- 1942 Okunma
- 0 Yorum
- 1 Beğeni
ŞEYTANIN KELEĞİ / Şiringül Musayeva imzalı Edebiyat Yazımı...Hikmet OKUYAR
Şiringül Musayeva imzalı yeni tasarımı birkaç defa Azerbaycan medyasında takip etmiştim...Tasarımlarını hayranlıkla okuyorıum :
*
Şeytanın KELEĞİ / Şiringül Musayeva
........................................................yanvar 2019, 16:59
Azər qoşunu qeysər - i Rumu əsir etmiş
Bəzən sənə elə gəlir ki, sanki baş verəcək dəhşətli bir olayı hiss etdin; elə bil bu olay ya keçmişdə olmuşdu, ya da gələcəkdə mütləq olasıydı.Bəzən günlərlə, aylarla, hətta illərlə bu təsirdən qurtara bilmirsən. Bu hiss-“nə isə” nin baş verəcəyinə aid olan bu mistik hiss səni zaman-zaman təqib edir və tədricən şüurunun alt qatlarına keçir, bir qorxu kimi, labüd surətdə olası dəhşətli hadisə kimi orada gizlənir.Hərdən çaşıb qalırsan;-axı bu,hissetməmi deyim,irəlicədən görməmi deyim-nə isə mistik bir şeydir, buna inanmağa heç bir əsas yoxdur, insan həyatında minlərlə belə xırda təfərrüatlar olur və zaman-zaman yox olub gedir,yəni heç bir hadisə -filan baş vermir. Lakin…dəhşətlə hiss edirsən ki,özünə verdiyin təsəllilər əbəsdir, bu `“nə isə” nin olacağına aid olan qəribə inam hissi sənin şüurundan, ağlından yüksəkdə durub, elə bil, fövqəlbəşər, insan gücündən xaric bir şeydir.Və ən dəhşətlisi odur ki, sən o olaydan qaçmağa,qurtulmağa can atırsan, amma nə isə səni məhz ona doğru sürükləyir Hər bir cəhdin özünə qarşı amansız silaha çevrilir və səni daha artıq o mistik və iyrənc şeyə yaxınlaşdırır. İradən xaricində duran bu şeyə nifrət edirsən, tam ağıllı surətdə maneələr qurursan ki, başını bu cəncəldən uzaqlaşdırasan,ancaq mümkün olmur,cəncəl özü fırlanır və gəlib səni tapır.
Nə isə…
...
-Ay Allah, mən buna qurban olum, bu, nə ağıllı qaqaşdı,nə yaxşı qaqaşdı.Sən mənə qaqqa gətirmisən?-Selcan dörd yaşlı balaca qardaşının əlindən xurmanı aldı və uşağı məmnun etmək üçün ağzına atdı, başını sağa-sola yellədərək onu yedi; yəni ki, xurma çox- həddindən artıq dadlıdır və Selcan da bayaqdan bəri arzu edirdi ki, ona bir xurma gətirən olaydı.
Selcan xalçanın üzərində qoyulmuş döşəkçə üstündə oturmuşdu.Yalıncıq gəlib onun yanında uzandı və başını Selcanın dizinə qoydu. Selcan da qardaşının başını sığallaya-sığallaya ona nağıl danışmağa başladı.Selcan bu nağılı o qədər danışmış, uşaq da o qədər eşitmişdi ki, onlar hər ikisi bu nağılı nağıl yox, layla kimi qəbul edirdi; nə uşaq sual verir,nə də Selcan nəyisə izah edirdi.
Nəhayət, nağıl qurtardı,Selcan dizi üstündəki başı öpmək üçün əyildi və dəhşətə gəldi; baş onun dörd yaşlı qardaşı Yalıncığın yox, iri ,yekə ,heybətli bir kişinin başı idi. Gicgahlardan saçları ağarmışdı, qorxunc, dəhşətli, qara, zalım gözləri ilə zəhmlə Selcana baxırdı.Və elə baxırdı ki...- kinlə,ironiya ilə, iliklərində zaman-zaman toplanmış, yığılıb qalmış bir nifrət ilə.
Selcan qeyri-ixtiyari qışqıraraq başı dizi üzərindən itələdi və ayağa durub bağıra-bağıra otaqdan bayıra qaçdı.Və bu zaman Selcan arxadan gələn səsə heyrət etdi; o dəhşətli baş onun dörd yaşlı balaca qardaşının səsi ilə çığırıb ağlayırdı.
…
O hadisədən aylar,illər keçsə də Selcan heç cür o hadisəni unuda bilmir, bir daha Yalıncığın başını dizi üstə almağa ürək eləmirdi. Bəzən sezdirmədən diqqətlə Yalıncığın üzünə baxır, o ”qorxunc baş” ın əlamətlərini tapmaq istəyirdi. O əlamətlər gözünə dəyməyəndə sevinir, amma o dəhşətli görüntünün yaratdığı xofu da özündən uzaqlaşdıra bilmirdi.Beləcə illər ötür Selcan və Yalıncıq bir damın altında, bir ocağın başında böyüyürdülər; bir-birinə isinişməyərək,doğma yox, yad adamlar kimi böyüyürdülər.
Aruz kişi yaşca böyük uşaqları ilə onları bir tutmur,onları əzizləyirdi.Həm də Aruz kişi ,onlar arasında yaş fərqi az olduğu üçün, həmişə Yalıncıqla Selcanı bir yerdə işə buyururdu: “Yalıncıq, bacını tək buraxma, gedin bulaqdan bir bardaq su gətirin”, yaxud “Selcan,qardaşınla get,bir az tərə yığ gətir,ürəyim yaman qutab istəyir”
Selcan hər dəfə istəyirdi ki, at ağızlı Aruz kişiyə desin ki, ay ata, sənə qurban olum, məni səhərdən axşama kimi işlət; odun daşıyım, çırpı yığım, amma o qamışlığı keçib Yalıncıqla bulağa- su dalınca getməyim. Mən sənin qulun ,kölən olum,amma Yalıncığa yoldaş olmayım.Amma Selcan, əlbəttə ki, bunları Aruz kişiyə demirdi; fikirləşirdi ki,nə desin,necə desin.
…
Artıq Yalıncığın on iki ,Selcanın isə on altı yaşı var idi. Bir gün onlara qonşu obadan — Aruzun əmisi oğlu Qazan xanın obasından qonaq gəldi. Bu ,Baybecan və qızı Banu Çiçək idi.
Banu Çiçək çox gözəldi və Selcan yeniyetmə qızlara xas heyranlıq hissiylə ona baxır və düşünürdü ki, özü çox çirkindir, Banu Çiçək kimi gözəl deyil.
Onlar çox tez dostlaşdılar. Bir azdan Banu Çiçək Selcana dedi:
-Ay qız,sənin nə gözəl saçların var? Gəl sənin üçün qırx hörük hörüm.
-Yaxşı-Selcanın çiçəyi çırtladı.
Birdən qapı açıldı və Yalıncıq içəri daxil olub, qəribə, donuq nəzərlərlə Banu Çiçəyə baxmağa başladı.
-Bu kimdir?-Banu Çiçək soruşdu.
-Qardaşımdır.
-Nə məzəli baxmağı var?
Selcan cavab vermədi.
Bir azdan Banu Çiçək dedi:
-Ay qız, burda, nəsə,ürəyim sıxıldı,gəl həyətə çıxaq.
-Yaxşı.
Qızlar həyətə çıxdılar.Armud ağacının kölgəsində oturdular.
Ay qız Selcan, Beyrəyi tanıyırsanmı?
-Əlbəttə.
-Biz nişanlanırıq.Uşaqlıqdan göbəkkəsdiydik, amma elə qorxurdum ki, deyirdim: birdən eybəcər olar, sənin qardaşına oxşasaydı nə edərdim…-Banu Çiçək qəhqəhə çəkdi.
-Yavaş…-Selcan qorxu ilə ətrafa boylandı.- Qardaşıma elə demə, hələ uşaqdır, böyüyəndə yaxşı olacaq.
-Ola bilər.Hər nəysə, ay qız, onu gördüm.Hətta söhbət də etdik, o ,məni öpdü də…
-Yox a!-Selcan heyrətləndi.
-Heç bilirsən necə yaxşıdır oğlanla öpüşmək? Amma adam bərk qorxur.Elə bilirsən ki, vəhşi bir ayı üstünə hücum edir, qorxudan az qalır ürəyin getsin.Sonra isə bütün günü onu fikirləşirsən. Bir-iki günə nişanımız olacaq ,sən də gələrsən.
-Yaxşı.
Bu vaxt Yalıncıq təzədən göründü.
-Bu da əl çəkməz — Banu Çiçək dodaqlarını büzdü.
