- 1051 Okunma
- 0 Yorum
- 0 Beğeni
Aşıq Ziyəddin Keşəli
Hər bir xalqın özünə məxsus dünyagörüşünün formalaşmasında onun ədəbiyyatı mühüm rol oynayır. İnsan cəmiyyətinin inkişafında ədəbiyyatın yeri əvəzolunmazdır. Bütün xalqlarda bir ortaq məxrəc var: ədəbiyyat əvvəlcə xalq tərəfindən yaradılır, onun arzu və istəkləri tərənnüm olunur. Sonra isə ayrı-ayrı şəxslər tərəfindən daha da inkişaf etdirilir. Bu mənada Azərbaycan xalqının ədəbiyyatı digər xalqların ədəbiyyatı içərisində öz gözəlliyi və rənglər çalarlılığı ilə diqqəti cəlb edir. Azərbaycan xalqının yaratdığı şifahi xalq ədəbiyyatı min illərdən üzü bəri bu xalqın dərd-sərini, və yaxud ruh yüksəkliyini müxtəlif formalarda poetik şəkildə dilə gətirmiş, tərənnüm etmişdir. Hələ qaynağı bu xalqın ilkin inkişaf dövründən başlayan şifahi xalq ədəbiyyatı “Kitabi-Dədə Qorqud” dastanlarında özünü bariz şəkildə büruzə vermişdir. Ozan-aşıq sənəti də təxminən elə bu dövrlərdən başlayıb günümüzə qədər gələrək öz inkişaf yolunu keçib, ən yüksək zirvəyə çatmışdır.
Xalq öz ictimai durumunu müxtəlif poetik parçalarla ifadə edərək insanları əməyə, xoş əməllərə, firavan gələcəyə səsləmiş, cəmiyyət içərisində naxələfləri, yaramaz ünsürləri tənqid atəşinə tutmuşdur. Xalq poetikasının ən gözəl nümunələri ozan-aşıq ədəbiyyatında meydana gəlmişdir. Ozan-aşıqlar əksəriyyətlə özləri söz düzüb qoşmuş, özləri musiqi bəstələmiş, xalq içərisində çalıb-çağırmışlar. Onların içərisində Yunus Əmrədən, Dədə Yediyardan, Qurbanidən, Xəstə Qasımdan başlayaraq günümüzə qədər külli miqdarda ustad ozanlar yetişmişdir. Belə ustad ozanlar öz ifa və çalğı tərzləri ilə yaşadıqları bölgələrdə ün salmış, xalq tərəfindən sevilmişlər. Ən məşhurlarının sənət yolu sonralar bir məktəbə çevrilmiş, çoxlu davamçılar yetişmişdir. Əksəriyyətinin səsi-sorağı hətta bütün türk dünyasına yayılmışdır. Borçalı Aşıq Məktəbi də bu sırada geridə qalmamış, özünün hətta ən irəlidə gedə bilən dahi sənətkarlarını yetirmişdir. Bu günümüz üçün belə sənətkarlardan ən qüdrətliləri Hüseyn Saraclı-Əmrah Gülməmmədov-Kamandar Əfəndiyev üçlüyü olmuşdur. Bunların yanı sıra, onlarla bir cərgədə dura bilən digər sənətkarlar da var ki, onlardan ustad aşıq Xındı Məmməd bu sayı dördə çatdırmışdır. Yüksək səs tembrinə malik olan Xındı Məmməd məclislərdə oxuyarkən "Koroğlu" havalarında otuzluq lampanı söndürərmiş.
Ustadın ustadlığı tək onun sənətkarlığında deyil, yetişdirib araya-ərsəyə gətirdiyi layiqli davamçılarında – şəyirdlərində daha çox gözə dəyir. Bu mənada Xındı Məmmədin şəyirdi olmuş, ən layiqli sənətkarlardan biri həm səsi, həm sözü, həm də çalğısı ilə nəinki Borçalıda, Azərbaycanda, İranda, Türkiyədə və s. ad çıxartmış, artıq ustadlıq məqamına qədəm qoymuş Keşəli Aşıq Ziyəddin xüsusilə fərqlənir.
Aşıqlar iki mərhələdə inkişaf etmişdir:
1-ci ifaçı aşıqlardır ki, bunlar məclislərdə, xalq şənliklərində şairlərin və yaradıcı aşıqların şerlərini öz məlahətli səsləri ilə ifa etmiş, insanlarda gözəl əhval-ruhiyyə yaratmışlar.
2-ci isə şair-aşıqlardır ki, bunlar ifa ilə yanaşı həm də özləri şerlər qoşmuş, gözəl poetik irs qoymuşlar.
