- 851 Okunma
- 2 Yorum
- 0 Beğeni
TAMAŞA SEYİRÇİNİN RUHUNU TİTRƏTMƏLİDİ “Həqiqət istərəm, yalnız həqiqət!” Hüseyn Cavid
Teatr hələ qədim zamanlardan incəsənətin mühüm və maraqlı növü kimi həmişə diqqət mərkəzində olub. Təsadüfi deyil ki, kinodan da əvvəl teart yaranıb. Hər kəs bilsə də qeyd etmək yerinə düşər ki, teatr qədim Yunanıstanda meydana gəlib, yunan dilində “tamaşa yeri” mənasını verir. Qədim zamanlarda şərabçılıq tanrısı Dionisin şərəfinə təntənəli bayramlar keçirilirdi və onun haqqında əfsanələrdən bütöv səhnələr oynayırdılar. Əvvəllər tamaşalar açıq havada, təpənin ətəyində göstərilirdi. Tamaşaçılar isə yamacda oturub baxıdılar. Təpənin ətəyində yunanca “scena” adlanan çadır qurulurdu. Burada aktyorlar paltarlarını dəyişirdilər. Sonralar çadır əvəzinə kiçik bina tikdilər. Tamaşa vaxtı burada dekorasiyalar asırdılar. Binanın qarşısında aktyorların və xorun çıxış etməsi üçün meydança – orkestra düzəldirdilər. Beləliklə, e.ə. V əsrdə qədim Yunanıstanda teatr binaları tikməyə başladılar. İlk dram əsərlərini isə Esxil, Sofokl, Evripit yazdılar.
Mənim məqsədim teatrın yaranması haqqında uzun uzadı məlumat yazmaq deyil. Sadəcə teatrın nə demək olduğunu xatırlatmaq istədim. Səhnəyə çıxarılan əsər tamaşaçının ruhunu titrətməlidi. Qədim faciə yaradıcılarından biri demişdi: “Dramatik əsərin gərginliyini tamaşaçılar da eynən personajlar kimi yaşamalıdırlar. Qəhrəmanlar kimi iztirab çəkməlidir və katarsis keçirərək təmizlənməlidir”. Teatr əylənmək üçün deyil. İncəsənətin digər növləri kimi teatrın da əsas məqsədi özünü dərk etməyə kömək etməkdir.
...Amma dünən baxdığım, Şeyx Sənan rolunda Şövqi Hüseynovun, Xumar rolunda isə Leyli Əliyevanın oynadığı “Şeyx Sənan” tamaşasından (rejissoru Cənnət Səlimova) heç də belə təəssurat yaranmadı. Baxmayaraq ki, dahi dramaturq Hüseyn Cavidin qələmə aldığı bu pyes illər keçməsinə baxmayaraq hələ də öz aktuallığını qoruyub saxlayır.
Nəhayət ki, keçək təəssuratlarıma. Artıq saat 7-nin yarısıdır. Yazar dostlarımla Gənc Tamaşaçılar Teatrınına yaxınlaşırıq. 5-6 adamın teatrın qarşısında dayanıb söhbət etdiyini görürəm. İçəri keçirik. Artıq tamaşanın başlamağına 5 dəqiqə qalır. Zalın isə təxminən 3-dən 2-si boşdu. Azərbaycan tamaşaçısının biganəliyi məni məyus edir. Eyni zamanda gələnlərin əksəriyyətinin daha çox gənclər olması sevindirir. Tamaşa uğurla başlayır. Şeyx Kəbir müdirlərinin əhatəsində dua oxuyur və fonda ucadan gözəl avazla azan səslənir. Bu səhnənin dolğunluğu insanın ruhunu riqqətə gətirir, geridə qoyub gəldiyi gündəlik həyatdan, qayğılardan ayırır, tamaşaya kökləyir. Ancaq sonrakı gedişat...
Tamaşanın hər anını təhlil edib sizi yormaq niyyətində deyiləm. Fikrimcə, buna ehtiyac da yoxdur. Sadəcə, bəzi məqamları qeyd etmək istərdim. Musiqi tərtibatı(xüsusən də Şeyx Sənanın Xumarın xəyalı ilə görüşdüyü məqamda oxunan mahnı), teatr aktyoru üçün ən vacib cəhətlərdən biri olan səlist, aydın, hündürdən danışmaq bacarığının yoxluğu, üstəlik süni ifa, rejissor işinin zəif alınması (əsas da sonluğun çox adi-Şeyx Sənan və Xumardan başqa bütün qəhrəmanların bir yerə yığışıb başlarını aşağı salmaları) qeyd etmək istərdim.
Teatr hər şeydən öncə canlı ünsiyyətdir. Ünsiyyət qurmaq üçün isə ruh lazımdır. Həmçinin əsərin müasir dövrə uyğunlaşdırılması, onun tamaşaçı nəzərində yenidən dirildilməsi ilk öncə aktyorların öhdəsinə düşür. Burda isə aktyorların səmimiyyətdən kənar, başdansovdu, sanki hər hansı adi bir işi yerinə yetirirmiş kimi oynamaları, həm də faciənin dramatikliyini sıfıra endirirdi.
Saydığım bütün bu mənfi məqamlara baxmayaraq geyimlərin o dövrə uyğun, yüksək səviyyədə, gözəl seçilməsi, səhnə dekorasiyası nəzərimdən yayınmadı. Həmçinin Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) pyesinə müraciət olunması məni sevindirdi.
Artıq hava qaralıb. Lampaların işığı altında səssiz Bakı küçələri ilə addımlayırıq. İlk öncə vaxtımın boş keçməsinə, gözlədiyim təssuratı ala bilmədiyimə görə heyfslənirəm. Sonra tamaşanın yox, pyesin əvəzolunmaz məqamları yadıma düşür. Dostlarımla fikrlərimizi paylaşırıq, müzakirə edirik. Bir daha Hüseyn Cavid yaradıcılığının möhtəşəmliyini vurğulayırıq. Yalnız həqiqətə çatan, əqidəsindən dönməyib Sibirin buz kimi nəfəsindən qorxmayıb cismən məhv olmağa razı olan Hüseyn Cavid “Şeyx Sənan” kimi peys yaza bilərdi:
Nə eşq olaydı nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı,
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm
Nə aşiyaneyi-vüslət, nə bari firqət olaydı,
Könüldə nuri-məhəbət, gözümdə pərdeyi-zülmət...
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.
Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli hikmət?
Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.
Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Dahi Hüseyn Cavid, ruhun şad olsun! Mən sənin “Şeyx Sənan” ın haqqında belə təəssüratı qələmə almaq istəməzdim.
Hazırladı: TÜRKAN ZAMANOVA