Bir azdan qonaqlar çıxıb getdilər. Aruz kişi onları Orta yola qədər ötürdü.
Selcan o gündən Yalıncığın tez-tez üzünə sancılan qəribə baxışlarının şahidi olurdu; sanki Selcan nədəsə günahkar idi, Yalıncığa nə isə “ pislik” ,”xəyanət” etmişdi.Və Yalıncıq nə bu “xəyanəti” dilə gətirib deyir, nə də onu əhv edirdi.
…
-Keç,keç yuxarı başa –qızlar, gəlinlər Selcanı lap yuxarı başa — Banu Çiçəyin yanına dəvət etdilər.
-Selcan heyrətə gəldi:yeddi yerdən bəzənib düzənmiş Banu Çiçək lap ay parçasına oxşayırdı.
-Nə qəşəng qızdır,-qızlarSelcanı göstərərək pıçıldaşdılar.
-Kimin qızısan? — Banu Çiçəyin anası gümanını yəqinləşdirmək üçün soruşdu.
-Alp Aruzun.
-Belə de…Oğluma gələrsənmi?
Selcan şuxluqla soruşdu :
-Oğlun kimdir ki?
-Dəli Qarcar.
-Ah əfəndim,mən dəlidən qorxuram, ağıllı olsaydı, yenə hə…
Qız-gəlinlər gülüşdülər.
Bir azdan ortaya yemək gəldi. Sonra isə gəlinə gələn sovqatlar el adətincə nümayiş etdirildi. Lap axırda qızlar gəlini oynatdılar.
Məclis gec dağıldığı üçün ,nədirsə, Selcan və Aruz kişini saxladılar.
…
Səhər gün günorta yerinə qalxana qədər yatıb qalmış Selcan utana-utana əl –üzünü yuyub onlar üçün ayrılmış mənzilə qayıdanda qapıda hündür, zəhmli, eyni zamanda gülər gözlü bir adam görüb heyrətləndi.
-Nə tənbəl qızmış bəyin qızı.Səni alan oğlan günah yiyəsi olar ki…
-Nə üçün?- Selcanın dodağı qeyri- ixtiyari qaçdı.
-Körpələri acından öldürərsən. Ha çığırıb- bağırsalar da anaları yuxudan oyanmaz.
Selcan nəsə demək istəd, lakin oğlanın gülər, qeyri- adi, onu tamam başqa baxışla süzən gözlərin görüb özünü itirdi. Həmişəki şuxluğu, hazırcavablığı əlindən harasa uçub getdi.
-Dinmirsən?-Cavan oğlan qızın əlindən tutub bir göz qırpımında içəri çəkdi.-Mənim halalım olarsanmı?
-Atam bilər…
-Atanı yox, səni alıram.Ya”Hə “,ya “Yox”.Sən mənim ürəyimə bir göz qırpımında yatdın,mən də sənin ürəyinə yatdımmı?
-Axı sən kimsən?
-Dəli Qarcar.
Qızın gözləri güldü
-Gələrsənmi mənə qız?
Qız gözlərini yumub başını tərpətdi
-Mənim göyərçinim… Dəli Qarcar qızı boyu bərabəri qaldırıb bərk-bərk öpdü və qız get-gedə güclənən öpüşlərdən özünü itirib bağıranda ,onu yerə qoyub “Lənət şeytana” deyərək başılovlu otaqdan çıxdı.
…
Baybecan kişi elçilik edib Selcanı oğlu Dəli Qarcara aldı.Nişan mərasimi oldu,toy isə hələ uzadılırdı.O vaxtlar belə adət var idi ki,cavanlar nə qədər nişanlı qalsalar, sərfəli sayılırdı, çünki cavanlar bir-birini daha yaxşı tanıyırdılar,arada qırılmaz, möhkəm əlaqələr yaranırdı.Və bu zaman oğlan və qız ayrı-ayrılıqda yoxlanır, onların dözümü, dəyanəti, sədaqəti sınanırdı.Əgər oğlan və yaxud qız nişanlı olduğu müddətdə nişanlısının adına xələl gətirəcək hansısa bir hərəkət etsəydi, o zaman nişanlının tam ixtiyarı var idi ki, nişanı geri qaytarsın.
Düzdür,Dəli Qarcar səbr etmir, tez-tez Selcanla gizli görüşə qaçırdı,lakin hər dəfə
Selcanın onun görüşünə qorxa-qorxa gəlməsi, bəzən isə tamam imtina etməsi onu narahat edirdi.Birinci tanışlıqları vaxtı qızda gördüyü və çox bəyəndiyi şuxluq itmişdi.
Qız çəkinə- çəkinə,kimdənsə ehtiyat edirmiş kimi gendə durur,hər şaqqıltıya səksənirdi.
Bir dəfə Qarcar dedi:
-Ay qız,Selcan,sən deyəsən kimdənsə çəkinirsən?
-Elədir,-Selcan pərt halda dilləndi.
-Kimdən?
-Qardaşımdan-Yalıncıqdan.
-İşə düşmədik…Nə deyir axı Yalıncıq?
-Heç nə…
-Bəs bizə niyə qəmiş olur? Bizi güdüncə getsin özünə qız axtarsın da…-Dəli Qarcar istədi qızın kefini açsın.
Qız başını qaldırıb oğlanın gömgöy səma kimi,günəşli gün kimi təmiz gözlərinə baxdı və heyrətə gəldi.Düşündü:”Oğlanlar belə də baxa bilərmiş…” O isə həmişə Yalıncığın küdurətli gözlərini görmüşdü.
Yaxınlıqda kiminsə hənirtisi eşidildi.
-Yaxşı ,sən get,deyəsən gələn var.
Selcan diksinərək ətrafa boylandı.Ona elə gəldi ki, Yalıncığın gölgəsini gördü.Cəld,iti addımlarla uzaqlaşdı.
…
Üç gün olardı ki, Aruz kişinin və Qazan xanın obasında dəhşətli bir sükut hökm sürürdü. At ağızlı Aruz kişi də, Salur Qazan da yemir, içmir, ağzı üstə yatırdılar.Üç gün bundan əvvəl bəlli olmuşdu ki, Şöklü Məlik onların dədə — baba mülkü Qobu düzündə məskən salmış, orada alaçıqlar qurdurmuş, erkəklər kəsdirmiş, şenlik yapmışdır. Alp Aruz da, Salur Qazan da Şöklü Məliyin kinli münasibətini həmişə hiss etsələr də ondan belə hərəkət gözləmirdilər. Aruz kişi və Salur Qazan ciddi, çox ciddi,bəlkə də,sonu davayla bitəcək bir danışığa hazırlaşırdılar. Və bu danışığı aparmaq, sonu davayla bitəcəksə o davanı başlamaq çox çətin idi.Çətin idi, ona görə ki, Aruz kişi də,Qazan xan da toya hazırlaşırdılar.
…
Selcan bu xəbəri səhər-səhər eşitdi. Elə bil qızın üstünə bir qazan soyuq su caladılar, matı-qutu qurudu, içini çəkərək evə cumdu.Heç cür evdə qərar tuta bilmədi.Güyümünü götürüb Söyüdlü bulağa endi. Güyümü suyun altına qoyub bir kənarda-otluqda oturdu, dizlərini qucaqladı: “ O gedir…Müharibəyə gedir…Bəlkə, heç döyüş olmadı…Eləcə söhbət edib,danışıq aparıb, dartışıb-bərkişib məsələni yoluna qoydular.Bəs birdən danışıq baş tutmasa, anlaşma olmasa, döyüş başlasa…Əşi, heç nə olmaz…"
Lap döyüş başlasa da o demək deyil ki,orada kimlərsə öləcək.Necə yəni,ölümsüz də döyüş olarmı? Birdən bu döyüşdə Qarcar ölər, Selcanın bəxti qara boyanar.Bəs birdən böyük qardaşı Basat ölsə, yainki atası ölsə ?
Birdən Qarcar ölsə?- Hər dəfə bunu fikirləşəndə nə isə qızın içində qırılırdı.Axı dünənə qədər tanımadığı,gömgöy səma gözlü ,qarabuğdayı dərili bu igid birdən –birə nə üçün ona bu qədər doğma olmuşdu? Nə üçün Selcan onu qardaşından, hətta atasından da çox düşünür, onun üçün qardaşından, hətta atasından da çox narahat olur, o ölərsə həyatın sanki bitəcəyini hiss edir. Belə də insaf, mürvət olarmı? Selcanın qəlbi yeni duyğularla dopdoludur, bu vaxta qədər duymadığı yeni ,əziz duyğular hiss etməyə başlamışdı.Hər dəfə Qarcarı görəndə içində sanki Günəş doğurdu.Qız elə indi-indi hiss edirdi ki,həyatda gözəl, şirin “nəsnələr” var.Həyatda sənin üçün əziz olan sevimli bir insanın,oğlanın intizarını çəkmək,onu düşünmək,hər axşam onu düşünərək yatmaq,səhərlər də onu xatırlamaq necə də xoş idi...Necə xoş idi əsrarəngiz “nə isə”nin olacağı günü gözləmək, onu düşünüb həm qorxudan, həm də sevincdən titrəmək. İndi isə… bütün bunlar olmayacaq. Ah,o öləcək…-qız ağlamağa ,gözlərindən sel kimi yaş axıtmağa başladı.-İlahi, nə olar döyüş olmasın, Qarcar ölməsin, heç kim ölməsin. Axı bu ölüm kabusu birdən-birə hardan peyda oldu?