Xındı Məmməd əsasən ifaçı aşıq olsa da, onun yetişdirdiyi şəyirdi Aşıq Ziyəddin həm də mükəmməl bir şairdir. Aşıq şerinin müxtəlif janrlarında külli miqdarda şerləri vardır. Onun şerlərini oxuyanda hiss edirsən ki, doğrudan da ustad qələmindən çıxmış, dahi sənətkarların əsərləri ilə bir sırada dura bilən şerlərdir. Onun yaradıcılığını Bakı Slavyan Universitetinin “Folklor araşdırmaları” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi İbadət Mövləli “Aşıq Ziyəddin Keşəli yaradıcılığında etik və estetik idealın vəhdəti” adlı kiçik monoqrafiyasında çox gözəl tədqiq etdiyindən mən bu işə girişməyəcəyəm. Yalnız bir neçə misalla kifayətlənəcəyəm:
Mərd oğul ata adını
Ucaltsın göyə gərəkdi.
Satqındırsa insan oğlu,
Şah olsa nəyə gərəkdi...
Bu gəraylını axıra kimi oxuyub düşünə bilən hər bir kəs, mən elə bilirəm ki, anadan yeni doğulmuş kimi saflaşacaq. Çünki, burada bizə aşılanan insanlıq var-dövlətdə, vəzifədə deyil, qeyrətdə, hünərdə olduğudur. Tam bir həqiqət! Və yaxud:
Mənim karvanıma çox daş atıblar,
Uzaq yollar gələn qoca sarvanam.
Mətahım zər-ziba, al-qumaş olub,
İncidi, mərcandı barım-barxanam.
...Taa uzaq əyyamlardan yol gələn, mətahı zər-ziba, al-qumaş olan, barı-barxanası inci-mərcanla dolu, uzun yollarda çox əzab-əziyyətlərə dözən bu qoca sarvan kimdir? Gözümüzün qabağında çox qəribə bir səhnə canlanır. Doğrudanmı bu karvanda gələn zər-ziba, al-qumaş, inci-mərcandı? Yox!!! Bu karvan özü ilə gətirdiyi qeyrətdi, hünərdi, namusdu, insanları düz yola çəkən öyüd-nəsihətdi. Eyni zamanda sənət aləmində özünütəsdiqdir. Bir sözlə, əsl türkçülükdür! Fikir verin, bu qoşma yuxardakı gəraylı ilə necə də səsləşir. “Düzülübdü düzüm-düzüm, yol gedən karvana bax!” misrası ilə bir daha diqqətimizi ora yönəldir.
O, öz telli-tavar sazını böyük məhəbbətlə sinəsinə basıb çaldıqca, havadan-havaya keçdikcə adamı çox qəribə hisslər çulğayır. şirin nəğmələr bir-birini əvəz etdikcə saatlarla durub qulaq asmaq istəyirsən. Onun ifasında adi qoşma və gəraylı öz adiliyindən çıxaraq ilahi səslər kimi adamın qəlbinə hopur. Sanki adi şer yox, ilahi kəlmələr oxuyur Aşıq Ziyəddin. Dinləyiciləri öz sənətinin cazibə qüvvəsinə salmağı yaxşı bacarır.
Bir az da təvazökarlığı var Aşıq Ziyəddinin.
-Aşıq, bir-iki ağız da öz sözlərindən oxu, - deyəndə cavabı belə olur:
-Mən sazı əlimə alanda keçmiş ustadlar gəlib durur gözümün qabağında. Onları qoyub özümdən oxuya bilmirəm. Mənim şerlərimi də şəyirdlərim oxuyar, inşaallah!
Əhsən bu böyüklüyə! Adamın içindən "Sağ ol, var ol aşıq! Ustadına bərəkallah!" sözləri özbaşına çıxır. Yeri gəlmişkən, bir-neçə qabiliyyətli şəyirdi var Ziyəddinin. Ustadlardan görüb-götürdüyünü onların da yaddaşına köçürməyə, əlindən gəldiyi qədər onlara aşılamağa çalışır bu sənəti. Deyir, bu, xalqın malıdır. Xalqın övladları da buna sahib çıxmalıdır. Dədələrdən biz götürmüşük, biz də eləcə övladlarımıza ötürməliyik. bu sənət nəsildən-nəsilə bir əmanətdir. Haqlı sözə nə deyəsən...
“Ustad nəfəsi” adlı qoşması haqqında isə bir qədər ayrıca danışmaq istəyirəm. Bu adicə şer yox, böyük bir tarixdir. Bir zamanlar Azərbaycan radiosunda səslənən “Ustad nəfəsi” adlı verilişdən təsirlənən aşıq elə bir əsər yaratmışdır ki, bu şeri bütün yaradıcılığının zirvə nöqtəsi hesab eləmək olar. 80 bəndlik bu qoşmada türk xalqının yetişdirdiyi 270-ə qədər görkəmli saz-söz sənətkarlarının adlarını hörmətlə yada salır, onları bizə sevgiylə təqdim edir. Təkcə onlarımı? Adəm atadan üzü bəri bütün söz adamlarını yada salmağı, onları sevə-sevə öyrənməyi bizə tövsiyyə edir. Fikir verin:
Dədə Qorqud aşıqların nəridi,
Mənim ağam ustadların piridi.
