- 576 Okunma
- 1 Yorum
- 0 Beğeni
Həmişəyaşar çiçək
Həmişəyaşar çiçək
(Nağıl)
Biri vardı, biri yoxdu. Uzaq bir diyarda bir padşah vardı. Bu padşahın adı Halal idi. Onun gözəl qızı vardı. Elə qız ki, yemə-içmə, xətti xalına, gül camalına tamaşa elə! Elə qız ki, bir göz qırpımında ona vurulursan. Elə qız ki, şairlər, aşıqlar ona şirin-şirin qoşmalar düzüb qoşurdular. Bu qızın gözəlliyi, biliyi, səsi-sorağı sərhədlər keçərək ölkələri qarış-qarış dolaşırdı. Bu qıza çox igidlər, padşahlar elçi düşmüşdü. Amma gözəl qız heç kimə getmək istəmirdi, gələn elçilərə isə rədd cavabı verirdi. Daha doğrusu, onun bu rədd cavabının sirri bir müdrik söz idi. Qız gələn elçilərdən həmişəyaşar çiçəyin adını soruşurdu. Amma, hələlik onun sualına düzgün cavab verən olmamışdı. Gələn elçilər kor-peşman evlərinə qayıtmış, gözəl qızı sevən oğlanlar isə yatağa düşüb ahu-zar çəkməkdən rəngləri solmuş, eşqdən dəli-divanə olmuşdular.
Padşah qızının adı Əsmər idi. Gözəl Əsmər çiçəkləri çox sevirdi. Hara gedirdisə, çiçəkləri oxşayardı, sevərdi. Padşah qızı olmasına baxmayaraq, xüsusi salınmış bağda çiçəklər əkər, yer üzündə nə qədər çiçək növü vardısa, ondan gətizdirib Şah bağında əkər, hər çiçəyə oxşaya-oxşaya qulluq edər, sulayar, diblərini yumşaldar, alaq otları təmizləyib yan-yörəsini səliqəyə salardı. İlin hər fəslində Şah bağından gül-çiçək əskik olmazdı.
Gözəl Əsməri almaq üçün çox igidlər baş sındırmış, neçə-neçə kitablar vərəqləmiş, amma o müdrik kəlamı-həmişəyaşar çiçəyin adını tapa bilməmişdilər. Kim gəlib nə deyirdisə, gözəl Əsmər onunla razılaşmır, müdrik kəlamı heç kimə söyləmir, bağ-bağçası ilə məşğul olur, hərdən də gözəl qız-gəlinləri başına toplayıb Şah bağında gəzir, deyib-gülüb şənlənirdi.
Gözəl qız Əsmər haqqında mahnılar, nəğmələr yaranmışdı. Xanəndələr, aşıqlar məclislərdə yalnız onun haqqında oxuyur, el-obanı şənləndirir, cavanları, igidləri gözəl Əsmərin adı və gözəlliyi ovsunlayır, fikirlərə, şirin xəyallara qərq olurdular. Gözəl Əsmərin babası Halal şah narahat idi. Qızının bu qeyri-müəmmalı hərəkəti onu da düşündürürdü. Fikirləşirdi ki, görəsən, bu qızın istəyi nədir? Nə üçün gələn elçilərə, igid oğlanlara rədd cavabı verir. Beləcə fikirləşə-fikirləşə şah qocalırdı. Halal şah doğrudan da halal adam idi. Heç kimin xətrinə dəyməz, şahlığı qayda-qanunla, ədalətlə idarə edərdi. Ölkədə hamı öz halal əməyi ilə dolanar, hər kəs ruzisinin dalınca gedərdi.
Günlər keçir, ay dolanırdı. Gözəl Əsmərsə işvəli, nazlı gözəlləri başına toplayıb hər gün Şah bağına gəzməyə çıxır, qismətini-ürəyində arzuladığı sevgilisini gözləyə-gözləyə sevdiyi çiçəklərə qulluq edir, bundan ilham alır, gözəl qızlarla birlikdə nəğmələr oxuyur, gül-çiçəyin ətrindən məst olurdu.