Günəş belə mehriban və isti-isti baxarkən, sular belə şırıltıyla axarkən, quşlar belə cəh-cəh vurarkən heç ölümlə barışmaq, onu yaxına buraxmaq olarmı? Məgər Şöklü Məlik insan deyilmi, ürəyi yoxmu? Bilmirmi başqasının torpağına soxulmağın axırı qan-qada gətirir? Tamah hissi hər şeydən,hətta həyatdan da üstündürmü?
...
-Şöklü Məlik,sən bizim bu yerlərə nə məqsədlə gəlmisən?- At ağızlı Aruz kişi sərt, amansız baxışlarını üzlü qonağın yayxanmış sifətində gəzdirdi.
-Əzizim, Alp Aruz, bu yerlər nə vaxtdan sizin oldu? Uşaq vaxtı siz də ,biz də böyüklərlə bura yaylamağa gəlmirdikmi? Və bura Qədim Arran adlanmırmı?
-Adlanır .Nə olsun?
-O olsun ki, Arran sənin əmin, mənim bibim də onun arvadı olub. Deməli, bu yerə mənim də ərkim çatır.
-Əvvəla ,sənin bibin mənim əmimin qeyri-qanuni arvadı… olub.Və deməli, sənə bu yerlərə hərdən gəlməyə icazə verilsə də, bir əlcə də torpaq düşmür.O vaxtlar böyüklər niyə sənə bura gəlməyə icazə verib, bilmirəm. Mən isə bu gündən bunu sənə yasaq edirəm.
Şöklü Məlik qapqara qaraldı.
-Etirazın var-dur cəng edək...Təkbətək...-Alp Aruzun at ağzından köpük daşlanırdı, gözlərindən igidlik, qorxmazlıq yağırdı, bu dəqiqə qarşısındakının qanını içməyə hazır idi.
Şöklü Məliyin canına vic-vicə düşdü,ölümün əsərini hiss etdi,saraldı:
-Əşi,qoy görək sən Allah, bir-iki günlüyə dincəlməyə gəlmişdik.
-Daha dincəlmisiniz gedə bilərsiniz -Aruz fısıldadı.-Bizim uşaqlar da dincəlmək istəyir.Gedin, bir də məndən icazəsiz buralarda görünməyin.
Şöklü Məlik bir-iki saata dəstəsi ilə yığışıb getdi ...
...
Obada böyük sevinc var idi. Qız- gəlin bir-birinə sevinclə gözaydınlığı verirdi. Aruz kişi və Qazan xan ziyafət verirdi. Cavanlar erkəkləri soyur,şişləri ocağın üstünə düzürdülər. Alp Aruzun övrəti Qəmər banu da bu gün bir qədər şən idi. Uzun tumanının ətəyini belinə sancmışdı.
Ağbirçək ,obada ən yaşlı qadın olan Sara xatun da süfrə kənarında əyləşib yuxaları sulayırdı. Qız – gəlin səhər şəfəqitək işıq saçırdı.
Sara xatun qızlara gözaltı baxıb bir az qaşqabaqlı dedi:
-Ay qızlar, özünüzü çox da belə şən göstərməyin. İnsan çox xoşbəxt olanda gərək biruzə verməsin.
-Niyə?-Qumral adlanan bir qız soruşdu.
-Bu şər əcinnəsinə xoş getmir.
-Niyə?- Gülüş qızların dodaqlarında dondu.
-Nə bilim...O da belə əcinnədir də, xoşbəxt adamları sevmir. İnsanlar çox xoşbəxt olanda onun bəlasına tuş olurlar.Gərək ən xoş günündə belə onu nəzərə alıb çox da sevinməyəsən.Hər şeyin bir əcinnəsi var; qaranlıqda cinlər,qəbiristanlıqda xortdanlar ağalıq edir. Xoşbəxtliyin də əleyhinə şər əcinnələri çalışır. Ehtiyatlı olmaq lazımdır.
Artıq süfrə hazır idi. Qadınlar içəridə, kişilər isə bayırda əyləşmişdilər. Süfrədə hər cür naz-nemət var idi; iri səbətlərdəki mer- meyvə, şərab küpləri süfrəyə bolluq və gözəllik gətirirdi. Sara xatun kababın yumşaq yerindən ləzzətlə yeyir, söhbətindən də qalmırd:
-Yeyin ,ay qızlar, nuş canınız olsun.Eh, ay balalar, bu günümüzə şükür, sabahımızı da Allah şeytanın şərindən qorusun.
-Seytan nədir,ay Sara nənə? O insana nə edə bilər ki?- süfrəyə yemək daşıyan Dəli Domrul güldü.
-Nə istəsən ,bala, ağzında şeytan deyirsən. Şeytan vəsvəsə deməkdir, şübhə deməkdir.Kimin ürəyinə girsə- Allah şeytana lənət eləsin- dünya –aləm o adamın gözünə başqa cür görünər; adam hər şeydə bir əmma axtarar, sənin yaxşı işin ürəyinə şeytan girmiş adama pis görünər.Şeytan hər şeyi pisə yozar, xəbisliklə həll edər, hər vəchlə çalışar insana badalaq vursun, düz yoldan çıxartsın.
-Bəs insan nə üçün o şeytanı ürəyindən qovmur axı?
-Çünki şeytan tutduğu əməli insana bər-bəzəkli göstərir,həmin adam özünü haqlı bilir.Şeytan insanı bəd əməllərə sövq edir.Adəm və Həvvanı elə şeytan azdırıb bizi bu günə salmadımı?
-Necə yəni?
Çox-çox qədim zamanlarda Tanrı yeri-göyü,aləmi yaratdı.Sonra isə insanı yaratdı.Bu axırıncı yaratdığı Allahın xoşuna gəldi, ona öz ruhundan üfürdü və onu gözəl məkana- cənnətə sakin etdi..Lakin ,dediyim kimi, xoşbəxtlik çox olanda ,böyük olanda belə, orada bir balaca,lakin hər an böyüməyə hazır olan bədbəxtlik olur.Onu deyirəm axı...-cənnətdə hər şey-ləziz təamlar bol idi.Üzümlük, xurmalıq hər tərəfi bürümüşdü; əncirlər kasa boyda, narlar badya boyda idi, heyvalar, armudlar küpələrə oxşayırdı. Süd, meyvə şirələri çay kimi axırdı. Ləziz yeməklər heç vaxt yığışırılmayan süfrələrdə aşıb-daşırdı. Ab-hava da öz yerində. Elə bir ab –hava idi ki, insan orada heç vaxt qocalmırdı, elə həmişə on dörd — on beş yaşındaca qalırdı .
-Gör ha...-qızlar gülüşdülər.
-Bəs nədi...Amma sən saydığını say ,gör fələk nə sayır. Cənnətdə bir ağac da var idi,o birilərindən fərqlənirdi, meyvəsi çox cır idi. Allah Adəm və Həvvaya tapşırdı ki, hər şeydən yesinlər, içsinlər,bircə o ağacın-o ağacın ki ,bütün cənnət naz-nemətlərinə dəxli yox idi-meyvəsinə dəyməsinlər.
-O nə ağacı idi?-Selcan tez soruşdu.
-Görürsən,nənən Həvvanın qanı sənin damarlarında da axır; tez soruşursan;-o nə ağac idi? Nəyinə lazımdır? Bir elə şeyin; gülün -çiçəyin, bağın –bağatın, axar- baxarın içində sənə lazım idi o cır meyvələr?-Sara xatun səsini qaldırdı.
Selcan özünü yığışdırdı.
Qadınlar gülüşdülər.
Sara xatun Selcana baxıb qız –gəlinə göz vurdu
-Hə keçənə güzəşt deyərlər,elədin də bir iş idi.Nə isə...Şeytan Həvvanın qəlbini vəsvəsə ilə doldurdu: “Gör o necə ağacdır ki, səni onun meyvəsindən dadmağa da qoymurlar.Bəlkə də, səni cənnətdən çıxartmaq istəyirlər.Bəlkə də cənnətin sirri elə o ağacdadır.Tək bircə meyvənin dadına baxsan nə olar ki?”
