- 1445 Okunma
- 2 Yorum
- 0 Beğeni
İyulun 26-sı, Armudlu yaylağı, Elat bayramı
Elbəyi CƏLALOĞLU
İyulun 26-sı, Armudlu yaylağı, Elat bayramı
Məlum imperiya dağıldıqdan sonra partiyalarla yanaşı QHT tipli bir sıra təşkilatlar və icmalar da fəaliyyət göstərməyə başladılar. Bu ənənə bölgələrin, yurd yerlərinin qorunması, mədəniyyətlərin, el adətlərinin gəlişməsi və yeni dünya düzəninə inteqrasiyası, eləcə də, əhalinin mövcud problemlərinin həlli və gənc nəslin düzgün istiqamətləndirilməsi xarakteri daşıyırdı. Həmin təşkilatlar arasında özəl istəklərlə çulğalaşmış siyasi maneranın və ya qrup rəhbərinin şəxsi mənafeyinin qurbanına çevrilənləri də az olmadı. Təbii ki, istənilən icmaya, təşkilata, hətta kiçik bir dostluq qrupuna ümumun deyil, şəxsi məqsədləri üçün daxil olanların niyyəti heç zaman baş tutmayıb və heç zaman da doğrulmayacaq, mütləq yarı yolda qırılacaqdır. Bu cür düşüncə sahibləri hərəkətdə olan avtomobilin təkərindən qopan palçıq kimidir. Lakin bu neqativ halları nəzərə almasaq, bir çox təşkilatların hələ də doğru yolla, düzgün əqidəylə addımlıdağını qətiyyətlə söyləyə bilərik. Bütün müsbət keyfiyyətləri ilə özünü doğrultmağı bacaran bu cür təşkilatlardan biri də “Borçalı” İctimai Cəmiyyətidir.
“Borçalı” İctimai Cəmiyyəti 2009-cu ildən üzü bəri öz fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olub. Hər il iyulun 26-da keçirilən “Borçalı türklərinin Elat mədəniyyəti günü”, dekabrın 25-də keçirilən “Gürcüstan türklərinin həmrəylik günü”, ayda bir dəfə olmaqla keçirilən “Dədə Camal” məclisləri və digər tədbirlərdə qoyulan mövzular, qaldırılan məsələlər ölkənin daxilində və xaricində bir çox dairələrin marağına səbəb olub. “Borçalı” cəmiyyəti Azərbaycan ictimaiyyətinin, Borçalı türklərinin normal yaşaması, milli təfəkkürün doğru istiqamətə yönəldilməsi ilə bağlı təşəbbüslər göstərib, fikir irəli sürüb, təkliflərini verib, bəyanatlar qəbul edib. Cəmiyyət milli mövqe, bəşəri düşüncə, insan amilinin mühafizəsi və tərəqqisi yönündə daim aktiv olub. Bolnisidə toponimlərin məntiqə uyğun olmayan formada dəyişdirilməsinə etiraz, yaxud da onların bərpası, Borçalının ayrı-ayrı yerlərində yaranmış torpaq problemləri, təhsil sistemindəki çatışmazlıqlar, sərhəd-keçid məntəqələrində yaranmış əngəllər və s.-lə bağlı Azərbaycan və Gürcüstan hakimiyyətinə, eləcə də aidiyyatı olan digər strukturlara dəfələrə müraciət olunması buna bir misaldır. “Borçalı” cəmiyyəti Azərbaycan və Gürcüstanın ərazi bütölüyünün təmin olunmasını dəstəkləməklə, separatçılığı pisləməklə yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərinin dostluq və sıx əməkdaşlığını regionda əmin-amanlığın təminatı və sülhün qarantı olaraq görüb. Hər il “Borçalı türklərinin Elat mədəniyyəti günü” bayramında səhnədə adıçəkilən hər üç dövlətin bayrağının dalğandırılması da həmin məfkurəyə xidmət edir. Bütün bu dediklərim “Borçalı” cəmiyyətində Zəlimxan Məmmədlinin rəhbərliyi altında baş verib. Bu, onun uzunmüddətli siyasət meydanında və idarəetmədə qazandığı təcrübəsinin nəticəsidir.
