- 1009 Okunma
- 0 Yorum
- 0 Beğeni
“Mehralı Bəy” dastan-poemasında müəllif sözü
Elbəyi CƏLALOĞLU
“Mehralı Bəy” dastan-poemasında müəllif sözü
XIX əsr Qafqaza öz dərd-səriylə gəldi. Cənubi Qafqaz bütünlüklə ruslar tərəfindən işğal olundu. Azərbaycan saysız-hesabsız şəhidlər verdi, nə qədər ailələr başsız, analar ağlar, körpələr yetim qaldılar. Qacarlarla Ruslar arasında gedən uzunmüddətli müharibə Türkmənçay (1828) müqaviləsi ilə yekunlaşdı. Beləliklə də, ucsuz-bucaqsız Azərbaycan ölkəsi quzeyə və güneyə bölündü. Bu işğal ərəfəsində rus imperiyası türkün qüdrətinə bələd olduğu üçün bu qanın yerdə qalmayacağını düşünərək öz gələciyini sığortalamaq məqsədiylə Azərbaycanın şimalına kütləvi şəkildə erməni yerləşdirməyə başladı. Dədə-baba torpaqlarımıza olan bu erməni axını bir əsr yarım müddət ərzində havadarları tərəfindən dövlət halına gətirildi. Həmin siyasətin acı nəticəsidir ki, bu gün də ölkəmizə, xalqımıza Qarabağ müsibətini yaşadırlar.
XIX əsrdə Rus imperiyası Cənubi Qafqazda öz hökmünü sürür, öz siyasətini yeridirdi. Komendant üsul-idarəsi yerlərdə özbaşınalığa səbəb olur, müstəmləkəçilik və ağır vergilər camaatı boğaza yığırdı. Yerli əhalinin torpaqları, ağaların mülkiyyəti əlindən alınır, anbarları zorla boşaldılıb dövlətə keçirilirdi. Təbii ki, əhali buna razı ola bilməzdi, buna görə də kəndli üsyanları baş qaldırmağa başladı. Üsyanlar silah gücünə yatırılırdısa bu, bir fayda vermirdi. Elə bu səbəbdən 1840-cı ildə çar komendant üsul-idarə sistemini ləğv etdi, mahallar qəzalarla əvəzləndi. Torpaqlar bəylərdən alınıb gəlmə rus zadəganlarına verildi. Bu islahat yerli ağalar və bəylərdə böyük narazılıqlar doğurdu. Əhalinin bir qismi Osmanlı və Səfəvi torpaqlarına üz tutsa da, əksəriyyət faciələrin sonunu gözlədi. Lakin, bir çarə bulmadıqlarından qaçaqlıq hərəkatları baş verdi. Qaçaqlar öz dəstələrilə hökumət xəzinələri və anbarlarına, eləcə də yeni hökumətin tərəfinə keçmiş ağalara basqınlar etməyə, onlara zərbələr vurmağa başladılar. Mehralı bəy də bu qaçaqlardan biri idi.
Mehralı bəy 1844-cü ildə (pr. V.Hacıların qənaətinə görə) Borçalı mahalının Darvaz kəndində ağa ailəsində doğulmuşdu, ailənin birinci uşağı idi. Babası Allahverdi kişidə olduğu kimi, atası Məmli ağanın da var-dövləti rus kazakları tərəfindən basqınlara məruz qaldı. Məmli ağa da bir çoxları kimi silaha sarılmışdı. Lakin, onun bu çılğınlığı uzun çəkmədi, ruslar tərəfindən amansızcasına qətlə yetirildi və yerli əhaliyə görk olması üçün işğalçılar onu Xaçlı məzarlığa dəfn etdilər. Yerli müsəlman türklərə bundan da ağır təhqir olmazdı. Düzdür, sonra Mehralı atasını Xaçlı məzarlıqdan çıxarıb, müsəlman qəbristanlığında dəfn eləmişdi, lakin çarizmin bu yaramazlıqları gənc Mehralının ürəyində onlara qarşı sonsuz nifrət oyatmışdı.
Əsərin yazılma zərurəti
Sovet imperiyası 70 il ərzində qədim tariximizin və mədəniyyətimizin üstündən xətt çəkmək istədi, məktəblərdə tarix dərsləri təhrif olunmuş formada öyrədildi, dilimizə yabançı sözlər gətirildi, millətimizə yeni rus ideologiyası təlqin edildi, lakin yaddaşımızı fəth edə bilmədilər. Ənənələrimiz “Xıdırnəbi”, “Novruz”, “Mövlud”, “Ramazan”, “Qurban” kimi bayram şölənlərində, nənələrimizin bayatılarında, analarımızın laylasında, babalarımızın qüdrətində, atalarımızın hökmündə və sazımızda, muğamımızda yaşadı. Tarixi keçmişimizə olan laqeyd münasibət Mehralı bəy kimi igidləri yaddaşımızın alt qatına saldı.
