- 1477 Okunma
- 1 Yorum
- 0 Beğeni
"Qırma könül şüşəsini..."
Elbəyi CƏLALOĞLU
Qocaman şair Bayram Əliyevin “Qırma könül şüşəsini...” adlı şeirlər kitabına yazdığım
ÖN SÖZ
Sazlı-sözlü Borçalı torpağının bir qocaman şairi ilə yaxından tanış olmaqdan məmnun oldum. Onun imzasına əvvəldən bələd idim. Yovşan ətirli, bənövşə qoxulu şeirlərini filologiya elmləri doktoru Mürsəl Həkimovun ön sözü ilə çap olunmuş əvvəlki kitabından oxumuşdum. Onun divani, təcnis, gəraylı və müxəmməslərini oxuduqca Xalq şairi Zəlimxan Yaqubun “Borçalıdan ya çıxır, ya da çıxmır” (yəni orta vəziyyət və ya yarımçıq yoxdur mənasında) sözlərini xatırladım. Barəsində söhbət açdığım şəxs Başkeçidin Saca kəndində doğulub boya-başa çatmış, gəncliyindən sazın-sözün vurğunu olan 85 yaşlı Bayram Balakişi oğlu Əliyevdir.
Əvvəlcədən demək istəyirəm ki, şair Bayramın yaradıcılığı saza köklənib, aşıq şeirinin müxtəlif janrlarında yazdığı şeirlər və şeirlərdəki ruhanilik oxucunun gözünü oxşayır, ruhuna rahatlıq gətirir. Lap elə “Divani”lərindən birində dediyi kimi:
Qırma könül şüşəsini, sarınsa bitməz, demişəm.
Şair Bayramın şeirlərində bəzən çox uğurlu təhkiyələrlə, işıqlı bənzətmələrlə rastlaşırsan. Bu onun uzun müddət cəmiyyət arasında qazandığı təcrübədən, dünyanın və insanlığın hər üzünü görə-görə müdrikləşməsindən doğan əlamətdir. Təcnislərindən birinə fikir verək:
Bu yüz dərdə bircə kəmənd atalar,
Yüz olsa dözərdim ay ağam, mindi.
Bu dəyərli misraları oxuya-oxuya Şeyx Mahmud Şəbüstərinin “Düşüncə batildən həqiqətə, gizlindən aşkara doğru getməkdir” kəlamını xatırladım.
Şair Bayram çağdaş zamanımızda çoz az rast olunan “Dodaqdəyməz təcnis” yazmaqda da özünü sınayıb və bu da uğurlu alınıb:
Bayram deyər, hər çətinnən keç ərsən,
Alışarsan, yana-yana keçərsən.
Aşıq nədən keçərsən,
Dərsi nədən keçərsən?
El sənin, sən də elin,
Deynən nədən keçərsən?
Əzrayılın çəngəlinə keçərsən,
Axır sarıyarlar ay ağa, ağa.
Gördüyümüz kimi, Bayram kişi ənənəvi klassik aşıq şeiri üslubunda yazır. Bu incə yol oxucuya Abbas Tufarqanlı, Aşıq Alı, Molla Pənah Vaqif kimi ustadları xatırladır. Eyni zamanda əsərlərində babalarımızdan, nənələrimizdən eşitdiyimiz el deyimləri, afforizmlər şairin öz ifadə tərzi ilə gözəl işlədilmişdir. Lap elə ustadnamələrindən birində yazdığı,
Ağılın gözüylə haqqa baxmasan,
Yaradan da sənə yar olmaz, oğul! –
bu hikmətli beyti kimi.
Təbii ki, gəncliyindən meylini saza-sözə salmış Bayram kişi aşıq şeiri, milli folklorumuz ilə nəfəs alıb, dastan gecələrində, aşıq məclislərində iştirak edib, bir sıra aşıqlarla yanaşı Əmrahı, Kamandarı, Saraclını dinləyib, eləcə də saz-söz adamlarını hər zaman evində qonaq kimi qarşılayıb, onlarla döş-döşə saz çalıb, ağız-ağıza mahnılar oxuyub, şeir söyləyib. Həmin faktorlardır ki, onun bu incə yolda yorulmadan davam etməsinə stimul verib. Bayram kişi şeirlərində bəzən heca sayına məhəl qoymayıb, qafiyə uyğunluğuna, janr qəlibinə fikir verməyib (bəzi “Divani”lərində olduğu kimi), lakin fikirini oxucuya ustalıqla çatdırmağı bacarıb, bir-birindən gözəl ustadnamələr, nəsihətnamələr yaradıb:
Elnən dolananmaz hər yetən gədə,
Hər gücün çatana gəlmə sən hədə.
Çalış vəfalı ol verdiyin vədə,
Yalan-yaltaq gəlməz xoşa dünyada.
