- 956 Okunma
- 1 Yorum
- 0 Beğeni
ALLAHA YAXINLAŞMAĞIN YOLLARINDAN BİRİ - NAMAZ
Bismilləhir-rəhmanir rəhim
ALLAHA YAXINLAŞMAĞIN YOLLARINDAN BİRİ - NAMAZ
Allaha yaxınlaşmaq hər bir düşüncəli və haqqdan agah olan insanın arzusudur. Bu yol ən düz və kamil yoldur. Bizim vücudumuz Allahın iradəsinə bağlıdır və bütün işlərdə ona möhtacıq. O Allaha ki, kamil və ehtiyacsızdır, adil və bağışlayandır. Allaha yaxınlaşmağın bir neçə vasitələri vardır ki, onlardan biri də səmavi dinlərin sonuncusu İslam dinin sütunlarından biri olan namazdır.
Namaz vacibə və müstəhəbə bölünür. Vacib namazlar sübh, zöhr, əsr, şam və işa namazlarından ibarətdir. Digər vacib namaz da var ki, bu da ayət namazı adlanır. Müstəhəb namazlara isə gündəlik namazların 34 rikətdən ibarət nafiləsi, qədr gecələrinin namazı, ğufeylə namazı və. S aiddir.
Namaz qılarkən ilk növbədə insan təharətli və dəstəmazlı olmalıdır. Namaz üçün xüsusi pak və təmiz paltar ayrılmalıdır. Namaz kişilərçün 15, qadın cinsinin nümayəndələri üçün isə 9 yaşından vacib sayılır. İnsan övladı üzünü Kəbə evinə - qibləyə tutaraq azan və iqamədən sonra namaz qılır. Ancaq murdar yerlərdə, qəbrstanlıqda, qəbrə üz tutmaqla və ya onun üstündə (cənazə namazı müstəsnadır), hamam və tualetdə, dəvə saxlanınan yerdə namaz qılmaq çəkindirilmişdir.
Qiyamət Günü insan ilk olaraq məhz namaza görə cavab verəcək, və namaz Allahın rəsulunun ölümqabağı son nəsihətlərindən biri olmuşdur. Müqəddəs kitabımız “Qurani-Kərim” də bu barədə buyurulub: “ Namaz qılın, zəkat verin və ruku edənlərlə birlikdə ruku edin” (“Bəqərə” surəsi 43-cü ayə)
Bir insanla dost olamq üçün ilk növbədə onunla ünsiyyət qurmaq lazımdır. Allaha yaxınlaşmaq üçün də ilk növbədə namaz qılmaq gərəkdir. Namaz Allahla ünsiyyət deməkdir. İbadət insanın səbirli olmağı öyrədər və o qəlblər ki, hələ möhürlənməyib onlar namazla aramlıq taparlar. Allah-təala buyurur: “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!”
Buna baxmayaraq bəzən insanlara “Müsəlman olduğun halda niyə namaz qılmırsan?” sualını verərkən qəribə bir cavab verirlər: “ Mən molla deyiləm ki, əsas odur ki, kimsəyə pislik etmirəm, pis əməllərdən uzağam, qəlbim təmizdir”. Düzdür əməl vacib məsələdir, bəzən cəmiyyətimizdə namaz qılsa da əməli naqis insanlara rast gəlirik. Çox təəssüf ki, belələri dindən uzaq olan insanlarda pis fikirlər yaradırlar. Əlbəttə ki, bu cür insanlar namazın mahiyətindən bixəbər olduqları üçün əməlləri hələ də naqisdir. Qəlb məsələsinə gəldikdə, belə düşünənlər bilmirlər ki, qəlbi paklaşdıran, təkəbbürdən və mənəmmənəmlikdən çəkindirən, mehriban və saf edən namazdır. Ən daşqəlbli bəndələrdə də mərhəmət hissi oyadan namazdır. Həzrət Məhəmməd (s) peyğəmbər buyurmuşdur: “İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir”.
Bəziləri isə dünyəvi işlərini bəhanə edərək namazdan imtina edirlər. Daha çox eşitdiyimiz çörək pulu qazanmaq üçün işləyən insanların bəhanələridir: ”Səhərdən axşama kimi işləyirəm, vaxtım yoxdur, vaxtlı-vaxtında, mütəmadi qıla bilməyəcəm, belə qılmaqdansa qılmamaq yaxşıdır”. Halbuki, şeytanın məyus olduğu məqamlardan biri namaz halında olan insanı görməsidir.