Mehralı bəy əslən Borçalıdan olsa da, onun qəhramanlıq salnaməsi, göstərdiyi şücaətlər Azərbaycan, eləcə də Borçalı ictimaiyyətinə bu günə qədər yaxşı tanış deyil, lakin onu Türkiyədə “ikinci Koroğlu”, “ikinci Battal Qazi” kimi tanıyırlar.
Mən Mehralı bəyin adını 1982-ci ildə, Sovetin himsiz, özülsüz divarlarının dağılmağa başladığı vaxt əmim İsrafil müəllimdən eşitmişdim. Bu ad mənim marağıma səbəb oldu və atama müraciət elədim. Atamsa mənə Aşıq Şenliyin məşhur “Əfəndim” rədifli qoşmasını oxudu və qısaca bildiklərini söylədi. Bilgilər məni qane etmədiyindən, o vaxtdan düşüncələrimə sıçramış bu qığılcım heç cürə alışa bilmirdi. 2006-cı ildə isə filologiya elmləri doktoru, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, professor Valeh Hacıların Mehralı bəy haqqında olan araşdırmasını onun “Borçalı Mehralı bəy tarixi həqiqətlərdə” adlı kitabından oxudum. Bundan sonra Mehralı bəy haqqında poema-xronika yazmaq qərarına gəldim, bu məqsədlə yeni mənbələr axtarmağa başlasam da, bu təşəbbüsümə tam nail ola bilmədim. Fikrimi açıqlayanda isə, jurnalist dostum Musa Nəbioğlu Bəşir Sönməzin “İndimola Mihrali bey Yemene” və Doğan Qayanın Azərbaycan türkcəsinə uyğunlaşdırılmış “Bir dastan qəhrəmanı Mehrəli bəy” kitabını mənə hədiyyə etdi. Əslində məlumatımı bütövləşdirmək üçün bu üç kitab yetərli idi. Valeh müəllimin də məlumat verdiyi Osmanlı Şərq qoşunları komandanı Qazi Əhməd Muxtar Paşanın bu igid haqqında olan qeydləri və Ordumühüm baş katibi Mehmet Arif bəyin “Başımıza gələnlər” kitabı marağımı çəksə də onları oxumaq da mənə nəsib olmadı. Lakin bu kitablar haqqında Valeh Hacıların və Bəşir Sönməzin kitablarından yetərincə məlumat almaq mümkündür. Eləcə də XIX əsr Azərbaycan və Osmanlı tarixinə yenidən nəzər saldım. Bir qədər də internet axtarışlarından sonra əsəri başlamaq qərarını verdim. Bunun üçün beynimdə Mehralı bəyin şifrələrini yığmalı idim. Yuxarıda adını çəkdiyim kitabları bir neçə dəfə təkrar oxuduqdan sonra deyəsən istəyimə nail olmuşdum. Azərbaycan Xalq şairi Zəlimxan Yaqubun, professor Valeh Hacıların və atam Aşıq Cəlalın xeyir-duası ilə 2008-ci il noyabrın 2-də əsəri başlamaq üçün ipucu tapdım.
Bütün hadisələri tarixi faktlara əsaslanaraq yazdım. Təbii ki, bədii fikirlərim də istisna deyil, çünki hadisələrin az məlum olan tərəfləri də olur, belə olduqda bu məqamlar yazıçı təfəkkürünün süzgəcindən keçmək məcburiyyətində qalır.
Təsadüfi deyil ki, türk mənbələri Mehralı bəyi “ikinci Koroğlu”, “ikinci Battal Qazi” kimi qələmə verirlər. Mehralı bəy əfsanə deyil, bu, bir həqiqətdir. İgidlər türk tarixində həmişə olub, var və olacaqlar. Onlar, sadəcə zamanın bu cür qəhrəmanlara ehtiyacı olduqda zühr edirlər. Mehralı bəy isə nadir qəhrəmanlardandır və əsərdən də görəcəksiniz ki, o, qəhrəmanlar qəhrəmanıdır.
Bir neçə kəlmə də əsərdə rast gələcəyiniz bəzi adlar və toponimlər haqqında
Mehralı bəyin anasının adını heç bir mənbə düzgün ifadə etmir. Valeh müəllim bu məsələyə ümumiyyətlə toxunmasa da, Bəşir Sönməz onun adını bir yerdə “Saruhan” , digər yerdə “Hasne hanım“(səh.50), bir başqa yerdə isə “Ustuhan hanım”(səh.82,126) deyə anır. Eyni zamanda, Borçalıda görüşdüyüm, özünü Mehralı bəyin qardaşı Alının nəticəsi hesab edən, Qarslı tarix müəllimi Fuad Türkayın dediyinə görə Türkiyə tarixi sənədlərində Mehralı bəyin anasının adı “Hasne hanım” olaraq çəkilir. Qeyd edim ki, bu adların heç biri Qazax-Borçalı reallığına cavab vermir, lakin Fuad bəyin dediklərinə inanaraq “Hasne” adının üstündə dayandım və əsərdə Mehralı bəyin anasının adını bu ada bir qədər uyğun gələn “Hüsniyyə” olaraq qələmə aldım.
