- 608 Okunma
- 0 Yorum
- 0 Beğeni
Qurbanlığa bəşəri baxış
Sözümü ilk təbriklə başlamaq istəriyəm, ey millətim, gözəl imanlı xalqım QURBAN BAYRAMINIZ mübarək olsun. Amma, duaları sadalamayacam, hər birimizin dualarımız eynidi: işğal olunmuş torpaqlarımızın geri qaytarılması, şəhidlərimizin intiqamının alınması…və s. Bir də ki, hər birimizin qəlbində olan özümüz üçün dualarımız…Allah hamısını qəbul etsin. Amma təəssüf ki, bu gün qəlbində ürək daşıyan hər kəs bu bayramı şadyanalıqla qeyd edə bilmir. Çünki, hər gün ən azı onlarla müsəlman körpəsinin, qadınının, yaşlısının eləcə də gəncinin ölüm xəbəri ilə oyanırıq. Hətta bir az diqqət etsək görərik ki, bizlər buna alışmağa belə başlamışıq. Artıq əvvəlki kimi dəhşət içində xəbərləri izləmirik, hər ölüm xəbəri yayılan körpələr üçün bir dəfə ah çəkməmiz kifayət edir. Əsl müsibət də elə burdan başlayır. UNUTQANLIQDAN. Fələstin, Suriya, İraq, Uyğur türkləri, Myanmanın Arakan bölgəsi (Cənub Şərqi Asiya) və s. – buralarda hər gün onlarla məsum körpələr öldürülür. Və bütün dünya buna səssiz qalır. Islam alimləri, təqdiqatçıları, filosofları mənim bu fikirlərimi təsdiqləyə bilər ki, Əsl İslam dini zorakılığa, qətliyama bir mənalı şəkildə qarşıdı. Bütün bu cinayətləri İslamla bağlayanlar isə nə qədər gülünc hala düşdüklərindən yəqin ki xəbərləri yoxdu. Dinimiz çox pak, təmiz, qüsursuz və mərhəmətli bir dindir. Islam dinin gücü dəfələrlə sübut olunub.
Dünya şöhrətli fizika alimi Stiven Hokinq ömrünün bütün fəaliyyət dövrünü “Kainatın yaranmasını yalnız elmi əsaslarla mümkün ola biləcəyi” fikrini irəli sürmüşdü. Lakin sonunda Hokinq Allahın varlığını etiraf etmişdi. Hokinqə görə bəşəriyyət Kainatı kimin, necə və başlıcası isə, nəyə görə yaratdığı barədə suala cavabın cəmi bir neçə addımlığındadır. Allahı dərk edib İslamı qəbul edən məhşur insanların sayı az deyil. Təxminən 100 – dən çox rus şairləri İslam peyğəmbərini öz əsərlərində çox gözəl şəkildə təsvir etmişlər. Hz. Muhəmmədin həyatına baxdıqda heyran qalmamağın qeyri-mümkün olduğunu vurğulayan Sinelnikov: “Məncə, bir insan İslam əxlaqını və hz. Muhəmmədin böyüklüyünü hiss etmirsə və ya görməməzliyə vurursa, bu insanın şeiri anlaması heç mümkün deyil”, – deyib. Allahın varlığını və İslamın gücünü bu gün bəşəriyyət yetərincə dərk edib, amma, təəssüf ki görməzlikdən gəlirlər.
Bəli, bu günlərdə dünya müsəlmanları öz müqəddəs bayramlarını qeyd edir. QURBAN BAYRAMINI! Ümumilikdə qurban kəsmə, qurban vermə kimi dini ayinlərin icrasının tarixi min illər öncələrə gedib çıxır. Misal üçün qədim Çində insanları tanrılara qurban verirdilər, atəşpərəstlər insanları yandıraraq özlərini Allaha yaxın hesab edirdilər. Müharibələr zamanı əsir düşən insanlar da qurban verilirdi. Daha sonra insan əməyindən istifadənin daha səmərəli olacağı anlaşılır və tədricən insandan olan qurbanları ev heyvanları əvəz edir. Qurban kəsmə və yaxud qurban vermə adətləri qədim türk tayfalarında yəni bizim ata – babalarımızda da mövcud olub və yetərincə məntiqi və fəlsəfi köklərə dayanır. Xristianlıqda və yəhudilikdə belə müxtəlif formalarda qurban kəsmə ayinləri mövcuddur.
