- 818 Okunma
- 0 Yorum
- 1 Beğeni
“ƏDƏBİYYAT ƏSLA ÜMİDİNİ İTİRMİR... ƏDƏBİYYAT HƏR ZAMAN GƏLƏCƏYƏ İNANIR"
Təranə Turan Rəhimli ilə müsahibə:
Təranə Turan Rəhimli: “ƏDƏBİYYAT ƏSLA ÜMİDİNİ İTİRMİR... ƏDƏBİYYAT HƏR ZAMAN GƏLƏCƏYƏ İNANIR"
1. Hörmətli şair, mümkünsə, pandemiyadan əvvəl və sonra ədəbiyyatın vəziyyəti i ilə bağlı fikirlərinizi bölüşərdiniz.
- Qlobal hadisələr həmişə ədəbiyyatın inkişafına təkan verib. Bu bütün əsrlərdə belə olub. Çünki insan həmişə ən çətin zamanlarda təsəllini sözlərdə, bədii düşüncədə axtarır. Buna görə də pandemiya ədəbiyyatın inkişafına ciddi təsir göstərdi. Digər tərəfdən, şair və yazıçılar pandemiya şəraitinin yaratdığı asudə vaxt imkanına görə yaradıcılığa daha çox saatlarını sərf etdilər. Pandemiyadan əvvəl sanki dünya yuxulayırdı, elə ədəbiyyat da sanki dərin xəyala dalmışdı. Pandemiya dünyanı titrətdiyi kimi, ədəbiyyatı da silkələyib oyatdı. Həyata yeni baxışla baxmağa, təzə söz deməyə vadar etdi. Pandemiya dövründə yazılan bədii əsərlər insanı faciələrdən dərs almağa , dünyanı saran kütləvi ölümlərdən nəticə çıxarmağa səsləyirdi. Düşünmək olardı ki, kironavirusun gətirdiyi müsibətlər dünyanı dəyişəcək, insanlığı xeyirxahlığa sövq edəcək. Ədəbiyyat da oxucunu buna inandırırdı. Bütün dünya yazıçıları insan sevgisinin bu virusa qalib gələcəyinə və ondan sonra bəşəriyyətin daha humanist bir çağının başlayacağına ümid edirdi. Təəssüf ki, bu belə olmadı. Müharibələr daha da alovlandı. Siyasi intriqalar, zülmlər həddini aşdı. Dünyada pul tamahı, sərvət hiyləgərliyi daha ehtiraslı bir hal aldı. Ədəbiyyat isə hələ də ümidini itirmir, öz təbliğat vəzifəsini bir an belə unutmur. Ədəbiyyat həmişə gələcəyə inanır.
2 .Xeyir və Şər... Bu gün hansı qalib gəlir?
- Nədənsə, insanlar çox vaxt şərin qalib gəldiyini zənn edirlər. Halbuki bəşər zəkası həmişə Xeyirin qələbəsinə inanıb. Azərbaycanın və bütün Şərqin böyük şairi Nizami Gəncəvinin (XII əsr) "Xeyir və Şər" mənzum hekayəsində olduğu kimi dünya ədəbiyyatında əsasən Xeyir obrazı qalib tərəf kimi göstərilib. Tarixən ədəbiyyat Xeyirin qələbəsii motivi üzərində qurulub. Amma bu gün bunun tamamilə əksini düşünənlər də var. Hüqonun, Tolstoyun, Dostoyevskinin, Teodor Drayzerin, Harriet Biçer Stounun, yüzlərlə dahi yazıçının əsərlərini xatırlayın, hamısında həmişə xeyir qalib gəlib. Hətta sonu Xeyirin - yaxşının- qəhrğmanın ölümü ilə bitən əsərdə də xeyir qalib gəlib.Şekspirin məşhur " Romeo və Cülyetta"sında qəhrəmanlar - xeyiri təmsil edən sevgililər əsərin sonunda ölürlər. Amma buna baxmayaraq əsər onların şər üzərində qələbəsi ilə bitir. Sevgi qalib gəlir. Dünya durduqca sevgi qalib gəəəcək, xeyir şərin üzərində həmişə qələbə çalacaq. Mən buna öz varlığıma inandığım qədər inanıram.