Eləcə də, Keşəli kəndində Məmli ağanın dostu Əhməd ağanın arvadının (Mehriban) və Maraslıda Musa çavuşun atasının (İslam) adını da şərti seçdiyimi nəzərinizə çatdırıram.
Mehralı bəyin sevgilisinin və ya arvadının doğulduğu Keşəli kəndinin adında da müəmmalar var. Bu kəndin adı türk mənbələrində “Keçəli” kimi gedir. Professor Valeh Hacılar araşdırmasında bu haqda yazaraq güman edir ki, həmin kənd əski adı “Haceli” olan Abdallı kəndidir. Müşviq Çobanlı isə Azərbaycan türkcəsinə uyğunlaşdırdığı Doğan Qayanın “Bir dastan qəhrəmanı: Mehrəli bəy” kitabının izahatlar verilmiş 45-ci səhifəsinin 8-ci bölümündə bu kəndin Qarapapaqların bir qolu olan Keşəli tayfalarının yaşadığı Keşəli kəndi olduğunu qeyd edir. Məncə, ikinci versiya daha inandırıcı görsənir, lakin burada başqa bir məsələ meydana çıxır. Keşəli kəndi Kürüstü Dəmirçihasannıda, Sınıq körpüdən Tiflisə gedən yolun təxminən 15 kilometrliyində yerləşir. Həmin kəndlə Darvaz kəndinin arasında olan nisbətən uzaq məsafə bir qədər fikirlərimi dolaşdırdı. Lakin keçmiş zamanlarda heyvandarlıqla məşğul olub, yayda yaylağa, qışda qışlağa köç edən əhalinin bir qisminin yaylaqda oturaq həyat sürməyə başlaması da həqiqətdir. Başkeçid kəndlərində özünü Keşəli əsilli sayan sakinlərin sayı indi də az deyil, buna misal olaraq indiki “Yırğançay” kəndinin adını bütövlükdə çəkə bilərik. Eləcə də, Kalinino rayonunun “Soyuq bulaq”, “İlməzli”, “Cücəkənd” və “Qaraisəli” (hər dörd kəndin əhalisi Ermənistanda yaşamış digər azərbaycanlılar kimi 1988-ci ildə ermənilər tərəfindən deportasiya olunmuşlar) əhalisinin bir hissəsinin də Keşəli tayfasından olduğu bildirilir. Ola bilsin ki, Keşəli əsilli əhali (bu türk tayfasının da köklü araşdırmaya ehtiyacı var) o dövrdə yerləşdikləri yeni yaylaq yerlərində də dədə-baba yurdunun adını bir qədər yaşatmışlar. Güman edirəm ki, “keşəli” komponentindəki “ş” səsi türk mənbələrində öz yerini “ç” səsinə vermişdir. Onu da deyim ki, nədənsə, “Keşəli” olduğunu zənn etdiyim, mənbələrdə adı çəkilən “Keçəli” kəndinin XIX əsrdə məhz Başkeçid ərazisində yerləşmiş olduğunu güman edirəm. Bütün bu dediklərimə rəğmən bu toponimi əsərdə “Keşəli” olaraq saxladım.
Əziz oxucum, beləliklə, böyük həvəslə Allah eşqinə ərsəyə gətirdiyim “Mehralı bəy” əsərini sizin öhdənizə buraxıram. “Varını verən utanmaz” deyiblər, indi də söz sizindir, əsər tərəfinizdən sevilərsə, özümü xoşbəxt sanaram.
Oxucuların nəzərinə: Elbəyi Cəlaloğlunun MEHRALI BƏY dastan-poeması 2010-cu ildə Bakıda (“Vətən” nəşriyyatı) işıq üzü görmüşdür. Kitabın ikinci səhifəsində yazılmışdır: “Şair Elbəyi Cəlaloğlunun oxucularla sayca dördüncü görüşü olan bu dastan-poeması XIX əsrdə rus şovinizminin iyrəncliklərinə qarşı qaçaqlıq etmiş, böyük igidliklər göstərmiş və 1877-1878-ci illər Osmanlı-Rus savaşı zamanı əvəzsiz şücaətlər göstərmiş Mehralı bəyə həsr olunmuşdur.”
YORUMLAR
Henüz yorum yapılmamış.