- 448 Okunma
- 0 Yorum
- 0 Beğeni
Renzo Montagnoli. Ölümsüz duygular (Terane Turan Rehimli şiiri hakkında)
ÖLMƏZ DUYĞULAR
Məhəbbət poeziyası deyəndə bu janrın ən gözəl yaradıcılarından sayılan türk şairi Nazim Hikmətin şeirləri yadıma düşür. Lakin hər ölkədən bir çox şair bu mövzuda şeirlər.yazıb, çünki sevgi hüdudsuz bir hissdir. Ancaq bu günə qədər Qafqazda, Türkiyə ilə Gürcüstan sərhədində yerləşdiyi üçün bizim yaşadığımız yerdən çox uzaq görünən bir ölkədən, Azərbaycandan olan bir şairin sevgi mövzusunada şeirlərini oxumaq heç ağlıma gəlməmişdi. Şairin italyanca "Məndə daşa da sevgi var" ("Ho amato persino la pietra", İtaliya/Bolonya, "Cuscino de Stelli", 2023) adlı kitablnda toplanmış şeirlərdə Asiya harmoniyasını, Şərq qoxusunu tapacağımızı gözləyirdik, lakin bunun yerinə dövrümüzə aid misralarla qarşılaşdıq. Əlbəttə, hisslər üçün bunu demək mümkün deyil, çünki hisslər, duyğular aləmi zamansızdır. Və beləliklə, emosiyadan narahatlığa, ehtirasdan əzaba, yalandan yandırıcı, alovlu həqiqətə qədər bütün çoxcəhətli aspektləri ilə mövzuya ümumi baxış bucağımız var. Və bu anlamda şeirlər toplusunun simvolik olan ilk əsəri - "Sevgimdən tanıyacaqlar" şeirindən gətirdiyim aşağıdakı parça diqqətəlayiqdir:
Kiminin izi qalacaq dünyada,
Kiminin gözü.
Birinin qəbri deyəcək
kim olduğunu,
Birinin sözü.
Hamı istəyəcək adı qalsın,
unutduracaq əsrlər.
Uçulacaq yalanlardan
ucalan saxta qəsrlər.
Hər şeyi tərəddüd etmədən anladan və bütün əsəri mükəmməl bir şəkildə təqdim edən bir başlanğıcdır. Sevgi, eyni zamanda sevgi arzusu, yaxud sevginin xatirəsi zamanla insana yoldaşlıq edir və ömrün son fəslində, əzəmətli mövsümdə olduğu kimi son gün gələndə də özünü büruzə verir. Rekviyem çalınır, burada yorğun düşmüş Motsart dünyasını dəyişməyə, ölümə yaxınaşır.
Səs quyuya enirdi,
zirvəyə yüksəlirdi.
Açılacaq sabahın
taleyi yazılırdı,
son dəfə üzülürdü
bəstəkarın ürəyi.
«Rekviyem» çalınırdı.
Səhərə az qalırdı,
Varlığını səslərə
köçürmüşdü o ürək.
Ağarmışdı bənizi,
Dodağında ölümün
buz kimi öpüş izi
Motsart gülümsəyirdi.
"Rekviyem" çalınırdı
son gecəyə layla tək.
…"Rekviyem" çalınırdı.
Bu poeziyada çoxcəhətlilik var, buna görə də fikir formalaşdırmaq üçün material çatışmazlığı yoxdur. Uzun, lakin son dərəcə dərin məzmunlu "Sabahın xeyir, Roma!" şeirində olduğu kimi, bu bir şəhərə sevgi də ola bilər... Bu əsərdəki qısa bir parça belə mənə görə böyük ehtiramı ifadə edir :
Sabahın xeyir, Roma!
Qarlı qışın ortasında
gülümsəyən günəşinlə
dünyanın hər pisliyindən
uzaq sabahın xeyir!
Şərin kölgəsin doğrayan
qılıncların parladığı
Pompey yurdu,
zülümlərə yasaq sabahın xeyir!
Başı göylərə ucalan Eşq çeşməsi,
arzular səltənətində
sevənlərin niyyətində
çağlayan suların xeyir!
Sabahın xeyir, Roma!..
Bu şeirlər toplusu şairin ruhunu fəth edən hisslərin, xatirələrin, onun rastlaşdığı yerlərin, duyumların, duyğuların, birdən çox insanın özünü tapa biləcəyi anların üsyanıdır. Və düşünürəm ki, bu şeirlər qadınların xoşuna gələcək, daha doğrusu, əminəm ki, qadınların xoşuna gələcək, çünki onlar öz məhəbbətlərinin təbiiliyinin təsdiqini alacaqlar. Amma eyni səbəbdən kişilərin də xoşuna gələcək, çünki doğulişdan gələn əbədi hisslər, sonsuz duyğular mövcuddur. Həyatın ilk işartısından etibarən bizi əsla yarı yolda qoymayan və
heç vaxt ruhdan salmayacaq, bəşəriyyətin, insanlığın əsil mühərrikləri kimi...
Renzo Montaqnoli.
italyan şairi və tənqidçisi
YORUMLAR
Henüz yorum yapılmamış.