Həvva da bütün günü saralıb-solub tək o ağacı arzuladı.İndi də Həvva Adəmin qulağını dəng etməyə başladı:”Sən necə kişisən hər deyilənə əməl edirsən? Bəlkə,elə bizi yoxlayırlar.O meyvədən yeməsək bizi buradan qovacaqlar. Bir mənə bax, gör necə saralıb-solmuşam. Bəlkə, elə o ağacdakı cır meyvələr mənim dərmanımdır? İndi sən məni öldürəcəksən, icazə verməyəcəksən o meyvədən bircəciyini dadım?”
Nəhayət, Adəm arvada uydu və onlar həmin ağacın meyvəsindən daddılar.
-Sonra nə oldu?- Selcan soruşdu.
-Heç nə...Nə olacaq, bizi cənnətdən çıxartdın da.
Qadınlar gülüşdülər.
-Vallah ,ay qızlar,burada bir hikmət var: bu dünya da elə o vaxtkı cənnət kimi sınaq meydanıdır.O vaxt tək bir ağaca qadağa qoyulmuşdu,günahdan qorunmaq asan idi.İndi isə gör nə qədər qadağalar var, işlər çətinləşib. Allah bu dəfə insanı lap çətinə salıb, çünki insan vaxtında onu eşitmədi. O da qeyzlənib insanı bu dünyaya tolazladı,dedi, get ey başı yaxşılıq götürməyən insan. Amma yenə də bizə cənnətin qapılarını bağlamayıb; bu dünyada özümüzü yaxşı aparmalıyıq ki, cənnətə gedək.
-Birdən bu dünyada da səhv etsək onda necə olacaq?-Kimsə soruşdu.
-Heç nə...onda birdəfəlik yer üzündən də, göy üzündən də silinəcəyik.
-Ah...
-Bəs nə...Tanrı bizi sınağa çəkir.Gərəkdir onun gümanların doğruldaq.
...
Dəli Domrul çox yemiş ,şərabın istisi də lap başına vurmuşdu.Yavaşca özünü yolun kənarındakı Tək ağacın altına verdi.Günəşli bir gün idi,ot adam boyu qalxmışdı.Ağacın altı sərin və yuva kimi örtülü idi.Dəli Domrul ağacın torpaq üzərində yastıq kimi dikəlmiş iri bir kötüyünə baş qoyub uzandı. Onu qəribə bir yuxu tutdu.Bir xeyli yatdı.
-Birdən qəribə bir səs eşidib dikəldi, sanki nə isə dirsəyinin altında qalıb əzilmiş və ağrıdan zingildəmişdi. Domrul dikəlib ətrafa boylandı-heç kəs yox idi.
Artıq gün qüruba əyilirdi,qəribə, bozumtul bir zaman kəsiyi idi. Ağacın budaqlarında xeyli sərçə toplaşmışdı. Dəli Domrul “romantik”, ” nostalji hisslər” ifadəsinin nə olduğunu bilməsə də, qəribə bir ilıqlıq var idi içində və Dəli Domrul hiss edirdi ki, nə isə. çox gözəldir Tək ağacın altında uzanıb, onun kötüyünə baş qoymaq və başı üstündə ağacın çətir tutmuş budaqlarını görmək,pıçıldaşan yarpaqların, cükküldəşən sərçələrin səsini eşitmək. Dəli Domrul dərindən köks ötürüb böyrü üstə çevrildi və elə bu dəm dirsəyinin altında, elə bil, nə isə qalıb əzildi, fınxırdı, şikayətləndi. Oğlan təəccübləndi, çünki o iyirmi iki illik ömründə dünyada yalnız gözlə görüləsi ,əllə tutulası, bədənlə toxunulası şeylərin mövcudluğuna inanmışdı.Öz–özünə fikirləşdi ki, ya yuxu görür, ya da sərçə ,qarğadı bu .Amma Dəli Domrul onu da bilirdi ki, sərçə, ya da qarğa insan kimi səs çıxarda bilməz. Oğlan əlini qaldırıb zərblə həmin yerə vurdu, səsi bir də eşitdi. Tez də peşiman oldu; hər nəydisə çox acınacaqlı şəkildə zarıyırdi. Bu da Dəli Domrul xislətinə yad idi ki, belə zəif səslə zarıyan və görünür ,çox zəif olan məxluqatı əzsin. Domrul peşmanladı və acıqla dedi:
— Eh, sən də...Yer qəhətdi, gəlib dirsəyimin altına girirsən?
Və Dəli Domrul ayağa qalxdı. Hava artıq qaralmışdı. Oğlan ağacın altından çıxdı, əl- qolunu açıb gərnəşdi və evə tərəf yol aldı. Amma o qəribə ,gözəgörünməz varlığın da dalıyca gəldiyini hiss edirdi. Domrul qəfildən geri döndü və həmin varlığın xirtdəyindən yapışıb yuxarı qaldırdı; çox qəribə, balaca, qara, insan kimi xırda gözləri olan bir varlıq idi. Balaca ,əyri ayaqları,tüklü küəyi,uzun quyruğu vardı. Gözləri hər -hər hərlənir, qorxu və şaşqınlıqla baxırdı.Dəli Domrulu gülmək tutdu; elə bu dəm barmaqları boşaldı və həmin məxluq onun əlindən yox oldu.Lənət şeytana — oğlan lap mat qalmışdı.
-Ə, sən də sataşmağa adam tapmırsan? Görünürsən görün, görünmürsən də rədd ol!-Dəli Domrul bu sözləri deyəndə artıq evlərinin kandarında idi.
-Nə olub,ay Domrul, kiminlə danışırsan?-Anası səsə çıxdı.
— Heç bir balaca şeydir, səhərdən dalıma düşüb, gah görünür, gah da yox olur.
Ana dəhşətlə
-Şeytan imiş-dedi.
-Şeytan? Bilsəydim boğub öldürərdim, insanların da canı qurtarardı.
-Onu əllə öldürmək olmaz.İnsan onu yalnız öz qəlbində, nəfsində öldürməlidir.
-Necə?-Domrulun gözləri böyüdü.-Ay rəhmətliyin qızı,az danışın da bu şeytandan.
Dəli Domrul o gecə narahat yatdı.Bu narahatlıq da ondan irəli gəlirdi ki, o, ilk dəfə öyrəndi ki, dünyada əllə tutulmayan, gözlə görülməyən,lakin real,təhlükəli “bir şeylər” var.Bu gün onlardan biri öz varlığını qəsdən Domrula hiss etdirdi, demək istədi ki, mən varam, həm də sizin acığınıza varam, sizin bəziləriniz məni qəbul etməsəniz, inkar etsəniz də varam.Həmişə sizinlə birlikdə yaşayıram,sizin yolunuzda müxtəlif maneələr qururam, ayaqlarınız altında dərin ,qaranlıq uçurumlar açıram.Və sizin handa özündən deyəniniz mənlə bacara bilməz, çünki mən su kimi axır, od kimi çaxıram, burdan vurub,ordan çıxıram. Bilmək olmaz mən nə vaxt meydana çıxacam, nə vaxt öz zərbəmi vuracam.Odur ki, çox da döşünə döymə.
...
El vaxt itirmədən Beyrəklə Qarcarın toyuna hazırlaşırdı.Banu Çiçəklə Selcan ən gözəl günlərini yaşayırdı. Nişanlı qızlar həm ailədə, həm də eldə əziz tutulur, ən ləziz təam, ən nübar pay nişanlı qıza yedirdilirdi.
Bir gün Bamsı Beyrək dedi ki, gədikdə ceyran sürüsü görüb ,ova çıxacaq.Dəli Domrul, Qarcar da həvəslənib Beyrəklə ova çıxdılar.
Ovları uğurlu oldu, bir xeyli ov ovladılar.Ovdan sonra gözəl bir çəməndə düşüb istirahət etdilər.
Dəli Qarcar yığcam bir ocaq çatdı, ceyranın ən xırdasından birini əlüstü kabab etdilər.Doyunca yeyib-içib yorğunluqların aldılar.
Dəli Domrul yaman söhbət sevən idi.El arasında zarafatla deyirdilər ki, elə onun dəliliyi də dünyanın işlərinə çox baş aparmasından idi, çünki dünya sevmir onun işinə çox baş qatanı, vurub ağlını da əlindən alır.
Nə isə...Domrul başının altına qoyduğu yəhəri rahatlayıb dedi:
-Deyirəm,ay Qarcar, biz belə cavanıq, gözəlik ,güclüyük, amma nə vaxtsa qocalıb əldən düşəcəyik.Heç atın belinə də qalxa bilməyəcəyik.