3. Sizin ilham qaynağınız haradan gəlir ?
- İlhamın qaynağı, mənbəyi müxtəlif mövzular ola bilər. Şair ucsuz-bucaqsız yaşıl çölləri, meşələri, şəlaləsi, dənizi ilə insan ruhunu sakitləşdirən təbiətdən də ilham ala bilər, yaxud bunun tam əksi olan təsvir və hadisələrdən də. Təsəvvür edin ki, bir şeirdə çox köhnə, rütubət qoxulu, damı əyilmiş, pəncərəsinin şüşəsi qırılmış bir daxmadan sevgi ilə bəhs edilir. Axı biz şairi qınaya bilmərik ki, o niyə bu köhnə daxmadan ilham alıb Çünki onu o daxmaya bağlayan tellərin şeirdə bizə təqdim etdiyi qədərini bilirik. Ən dəhşətli hadisələr - vulkan püskürməsi, zəlzələ dağıntısı, alovlu döyüş səhnələri də şairi hərəkətə gətirir, ən yaxşı şeiri yazdıra bilir. Deməli, bütün mövzular şairə ilham verə, onu yazmağa vadar edə bilər. Mənim yaradıcılığımda da belədir. Amma əbədi ilham qaynağım İNSANDIR. Dinindən, dilindən, irqindən, millətindən, yaşadığı məkandan, zamandan asılı olmayaraq - İNSAN.
4. Sizcə müasir insanlar kitab oxuyur, yoxsa yox?
- Mən bu suala cavab verməzdən öncə ətrafıma baxıram. Bəli, yazıçı, ədəbiyyat tənqidçisi olduğum üçün çevrəmdəki insanların hamısı kitab oxuyan, bir qismi isə "kitabla nəfəs alanlar"dır. Ümumiyyətlə, mütaliə vərdişi olanlar hər zaman yeni kitab oxumağa ehtiyac duyur. Ancaq bu o demək deyil ki, hamı oxuyur. Mənim həyatımın 20 ili keçmiş sovet dövründə keçib. O vaxt hamı kitab oxuyurdu. Hətta evdar qadınlar, təkcə orta təhsili olan kişilər də dünya ədəbiyyatını mütaliə edir, cild-cild kitablar oxuyurdular. Lakin müasir teznologiyaların inkişafı, smatfonların, kompüterlərin cazibəsi kitabın cazibəsini sanki zədələdi. İndi daha çox intellektal zümrə kitab oxumağa davam edir.
5. Neçə kitab yazmısınız?
Və kitablarınızı haradan tapa bilərik?
11 kitab yazmışam. Onlardan 8-i nəşr olunub, 3 kitabım isə nəşrə hazır vəziyyətdədir. Nəşr edilən kitablarım bunlardır: "Böyük nəslin layiqli yadigarı" (Bakı, ADPU, 2002), "Dərdin pıçıltısı" (Bakı, ADPU, 2007), "Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri", Bakı, "Avropa", 2009), "Ədəbiyyatdan əbədiyyətə" (Bakı, YYSG, elektron kitab, 2014), "Sevgimdən tanıyacaqlar" (İzmir, "KIBATEK Yayınları, "2013), "Sənə yazmadığım şeir" (Ankara, "Sahil Kitap", 2013), "Azərbaycan nəsri və tənqid" (Bakı, "Elm və təhsil", 2017), "Bənövşəyi buludlar" (Bakı, ADPU, 2018), "Məndə daşa da sevgi var" (İtalya/Taranto, "Cuscino Stelle", 2023).
Kitablarımı Azərbaycanda ANL (Azərbaycan Milli Kitabxanası) elektron kitabxanasından və Türkiyə, İtaliya və digər ölkələrin elektron kitabxanalarından əldə edib oxumaq olar.
