- 1015 Okunma
- 1 Yorum
- 0 Beğeni
“Caddələrdə rüzgar, həyat gözəldir...”
Elbəyi CƏLALOĞLU
“Caddələrdə rüzgar, həyat gözəldir...”
(hekayə)
- Caddələrdə rüzgar, həyat gözəldir... – mobil telefonum belə oxuyurdu. Bu, bir Türkiyəli müğənninin repertuarındandır. Çox xoşum gəldiyindən onu telefonumun zənginə yerləşdirmişdim. Amma həmin o başverən hadisədən sonra. Hələlik isə evdəydim, bir butulka arağı təkcə içdiyimdən gözüm telefonu haça görür, söz ağzımdan keflə çıxır, əllərim götürməli olduğu əşyanı gah yıxır, gah da qamarlayırdı. Bütün bunlar bir yana, hərhalda telefonun zənginə cavab verməliydim:
– Bəli!
– Rentis, salam! Hardasan? Nərdtaxta üzərində yarışma başlayıb, gəlmirsən? – Mən nərd oynamağı çox yaxşı bacarıram, hər halda iki oyunçudan birinə qalib gələ bilirəm. İndi zəng edən də həmin o işə-gücə yaramayan oyunçulardan biri idi.
– “Cəsarət müəllim”in yanındayam, – cavabım bu oldu. Dilim topuq çalırdı, hələ bir qəh-qəhə çəkib güldüm də. Cəsarət – mənim əsl adımdır, bu adı mənə doğulanda veriblər ki, cəsarətli olum. Lakin başa düşməyiblər ki, “cəsarət” dediyimiz bu mücərrəd anlayış əzəl başdan “cəsarət müəllim” tərəfindən inhisara götürülüb. “Cəsarət müəllim”in digər inhisarçılardan fərqi onun müştərilərinin mədəsinə, oradan da damarlarına hoparaq qorxu və cürətsizlik hisslərini aradan götürməsindədir. Demək, pis dost deyil. Onun bir fərqi də canındakı istiliyin bizim bədən temperaturumuzdan dörd dərəcə yüksək olmasındadır. Buna baxmayaraq, ikimizdən hansımızın daha cəsarətli olduğunu bir azdan siz deyəcəksəniz. Nə isə...
İşin nə yerdə olduğunu başa düşən dostum növbəti sualını verdi:
– Niyə bu qədər içirsən?
– İnsanlar məndə qüsur axtarırlar, içirəm ki, çox əziyyət çəkməsinlər, axtardıqlarını asanlıqla tapsınlar, – cavabımdan özümün də xoşum gəldiyi üçün bir daha qəh-qəhə çəkdim.
– Nə qüsur, dəli olmusan?
– Bilirsənmi, dost, nədənsə zəmanəmizin insanları tərəfmüqabilində müsbət yox, mənfi əlamətlər axtarırlar. Bir şeyi başa düşmək istəmirlər ki, insan Allah deyil, onun yaxşı əlamətləri də ola bilər, nöqsanları da. İnsanlarda hansı əlamətləri axtarmağımız, könlümüzün nəyə köklü olduğundan asılıdır. Çünki hər bir insan həm də, onu görənlərin könül aynasıdır. Əgər qüsur axtarırıqsa, demək qüsurlu olan şüurumuzdur. Mən də təkbaşına ictimaiyyətin təfəkkürü qarşısında acızliyimi dərk etdiyimdən içkiyə qurşanmışam, – mən bu fikirləri ona deməklə əslində ürəyimi boşaldırdım, onsuz da bunları anlayacaq qafa onda yox idi.
– Rentis, sən nəsə elmi dildə danışırsan, anlaya bilmirəm, dur gəl, hamını udmuşam, tək sən qalmısan, – dostum belə dedi. Dostum deyəndə ki, doğrusu o, mənim elə vaxt öldürmək üçün qurşandığım nərd yoldaşımdı. Allah eləməsin ki, dostum olsun, elə sözgəlişi dedim. Betonqarışdıran maşında sürücü işləyir, arsızın birisidir. Zəhləm gedir ondan, çünki bir arvadı var, ortabab gözəldir, özü də tibb bacısıdır, gözü-qaşı qayır-qayır qaynayır. Allah bilir nə oyunlardan çıxır. Bunun da əlindən gələn onun-bunun yanında arvadının üstünə xoruzlanması, yeri gəldi-gəlmədi yekə-yekə ardan, namusdan danışmasıdır. Nə bilim ee...
– Məni uda bilməzsən, çünki “cəsarət müəllim” arxamda dağ kimi dayanıb, – deyərək, dəli bir şaqqanaq çəkdim (bəlkə də bu, söylədiyim fikirlərdən aldığım həzz idi) və durub ənənəvi nərd oynadığımız məkana yollandım. Yol uzunu məni “cəsarət müəllim”lə dost olmağa sövq edən, daha doğrusu, onun daimi müştərisinə çevirən, birsözlə məni bu dərdə salan hadisəni xəyalən yenidən yaşamağa başladım...