Bayram kişi şeirlərində mərdliyi, vətənsevərliyi, milli mentalitetimizin mühafizəkarı olmağı təlqin edir, kişiliyi, ərliyi, igidliyi təbliğ edir, nanəcibliyi, nadanlığı xəsisliyi pisləyir, xainliyi ifşa edir. Eyni zamanda o, “hər kəsin cənnəti öz əlindədir” deyərək naxələflərin məfv olmasının yox, onların doğru yola qayıtmasının tərəfdarıdır. Yolunu azmışlara haqqın, ədalətin gözəlliyini, Allaha gedən yolun təməlində ədəbin, ərkanın, vicdanın olduğunu söyləməklə naqisləri əyri yoldan çəkindirməyə cəhd edir:
Comərdi görəndə, mərdi görəndə,
Yolunda canını qıyasan gərək.
Nanəcib görəndə, namərd görəndə,
Yerində xəcalət qoyasan gərək.
Və ya
İgid olan ləkə yaxmaz adına,
Mərddir yetən hər kəsin imdadına.
Qoy namərd də yetsin öz muradına,
Qatırın doğduğu qulunnan sonra.
O, bəzi insanların nəsihətləri, məsləhətləri dinləmədən, bəlkə də vicdanının səsinə məhəl qoymadan ömrünü mənasız keçirənlərə, əyri yoldan dönməyənlərə təəssüf hissi ilə üz tutur:
Adam var yüzünü keçsə də belə,
Xam gəlib, xam gedir həyatda hələ.
Bu mənalı misralar mənaviyyatsızlığa meydan oxumaq, insanları böyük dəyər sahibi olmağa səsləməkdir. Və bu yerdə “Mənaviyyatsızlıq partlayışı nüvə müharibəsindən daha təhlükəlidir” deyimi yada düşür.
Bayram kişi, Borçalıda hər zaman öz fəallığını qoruyan sufi məclislərini də izləmiş, rituallarda oxunan ilahilərin fərqinə varmış və onları dərk etməyə çalışmışdır. Gerçək ərənlərin, Haqq aşiqlərinin qayəsini öyrənməyə cəhd etmiş və bunu poeziyasına gətirmişdir:
Eşq oduna yanmayanlar,
Bilməz nədir yar aşiqi.
Şair Bayramın yaradıcılığında gözəllərə həsr olunmuş şeirlər də kifayət qədərdir. O, hətta qoşmalarında Aşıq Ələsgərsayağı bir sıra gözəllərin adını çəkir və onların qənirsiz gözəlliyini öz tərzinə uyğun vəsf edir:
Sən bir camala bax, günəşdi, aydı,
Göz cəllad, kiprik ox, qaşları yaydı,
Qoynu var, cənnətin bağına taydı,
Meyvəsi tağlarda şaxdı, qayıtdı.
Şair Bayram bəzən həddən artıq ənlik-kirşan həvəskarı olan, yarıçılpaq geyinən xanımlara, eləcə də son zamanlar dəbə minmiş zil qara geyimlərə meyl edən gözəllərə tənqidi yanaşır, onları “avropa dəbi”ndən imtina etməyə, bir-birindən yaraşıqlı milli geyimlərimizdən yararlanmağa çağırır:
Bir yola qoysunlar ağıllın, dəlin,
Geyimnən seçilməz qarıynan, gəlin.
Millətin xətrinə insafa gəlin,
Yaralar üstünə yara çəkirsən.
Bayram kişi həm də bir şair kimi vətən, millət, torpaq təəssübkeşidir. O, gəncləri igidliyə səsləyir, onlara vətənin namus qədərincə olan dəyərindən söhbət açır:
Başkeçiddir, bu yerlərin dayağı,
Borçalıdır, hər ellərin mayağı.
Oğulları qoç Köroğlu sayağı,
Nərə çəksə dağı-daşı oynadar.
Onu da qeyd edim ki, Bayram kişinin ocağında poeziyaya vurğunluq ənənəvidir. Belə ki, bu uzun, müqəddəs və inci yolu əvvəlcə atası Balakişi Alı oğlu getmişdir. Bayram kişinin oğlu Mehman bəy də həmin yolun davamçısıdır. Beləliklə, qarşınızdakı “Qırma könül şüşəsini...” adlı kitabın sonuna yaxın Bayram kişinin əzizləri - Balakişi Alı oğlunun və Mehman Bayram oğlunun yaradıcılıq nümunələri ilə də tanış olacaqsınız.
Şair Bayram Balakişi oğlu və onun davamçısı Mehman bəyə möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayır, Balakişi Alı oğluna Allahdan rəhmət diləyirəm.
Bakı, yanvar 2013-cü il
YORUMLAR
Allah razı olsun üstadım. Azarbaycan edebiyatından güzel bir insanı yanıma imkanı buldum.
Bu Yüce Milletin içinde ne güzellikler saklı. Ne cevherler var. Lakin bir batı hayranlığı Türk alemini sarmış.
Bizim milletimiz kadar gelişmiş kültürü olmayan milletlere hayranlığın çok olması, insanlarımızı yetiştirmeyi başaramadığımızdandır.
kaleminize sağlık.
Güzel ustataya oğullarına selam ve saygılarımla.