- 573 Okunma
- 0 Yorum
- 1 Beğeni
Valentina Novkoviç
Valentina Novkoviç, Belqradda filologiya fakültəsini bitirib. Şeir və hekayələr yazır, rus dilindən serb dilinə bədii tərcümələr edir. Çox sayda dəyərli əsər haqda resenziya və rəyləri var. Bir sıra kitablara ön söz yazmış, tanınmış şairlərlə müsahibələri dərc edilmişdir. Serbiyada və onun hüdudlarından kənarda nüfuzlu beynəlxalq jurnallarda şeirləri, nəsr əsərləri dərc edilmişdir. "Književne novine", "Trag", "Književni pregled", " Brankovina", "Buktinja", "Stremljenja", "Brankovina", "Savremenik", "Istok", "Balkanske vertikale" dərgilərində, "Ekerman", "Hyperboreja", "Zvezdani pregled" elektron jurnallarında, o cümlədən Rusiya, Özbəkistan, Qırğızıstan, Polşa, Rumıniya, Qazaxıstan ədəbi jurnallarında əsərləri yayımlanmışdır.
Şeirlərinin yer aldığı ən mühüm nəşrlərdən biri də Moldova Yazıçılar Assosiasiyası tərəfindən Nobel mükafatına namizəd göstərilən şair, nasir, publisist, jurnalist və tərcüməçi Leo Butnaru tərəfindən tərtib edilib rumın dilinə tərcümə edilmiş antologiyadır. Adı çəkilən antologiyada Marina Svetayeva, Mayakovski, Rılski və digər dünya şöhrətli şairlərdən başqa iki serb şairinin də şeirləri oxuculara təqdim olunmuşdur: Zoran Pesiç Siqma və Valentina Novkoviç.
Şeirləri rus, ingilis, makedon, rumın, özbək, Azərbaycan, koreya, benqal və bir çox başqa dillərə tərcümə olunub. Şeir və nəsr sahəsində bir çox mükafatlar laureatıdır. “Zamandan kənar” (Draslar, 2014), “Quraqlığa düşən damla” (Parfenon, 2018), “Zərifliyin tapmacaları” (Liberland, 2021), "Göyə şeirlər”adlı şeir topluları nəşr olunub. Onun "Gerçək iki saat" adlı hekayələr kitabı (APS, 2020) Beşinci Drina Ədəbi Toplantısında birinci mükafata layiq görülüb. Valentina Novkoviç Liberland nəşriyyatının redaktorudur. Bu nəşriyyatda Serbiya yazıçılarının əsərlərini redaktə edir, rusdilli bölgələrdən olan müəlliflərin əsərlərini serb dilinə tərcümə edir. "Focus News" portalının jurnalisti kimi beynəlxalq miqyasda tanınan yazıçılardan müsahibələr alır. Onun həmsöhbətləri arasında Rusiyadan, keçmiş Sovet İttifaqından və dünyanın müxtəlif ölkələrindən bir çox yazıçılar vardır.
Valentina Novkoviç bədii tərcümələrinə görə də çox sayda mükafat və təltiflər alıb. 2019-cu ildə görkəmli qırğız yazıçısı Rahim Kərimovun “Gənclər üçün hekayələr” kitabının tərcüməsinə görə Monteneqro Tərcüməçilər Assosiasiyasının "Ən yaxşı nəsr tərcüməsi" nominasiyasi üzrə mükafatını alıb. O, bir çox müəlliflərin kitablarını serb dilinə tərcümə edib: Leo Butnaru, Stanislav Li, İvan Volosyuk, Xosiyat Rüstəmova, Əli Cəfəroğlu, Rahim Kərimov və b.
100-dən çox müəllifin əsərlərini tərcümə edərək Serbiyanın nüfuzlu ədəbiyyat jurnallarında dərc etdirib. Dünyanın hər yerindən 300-dən çox müəllifldən müsahibə alıb və bu müsahibələr “Literary Sermons”da dərc olunub. O, həmçinin dünya poeziyasının ən görkəmli şairlərinin əsərlərini özündə cəmləşdirən "Müasir dünya poeziyası" antologiyasını hazırlayır. Valentina Novkoviç kitabxananın “Milutin Bojiç”, “Şairlə söhbət” müntəzəm proqramlarının rəhbəri, Serbiya Yazıçılar Birliyinin, Serb Ədəbiyyatı Birliyinin üzvü və Uşaq Ədəbiyyatı İnstitutunun əməkdaşıdır. Belqradda yaşayır.
SƏNİ UNUDA BİLMİRƏM
Səni unuda bilmirəm,
əbədiyyətin ayrılmaz
parçası olmaq yolunda
içimdəki hər şey dönsə də toza.
Yaxınlaşdıra bilmirəm bizi
Hafizə doğru,
nə də Berdyayevlə tanış edə bilmirəm.
Amma zəifim var
sənin səssiz addımlarına,
azacıq cırıldayan parketin üzərində yavaşca gəzişərkən.
Zəif və eyni zamanda çox güclüyəm,
yavaşca qapını bağlayanda düşünərkən
Allahın bizə qarşı səxavətli olduğunu,
ruhən tanış birini həyatımıza
göndərib deyə.
Səni unuda bilmirəm,
Halbuki hər bir budaq onu xatırladır k,
Sənin səmanla mənim
göyüm birləşə bilməz,
Baxma ki, saysız öpüşlər birləşdirirdi bizi.
Bacarmıram, yolunu da bilmirəm
Torpağın, küləyin zərrələrindən
şam dözümü yaratmağı.
Sənin ahını necə oğurlayım görəsən
qapalı gözlərindən,
o ahı ki,
ona görə yuxu da yata bilmirəm.
Səni unuda bilmirəm,
Amma hər şey əksimədir,
süfrədə gecədən qalma
əzilmiş şokolad qutuları,
bir də şərab şüşəsi.
Və içildikdən sonra dərhal yuyulası
bardaq,
Bizim görüşlərimiz
Zamanın qaranlıq dəhlizlərində.
Səni unuda bilmirəm,
Bu ölüm olardı
mənim varlığımın
ən parlaq şəfəqlərinin mərkəzində,
Qonaqsız, çiçəksiz və rozmarinsiz...
Hamının əvəzinə bülbüllər rəqs edərdi,
Ayrı cür rəqs, sonsuz həsrətin rəqsi,
zərif bir intizarın fleytasında.
Əgər səni haçansa unutsaydım,
bu ən kədərli nəğməsi olardı
çiyninə söykənən kəsin.
Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli
YORUMLAR
Henüz yorum yapılmamış.