- 776 Okunma
- 1 Yorum
- 0 Beğeni
“Göy at”ın möcüzəsi
Elbəyi CƏLALOĞLU
“Göy at”ın möcüzəsi
Borçalını İncə dərəsinə daşıyan gecənin nağılı
Qədim inanclara görə insana məxsus olan hər bir əşyanın və ya yerin düşəri-düşməzi olur. “Opel” markalı maşını aldığım gündən müsbət enerjilər məni öz qoynuna çəkdi, həmişə bu enerjilərin himayəsində oldum. Dostlarımla çox yerləri gəzib dolaşdım. Borçalıya gedəndə atam məni bağrına basdıqdan sonra əlini maşına çəkib “a, göy maşın balamı hara aparsan onu sağ-salamat qaytar” deyirdi. Aşıq atamın bu tanrı inancı, ilahi enerjisi məni daha da məsuliyyətli olmağa çağırırdı. Beləliklə, maşının adını “Göy at” qoydum, elə o vaxtdan hər səfərə çıxanda bu bayatı qulağımda səslənməyə başladı:
Apardı Göy at məni,
Saxladı səyyad məni,
Baş qoyum dizin üstə,
Çox yatsam, oyat məni.
Sentyabr ayının son günlərində əziz dostlarım – Azərbaycan Yazıçılar Birliyinin nəzdindəki Mahmud Kaşğari Fondunun rəhbəri, şair Elxan Zal Qaraxanlı və “Ulduz” jurnalının baş redaktoru yazıçı-dramaturq Elçin Hüseynbəyli “Bölgələrdə milli şüurun dirçəldilməsi” mövzusunda Tovuz, Qazax və Şəmkirdə keçiriləcək tədbirlərə məni də dəvət etdilər. Bu səfərin çox uğurlu olduğuna inanıb, həmişəki kimi sazımı götürüb, dostlarıma qoşuldum. Saz dinən yerdəsə milli şüur haqqında məruzəyə ehtiyac qalmır.
Öz ünvanım, öz adımdır saz mənim,
Onsuz olmaz bahar mənim, yaz mənim,
Cəlaloğlu, söyləmə gəl saz mənim,
Dünya yaşadıqca dinə, saz dinə.
“Göy at” Tovuz şəhərində dayananda doğma hisslər məni dövrəyə aldı, sanki, bütün rayon əhli neçə vaxtdır bizi gözləyirmiş. İlk qarşımıza çıxan, səfərimizin sonuna qədər bizimlə qalıb, sayğılarını əsirgəməyən “Nemes” ləqəbli Qarabağ döyüşçüsü Ələddin bəy oldu. Rayonun icra başçısı Tofiq Zeynalovla görüşdük. “Bizim rayonumuz siyasi rayondur” deyən Tofiq müəllim bizi dost kimi qarşılasa da, nədənsə mərkəzdə yerli əhali ilə keçirmək istədiyimiz görüşü yeni seçiləcək prezidentin inaqurasiya mərasimindən sonraya saxlanılmasını istədi. Nolar, belə də gözəldir, atalar demiş “divanın sabaha qalandan olsun”, təki hər şey hər kəsin ürəyincə olsun.
Elxan Zalın ailəsində bir səmimilik, bir doğmalıq məni ağuşuna aldı. Elçin Hüseynbəylinin qarşılaşdığımız hadisələrə romanları səviyyəsində münasibəti, fəlsəfi fikirləri, Elxan Zalın bihuşdar kimi şeirləri sinəmi coşdurdu. Hətta, səfərimizin ikinci günü M.P. Vaqifin “Kür qırağının əcəb seyrangahı var” yazaraq vəsf etdiyi Kür çayı öz füsünkar gözəlliyi ilə zövqlərimizi oxşadı, duyğularımızı ovsunladı. Aşıq Ələsgərdən, Xəstə Qasımdan, Dadaloğludan, Qurbanıdən, Aşıq Alıdan, Səməd Vurğundan, Hüseyn Arifdən, Osman Sarıvəllidən, Zəlimxan Yaqubdan və nəhayət, özümün yazdığım qoşmalardan deyib məclisi ruhlandırmağa çalışdım. Eyni ab-hava dörd günlük səfərimizdə formaca fərqlənsə də, məna etibarı ilə hər gün təkrarlandı.
Qərb bölgəsinin Tomrisi
Gəncədən Tiflisə qədər bütün yaşayış məntəqələrində yerli əhalinin Milli Məclisin deputatı Qənirə xanım Paşayevaya qarşi sevgilərlə dolu münasibətləri düşüncələrimdə onun bir qəhrəman qadın obrazını canlandırdı. Anamın da adı “Qənirə” olduğundan bir qədər də fərəhləndim. Tarixə qayıtdım, bu yerlər belə qəhrəman xanımı 2600 il öncə massagetlərin hökmdarı Tomrisin timsalında görmüşdü. Qənirə Paşayevanın fəaliyyəti və gördüyü işlər respublikamızın qərb bölgələrində apaydın sezilir. Şəhər sakinləri mədəni, sosial və ekoloji sahələrdə də onun gördüyü işlərdən ağız dolusu danışırlar. Gürcüstan və Azərbaycan parlamentləri Dostluq Qrupunun rəhbəri kimi Qənirə xanımın işgüzarlığını Borçalıda da dəyərləndirirlər. Bir-neçə il əvvəl Borçalıdakı Azərbaycan məktəblərinə bilgisayarlar hədiyyə etdiyi də yaxşı yadımdadır.
