- 913 Okunma
- 4 Yorum
- 0 Beğeni
Mirzə Həsən Məcruh – 120
Elbəyi CƏLALOĞLU
Mirzə Həsən Məcruh – 120
Bu kiçik yazımla XIX əsrin sonu, XX əsrin əvvəlinə xırda bir ekskurs edərək, 120 illik yubileyi ərəfəsində olduğumuz, söz açdığımız dövrdə xalqımızın Borçalı kökənli şəxsiyyətlərindən olmuş, maarif xadimi, şair-publisist, əsasən həcv ustası kimi şöhrət tapmış “Molla Nəsrəddin”çi Mirzə Həsən Məcruh barədə söhbət açmaq istəyirəm.
Tarixdən məlumdur ki, Tiflis uzun müddət Gürcüstan türklərinin ədəbi-mədəni mərkəzi olmuşdur. Milli dramaturgiyamızın banisi M.F.Axundovun əsərləri məhz bu şəhərdə yaranmış, “Hekayəti Molla İbrahimxəlil kimyagər” əsəri dilimizdə ilk tamaşa olaraq 1872-ci ildə bu şəhərdə səhnəyə qoyulmuş, Azərbaycan tarixşünaslıq elminin banisi A.Bakıxanov, böyük şairimiz M.Ş.Vazeh uzun müddət burada yazıb-yaratmışlar. Ə.Topçubaşov, N.Nərimanov, Ö.F.Nemanzadə, A.Şaiq kimi dahilər bu torpaqda dünyaya göz açmışlar. Bundan başqa, XIX əsrin sonlarına yaxın “Ziya”, “Ziyaye-Qafqaziyyə”, “Kəşkül” qəzetləri, eləcə də, XX əsrin ilk illərində M.Şahtaxtlının rəhbərlik etdiyi “Şərqi-Rus” qəzeti və C.Məmmədquluzadənin “Molla Nəsrəddin” satirik jurnalı da Tiflisdə nəşr olunmuşdur. Qeyd etməliyik ki, XX əsrin əvvəlində Borçalıda cərəyan edən ədəbi-ictimai proses Borçalı ədəbi mühitini Azərbaycanın ümumi ədəbi mühitinə daha sıx tellərlə bağlamışdı. Diqqətçəkən mənzərə Borçalının istedad və qələm sahiblərini daha da aktivləşdirmiş, bir çox Borçalı türklərinin bu ədəbi-ictimai prosesə qoşulmasında mühüm rol oynamışdır. Təbii ki, “Molla Nəsrəddin” jurnalının on ildən çox Tiflisdə “Qeyrət” mətbəəsində çap olunması və yayınlanması, eləcə də adını çəkdiyimiz digər mətbuat orqanlarının kütləvi yayını Borçalının qələm əhlini özünə cəlb etməliydi. Bu baxımdan biz həmin sırada Mirzə Həsən Məcruhla birlikdə fəaliyyət göstərənlər arasında Nəriman Nərimanov, Hüseyn Minasazov, Mirzə Şərif Mirzəyev, İsmayıl Həqqi, Əlyar Qarabağlı və başqalarının da olduğunu müşahidə edirik. Lakin XX əsrin əvvəli ilə sonu arasındakı 70 illik Sovet uçurumu həmin ictimai xadimlərin çoxunun fəaliyyətini arxivlərə gömmüş, Yusif Ziya Talıbzadə (A.Şaiqin böyük qardaşı), Əhməd bəy Pepinov (Ö.F.Nemanzadənin bacısı oğlu) kimi şəxsiyyətləri görünməz etmişdir.
Qeyd etmək yerinə düşər ki, Mirzə Həsən Məcruhun yaradıcılıq qabiliyyəti onun şəcərəsində öz genetik təzahürlərini göstərməkdədir. Belə ki, anası Dürrə xanım və ana babası Qasım ağa da (XVIII əsr) dövrünün tanınmış el şairləri olublar. Həsən Məcruhun övladları da bu fitri istedadın daşıyıcısıdırlar. Onun çox az ömür sürmüş oğlu, qısa bir zamanda “Azərbaycanın Belinskisi” kimi tanınmış ədəbiyyatşünas alim Abbas Kirəcli yazıçı-tənqidçi olub, digər oğulları Əyyub Məmmədov şair, Sabir Məmmədov isə Azərbaycan astronomiya elminin inkişafında xüsusi xidməti olan tanınmış alimdir. Eyni yaradıcılıq qabiliyyətini Həsən Məcruhun nəvələri olan Dürrə Əyyub qızı, Məcid Əyyub oğlu və Azərbaycanın əməkdar memarı, Memarlıq namizədi Ömər Qoçuluda da müşahidə edirik.
