- 856 Okunma
- 2 Yorum
- 0 Beğeni
İNANIRAM Kİ...
Elbəyi CƏLALOĞLU
Şair-publisist
İNANIRAM Kİ...
Oktyabrın 1-də Gürcüstanda keçiriləcək parlament seçkilərinə münasibətim
Gürcüstan vətəndaşı olduğum üçün bu il oktyabrın 1-də Gürcüstanda keçiriləcək parlament seçkilərinə mən də biganə qala bilmərəm. Buna görə də bu mühüm hadisəyə münasibət bildirmək qərarına gəldim.
Qeyd etmək istəyirəm ki, parlamentə seçkilər zamanı bu günkü siyasi kursun dəstəklənməsinin tərəfdarıyam. Çünki çağdaş zamanımızda ən üstün quruluş Aristotelin bəyənmədiyi demokratiya hesab olunur. Düşünürəm ki, günümüzdə Gürcüstanda iqtidarda olan Mixeil Saakaşvilinin rəhbərlik etdiyi siyasi kurs başqaları ilə müqayisədə demokratiyanın tələblərinə daha çox cavab verir. Bu mənada iqtidarın ölkədə demokratik düşüncəyə cavab verən uğurlarını danmaq insafsızlıq olardı. Belə ki, çox qısa zamanda ölkədə rüşvətin birmənalı olaraq yığışdırılması Mixeil Saakaşvili hakimiyyətinin böyük uğuru olaraq qiymətləndirilməlidir. Eləcə də, təbii sərvətlər baxımından kasıb olan bu ölkənin dövlət büdcəsinin lazımınca qorunması, sosial yardıma ehtiyacı olan vətəndaşların tələbatlarının vaxtaşırı ödənilməsi (yeni doğulmuş körpələrə yardım ayırılması, xəstələrin pulsuz müalicəsi), təqaüdlərin, müəllimlərin maaşının artırılması, cinayətkarlığın, oğurluğun və digər xoşagəlməz halların aradan qaldırılması, avtomobil yollarının yenidən qurulması da Mixeil Saakaşvili hakimiyyətinin uğurları sırasına daxildir. Bu tipli nailiyyətləri kifayət qədər sadalamaq mümkündür, lakin siyasi cəhətdən bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, Gürcüstanın Avropa Birliyinə daxil olmaq ərəfəsində olduğunu da göz önünə gətirmək lazımdır. Gürcüstanın Avropa mədəniyyətinə sürətli inteqrasiyasını ölkəyə daxil olan hər kəs asanlıqla hiss edə bilir.
Lakin bütün bu sadaladıqlarımız onu deməyə əsas vermir ki, Saakaşvili hakimiyyətinin qüsuru yoxdur. Əlbəttə bu, istisnasızdır və bu cür pozuntular ölkədə yaşayan azərbaycandilli əhalidən də yan ötməyib. Buna misal olaraq, Bolnisi rayonunda bir çox kəndlərin dədə-baba adının dəyişdirilməsi, Borçalı türklərinin yaşadığı kəndlərin girəcəyində xaçların asılması, bütövlükdə regionda azərbaycanlıların torpaq probleminin hələ də öz həllini tapmaması, azərbaycanlıların kompakt yaşadığı Kaspi rayonunda azərbaycandilli məktəblərin olmaması və s. göstərmək olar. Gəlin bir anlığa toponimlərin dəyişdirilməsini şəxs adlarının dəyişdirilməsi ilə müqayisə edək. Əgər hər hansı vətəndaşın adını özünün razılığı olmadan dəyişdirilməsini onun hüquqlarının pozulması, ən azından ona qarşı təhqir kimi qəbul ediriksə, toponimlərin dəyişdirilməsinə də bu cür baxılmalıdır. Xristian əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin girəcəyində aypara-ulduz quraşdırmaq nə qədər yolverilməzdirsə, müsəlmanların yaşadığı məntəqələrin girəcəyində xristianların xaçının asılması o dərəcədə bağışlanılmaz səhvdir və haqlı olaraq yerli əhalinin narazılığı ilə qarşılanır. Yaxud torpaqların həmin əraziyə aidiyyatı olmayan başqa şəxslərə verilməsi də yerli azərbaycanlıların hüquqlarının pozulması deməkdir. Eləcə də, əgər əhali öz ana dilində təhsil almaq istəyirsə, onları bu arzuya həsrət qoymaq heç bir sivil quruluşa başucalığı gətirmir. Təbii ki, bütün bunlar insan haqlarının pozulmasıdır və demokratik inkişafla bir araya sığa bilməz.
Bütün bunlarla yanaşı, Gürcüstan hökuməti bugünkü siyasi kursla uğurla addımladığından bu qüsurların da tezliklə aradan qaldırılacağına inanmaya bilmirəm. Ümidvaram ki, Mixeil Saakaşvilinin rəhbərlik etdiyi iqtidar bu dəfə də xalqın etimadını qazanacaq və bu etimadı, inamı ləyaqətlə doğruldaraq Gürcüstana böyük uğurlar gətirəcəkdir. Və elə bu inamla da budəfəki parlament seçkilərində də Gürcüstandakı hazırkı siyasi kursu dəstəkləyən hər bir namizədi alqışlayıram.
Bakı, 21 sentyabr 2012-ci il.
YORUMLAR
elbeyicelaloglu
üstadım Gürcistan da olan biten hakkında bilgi sahibi olduk.
Saakaşvilinin eserleri övülmekte ve çalışmalarının devamını istemektesininz.
dilerim Müslüman Azerlerinde hakları verilir.
Başarılar kolay gelsin.