6. Həyatımızın, taleyimizin alın yazısı olduğuna inanırsınız, yoxsa onu dəyişə bilərik?
- Mən yaxın günlərdə daha bir müsahibəmdə də belə bir. suala cavab vermişdim. Mən alın yazısına inananlardanam. Amma “yazım budur” deyib taleyin gətirdiyi hər sürprizi qeydsiz-şərtsiz qəbul etmək düzgün düçüncə tərzi deyil. Həyatımda qəfil qarşılaşdığım vəziyyətlərə, situasiyalara mütləq öz müdaxiləm, əlavələrim var. Hər zaman həyatımla bağlı planlarımı həyata keçirmək yolunda mübarizə aparmışam. İstəklərimə nail olmağa çalışmışam. Heç vaxt taleyimin gətirdiyi hazır xoşbəxtliyi gözləməmişəm. Həmişə xoşbəxtliyimi özüm yaratmağa cəhd göstərmişəm. Və çox vaxt bu mümkün olub. Məncə oturub gözləmək və alın yazısıyla bizə verilənlərə ümid etmək lazım deyil. Hərhalda o yazının bütün ömrümüz boyu bizə nələr vəd etdiyini təxmin eləmək də mümkün deyil.
7. Bir çox müharibələrin səbəbi dindir - çox adam bunu deyir. Bu haqda nə fikirləşirsiniz?
- Biz orta əsrlərdə yaşamırıq. Uzaq əsrlərdə din ayrıseçkiliyi uzun müddət davam edən müharibələrə gətirib çıxarıb. Həmin müharibələrin bəşəriyyət üçün çox dəhşətli nəticələri olub. Bu gün isə tolerantlığa, multikulturalizmə üstünlük verən bir dünyada yaşayırıq. Mənim ölkəm tolerant bir ölkədir. Azərbaycanda bütün dinlərin və fərqli millətlərin nümayəndələri bərabər hüquqa malikdirlər. Biz həmişə şovinizmdən, milli intriqalardan, dini ayrıseçkilikdən uzaq bir xalq olmuşuq. Belə bir mühitdə yaşadığım üçün düşünürəm ki, müharibələrin səbəbi din deyil. Müharibələri doğuran səbəb siyasi hegemonluq iddiaları və sərvət hərisliyidir. Diqqət yetirsək görərik ki, dünyanı idarə edən böyük güclər yalnız siyasi hegemonluğun yer dəyişməməsi üçün çalışır. Böyük rus yazıçısı Mixail Şoloxovun "Sakit Don" əsərində Qrişa babanın sözlərini xatırladım. Melexovun: "Nə vaxt müharibələr olmayacaq?" sualına Qrişa baba belə cavab vermişdi: "İnsanların damarlarındakı qanı boşaldıb əvəznə su doldursalar, müharibələr olmayacaq." Bu o deməkdir ki, bəşəriyyət var olduqca müharibələr də var olacaq. Çünki insanın ehtirasları, liderlik hərisliyi əsrlərdir ki, dəyişməz olaraq qalır.
8. "Pul xoşbəxtlik gətirirmi?"
- Pulsuz yaşamaq mümkün deyil. Amma xoşbəxtliyi də pulla almaq olmur..Yoxsa, yer üzünün bütün milyonçuları xoşbəxt olardı. Bu gün sərvətindən bütün dünyaya ən böyük pul mükafatı verilən Nobel qardaşları həyatda xoşbəxt idimi? Əsla! Təkcə Alfred Nobelin şəxsi həyatındakı uğursuzluqları və ömür boyu tənhalığını xatırlamaq kifayətdir. Pul ancaq hakimiyyətdir, gücdür, güvəndir. Ancaq xoşbəxt olmaq üçün təkcə bunlar bəs eləmir.
9. Elektron kitab yoxsa cildli kitab?
Sizcə gələcəkdə hansı olacaq?