Mən diş həkimiyəm. Buna görə də, məni “Dentist” deyə çağırırdılar. Bir gün bacımın kiçikyaşlı nəvəsi dili uymadığından məni “rentis” deyə çağırmışdı. O vaxtdan el arasında elə “rentis” kimi də qaldım.
Sənətimə görə kifayət qədər nüfuz qazanmışdım, yanıma müalicə üçün gəlib-gedən çox idi. Günlərin birində sözün əsl mənasında gözəl bir xanım kabinetimə daxil oldu. Dişləri müalicə olunmalıydı. İlahi, onu görəndə az qala ağlım başımdan çıxacaqdı. Uzun hörükləri, dümağ üzü və sinəsi, alma yanaqları, qara qaşları, sərxoş gözləri, diqqətçəkən yanbızları, yeridikcə titrəşən yançaqları, incə beli, əndamıyla mütənasib olan döşləri, day nə deyim – yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə. Onu öz gözlərinizlə görsəydiniz, olduğu kimi təsvir edə bilmədiyimə görə məni qınayardınız. Təsəvvür edin, o, xəstələr üçün ayrılmış kresloda oturub, mən də ona baxıram, ha yaxınlaşmaq, dişlərinə baxmaq istəsəm də, alınmır, bədənim titrəyir, əllərim əsir. O isə, xəffif gülümsünərək, cəsarətsizlikdə qınayırmış kimi bu ağ xələtli, hündürboy, yaraşıqlı kişiyə – mənə baxırdı, keçirdiyim hissləri duymuşdu. Və nəhayət, arxaya söykənərək ağzını açıb zədələnmiş iki dişini mənə göstərdi. Ehtiyatla ona yanaşdım, böyründəki həkim stulunda əyləşib dişlərinə baxmaq istədim, bunun üçün əllərimlə onun ağzına və dişlərinə toxunmalıydım. Lakin yenə də əllərim əsdi, qolum və dirsəyimlə onun döşlərinə toxunacağımdan çəkindim. Hələ indiyədək qadın xəstələrimin heç birində bu hissləri keçirtməmişdim, bəlkə də onların çoxunun “dəvə beli”nə bənzəyən sinəsinə toxunmuşdum, lakin bunu ya hiss etməmişdum, ya da fərqində olmamışdım. İlahi, bu nə imtahandır məni çəkirsən, deyə düşündüm. Çox çətinliklə onun dişlərini müayinə etdim, həmin vaxt kəsiyində məni Allahdan sapdıracaq “dəvə beli”ndən qolumu və dirsəyimi qoruya bildim. Proses başa çatdıqdan sonra, başqa gün gəlməsi üçün ona xüsusi vaxt ayırdım. Min əda ilə çıxıb gedəndə də, bu ilahi gözəlliyi gözdən itincəyə qədər pəncərənin jalüzlü pərdəsi arasından seyr etdim...
Müalicəsi müddətində Ceyran xanımla münasibətlərimiz istiləşdi. O, mənə çəkinmədən yanaşsa da, mən çox ehtiyatlı və mərdanə davranırdım. Özümü o yerə qoymurdum. Hər dəfə dişlərini müalicə edərkən onunla ədəblə davranır, müdrikliyimi işə salır, fəlsəfi fikirlərdən dən vururdum. Sonuncu günlər o, saqqızımı oğurlaya bildi, çünki həmin gün Rusiyadan gəlmiş yaxın dostumla görüşdüyümdən “cəsarət müəllim”ə müraciət etməli olmuşduq və beləcə, məşhur “inhisarçı”dan stimul almışdım. Biz “Gənclik” metrosu yanında görüşmək üçün vaxt təyin etdik. Lakin sözarası mən Ceyranın evli olduğunu özündən öyrənə bildim. Görüş vaxtı gəlincəyə qədər ürəyim sözümə baxmırdı, elə hey tərəddüdlər içində çırpınırdı. Nə bu qeyri-adi gözəllikdən imtina edə bilirdim, nə də onun öz evliliyinə, ailəsinə xəyanətini qəbul edə bilirdim. Qalmışdım, bu iki şeytani hisslərlə, insani düşüncələrin arasında...