Bir gün səhər Halal şahın qapısındakı elçi daşın üstündə bir yaraşıqlı gəncin oturduğunu gördülər. Şaha, gözəl Əsmərə xəbər çatdı. Şahın fərraşları oğlanı evə apardılar. Halal şah çoxdandı ki, nəsə bir möcüzə olacağını gözləyirdi. Gəncin ağıllı gözlərinə, gözəl üzünə, biçimli boy-buxununa baxanda ah çəkdi. Kaş, dedi, kürəkənim bu oğlan olaydı. Ah, Əsmər! Görəsən, o, nə fikirləşir? Üzündə dalğın fikirlər dolaşa-dolaşa Halal şah gözəl Əsməri məclisə dəvət etdi. Hamı bardaş qurub oturmuşdu. Vəzir-vəkillər, alimlər, üləmalar oturub gözəl Əsməri gözləyirdilər. Budur, gözəllərin müşaiəti ilə məclisə daxil olan gözəl Əsmər ala gözlərini dolandırıb məhəbbətlə elçi daşının üstündə oturan oğlanı gəzdi. Və oğlanı tapanda yanaqlarına qızartı çökdü... Bu, odur! Əsmərin sevdiyi igid! Əsmər yeddi il bundan əvvəl baş verən əhvalatı xatırladı...
... Düşmənlər el-obaya hücum çəkmişdilər. Hamı Vətən torpağının müdafiəsinə qalxmışdı. Hər kəs əlinə nə keçirdisə, götürüb düşmən qarşısına çıxır, vuruş meydanına atılırdı. Düşmən güclü idi. O, azına-bozuna baxmadan uşağı, cavanı, qocanı qanına qəltan edir, öldürür, kəsir, obanın gözəl qızlarını əsir alır, işgəncə verirdilər. Gözəl Əsmər də Şah bağına gəzməyə çıxanda azğın düşmən atlılarına rast gəlmiş, çıxılmaz vəziyyətə düşmüşdü. Nə edəcəyini bilmirdi. Gözəl Əsmərin qaşları çatılmış, pərişan saçları topuğuna tökülmüşdü. Çəpərin o üzündə isə düşmən qaynaşırdı. Birdən sanki odun-alovun içindən Boz atın belində əlində sıyrılmış qılınc və qalxan tutan hündür boylu bir cavan atlı dəstəsi ilə Şah bağının böyründən çıxıb düşmən üstünə şığıdı. Düşmən bağrı sanki oxlandı. Atlılar pərən-pərən düşdülər. Şah bağında bir yarpaq da tapdalanmadı. Gözəl Əsmər və onun başına toplanmış işvəli, nazlı gözəllər çəpərin o üzündən igidlərin üstünə gül-çiçək dəstələri atdılar... Oğlan gözəl Əsmərin ona tərəf atdığı gül dəstəsini göydə tutub sinəsinə sıxdı, iyləyib gözlərini yumdu. Gözlərini açıb gözəl Əsmərə baxanda sanki gənci ildırım vurdu. Ah, bu necə gözəldi, bu necə mələkdi! Doğrudan da belə gözəlin uğrunda ölməyə dəyərmiş!...
Gənc Boz atına acı bir qamçı çəkib Şah bağının qapısına yaxınlaşdı. Gözəl Əsmər naz-qəmzə ilə onun pişvazına çıxdı. Ayazla onun tanışlığı belə başlandı. Əsmər igid oğlana minnətdarlığını bildirdi. Ayaz isə heç nə eşitmirdi. Sinəsində nəsə bir ocaq alovlanmışdı, yandırıb yaxırdı onu! Bu, eşq odu idi, sönmək bilmirdi. Gözəl Əsmər də başını aşağı dikib dayanmışdı. Sanki oğlandan bir hərəkət gözləyirdi. Birdən Ayaz Boz atın belindən sıçrayıb yerə düşərək gözəl Əsmərin bəyaz əllərini sinəsinə sıxdı:
-Gözəl Əsmər, səni sevirəm! Qəlbim sənə bağlanıb. Sinəmdə bir alov yanır, onu söndür, eşqimə cavab ver. Gözəl, yaraşıqlı Əsmər uzun, qara kirpiklərini naz-qəmzə ilə qırparaq ona baxdı. Gözlər bir-birinə sataşdı. Ayaz qızı özünə tərəf çəkib onun gözlərindən öpdü. Əsmər ona sığındı. Səni gözləyəcəm, – dedi. Ömrümün axrınacan, mənim xilaskarım! Hər iki gənc əhd-peyman bağlayıb ayrıldılar. Ayaz Boz atın belinə sıçradı, köhlənə bir qamçı çəkib igidlərlə birlikdə döyüş meydanına çapdılar, el-obanı qorumağa tələsdilər.
... Aylar, illər ötdü. Amma gözəl Əsmər Ayazdan bir soraq ala bilmədi. Gözü yollarda qalmışdı. Ala gözləri kədərli-kədərli həmişə sevib, əhd-peyman bağladığı oğlanı axdarırdı. Amma sevgilisi gözə dəymirdi...