Zəlimxan Məmmədlinin rəhbərliyi dövründə “Borçalı” İctimai Cəmiyyətinin gördüyü işlər xüsusi dəyərləndirilməlidir. Təbii ki, hörmətli Zəlimxan bəyin çalışmalarını görmək istəməyənlər, düzgün qiymətləndirməyənlər də yox deyil. Lakin inanıram ki, bu cür düşünənlərin içi, ruhu ona bunun əksini pıçıldayır, “arada Haqqı gör!” deyir.
Hesab edirəm ki, hər bir təşkilatın və ya fərdin gördüyü iş uca dağ kimi olmalıdır. Çünki uca dağlar məsafəsindən asılı olmayaraq hər yerdən görünən olurlar. Bu mənada “Borçalı” cəmiyyətinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən “Borçalı türklərinin Elat mədəniyyəti günü” festivalını bu dağlardan birinə bənzətmək olar. İndi bu bayram dünyanın hər yerindən apaydın görünür. Hər il iyulun 26-da bu möhtəşəm festivalın iştirakçısı olmaq üçün uzaq-uzaq ellərdən Borçalının Armudlu yaylağına axışanların sayı-hesabı olmur. Hər kəs bu bayrama özünün böyük vətən, yurd, millət, bəşər sevgisiylə yollanır, orada özünün musiqiçi, rəqqas, qiraətçi, idmançı və ya başqa sənət növünün peşəkarı olaraq məharətini nümayiş etdirir. Keçən il iştirakçı sayı onminlərlə ölçülürdüsə, bu il yüzmini keçəcəyinə qətiyyən şübhə etmirəm. “Borçalı türklərinin Elat mədəniyyəti günü” festivalı bir el bayramıdır, insanlıq, doğru düşüncə, bəşəri mövqe bayramıdır. Armudlu yaylağı bu vaxta qədər Güneyli-Quzeyli Azərbaycan, Gürcüstan və Türkiyə mədəniyyətlərinin kəsişdiyi məkan olub. Güman edirəm ki, bu il bu yer, bu yurd daha çox ölkələrin mədəniyyət qovşağına çevriləcək. Birsözlə, hər il iyulun 26-da Armudlu yaylağı, Elat bayramı müqəddəs bir görüş yerinə çevrilir. Hətta həmin gün saf hesab etdiyimiz, müqəddəs bildiyimiz, artıq çoxdan tarixə çevrilmiş böyük insanların da ruhlarının bu məkanı seyr etdiyi qənaətindəyəm.
“Borçalı” cəmiyyəti bu il 26 iyulda keçiriləcək sayca VI “Borçalı türklərinin Elat mədəniyyəti günü”nə ciddi-cəhdlə hazırlaşır. Ənənəvi olaraq, iştirakçılara hədiyyə etmək üçün “Borçalı” cəmiyyəti İdarə Heyətinin qərarı ilə müəyyən olunmuş atributlar hazırlanır. Bu bayramda Borçalı türklərinin tarixi adət-ənənsi, folkloru, Elat mədəniyyəti nümunələri bir daha nümayiş olunacaq, idman yarışları, ədəbi məclislər, konsert proqramları təşkil olunacaq. Hər hansı millətin tarixi onun dilinin, folklorunun, dininin, miflərinin, eləcə də, elm, ədəbiyyat və qəhrəmanlıq tarixinə verdiyi misilsiz töhfələrdən gələn zəngin məlumatlara dayanır. İyulun 26-da Armudlu yaylağına toplaşan dünya xalqları Borçalı türklərinin, bütövlükdə Gürcüstanın və ətraf ölkə xalqlarının zəngin mədəniyyətilə daha yaxından tanış olacaqlar, mənəvi dünyası zəngin olan insanlar qaynayıb-qarışacaqlar.
Haqq yolu hər zaman uğurlu olur. Yolunuz uğurlu olsun!
Haydı, ərlər, ərənlər, hamı ELATa!
Bakı, 12 may 2014-cü il
YORUMLAR
Borçalı Türklerinin birlik ve dirlik içinde yaşamaları için yapılan çalışmalar oldukça güzel ve gelecek için ümitlerle dolu.
paylaşım için teşekkür ederim.saygılarımla