1894-cü il yanvarın 5-də Kirəc Muğanlı kəndində ruhani ailəsində dünyaya göz açmış Mirzə Həsən Məcruh ilk təhsilini atası Molla Əyyubdan almış, sonra Qazağın Şıxlı, Borçalının Qızılhacılı kəndlərində aldığı ibtidai təhsilini Tiflisdə Rus-tatar məktəbində davam etdirmişdir. O, Qori seminariyasını bitirdikdən sonra, Acarıstan, Qarayazı, Dəmirçihasanlı, Qaçağan nahiyələrinin baş idarələrində katib vəzifəsində işləmişdir. Bu gəncin ictimai fəal olması Əbdürrəhim bəy Haqverdiyevin diqqətini çəkdiyindən, Borçalı qəzasının komissarı işlədiyi zaman onu öz yanında baş katib vəzifəsinə təyin etmişdir. Ə.Haqverdiyev Bakıya köçdükdən sonra isə Mirzə Həsən Məcruh maarifləndirmə işiylə məşğul olmağa başlayır. O, əvvəlcə doğulduğu Kirəc Muğanlı kəndində ibtidai məktəb açaraq orada yeni üsulla (dərsi-üsuli-cədid) dərs demişdir. Onun maarifçilik qabiliyyəti, pedaqoji fəaliyyəti qəza rəhbərlərinin diqqətini çəkir. Beləliklə, əvvəlcə Qəza maarif və mədəniyyət şöbəsinin müdiri, Borçalı qəzası rayonlara bölündükdən sonra isə, Başkeçid (indiki Dmanisi) rayonu Maarif şöbəsinin müdiri vəzifəsinə təyin edilir.
Mirzə Həsən Məcruh ibtidai məktəb dərsliklərinin dörd müəllifindən biri olmaqla yanaşı, “Pambıqçı” qəzetinin redaktoru və naşiri olmuş, bundan başqa, “Borçalı aşıqları və el şairləri” birliyini yaratmışdır.
Dövrünün öncül şairlərdən olmuş Mirzə Həsən Məcruh bir sıra tanınmış Borçalı şairləri (Ağacan, Məhəmməd Mühəqqər, İbrahimxəlil, Mirzə Şikəstə və b.) ilə şeirlə məktublaşmış, lirik, satirik, həcv şeirlərilə, eləcə də, felyeton, məqalə, xəbərləri ilə “Molla Nəsrəddin” və “Füyüzat” jurnallarında vaxtaşırı çap olunmuşdur. O, müxtəlif janrlı yazıları vasitəsilə əsasən cəmiyyətdə mövcud olan mənfi obrazları tənqid atəşinə tutmuşdur. Bu məqamda Mirzə Həsənin “Payız yağışı” satirasının bir bəndini xatırlamaq yerinə düşər:
Uçurtmasın balasını, kamə yetməsin kapitan,
Alıb evi əlimizdən, edibdir eli sərgərdan.
Nə tövləni bizə verir, edək malımızı bir yan,
Açıqda qalmış xəlayiq olub biabiru-bədnam.
Mirzə Həsən Məcruhun yaradıcılığında poema, qəzəl, müxəmməs, mürəbbe, bayatı, gəraylı, qoşma, təcnis tipli şeir nümunələriylə yanaşı, satira, təmsil, bəzəmə, hərbə-zorbaları da xüsusi yer alır. O, C.M.Quluzadə, Ə.Haqverdiyev, Ö.F.Nemanzadə, N.Nərimanov kimi dahilərlə “Molla Nəsrəddin”çilər sırasında fəaliyyət göstərib, hətta ona “Məcruh” (Yaralı) təxəllüsünü C.M.Quluzadə vermişdir. Mövzumuzla bağlı diqqətçəkən amillərdən biri də budur ki, “Molla Nəsrəddin” jurnalında bir ərəb şairinin şeirinin tərcüməsi üzrə keçirilmiş müsabiqədə birinci yeri Üzeyir bəy Hacıbəyovun, ikinci yeri isə Mirzə Həsən Məcruhun tərcüməsi tutmuşdur.
Qürur hissiylə deyə bilərik ki, Mirzə Həsən Məcruh və onun qələm dostlarının, əqidə yoldaşlarının yorulmaz fəaliyyəti cəmiyyətimzin ədəbi-mədəni həyatının, mənəvi rifahının, ictimai-siyasi şüurunun formalaşmasına əvəzsiz xidmət etmişdir.
Bakı, 10 sentyabr 2014-cü il