Halal şahın gözəl Əsmərin bu sevgisindən xəbəri yox idi. Əsməri istəyən çox idi. Hər gün elçi daşının üstündə neçə-neçə igidlər, şahlar oturub gözəl Əsməri istəyirdilər. Lakin gözəl Əsmər inadından dönmürdü. Aradan yeddi il keçmişdi. Əsmərin daha başqa bəhanəsi qalmamışdı. Ona görə bu sehirli sözü ortaya atmışdı ki, onu bilən olmasın və özü də bu sözü heç kimə demirdi. Təkcə atasının vəziri bilirdi bu sözü. Gözəl Əsmər onunla məsləhətləşib belə qərara gəlmişdilər. Sədaqətli, müdrik, ağıllı vəzir onun sevdiyi oğlanı tanımışdı. Elçi daşının üstündə oturan oğlana gözəl Əsmərin sevgi dolu nazlı baxışını görəndə hər şeyi başa düşmüşdü. Amma, görəsən, o həmişəyaşar çiçəyin adını biləcəkmi?
Əsmər də intizarda idi. Ürəyi şiddətlə döyünür, özünə yer tapa bilmirdi. Gözü oğlanda qalmışdı. Şah babasından utanmasaydı oğlana yaxınlaşar, sirrini-sehrli və hikmətli sözü ona deyərdi. Lakin gözəl və yaraşıqlı igidin təmkinlə oturmağı gözəl Əsməri sakitləşdirdi. O, məclisi ala gözləri ilə izləməyə başladı. Qoca vəzir qalxıb aramla məclisin baş tərəfinə keçdi. Halal şahın işarəsi ilə məclis başlandı. Vəzir sevgisinə, əhdinə vəfalı Ayazı məclisə dəvət etdi. Hamı diqqət kəsilmişdi. Gözəl Əsmərin babası Halal çah uzun, qara demisini sümürür, əli ilə alnını ovuşdurub fikirə dalır, gah da ağ, uzun saqqalını sığallayırdı.
Şəhərə car çəkmişdilər: “Bu gün şah sarayında elçilik var!” Gözəl Əsmərin sorağını eşidən-bilən hər kəs bu tarixi məclisdə iştirak etmək ümidi ilə saraya axışırdı. Şəhər sanki bayram libasına bürünmüşdü. Şah evinin qarşısındakı elçi daşının üstündə oturan oğlanın - igid Ayazın sorağı-gözəlliyi, qədd-qaməti barədə söz-söhbətlər baş alıb gedirdi. Nəhayət, gözəl Əsmər oğlanı görüb razılığını vermişdi. Hamı bu günü çoxdan gözləyirdi. Amma, hamını bir intizar, bir təəssüf hissi çulğamışdı. Görəsən, Ayaz həmişəyaşar çiçəyin adını bilirmi? Əgər bilirsə - ah, nə olaydı biləydi. Onda şəhər çırağban olacaqdı, el-oba sevinəcək, böyük şadlıq-şadyanalıq keçiriləcəkdi. Ah, bu sevincdən hamıya pay düşəcəkdi! Bu, Halal şahın arzusu idi. Deyəsən, bu gün o həyata keçəcəkdi. Deyəsən, igid oğlan həmişəyaşar çiçəyin adını söyləyəcək, gözəl Əsməri alacaqdı. Halal şahın ürəyinə dammışdı. Bir də onu bilirdi ki, bu ixtiyar yaşında zəndi heç vaxt onu aldatmamışdı. Deməli, Halal şahın düşündüyünə görə, bu gün bir möcüzə olacaqdı. Bu möcüzəni o illərlə gözləmişdi, illərlə ürəyində bu arzunu əzizləyə-əzizləyə yaşamışdı. Bu günkü elçilik şahın ürəyincə idi. Ah, Əsmərim, ah, gözəl qızım, ağıllı qızım, nolaydı mənim bu ixtiyar yaşımda ümidlərim məni sevindirəydi,- deyə şah gözləri ilə məclisə nəzər salıb qızını istəyən oğlanın – Ayazın üzərində dayandı.