-Ə yox ,elə şey olmaz, yenə də güclü olacağıq, amma qocalacağıq da...
-Başın üçün...Eşitməmisən Novruz kişinin kəlamların? Həmişə deyir: ”Sultan Süleymana qalmayan dünyadı, mənə də qalmadı, sizə də qalmayacaq” Bu “ qalmayacaq” nə deməkdir? Məgər dünya ayağımızın altından qaçıb harasa gedəcək? Dünya yenə də öz yerində duracaq, yenə də bahar, yay gələcək, yenə də otlar, çiçəklər canlanacaq və sonra tədricən bahar, yay sovuşacaq ,payız ,qış gələcək.Bunlar köhnə zamanlardan bəri təkrar olunur, yenə də olacaq .Heç nə dəyişmir, biz isə dəyişirik.Vaxt var idi uşaq idik, indi isə güclü-qüvvətli kişiyik. Bir azdan da qocalacayıq, sonra da öləcəyik.
-Ə,Beyrək,Qarcar, bunları fikirləşəndə tüstüm təpəmdən çıxır, istəyirəm elə bu güclü-qüvvətli vaxtımda dünyanı bax bu qılıncımla doğram-doğram eləyim.Ə, bu dünya niyə belədi axı? Niyə hər şeyi belə gözəl, istəməli yaradıb, bizi də belə güclü-qüvvətli yaradıb-iliklərim,qanım ehtirasla, məhəbbətlə doludur-belə hər şeyə qarşı-Vətənə qarşı,yurda qarşı,yemək-içməyə qarşı, qadına qarşı-hər şeyə qarşı.Bu yandan da deyir ki,səni qocaldacam və öldürəcəm.
Bamsı Beyrək güldü:
-Domrul, o səni güclü –qüvvətli vaxtında öldürməyəcək ki ...Dediyin gücünü,qüvvətini,nə bilim,ehtiraslarını əlindən alacaq, sonra deyəcək ”xoş gəldin”
-Yox a...-Dəli Domrul da qəhqəhə çəkdi-Vallah müşkül işləri var dünyanın,Vallah bizi lap dolayıb.
-Ə,bəs bir də görürsən cavan da ölür axı?
-O davada olur,torpaq üstündə, qənimət üstündə-Qarcar,nədənsə ,məsələdən yan keçdi. -Özümüz eliyirik.
-Ə,bəs neyniyək ,-Beyrək dedi- qoyaq gəlsin Şöklü Məlik kimi gədənin birisi yer-yurdumuzu zəbt eləsin? Biz də ona badə süzən olaq? Sizi bilmirəm ,mən onun keçisaqqal çənəsini aralayıb ora badə əvəzinə qılıncımı soxaram.
Domrul söhbətin sevdiyi istiqamətdən çıxdığını görüb sualı təzələdi.
-Ə, Şöklü Məliyi oturtduq yerində .De görək ,dünya niyə belə eliyir?
-Eh ...sən də -Bamsı Beyrək əlini yellədi-mən də bunları fikirləşim,sənin Zərdüştün, Aristotelin də.Daha mən də gedib filosof olardım da.Mənimki odu;-elə səninki də- bu torpağın hər daşını, kəsəyini qoruyum,qız-gəlinimizi qoruyum, lazım olanda bir qaşıq qandan qorxmayım.
Domrul dedi:
-O heç ...o bizim borcumuz, işimizdir.
-Ə, durun getdik- Qarcar ayağa qalxdı.-Hərçənd, mənə də dəli deyirlər ,ay Domrul, amma mən belə şeyləri fikirləşmirəm.Durun getdik.
İgidlər ayağa qalxıb atlandılar.Yol boyu atları löhrəm yerişlə sürürdülər.
Dəli Domrul günlüyünü gözü üstünə basmışdı və nəsə çox bikef idi.Bikefliyinə də səbəb o idi ki, Dəli Domrul tərtəmiz, masmavi göy üzünü, göy üzündə süzən ağ buludları,göz işlədikcə uzanan saralmış zəmiləri, uzaqdan görünən başı qarlı dağları çox sevirdi.Və Domrul — qeyri vaxtı-döyüşdə ,vuruşda ölümü saymayan Domrul -hərdən yeyib-içib keflənəndə yadına salırdı ki, bir gün ölüb bu dünyadan gedəcək.Və Domrul bu reallıqla heç cür sazişə gəlmək istəmirdi.
Qarcar dostunun bu xasiyyətini bilirdi.İndi də onun tutulmuş üzünə baxıb başa düşdü ki,ağlamağının dəmi gəlib.Və Domrul bu dəm ağlamasa ,yəqin ki,bayaq dediyi dəliliyi tutar,bu dağ -dərəni, elə özünü də doğram-doğram edər. Odur ki, Qarcar astadan nalə çəkib segah deməyə başladı.
Domrul atını saxladı,Qarcarın üzünə baxmadan atın yüyənini ona verdi:
-Bunu saxla,atam balası,qoy mən bir az ağlayım.
Və Domrul üzünü yolun kənarındakı ağacın azman kötüyünə söykəyib ağlamağa başladı.Və Qarcar da o ağladığı müddətdə bir an da olsa segahını kəsmədi. Lakin o ətrafda nə vardısa dərin bir sükuta qərq oldu. Hətta Bamsı Beyrəyin də gözləri doldu.
...
Şöklü Məlik bu arada şox planlar cızır, hansı yollasa Aruz kişidən, Xan Qazandan heyif çıxmaq, həm də onların sayılıb-seçilən igidlərindən heç olmasa bir neçəsini aradan götürmək istəyirdi. Bunun üçün ən yaxşı məqam Qarcarla, Beyrəyin toyu ola bilərdi. Odur ki, Şöklü Məlik hər gün öz çaparlarını Alp Aruzla Salur Qazanın torpaqları sərhəddinə göndərir, bir məlumat öyrənməyə çalışırdı.
Bir gün həmin çaparlardan biri gədikdə 13 yaşlı Yalıncığı gördü. Nədənsə, ona elə gəldi ki, bu oğlandan istədiklərini öyrənə biləcək.
Bir xeyli söhbətdən sonra çapar soruşdu:
-Bilmirsən Beyrəyin toyu nə vaxtdır?
-Üç gündən sonra olacaq.
-Alaçığını harada quracaq?
-Elə bu gördüyün gədikdə — Yalıncığın gözləri kinlə parıldadı.
Şöklü Məliyin çaparı arif adam idi, güldü.
-Sən yaxşı oğlana oxşayırsan.O Beyrək alan qızı sən də ala bilərdin. Sən ondan da qoçaq, igid ola bilərsən, amma gərək ağıllı olasan, heç kəsə naməlum çaparla danışdığını deməyəsən. Qızı sənə saxlayacam. Özün də görəcəksən ki, sözümüz sözdür. Sonrası səndən asılıdır; sən o tikəni yeyə biləcəksən, ya yox.
Oğlanın gözləri sevinclə parladı.
Çapar aldığı məlumatı tələsik Şöklü Məliyə yetirdi. Şöklü Məlik çoxbilmiş adam idi. O özü Beyrəyi aradan götürsəydi, səsi-sədası çıxacaqdı. Odur ki, bu xəbəri Beyrəyin çoxdankı düşməni Bayburd bəyinə yetirdi. Bayburd bəyi Beyrəyin əlindən çox yanıqlı idi, çünki Beyrək dəfələrlə onun karvanlarını soymuş, adamlarını əsir etmişdi. Ona elə bir girəvə lazım idi ki, Beyrəkdən heyif çıxsın.
Şöklü Məlik və Bayburd bəyi bu məsələdə razılığa gəldilər:məsələ gizlin saxlanılmalı, qıza da əl dəyilməməl idi.Bu həm də onların izini azdırardı.
Düşmənin məqsədi aydın idi ,o, düşmən idi.Bəs Yalıncığa nə olmuşdu, nə üçün o,öz yurduna, tayfasına xəyanət edirdi? Yalıncığı buna sövq edən nəydi ,onun içinə düşmüş bu toxum nə toxum idi belə? Məgər Yalıncıq Banu Çiçəyi sevirdimi? Axı Banu Çiçək və Bamsı Beyrək göbəkkəsdiydilər, sonra da bir-birini görüb sevmişdilər.Bütün oba,el bilirdi ki ,onlar bir-birinindir.Və obada,eldə belə bir qayda var idi; heç kəs özgəninkinə tamah salmaz, bir-birinə xəyanət etməzdi. Bəlkə, Yalıncıq özü ilə bacarmırdı,ürəyə qəfil gələn, heç nəylə hesablaşmayan məhəbbət əsiri olmuşdu? Və Yalıncıq hələ kişi olub kişilərə qoşulmasa da sevirdi?