Adəm ata yaranannan bəridi,
Aləmdi, zamandı uztad nəfəsi.
Aşıq bununla da yetinmir. Hələ yaddan çıxıb qalanların hamısını öyrənməyi arzu edir. Çünki, hərəsinin öz gözəlliyi, öz dadı-tamı var. Bunların heç birindən məhrum olmaq istəmir:
Dinləyirəm kimin varsa sorğusu,
Yaddan çıxan olub sözün doğrusu.
Cərgələnib aşıqların ordusu,
Ali komandandı ustad nəfəsi.
Bəzi söz adamları öz dininə və xalqının keçmiş adət-ənənələrinə həqarətlə yanaşırlar. Yazdıqları əsərlərində ateist mövqeyi tuturlar. Əksər aşıq və şairlərin yaradıcılığına nəzər saldıqda bu məhz belədir. Bu baxımdan aşıq Ziyəddin yaradıcılığı öz sələflərindən tamamilə fərqlənir. Onun şerlərində dinə, Allaha, peyğəmbərə və digər müqəddəslərə hörmət başlıca yer tutur. Oxucuda onlara nifrət yox, məhəbbət yaratmağa çalışır. Bu, onun şerlərinin oxunaqlığını daha da artırır.
Dini hisslərə hörmətlə yanaşan aşıq, şerin son bəndini belə tamamlayır:
Bel bağlayıb, sığınmışam ustada,
Həzrət Məhəmmədə, o gözəl ada.
Ziyəddini məlul qoymaz dünyada,
Rəbbim Əzmişandı ustad nəfəsi.
Allah Xındı Məmmədə qəni-qəni rəhmət eləsin. Kürüstündə yandırdığı bu çırağın şöləsi elə gur olub ki, onun işığı artıq YUNESKO-da görünür. Hər bir aşığın qabiliyyəti onun dastançılığında daha qabarıq üzə çıxır. Bu sarıdan aşıq Ziyəddin tək-tək aşıqlarla müqayisə oluna bilər. Belə ki, bədii ədəbiyyatla da ciddi maraqlanan aşıq bütün türk folkloruna və dastan-rəvayətlərə yaxşı bələddir. Bir neçə il bundan əvvəl, 2004-cü il İyul ayının 24-də türkiyəli araşdırmacı-alim, aşıq-şair Nazim İrfan Tanrıqulu YUNESKO-nun nümayəndələri ilə onun qonağı olmuş, ifasında “Əmrah və Səlbinaz” dastanını tam şəkildə videolentə köçürüb YUNESKO-ya təqdim etmişlər. Buna görə onlara öz təşəkkürümüzü bildiririk. Müxtəlif dövlət səviyyəli tədbirlərdə iştirak edərək diplomlar və medallarla təltif edilmişdir. Bütün bunlar, əlbəttə çox sevindirici haldır.
Qazandığı uğurlar onun başını gicəlləndirmir. Əksinə, sözə və saza daha da məsuliyyətlə yanaşır. Özünəməxsus çalğı tərzi dərhal hiss olunur. Söz yaradıcılığında isə bütün aşıq şer şəkillərində mənalı və məzmunlu əsərlər yaradır. Onun indiyədək iki kitabı - 2000-ci ildə “Ruhani ruha dərmandı” və 2005-ci ildə “Telli sazdı yarım mənim” kitabları Bakıda nəfis şəkildə işıq üzü görmüşdür.
Aşıq Ziyəddin yaradıcılığı əhatəli tədqiq tələb edir. Mən bu işi folklorçu alimlərimizin öhdəsinə buraxıram. Sadəcə onu demək istəyirəm ki, Ulu Borçalı torpağının yetişdirdiyi azman saz-söz sənətkarları sırasında aşıq Ziyəddinin də öz xüsusi yeri var və Borçalı mahalı belə sənətkarları ilə haqlı olaraq fəxr edir.
Mən onun şerlərini böyük diqqət və qayğıyla toplayıb küll halında çapa hazırlayarkən bir qürur hissi keçirirdim. Bilirəm ki, zəhmətim hədər getməyəcək və bu kitab gənc aşıqların və geniş oxucu kütləsinin marağına səbəb olacaq. Onların stolüstü kitabına çevriləcəkdir.
Sonda sevimli aşığımıza uzun ömür can sağlığı, daha geniş yaradıcılıq uğurları arzulayıram!
Əflatun Keşəli
YORUMLAR
Henüz yorum yapılmamış.