Vəzir məclisin qaydasını, gözəl Əsmərin şərtini məclis əhlinə və Ayaza söylədi. Ayaz yenə təmkinlə ayağa qalxıb ağır-ağır addımlayaraq, məslisin ortasında dayandı. Əvvəlcə Halal şah tərəfə baxıb əllərini döşünə qoyaraq, ona təzim etdi. Sonra məclis əhlinə üz çevirib baş əydi. Və nəhayət, gözəl qızlar, sənəmlər oturan oturan taxta tərəf yönəlib qənirsiz bir gözəl olan şah qızı Əsmərin qarşısında dayandı. Gözlər bir-birinə sataşdı. Yenə həmin gözlər, yenə eyni baxış! Ah, bircə dil yox idi, ah, bircə bu baxışı, bu disiz danışığı yazan olaydı. Meşələr qələm, çəmənlər dəftər olsaydı, yenə bu sevginin sətirləri oraya sığmazdı... İlahi,Əsmərin ürəyində nələr dolaşırdı, nələr deyirdi onun illərlə həsrətdə qalan sevgisi! Gözəl Əsmərin ürəyi uçqunurdu, titrəyirdi, əsirdi. Qəlbində bir haray, bir ün dolaşırdı. Bu intizarın bir sonu olacaq, ya yox,- deyə öz-özünə fikirləşən gözəl Əsmər igid Ayazın ona yaxınlaşdığını görüb sürahi boyunu, büllur üzünü, nazlı baxışını sanki məclis əhlindən gizlədərək utana-utana, al yanaqları qızarmış halda oturduğu taxtdan qalxaraq, əhd-peyman bağlayıb səfasını görmədiyi sevgilisinə doğru addımlayıb dayandı...
Qoca vəzir Ayaza tərəf çevrilib, oğul,-dedi, indi meydan sənindir. Əsmər qızım da qarşında durur! O hikmətli sözü söylə, qızın əlindən tut, o sənin olsun! Əgər sözün düzdürsə, biz də sevinək, gülək, şadlanaq!
Ayaz qoca vəzirə baş endirib, təzim etdi: “Bəli, hörmətli vəzir! Bu məclis mənimdir. Bu gün mən sizə həmişəyaşar çiçəyin adını deməyə gəlmişəm. Düz yeddi il gecə və gündüz mən də bu çiçəyin adı barədə düşündüm və qəti qərara gəldiyimdən, çiçəyin adını dəqiq öyrəndiyim üçün cəsarətlə məclisə daxil oldum. Bu gün mən istəyirəm ki, xalqım sevinsin! Bu gün gözəl Əsmərlə toyumuzun səsi-sorağı çox uzaqlara gedib çıxacaq. Daha sizi intizarda qoymaq istəmirəm. Gözəl Əsmər çiçəkləri çox sevir! Şah bağında açan çiçəkləri onun əlləri becərib, sulayıb. Əsmərin sirli-sehirli çiçəyinin adı – Zəhmətdir! Zəhmət çiçəyi! Gözəl Əsmər zəhməti çox sevdiyinə görə, onun sayəsində Şah bağında güllər, çiçəklər əkdiyinə görə və ilin hər fəslində bu bağda çiçək olduğuna görə, Zəhmət adlandırıb bu hikmətli sözü! Zəhmət çəkmədən çörək olmaz, zəhmət çəkmədən bar dərmək olmaz!...”
Bütün məclis əhli Ayazı alqışladı. Gözəl Əsmər nazlı baxışını qaldıraraq, gülümsündü. Qız-gəlinlər hər iki gənci gül-çiçəyə bürüdülər. Qoca vəzir gənclərin əllərini birləşdirib, xoşbəxt olun, - dedi. Halal şah da sevindiyindən gözləri yaşarmışdı. O da taxtından qalxaraq, Ayazın alnından, qızının gözlərindən öpərək, onlara səadət və xoşbəxtlik arzuladı...
Halal şahı başlıca bir şey sevindirirdi. Onun torpağında zəhmətə qiymət var idi. Zəhmət olan yardə isə bar-bərəkət olar, bolluq aşıb-daşar!...
... Həmin gün çalınan toyun sədası çox uzaqlara gedib çıxmışdı. Kasıb-kusub sevinirdi. Axı, Halal şahın arzusu həyata keçmişdi. Bu arzudan onlara da pay düşmüşdü! Ən çox sevinən isə sevgililər idi və bir də min zəhmətlə becərdikləri gül-çiçəyi dəstələyib sevinə-sevinə onlara atan qız-gəlinlər!...
Nizami Məmmədzadə,
YORUMLAR
Çok güzel bir öykü okudum sayenizde. Sağolun var olun.
Bir yerinde aklıma : Uca dağ başını duman alanda
dağların seyrine dalar Seher" mahnısı geldi.
Azrebaycan şiirlerini çok severim.elimde şiir kitapları var. Bahtiyar Vahapzade,Nabi Hazri, ve tabi ki Şehriyar benim gönül dostlarımdır.
Bütün Azerbaycana en kalbi sevgi ve muhabbetlerimi sunar yeni öykülerinizi beklerim.
Selam ile.