Məsələ onda idi ki,Yalıncıq hələ məhəbbətin nə olduğunu bilmirdi,sonra biləcəkdi,bilməyəcəkdi-bilmirəm.Lakin Yalıncıq artıq paxıllığın, həsədin, kinin nə olduğunu bilirdi.Yalıncıq on üç yaşda olmasına baxmayaraq, hələ ki, igidlik göstərib heç bir ad –san qazanmamışdı.Yalıncıq canında bir təpər də hiss etmirdi ki, igidlik göstərib ad-san qazansın. Oğlan qızmış buğa görəndə tir-tir titrəyirdi. Ova çıxanda atası Aruz kişi ha çalışsa da, Yalıncıq yayı çəkib oxu düz ata bilmirdi və həmişə onlar ovdan evə pərt dönürdülər. Aruz kişi özünü o yerə qoymur, bəylər Yalıncığın fərasətsizliyinə göz yumurdular. Beləcə, günlər keçirdi.
Beyrək isə hər dəfə at üstündə şimşək kimi obaya gələndə camaat sevincə bələnirdi. Hamı onun şücaətindən, igidliyindən danışırdı. Qocalar, gənclər,hətta qız-gəlin də onun pişvazına çıxırdı.Yeniyetmə qızlar öz qızlıq xəyallarının qəhrəmanını onun simasında görür, gənc qızlar artıq onların olmayacaq bu igidin gözəlliyindən məmnun qaldıqlarını hiss etdirməklə, özləri də belə bir nişanlı arzusunda olduqlarını sezdirirdilər. Qarılarsa artıq çox –çox uzaqlarda qalan sevib-sevildikləri vaxtları, gözəl bahadırları xatırlayırdılar ona baxanda.
Cavan oğlanlar, kişilər arasına hay düşürdü. O cavanlarla güləşir, yarışır, kiminə sovqat, kminə qızıl, kiminə əsir verirdi. Kiminləsə zarafatlaşır, kiminləsə də eləcə salamlaşırdı.Bir sözlə,Beyrək obada çox sevilirdi.
Yalıncıqsa bu sevgidən məhrum idi.Heç kəs ona fikir vermir, heç kəs onun şücaətindən danışmırdı.Və Yalıncığa elə gəlirdi ki, obası ona xəyanət edir. Beyrək başqa obadan ( guya ki, yad obalar idilər) ola-ola bu obanın gözünün gülünə çevrilir. Hələ bu Banu Çiçək-məgər o, Yalıncığın olsa pis olardımı? Axı o, çox gözəldir.Belə gözəl qız onu sevsə, yəqin ki,Yalıncıq da hörmət qazanardı. Nə üçün bu qız bəy oğlunu qoyub sadə bir kişinin oğlunu sevir?
Hər nəysə, Yalıncıq da belə fikirləşirdi.Və Yalıncıq da belə fikirləşməklə ,bəlkə, yeni bir nəslin,eranın başlanğıcını qoyurdu? Nə bilim...
...
Bayburd bəyi fürsəti fövtə vermədi, toy gecəsi hücum edib iki dağın arasında, eldən- obadan çox uzaqda qırx igidlə yeyib içib sərxoş yatan Beyrəyi yatılı vəziyyətdə əsir aldı, bir nəfər kişi cinsi saxlamadı. Banu Çiçəklə Yengəyə isə barmağını toxundurmadı.
Səhər xəbər ildırım sürətiylə obaya yayıldı.Elə bil obada hər kəsin üstünə soyuq su calandı.Heç kəs onların hansı istiqamətə və kim tərəfindən aparıldığını bilmirdi.
Banu Çiçək və Yengə saçları dağılmış halda o tərəf, bu tərəfə qaçır, onları sorğulayan adamlara heç nə izah edə bilmirdilər.
Oba bir onu düşünürdü ki,hər kimsə igid adamdı: kişiləri hamılıqla əsir alsa da, Banu Çiçəyə dəyməmiş ,hətta Yengəni də saxlamışdı ki, qıza həyan olsun.
Beyrəyin ağsaqqal atası -Baybura kişinin və anası Tubu arvadın gözlərindən yaş əvəzinə qan gəlirdi.Yeddi qız bacısı özlərini yeyib tökürdü. Bütün obanın onlara baxanda ürəyi ağrıyırdı, amma nə faydası, heç kim Beyrəyin hansı istiqamətə aparıldığını bilmirdi.Qazan xan hər yana çapar yollasa da hələ ki, onlardan bir xəbər yox idi.
Banu Çiçəklə bir gündə toyları olan Qarcar və Selcan günahkar kimi onun üzünə baxmağa utanırdılar.
Qarcar düz qırx gün Selcanla kəlmə kəsmədən Beyrəyi axtardı, amma gördüm deyən olmadı.
...
Bu minvalla düz yeddi il keçdi. Artıq Dəli Qarcarla Selcanın iki oğlu var idi. Banu Çiçək isə hələ də atası evində oturub Beyrəyin yolunu gözləyirdi. Qazan xan hələ də Beyrəyi soraqlayır, xəbər tutmağa çalışırdı.
Bir gün Dəli Qarcar nə fikirləşdisə, Qazan xanın hüzuruna ayaq basıb baş əydi və söylədi:
-Xan sağ olsun, düz yeddi ildir Beyrəkdən bir xəbər yoxdur. Düz yeddi ildir, mənim bacım onun yolunu gözləyir. Qız uşağıdır, vaxtı keçir. Hörmətli xan əgər izn versəniz, mən öz bacımı bir halal süd əmmişə verərdim.Daha bunlarınkı gətirmədi, qismətləri-qədərləri buymuş. Düzdür, qızın gözləri hələ də Beyrəyin yolundan yığılmır, amma xan sağ olsun, artıq o da bir ocağa kül tökməli, oğul-qız anası olmalıdır.
-Elədir,-Qazan xan bu haqlı söz qabağında bilmədi nə desin.-Yaxşı ,Dəli Qarcar ,sən deyən olsun.Gözü kimi tutar, könlü kimə yatar ,ver bacını.
Dəli Qarcar neçə gün idi fikirləşir, bu sözü Banu Çiçəyə necə deməyi götür-qoy edirdi. Nəhayət, bir gün məsələni Selcana açdı.Selcan gözlərinin suyunu axıtmağa başladı.
-Nə var, ay qız, başladın. Sən belə başladınsa, indi gör o neynəyəcək.Get onu başa sal qarıyıb evdə dama dirək olmasın.Elə bilirsən kefimin köklüyündən onu ərə verirəm? Onun tayları oğul –qız anasıdır, osa...
-Elədir...Selcan başını tərpətdi-ana olası vaxtıdır...
-Di durma, get, hərtərəfli başa sal. O başa düşmür, biz də başa düşmürük?
Ölənlə ,itənlə kim ölüb -itib ki, o da ölə-itə...
Selcan çox götür-qoydan sonra Banu Çiçəyin otağına girdi.
Banu Çiçək səməni rəngli uzun gecə köynəyi geyinmişdi; durna kimi uzun boynu, ağ sinəsi görünürdü. Ala gözləri kədərli də olsa çox gözəldi. Selcan yavaşca:
-Axşamın xeyir, Banu Çiçək ,-dedi.
-Axşamın xeyir.Xeyir ola?
-Xeyir olmamış nə var ki,şərə lənət.
Banu Çiçək ümidlə Selcana baxdı.
-Əzizim, sənlə söhbətim var, -Selcan çətinlik çəkir,söhbətə necə başlayacağını bilmirdi.-Banu Çiçək qardaşın deyir ki, daha mən ona baxa bilmirəm.Gərəkdir,onu ərə verim.
Banu Çiçəyin ala gözləri yaşla doldu.
-Nə üçün, nə tez məndən usandı? Qardaş da bacı yükü daşımaqdan usanarmı? Bəs başqaları nə üçün usanmır-elə Ənvər- bir dəstə uşaqla bacısı Yaqutu yağ –bal içində saxlayır.
-Məgər Qarcar səni pis saxlayır?
-Sən deyirsən ki, Qarcar deyir: daha mən ona baxa bilmirəm,gərəkdir ərə verim. Nə olar, mən sabahdan gün doğmamış yerimdən duraram, inək sağaram,qapı-bacanı süpürərəm, tarlada kətmən vuraram.
-Yavaş ,ay qız, belə danışma, ayıbdır. Qarcarın qul-qaravaşına nə gəlib ki, sən bu dediklərini edəsən. Heç qul-qaravaş olmasa da, mən özüm qaravaşlıq edər, sənə qıymaram. Məsələ bunda deyil, o, sənin bu gününə baxa bilmir.Deyir ki, mən istəyirəm bacım da bir ocağa kül töksün, onun da qucağına körpə alan vaxtıdır.