“İncəlimi soruşursan, əfəndim?”
Səfərimizin sonuncu günü, Ramazan bayramında Qazağa yollandıq. Az sonra “Göy at”ım ulu babalarımızdan biri Molla Vəli Vidadinin məqbərəsi önündə dayandı. 300 illiyi yaxınlaşan böyük şairin baxımsız qalmış məzarını ziyarət etdik. Gəlişimizdən xəbər tutan dostlarımız - şair-rəssam Məmməd Dəmirçioğlu və dəyərli tənqidçi alimimiz Rüstəm Kamal görüşümüzə gəldilər. Böyük ustad M.V.Vidadinin məzarı üstə saz çaldıq, şeir söylədik və haqqında layiq olduğu dəyərli sözləri ruhuna ərmağan etdik. Ziyarətimiz başa çatanda Rüstəm Kamal bizi öz ata evinə dəvət etdi. Buradan Sınıq körpünün o üzündəki, doğulduğum İlməzli kəndinə cəmi 15 kilometr məsafə qalsa da, anama əlim çatmadığından Rüstəm qardaşımın anasını anamın əvəzində ziyarət elədim, bağrıma basdım.
Şair dostumuz Məmməd Dəmirçioğlu bizi aşıqları və şairləri ilə məşhur olan İncə dərəsinin Qaymaqlı kəndinə, bacısı Xədicə xanımın evinə dəvət etdi. Yol üstü mərhum şairlərimiz Ağamalı Sadiq Əfəndi və Akif Səmədin məzarlarını da ziyarət etdik. Hər iki ustadın məzarı üzərində Məmməd Dəmərçioğlunun yaratdığı büstlər də diqqətimizi çəkdi.
Ümumiyyətlə, bu kənddə ustad nəfəsi duyulurdu. Aşıq Avdı Qaymaqlının nəvəsi, dostum Vüqara telefon açdım və atası – aşıq Sadıqla birlikdə gəlməsini xahiş etdim. Gəldilər, özü də necə gəldilər?!
Bu möhtəşəm gecənin özəlliyini təfsilatı ilə anlatmaq üçün Vüqarla dostluğumun yaranma tarixini söyləmək məcburiyyətindəyəm.
Bir gün dünyanın qəm-qayğısı məni üstələmişdi. Əl üzdə, dirsək dizdə xəyallara dalmışdım, gözlərim ancaq düşündüklərimi görürdü. Bu qəribə xəyallarla lap elə uşaqlıqdan dostluq edirəm. Nədir məni düşündürən, heç özüm də düz-əməlli anlamıram. Xəyallarım çox uzaqlara gedir. Hərdən mənə elə gəlir ki, xəyal özü də işıq sürətilə uçur, çünki, düşüncələrin qoynunda bir andaca dağı arana, aranı da dağa daşıyıram. Bu anda məni qəribə bir səslə bir Allah kəlamı fikirlərdən ayırdı:
- Salam əleyküm!
- Əleykümə salam!
- Mən sizi tanıyıram.
- Çox gözəl – deyib, yanımda ona yer göstərdim.
- Mən, aşıq Avdı Qaymaqlının nəvəsi Vüqaram.
- Səhvimi əfv edin, siz Sadıq əminin oğlusunuz?
- Düz tapmısınız.
O gündən Vüqarla dost olduq. Saz adamı mənim üçün Allaha yaxın adamdır. Ailəsində olmasam da Vüqarın həyat yoldaşını, övladlarını görmüşdüm. Günlərin bir günü o, atası aşıq Sadıqla iş yerimə gəldi. Özümdən asılı olmadan Sadıq əminin qulluğunda durmağa, ona sayğı göstərməyə çalışdım, çünki bu qulluqdan bir məmnunluq duyurdum. Sadıq əmi mənə gec-gec gördüyüm atamı xatırladırdı. Onun hərəkətləri, görkəmi, danışıq tərzi, hətta, yaşı da atamla eynidir. Bu bənzərliyi heç də möcüzə saymadım. Atam aşıq Cəlalın ilk ustadı Dərya Məhəmməd, sonrakı ustadı aşıq Kamandar, Sadıq əminin ustadı öz atası aşıq Avdı olub. Aşıq Kamandar, aşıq Avdı və Dərya Məhəmmədin ustadı isə aşıq Sadıq Sultanov olub. Deməli hər iki ocağın odu bir közdəndir. Onu da qeyd edim ki, Sadıq əmi ustadlar ustadı aşıq Sadıq Sultanovun adını daşıyır. Sadıq əminin özü dediyi kimi, Avdı kişini ustadı Sadıq kişi oğlu olması münasibətilə təbrikə gələrkən, körpəyə öz adını qoymuş və “qoy böyüsün sənətimizi davam etdirsin” deyibmiş...