Allah belə vəziyyətlərdə də insanlara çıxış yolu qoymuşdur. Ruzi qazanmaq gözəl əməllərdən biridir. Hətta ruzi əldə etmək üçün evdən çıxan insan ölərsə şəhid sayılır. Ona görə də Allah belə məqamlarda qəza etməyi bağışlayır.
Hər bir İslam dinini qəbul edən insan bilməlidir ki, namaz beş vacib əməldən biridir. “Qurani-Kərim”- də namaz haqqında belə buyurulmuşdur: “Həqiqətən namaz möminlər üçün vaxtı dəqiqləşdirilmiş bir əmrdir”. (ən-Nisa, 103) Digər bir surədə isə deyilir:“ Allahın namazına səcdəsinə məşğul ol, haqqa yaxın ol!” (“Ələq” surəsi, 19-cu ayə).
Bununla yanaşı namaz sadəcə müəyyən bir iş kimi hər gün beş dəfə əyilib-qalxmaq, müəyyən sözləri demək deyil. Bunun üçün biz namazın əhəmiyyətini dərk etməliyik. Ən önəmli məsələlərdən biri də namazı sidq ürəkdən qılmaq, bütün qəlbinlə Allahın hüzurunda olmaqdır.
Ona görə də namaza etinadsızlıq böyük günahlardan sayılır və Allah bu haqqda demişdir: "Vay olsun o namaz qılanlara ki, onlar Allahdan qafildirlər . Həmin kəslər riyakarlıq edərlər.”(“Maun” surəsi, 4, 5, 6-cı ayələr).
Doğurdan da nicat yolu yalnız kamil ibadət etməkdədir. Həzrət Məhəmməd (s) peyğəmbərdən kamil namaz haqqında gözəl bir hədis var: “ Allaha diqqətlə qılınana iki rəkət namaz, Allahdan qəflətdə qılınana iki rəkət namazdan yaxşıdır.”
“Qurani-Kərim”- də də deyildiyi kimi: “Ey iman əhli! Namazda ikən ruku və səcdə edin. Allah diqqətlə və riyasız ibadət edin və yaxşı işlər görün ki, bəlkə nicat tapasınız” (Həcc” surəsi, 77-ci ayə)
Eyni zamanda namazın insan orqanizminə xeyri də artıq alimlər tərəfindən araşdırılmışdır. Professor Məhəmməd Ziyaəddin Həmid bu dövrdə insanların elektromaqnit dalğalara məruz qaldığını, nəticədə şüalandığını qeyd edib. Professor hökmən bu yükün bayıra atılmalı olduğunu vurğulayıb. Araşdırma nəticəsində bədəndə toplanan elektromaqnit yükün Allaha səcdə (namaz) ilə boşaldığının müəyyənləşdirib. Misirli alim elmi araşdırmaların insanın boyu kiçildikcə dalğalara məruz qalma nisbətinin azaldığını göstərdiyini bildirib. İnsanın səcdə vəziyyətində ikən elektromaqnit dalğalara daha az məruz qaldığını və alnın yerə dəyməsi ilə bədəndə olan elektromaqnit yükün bayıra atıldığını deyən professor səcdə vəziyyətində olan insanın 7 üzvünün (alın, əllər, dizlər, ayaqlar) yerlə təmas etməsinin yük boşaldılmasını sürətləndirdiyini, bunun yorğunluq və bəzi xəstəliklərə faydalı olduğunu söyləmişdir.
Hər gün cismimizi davamlı olaraq Allahın bizlərə bəxş etdiyi cürbəcür nemətlərlə təmin edirik. Əks halda acından və susuzluqdan ölə bilərik. Ruhumuzun qidası da namazdır. Allahdan hər kəsə ruhlarını ac qoymamağı və onu kamil namazla qidalandırmalarını diləyirik.
YORUMLAR
Türkan Zamanova
erolabi
NAbı Hazri ve Bahtiyar Vahapzade'ye bayılırım.
Bir de "Şehriyar" var ki...
O beni mest eder her zaman.
Selamlarımla