Banu Çiçək ağlamağa başladı.Selcan da özünü saxlaya bilmədi.
-Selcan nə üçün yaramı qopardırsan? Ər igidim bəlaya tuş oldu, öldüsü, qaldısı bilinmədi.Yoxsa indi bizim uşaqlarımız çöldə-çəməndə qaçışırdı.
-Elə Qarcar da onu deyir,deyir ki,ölənlə, itənlə ölüb — itmək olmaz.
-Dilin necə gəlir,belə deyirsən?
-Bağışla, amma belə olmaz. Elə bilirsən bizə ağır deyil Beyrəyin dərdi? Amma belə də olmaz.Üç gün fikirləş, yol gözlədiyin bəsdir.
Banu Çiçək üç gün əvəzinə üç həftə fikirləşdi və axırda da Beyrəyin öldüsü, qaldısı xəbərini gətirəcək adama ərə gedəcəyini söylədi.
Xəbər ildırım sürəti ilə obanı bürüdü, lakin heç kəs Beyrəyin öldüsü, qaldısı xəbərinə bu məqsədlə atlanmadı.
Yalıncıq da bu xəbəri eşitdi və fikirləşdi ki, nə üçün Beyrəyin öldü xəbərini gətirib, Banu Çiçəyi özünə arvad etməsin? Niyə öz məqsədinə yetmək üçün ələ düşən bu əlverişli fürsətdən istifadə etməsin?
Vaxtilə toyqabağı Beyrəyin onlarda qalmış bir kaftanını götürdü və ata süvar oldu. Atın tərkinə qalxanda Yalıncığa elə gəldi ki,onun hünər göstərib, ad qazanmağının əsl vaxtıdır.Yolboyu atı çapır və özü üçün müxtəlif ürəyəyatımlı adlar fikirləşirdi:Doğru xəbər, Üzüntünün sonu, Kədərin məhvi, Sevincin sədası və s. Bu adlar hamısı öz növbəsində gözəl idi. Amma ən gözəli Üzüntünün sonu idi. Bəs necə? Gör bir neçə ildir oba əsir olub, Beyrəkdən xəbər tuta bilmir, Yalıncıq isə bircə dəfə atlanmağı ilə bu işin öhdəsindən gələcək və obanı bu ağır yükdən qurtaracaq.
O bir dağın dalında atdan düşdü, yaralı bir kəklik gördü, tutub başını kəsdi və Beyrəyin kaftanını qana buladı.Sonra isə obaya döndü.
Yalıncığa elə gəlirdi ki,hamı onu fərəhlə qarşılayacaq, ona əhsən deyəcək, xüsusilə bacısını ərə vermək istəyən Qarcar Yalıncığı bağrına basacaq.
Lakin ,nədənsə,heç kim onu alqışlamadı, əksinə hamı onun yanından yanpörtü sivişib keçməyə başladı, sanki ətəklərini nəyəsə bulamaqdan qorxurdular.
Və Yalıncığa Qaraxəbər Yalıncıq deyilməyə başladı. Və elə onda Yalıncıq bir daha özünə söz verdi ki, tutduğu yolu axıra qədər gedəcək və Banu Çiçəyi alacaq, elə bu obanın, elin acığına alacaq. Bu oba Yalıncığın nəyə qadir olduğunu görəcək. Bu hələ harasıdır?
...
Banu Çiçək bütün günü ağlayır, Beyrəyin ölüm xəbəri ilə barışsa da, Qaraxəbər Yalıncığa arvad olmaq fikri ilə barışa bilmirdi.
Və Banu Çiçək istəyirdi ki, bu obadan, eldən baş götürüb hara isə uzaq –uzaq yerlərə getsin. Ona görə getsin ki, bu oba gərək Banu Çiçəyi Yalıncığa verməyəydi.Məgər Beyrək kimi igid ölən yerdə bir qız qarımış olmazmı olur? Nə üçün hind xalqları igid ölərsə ,onun arvadını, nişanlısını öldürüb onunla birgə qəbrə uzadır, yaxud yandırır, onları ayırmır, onun obasısa Banu Çiçəyi ərə verir,-özü də Qaraxəbər Yalıncığa ərə verir-indiyə qədər heç bir hünər göstərib ad qazana bilməyən ,indi isə belə gülməli, həm də qorxulu, istehzalı ad qazanan Yalıncığa.Nə olsun ki, o, Aruz kişinin oğlu, Selcanın qardaşıdır, axı onda nə isə iblisanə bir şey var.Və bu “Bir şey” adamı ondan iyrənməyə məcbur edi
...
Bir gün Banu Çiçək öz kəhər atını çəkib çıxartdı və belinə sıçrayaraq dağlara üz tutdu,- bəlkə, dağlar ona bir kömək edə bildi.
Ağrı dağının ətəyində düşdü. Nədənsə, ürəyindən qəribə bir hiss keçdi; ona elə gəldi ki, Ağrı dağına üz tutsa, yalvarsa, Beyrəyi ondan iltimas etsə Ağrı dağı, dağın ətəyinə dolana-dolana gələn Ulu yolu Beyrəyini ona yetirəcək.
Odur ki, qız Ağrı dağına üz tutdu:
-Ağrı dağı, nə olar, Beyrəyi mənə yetir. Sənə oxşayan ucaboy,əyilməz,vüqarlı Beyrəyimi mənə yetir.Qoyma bizim məhəbbətimiz, qismətimiz Yalıncığın qarşısında əyilsin.Sən əyilsən Ağrı dağı olmazsan, mən də Yalıncıqa getsəm Banu Çiçək olmaram.Şahbaz igidimi mənə yetir, Ağrı dağı!
Sonra qız üzünü Ulu yoluna tutdu:
Ulu yolu, yol haqdır, deyərlər, dünyanın mizan-tərəzisini pozulmağa qoyma, Beyrəyimi mənə yetir.
Elə bu vaxt sanki möcüzə baş verdi. Dağın ətəyində bir nəfər atlı göründü. Qız əvvəlcə ehtiyatlandı, sonra isə ,elə bil, içində nə isə oyanıb ona toxtaqlıq verdi, gözləməyi əmr etdi. Qız atın belinə sıçrayıb gözləməyə başladı.
Dəqiqələr ötüşdü. Atlı lap yaxınlaşırdı. Bu, üz-gözünü tük basmış ucaboy, qarabəniz bir adam idi. Bu adam nə isə qıza çox doğma ,əziz gəlirdi. Bir an da ötdü, qızın gözləri atlının qara,qıyma gözlərinə sataşdı və qızın içində sanki günəş doğdu. Bu Beyrək idi!
Qız:
-Beyrək!- deyə çığırdı.
Sanki dağ-daş da dilə gəlib:
-Beyrək !!!-deyə çığırdı.
Qızın ala gözlərindən sel kimi yaş axırdı. Beyrək özünü ona yetirdi, elə atın üstündəcə qucağına aldı.
-Sakit ol, əzizim,sakit ol. Bu sənmisən? Nə bildin ki, mən gələcəm? Yuxumu gördün, Ağrı dağımı sənə xəbər verdi?
Qız ona əziz, doğma olan igidin sinəsinə sığınmışdı, gözlərini onun cəsarət, mərdlik, etibar yağan gözlərindən çəkə bilmirdi. Elə bu zaman qız dəhşətlə düşündü ki, əgər, o, Yalıncığa arvad olsaydı, bu gözlərə bircə dəfə baxmağı ilə ölməyi bir olardı.Qız elə heysiyyətindən, bu gözlərin sahibinə bir zərrə xəyanətin mümkünsüzlüyündən ölərdi.
-Ah, əzizim, deməli ,dünyada haqq-ədalət var imiş. Sən – mənim əzizim, ümidim, pənahım gəlmisən. Bu sənsənmi, yoxsa yuxudur?
Qız əlini Beyrəyin üzündə,cod saqqalında gəzdirdi, olanların həqiqət olduğunu bir daha yəqinləşdirdi.
Və sonra dəli bir sevinclə atına sıçrayıb obaya doğru çapmağa başladı, Beyrək də daınca ...
-Beyrək gəlib! Beyrək gəlib!
...
Və Beyrək vaxtında gəldi, çox vaxtında.Oba düz yeddi gün şadyanalıq etdi, çaldı-çağırdı.Banu Çiçək Beyrəyin arvadı oldu.Beyrək Yalıncığı bağışladı.