- İkisi də önəmlidir. Yaşadığımız dövrdə elektron kitabsız qətiyyən mümkün deyil. Amma mən daha çox cildli kitab oxumaqdan zövq alıram.Gələcəkdə isə daha çox cildli kitab önəmli olacaq.
10. Texnologiya ili haqqında nə düşünürsünüz? Cib telefonunun, kompüterin içində özümüzü itirmişik...
- Texnologiya həyatımızı nə qədər rahatlaşdırsa da, mənfi tərəfləri də var. Məsələn, gözlərimizi zəiflədir, beynimizi yorur, şüaları ilə vücudumuza zərər verir. Texnologiyanın ən çox inkişaf etdiyi Yaponoyada "Yorğunluqdan ölüm" diaqnozu da var. Beyin bəzən texnologiyanın sürətinə, informasiya bolluğuna dözməyib məhv ola bilir. Amma texnologiyanln üstün cəhətləri də çoxdur: uzaqları yaxın edir. Məsələn, sosial şəbəkələr sayəsində ölkələr arasında ədəbi əlaqələr sürətlə inkişaf edir. Sizin kimi dəyərli dostumu və çox istedadlı şairi də internet dünyası sayəsində tanıdım.
Amma hesab edirəm ki, həyatın başqa imkanlarından da yararlanmaq lazımdır. Təkcə cib telefonu və kompüterə bağlı yaşamaq olmaz. Mən təbiətə səyahətə çıxanda və ya dincələndə heç nə məni telefona baxmağa vadar edə bilməz. Telefona bağlı olmaq zərərli vərdişdir. Məni tanıyanlar bilir ki, telefonla heç də "yaxşı dost" deyiləm.
11. Ətraf mühit məsələləri, ekologiya problemləri... Bütün bu fəlakətlərin səbəbi texnologiyanın inkişafı və insanlardırmı? Niyə?
- Mən belə düşünmürəm. Texnologiyanın inkişafı bizə ətraf mühitlə, ekalogiya ilə sərt, amansız davranmağı öyrətmir. Sadəcə müasir insan özünün təbiətlə əlaqəsini çox vaxt unudur. İnsan təbiətin bir parçası olduğunu tez-tez xatırlayarsa, ona qarşı qəddar davrana bilməz. Təbiət ilə insan arasındakı harmoniya pozulanda natarazlıq yaranır, həyatın nizamı itir. Bu gün dünya belə bir nizamsızlıqla qarşı-qarşıyadır. Və bunun səbəbi texnologiya yox, insanın təbiətə vəfasızlığıdır. Böyük yunan filosofu Aristotelə sual veriblər: "Fəlsəfə sizə nə öyrətdi?" Aristotel cavab verib: "Başqalarının qanun qorxusundan elədiklərini mən könüllü olaraq etməyə başladım." İnsan ətraf mühitə cəzalardan, pul cərimələrindən qorxduğu üçün yox, təbiəti məhz sevdiyinə görə ona zərər verməməlidir. Təbiəti sevdiyi üçün qorumalıdır. Biz yeni nəslə, övladlarımıza təbiəti sevməyi, ona minnətdarolmağı öyrətməliyik. Yalnız o zaman dünyamızın gələcəyi təhlükədə olmayacaq.
12. 2023-cü il üçün arzunuz...
- Daha uşaqlar ölməsin, əsrlərlə abadlaşdırılan ölkələrdə şəhərlər dağılmasın, tarixıin yadıgarları yox edilməsin, müharibələr sülh sazişi ilə bitsin. İnsan sabahlara ümidini itirməsin.
Müsahibə üçün çox sağ olun!
-Mən təşəkkür edirəm.
2023.
Müsahubəni yazdı: Eva Petropoulou Lianou,
Çağdaş yunan şairi,
"Prodigy" dərgisinin baş redaktoru.
YORUMLAR
Henüz yorum yapılmamış.