- 565 Okunma
- 1 Yorum
- 0 Beğeni
Taghrid Bou Mehri şiirleri Terane Turan Rahimli çevirisinde
Taqhrid Bou Merhi Braziliyada yaşayan Livanlı şair, yazıçı və tərcüməçidir. İxtisasca hüquqşünasdır . “Beynəlxalq Mədəniyyət Assosiasiyası”nın nümayəndəsi, Amerikanın "P.L.O.T.S." jurnalının Braziliya təmsilçisidir. Qazaxıstanın beynəlxalq nüfuzlu Dünya Millətləri Yazıçılar Birliyinin üzvüdür. Tərcümə və ədəbiyyat sahəsində yaradıcılıq uğurlarına görə 2021-ci ildə "Nizar Sartavi Beynəlxalq Tərcüməçi Mükafatı"nı qazanıb. O, ədəbi tərcümə üzrə Şam Ədəbi Platformasının məsləhətçisidir. 2022-ci ildə Çində 2-ci "Zhengxin Beynəlxalq Şeir Mükafatı"nı qazanıb. "Al-Arabe Today", "Rainbow", "Literária Agareed" "Al-Nil Walfurat", "Literária and Allaylak" jurnallarının redaktorudur. Ərəb (ana dil), fransız, ingilis, portuqal, italyan və ispan dillərində sərbəst danışır. Şeirləri çoxsaylı beynəlxalq antologiyalarda, müxtəlif ədəbiyyat jurnallarında və internet saytlarında yayımlanıb. Əsərləri 24-dən çox dilə tərcümə olunub.
"Həsrət nəğmələri", "Elmin açarı: Misralar və təzahürlər", "Ruhdan uzaq fəlsəfələr", "Sevgi çiçəkləri", "Ürək yarası", "Mənim olan mənim deyil", "La Esperanza" adlı kitabların müəllifidir. Şeirlərinin fərqli bədii üslubu, özünəməxsus fəlsəfəsi var. Zamanın ağrı-acıları, çağdaş insanın çarəsizliyi, öz iç dünyasıyla baş-başa qalan lirik "mən"in tənhalıq yükü bu poeziyanın aparıcı letmotivini təşkil edir.
TAQHRİD BOU MEHRİ
MƏNİM FƏLSƏFƏM
Nə vaxt fəlsəfədən danışsam
Ekzistensializmin sümüklərini gəmirən rəzil bir soxulcan kimi hiss edirəm özümü
və onda dərk edirəm itirdiyimi nitqimi, sözümü.
Bir də baxıb görürəm ki, , öz fikrimi, xəyalımı alt-üst edən zəhlətökən bir milçəyə çevrilmişəm.
İstəyirsən mənimlə gəl,
amma bu heç də asan bir seçim deyil. .
Bizi ayıran məsafə qoşa mötərizə içindədi elə bil,
Hələ rəqəmsal xəttin itməsini izləyirik.
Hələ dəyişə bilmirəm nə adları,
nə də asan yem olmağı.
Yəqin bir gün fürsət tapıb varlığının üstündən keçəcəyəm.
Yapışqan palçığı harasa qoyub
qatil-məqtul arasında o ən qısa məsafədə
kor bir ah çəkəcəyəm.
Birlikdə dinləmək üçün
Dumanın içindən çıxan başqa filosof gözləmək
daha ağıllı iş olar.
Bəlkə səsi ağ dişlərindən gözəl,
Qolları evimizin arxa eyvanı kimi geniş olar.
Gəl, bir bardaq su istəyək. .
Özümüzü elə göstərək,
guya ki, ulduz sayırıq,
Amma göy üzünü örtən qalın tozu təmizləyək.
Sən mənim neft fəlsəfəmsən,
Gəl, köhnə kaskadyorlara, fantastik filmlərə,
falçılara, döyüş uçaqlarına
və şütüyən maşınlara azarkeşlik edək...
Amma o məlun soxulcan yeri
elə dərin qazıb,
ta ki şüur bir zarafat olanacan.
Və o vaxtlar deyəsən yoxuşlar varmış ancaq.
GÖZLƏMƏK KİMİ
Nə qədər ki, yuxunun kəndirini kəsmisən,
mənliyini gözləyərkən get, ax özündən içəri,
zaman bankından yenicə, gizli çəkilmiş qan kimi.
Ey yerindən edilən, yurdundan qoparılan,
göz qapaqların ayrılıqdan parçalanar,
Səmada altmış məzarın buludundan hüzn damlar.
Öz yolunu gözləyərkən ölümün uşaqlarını, yanan ocaqları düşün,
Yata bilməyimiz üçün vacib idi ki, öləsən.
O həsrətdən alışan tonqalı udmalıydın ki,
Dərdini çölə atasan, külə çevirə biləsən.
Özündən çıxanda yavaş-yavaş öl,
Saralmış bir dəstə çiçək kimi ,
Səndən sonra yadlaşmağı,
O boşluğu, tənhalığı hiss edim.
Kağız çərpələng üstündə yatan quş tək
Ekektrik dirəkləri üstündə ağlamağı tərgidim.
Ötənlərin gözucu baxıb keçdiyi...
Yolun ortasında duran çılğın bir kamerada: “Ah, mənim çarəsizliyim".
Ah, zamanın kağızından kəsilən hava, keçilməyən hiylələr var,
hüzünlərin üzünü mürəkkəblə silən əllər var.
Ey yolcu, əsaya söykənib öz yolunu gözləməkdən yorulanda xatırla
beş dəfə namaz qılmaq vəsiləsiylə hələ bu tonqalln ortasında nəfəs aldığını...
Tərcümə edən: Təranə Turan Rəhimli