Islamiyyətdə Qurban bayramı böyük bayram (eyd əl-kəbir) adlanır. Demək olar ki, Yer üzündə yeganə bayramdır ki, yüz illərdi öz möcüzəsini göstərir. Yüz illərdi ki, hər il bu bayram günündə bütün müsəlmanlar (milliyyəti, əqidəsi, irqi, maddi və sosial səviyyəsindən aslı olmayaraq) hər kəs bu bayramı eyni səviyyədə qeyd edir. Il boyu evindən ət qoxusu gəlməyən bütün kasıbların evində belə bayram xörəyi bişir. Bu bayramın ən böyük fəlsəfəsi də elə onun yaratdığı bu birlikdədi. Allaha inam, paklıq, xeyrxahlıq rəmzidi Qurbanlıq. Çox hallarda bu dini insanların gözündən salmağa çalışsalar da hələ ki, buna heç kim nail olmayıb. Hətta bunu elmlə, fəlsəfə ilə əsaslandırırlar, bəzən də guya Qurbanlıq bir ərəb bayramıdı və biz türklərin adətlərinə zorla yamanmış bir yamaq kimi də göstərməyə çalışırlar. Amma, nəzərə almırlar ki, Allah dərgahında hamımız Adəm nəsliyik. Allah milliyyətə fərq qoymur. Əgər İslam peyğəmbəri ərəb olub deyə Qurbanlıq sırf ərəb bayramıdı deyə səslənən bütün fikirlər isə absurtdu.
Insan Allahın yaratmış olduğu ən şərəfli, ən üstün, ən kamil bir varlıqdı. Allah üçün yaratdığının əziyyət çəkməsi, onun təhqir olunması, döyülməsi, öldürülməsi qəbul olunmaz və bağışlanmazdı. Allah öz yaratdığını qısa bir imtahandan keçirər. Vay o kəsin halına ki, bunun fərqində olmaya. Insan üçün hər açılan sabah yeni bir şans deməkdi. Yeni ümid deməkdi. Dünya həyatını elə mükəmməl qurmaq lazımdı ki, ədəbiyyət üçün tədarük etmək mümkün olsun. Qurban bayramının yaranması da məhz insanlığa bir nümunədi. Ismayıl və İbrahimin böyük imtahanın nəticəsidi. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Şeytan onu azdırmağa çalışsa da bunun tam əksi olmuşdu. Bu hadisənin reallığı Quranda öz əksini tapır. Belə ki, ”Saffat” surəsində bu barədə geniş məlumat verilir. Məsələn:
SAFFAT surəsi -
103. Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman
104. Biz onu çağırıb dedik: “Ey İbrahim!
105. Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
106. Həqiqətən də bu, açıq-aydın bir imtahandır.
Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil! Və bu hadisə onu göstərir ki, İslama görə insandan qurban olmaz. Insan öldürülməməlidi. Allah öz bəndəsini sevir. Və inşallah yer üzündəki bəndələrin hamısı da Allahı dərk edib sevməyi bacarar.
Söhbətimin əvvəlində dəyərli xalqımı və cəmi müsəlmanların bayramını təbrik etmişdim. Indi isə sonda deyirəm EY BƏŞƏRİYYƏT, EY YARADANIN ƏN KAMİL YARADILIŞI QURBANLIĞINIZ MÜBARƏK OLSUN!
YORUMLAR
Henüz yorum yapılmamış.