Nəhayət, görüş vaxtına az qalırdı. Maşınımı minib şərtləşdiyimiz yerə tələsdim. Artıq oradaydım, maşını bir az aralıda saxladım, lakin düşməyib uzaqdan seyr etməyə başladım. Bir azdan o, göründü. İlahi, bu, mən gördüyüm Ceyrandan da yüz dəfə gözəl olmuşdu. Gözlərimi ondan çəkə bilmirdim, məni gözləyirdi. Yarım saatdan çox var-gəl etdi, narahatçılığı aydın sezilirdi. Bəlkə də, hərhansı bir tanışının və ya qohumunun onu görəcəyindən, ondan şübhələnəcyindən ehtiyat edirdi. Hərdən ətrafına boylanaraq, düşüncələr içində bir əlinin arxasını o biri əlinin ovucuna döyəcləyirdi. Ürəyim tap gətirmədi, ona doğru qaçmaq istədim. Tələsik maşının qapısını açmaq üçün əlimi dəstəkdəki kilidə atdım, lakin onu açmağa gücüm çatmadı. Mənə elə gəldi ki, kilid xarab olub, lakin xarab olan qapının kilidi deyildi, mənim mənəvi pozğunluğumun kilidi idi. O qapı açılmırdı, açıla da bilməzdi. Bir ailənin müqəddəsliyini pozmaq, mənə mənəvi cəhətdən çox baha başa gələ bilərdi, öz əxlaqım, ədəbim, tərbiyəm, ailə müqəddəsliyim pozula bilərdi. Vicdanım, – qır qazanı səni gözləyir, – deyərdi, atam qəbirdən durub üzümə tüpürərdi, anam behiştdən çıxıb, – ay mərdimazar, ay nankor, sənə görə yerim cəhənnəm oldu, – deyərdi, övladlarım başımın üstdə nə bilim nələr edərdi... Mənim bu düşüncələrim xeyli vaxt apardı, o isə, onu seyr etdiyimi heç hiss belə eləmədi. Xeyli gözlədikdən sonra, tez-tez dönüb arxaya baxmaqla oradan uzaqlaşdı. Mən isə, – yaxşı ki, bu gün “cəsarət müəllim” qarşıma çıxmayıb, – deyə düşündüm, – yoxsa hər şey başqa cür olardı...
Aradan xeyli keçmişdi. O, yenidən iş yerimə gəldi və – səninlə söhbətim var, – dedi. Pasientlərim çox olduğundan, sonrakı iş günümün axırına yaxın gəlməsini ondan xahiş etdim. Belə də oldu. O, deyilən vaxt gəldi. Otağımda ikimizdən başqa heç kəs yox idi. O, – bilirsən, Rentis, sənə qibtə edirəm, sənin mərdliyinə, kişiliyinə baş əyirəm, – dedi.
– Nə üçün? – dedim.
– Sən evli olduğumu bildiyin üçün görüşə gəlmədin, deyilmi? – mən ehmalca başımla təsdiqləyəndən sonra o, davam etdi, – əvvəlcə görüşümüzün alınmadığına çox üzüldüm, səninlə bir yerdə olmaq mənə çox xoş olardı, deyə düşünürdüm. Xoşbəxtçiliyimi səninlə bir yerdə olmaqda görürdüm. Lakin sonradan sənin doğru addım atdığını, düz elədiyini anladım. Onda mən ehtirasa qapılmışdım, Rentis, az qala səhv edəcəkdim, bunun qarşısını alan sən oldun. Ömür boyu sənə minnətdar olacam, məni düzgün həyata qaytardın. İdeal kişi obrazı deyəndə, gözlərim önündə canlanan ancaq sən olursan. Rentis, bilirsən, bir daha ərimə xəyanət etmək fikrinə düşməyəcəm, bu, ilk və son addımım oldu, – o, axrıncı cümləni deyəndə nədənsə bir az təşviş keçirtdi, elə bil ki, kimsə onun səhvini tutacaqdı, “o, olmadı, bu, oldu” deyə şaqqanaq çəkəcəkdi. Nə bilim, bəlkə də, mənə belə gəlirdi. Onun kirpikləri nəmlənmişdi, ürəyim qübar eylədi, bu etirafından məmnun olmuşdum. Ona görə də, əllərimlə ehmalca onun başından tutub, alnından öpdüm. O, dinmədi, gözlərini silib otaqdan çıxdı. Mən isə, – görəsən onun verdiyi vədlər doğrudurmu? – deyə düşündüm. Hərhalda Ceyran mənim gözlərimdə təmiziydi, safıydı, mələk kimiydi, çünki mənim vicdanım öz gözlərimdə təmiz qala bilmişdi. O gündən isə, Məcnun vəhşi heyvanlarla dost olduğu kimi, mən də “cəsarət müəllim”lə dost-sirdaş oldum, hətta onun daimi müştərisinə çevrildim. Ceyranı sərxoş xəyalımda, dəli düşüncəmdə yaşatmağa başladım...
Nəhayət, nərdtaxta masasının arxasında əlimi əlimə vurub, ürəkdən gülürdüm. Çünki “dostum”u “cəsarət müəllim”in köməyi ilə nə az, nə də çox, düz üç tas udmuşdum. Elə bu vaxt telefonum çağırdı, – caddələrdə rüzgar, həyat gözəldir... – oğlum idi, məndən ötrü darıxdığını deyirdi, bəlkə elə anası da...
Bakı, 17 oktyabr 2012-ci il
YORUMLAR
.dürüstlük ve ahlak güzelliği üzerine çok güzel bir hikaye okudum.
oldukça akıcı ve düzgün bir anlatım.ders veren bir yaklaşım şiirde.
tebrikler üstad.