Vüqarla görüşlərimizin arası xeyli uzanmışdı. Bir gün o, mənə telefon açıb kefimi soruşdu, “yaxşıyam” dedim, amma, səsi sanki, qəm tuluğundan gəlirdi. Sən demə, həyat yoldaşını, ömür-gün sirdaşını, övladlarının anasını, evinin yır-yığışını, qonaqlarının urvatını, xoşbəxt günlərinin yaraşığını itiribmiş. Çox üzüldüm, fikrə getdim, Adilə bacı gözəl xasiyyətli bir xanım idi. Allah rəhmət eləsin! Vüqarla yeni tanış olan vaxtlarda onların bir-birinə zahiri bənzərliyini görüb “qohum deyilsiz ki” deyə soruşduqda “yox, qağa” cavabını almışdım. Görüşlərimizin birində Vüqardan saz çalmasını xahiş etdikdə “mən daha saz çalmayacam” demişdi, mən “qağa, həyat mübarizədir, qəmə təslim olmaq olmaz” deyəndə də bir mənalı şəkildə etiraz eləmişdi.
Bu gün isə çox fərqli bir gün idi.
Əzizim min ayə dəyər,
Xalların min aya dəyər,
Ay var bir günə dəyməz,
Gün var min aya dəyər.
Məmməd müəllim məni məclisə tamada elan etdi. Əvvəlcə, bu ocağın yiyəsi, ruhu başımız üstündə dolanan, adını əziz tutduğumuz, rəhmətlik Qarayev Alışan kişinin ruhuna ehtiramlarımızı bildirdik. Onun həyat yoldaşı - Xədicə xanımın və oğlu Mahmud bəyin yeni inşa edilmiş imarətinə xeyir-dua verdikdən sonra, bir-birindən gözəl sözlər, rəvayətlər, fikirlər, lətifələr danışdıq. Mən bir neçə hava çalıb, ustadlardan oxuduqdan sonra sazı aşıq Sadıq götürdü. Sən demə, gəlininin və qardaşının vəfatından illər ötsə də, bu günə qədər aşıq Sadıq sazını dilləndirməyibmiş. Bu möhtəşəm gündə Vüqar da həyat yoldaşının vəfatından sonra ilk dəfə saz çaldı, mahnılar oxudu. Məmməd Dəmirçioğlu Məhəmməd Füzulidən, mən isə Yunis Əmrədən oxuyub deyişdik. Bir ürfan məclisiydi bu məclis, burada böyük ustadlar anılırdı, Aşıq Ələsgər demişkən “Əhli-ürfan məclisində gövhər misaldır yüküm”.
Sadıq əminin danışdığı “Alı xan və Pəri” dastanı isə məni təxminən 20-30 il əvvələ qaytardı. O illər Aşıq Kamandarın, Hüseyn Saraclının, atam Aşıq Cəlalın məclislərdə söylədikləri dastanlara, rəvayətlərə diqqətlə qulaq asar, böyük həzz alardım. Bu gecə yenə sözün əsil mənasında yuxulara və yorğunluğa qılınc çəkən, anlayana mənəvi ruh verən bir “dastan axşamı” yaşadıq. Aşıq Sadıq gah Alı xana, gah Pəri xanıma, gah da hiylə və xəyanətindən qalmayan Qara Vəzirə “döndü”. Aşığın ustadlığı da elə onun aşıqlığında, aktyorluğunda və müdrikliyindədir. Sonda ustad aşıq minnətdarlıq hissi ilə “ay Cəlaloğlu, bu gün sən məni bütün Borçalıda gəzdirdin, Borçalını da yığıb İncə dərəsinə gətirdin” dedi. “Çox sağ olun, ustad, əllərinizi öpürəm, əslində siz bizə çox şeylər verdiniz” deyib təşəkkürümü bildirdim.
Səhəri gün, yolüstü aşıq Nazimin çay süfrəsinə və bir neçə havacatlarına qonaq olduqdan sonra, maraqlı səfər və səyahətlərimdə hər dəfə məni təəccübləndirən “Göy at”ım bizi yenidən “tərkinə” alıb Bakıya istiqamət aldı.
Bakı-Tovuz-Qazax-Bakı
03 oktyabr 2008-ci il
“24 saat” qəzeti, 11 oktyabr 2008-ci il
YORUMLAR
"Əzizim min ayə dəyər,
Xalların min aya dəyər,
Ay var bir günə dəyməz,
Gün var min aya dəyər." gerçekten çok doğru söyleyipsen...
Çok gözel bir yazı tertib eylemişsen ay gardaş...selam ve möhebbetlerimle
İbrahim ERZURUMLU tarafından 10/14/2011 2:58:16 PM zamanında düzenlenmiştir.