilsin qurban, yellər.
Beləcə dostlar halallaşıb ayrıldılar.
Ustad ömrü yaşamış, bütün saz havalarını məharətlə ifa etmiş, “İncəgülü” saz havasını yaratmış, yüzdən çox şeirin və “Avdı və Mehriban” dastanının yaradıcısı olmuş, şəyirdlər yetişdirmiş, saysız-hesabsız məclislər keçirmiş, oğul evləndirmiş, qız köçürmüş, ən əsası, özündən sonra mədəniyyətimizdə xüsusi bir irs qoymuş Aşıq Avdı Qaymaqlı 1988-cü il yanvar ayının 14-də haqq dünyasının qapısını döydü.
Ömrünün son günlərində yaddaşında həkk olunmuş dəhşətli əsgərlik illərini tez-tez xatırlayan ustad bu fani dünyaya gözlərini bir dəfəlik yumdu. Ancaq əminəm ki, bu il 100 yaşı tamam olan Aşıq Avdı Qaymaqlı yaradıcı aşıq, ustad olduğundan onun mənəvi ömrü sazın ömrü qədər olacaqdır.
09.02.2009
“Ulduz” jurnalı № 5. 2009-cu il