Bu hadisədən sonra Yalıncığın qəlbindəki kin-küdurət bir az da çoxaldı. Beyrəyin onu qılıncı altından keçirməsi onu iliklərinə qədər təhqir etmişdi. Düzdür, bu, bir adət idi. Eldə, obada o vaxt belə adət var idi ki, igid, kim olur olsun,xəyanətkarı- bu xəyanət bütün el tərəfindən təsdiq edilibsə-öldürə və bağışlaya bilərdi. Bağışlama da qılınc altından keçirməyə deyilirdi. Beyrək də bu adətə əməl etmişdi. Ama bu ayin özü-özlüyündə Yalıncığı təhqir etmişdi. Həm də Yalıncıq özünü haqqı əlindən alınmış sayırdı.Düşünürdü ki, Beyrək də, o da Banu Çiçəyin nişanlısı olub. Necə olur ki” birinci-“yə “ikinci”-ni belə təhqir etməyə icazə verilir.Həm də Yalıncıq Aruz kişinin oğlu idi. Aruz kişi də sayılıb-seçilən igid adam idi.Və Yalıncığı o da təəccübləndirirdi ki, atası pərt olsa da nə Beyrəyə, nə də Qazan xana heç bir kin-küdurət bəsləmirdi.
Aradan bir il ötdü.Beyrəyin əkiz oğlu oldu. Bu münasibətlə Qazan xan böyük bir məclis qurdurdu, bütün qohumları, dostları, adı kişilər cərgəsində hörmətlə yad edilən igidləri ora dəvət etdi. Nədənsə Aruz kişini, oğlu Basat və Yalıncığı dəvət etmədi.
Qazan xan nəyə görə belə hərəkət etdi, unutqanlıq göstərdi? Məsələ onda idi ki, Qazan xan öz məclisinə adı kişilər arasında hörmətlə çəkilən igidləri dəvət etmişdi.Və Qazan xan heç cür sinirə bilmirdi ki, o məclisdə əsl igidlərlə yanaşı Yalıncıq da otursun və Qazan xan kişilikdən, namusdan, qeyrətdən, igidlikdən danışanda Yalıncıq da Qazan xanın sözlərinə qüvvət versin, “Bəli”, “Xeyir” desin. Və beləliklə kişiliyin mizan-tərəzisi pozulsun. Qazana elə gəlirdi ki, Yalıncığı igidlərlə bir yerdə əyləşdirsə, onlar kimi Yalıncığı da hörmətlə qarşılayıb, hörmətlə yola salsa bu obada, bu eldə ulu bir qayda-qanunu pozacaq, igidlərə pis bir nümunə göstərəcək. Və bundan sonra hər bir igidin ürəyinə bir şeytan toxumu əkəcək, bir vəsvəsə salacaq. Qazana elə gəlirdi ki, ondan sonra bu oba, el əvvəlki oba, el olmaz. Elə Qazan da əvvəlki Qazan xan olmaz.Və Qazan xan bu obada, eldə əvvəlki mizan – tərəzini pozmaq istəmirdi...heç pozmaq istəmirdi...
Odur ki, Qazan xan Aruz kişini və Basatı Yalıncığa görə məclisə dəvət etmədi. Bu xəbər Aruz kişiyə çox pis təsir etdi. Əslində Aruz kişi məsələnin kökündə nə durduğunu çox gözəl bilirdi. Nə qədər pərt olsa da, yəqin ki, özünü o yerə qoymayacaq və Qazan xan da köklü bir səbəb tapıb ondan üzr istəyəcəkdi. Lakin...
...
Yalıncıq bu xəbəri eşidən kimi özünü Aruz kişiyə yetirdi.
-Eşitmisən də… Qazan xan məclis çağırıb, qonaq qarşılayıb, bizi isə dəvət etməyib.Yaxşı, mən heç, bəs səni nə üçün dəvət etməyib? İndi dost gəlib əmioğludan irəli oldu? Yaxşı, biz nə etmişik? Tutaq ki, mən bir səhv etmişəm, bəs sən, Basat? Nəyə görə sizin yüz yaxşınız mənim bir pisimə qurban getməlidir? Bir də ki, mən nə etmişəm axı? Yeddi ildi qızın gözü yoldaydı, gözünü yoldan yığmaq lazımdı da .Tutalım, Beyrək gəlməyəydi, o, əvvəl –axır birinə gedəcəkdi də...Həmin adamı da bizim kimi bihörmət edəcəkdilər? Yoxsa bizi nənik tanıyıblar? Qız ağacı-qoz ağacı, hər keçən bir selbə atar. İndi biz bu ağaca bir selbə atmışıq deyə, qan düşüb? Beyrəyin hörməti nə böyükmüş bunun yanında?
Aruz kişi düz üç gün yemədi, içmədi, ağzı üstə yerdə yatdı.Nəhayət, Qazan xanın heysiyyətini alçaltmaq, ona asi olmaq qərarına gəldi.
Yalıncığın məsləhəti ilə bir məclis çağırdı və Beyrəyi də ora dəvət etdi.Məqsəd Beyrəyi öz tərəflərinə çəkmək və bununla da Qazan xanı alçaltmaq idi. Əgər Beyrək Qazana asi olmazsa, onu öldürməli və deməli,yenə də Qazanı alçaltmalı, həm də güclü bir “düşmən”i aradan götürməli idilər
...
O axşam Selcan çox narahat idi: elə bil ürəyinə nə isə dammışdı. Yuxusu ərşə çəkilmişdi: girir-çıxır, heç cür sakitlik tapa bilmirdi.
Yalıncığın vəsvəsə dolu səsi qulaqlarından, atasının qaralmış sifəti isə gözü önündən çəkilmirdi. Qarcar da evdə yox idi. Qonşuluqda yaşayan Beyrək ertədən evdən çıxmış, Aruz kişigilə gedəcəyini Banu Çiçəyə söyləmişdi. Banu Çiçək də arxayın və sakit görünürdü. Selcan istəyirdi ona nə isə desin, lakin çəkinir, heç bir əsası olmadan belə bir şeyi söyləməyə cürət etmirdi. Bəlkə də, heç nə olmayacaq. Axı Aruz kişi və Qazan xan qohum olmaqdan savayı neçə ilin dostu idilər. Bundan əlavə onlar həmişə özlərinin yox ,obanın mənafeyini güdmüşdülər. Bu bir qanun kimi onların qanına işləmişdi.Tək onların yox ,hər kəsin qanına işləmişdi bu qanunlar.İndi onlar birdən –birə elin mənafeyini bir kənara tullayıb öz xırda hisslərinin dalınca gedərdilərmi? Birdən –birə belə şey olarmı? Bir də ki, Beyrək onun atasına nə edib ki? Bəlkə də, Beyrəyi umu-küsü etməyə, ürəyini boşaltmağa çağırıb.
Amma ...sanki burada şeytanın barmağı var və Selcan bunu hiss edir...Bu şeytanın barmağı neçə-neçə illər bundan qabaq Yalıncığı dürtmələyib ,öz obasının ulu adət -ənənələrinə, dəyərlərinə xəyanətə vadar edib… Görən indi nə istəyir bu şeytan? İndi Yalıncığı hansı dərəyə sürükləyəcək? Tək Yalıncığımı? Artıq məsələ böyümüş kimi görünür...
Nədən onun ürəyi belə narahatdır; deyəsən, illər ötdü, vədə yetdi, hələ uşaq olarkən gözünə görünən o mənfur görüntü reallaşmağa doğru gedir.Və Selcan bütün bunları hiss edə-edə sakitcə durub, heç nə etmir. Nə üçün qaçıb Qazan xana xəbər vermir? Qazan xan ona inanarmı? Bəlkə də, onun əsəblərinin sarsıldığını düşünəcəklər. Bəs Selcan nə etsin?
Qadın ,nəhayət, atası evinə getməyi qərara aldı..Bəlkə, Aruz kişi bircə qızının sözünə qulaq asdı. Getməmişdən uşaqları yatan otağa keçdi, bir xeyli dayanıb onların mışıl-mışıl yatmasına tamaşa etdi. Böyük oğlu Nicatın daş-divara dırmaşmaqdan kobudlaşmış balaca əllərini dodaqlarına sıxıb öpdü, kiçik oğlu Rəsulun üstünü örtdü. Və otaqdan çıxdı.
Təlaşla, tələskənliklə qara bürüncəyini başına atıb, bir göz qırpımında atın belinə qalxdı.Zil qaranlıq gecə sanki qadını uddu.
...
Dəli Domrul at belində mahnı oxuya-oxuya evinə dönürdü; kefi də lap kök idi. Artıq Dəli Domrul yetkin kişi idi və cavanlıqda ona əziyyət verən — indi “romantik, nostalji” adlandırdığımız- hisslərdən də br az uzaqlaşmışdı.Arvad, uşaq başını qatmışdı. O da artıq bir evin kişisi idi, işləməli çörək pulu qazanmalı, ailə saxlamalı idi. Hərdənbir arvadla sözləşməli, ona qulaqburması verməli, hərdənbir də Xudanın ona verdiyi gözəl uşaqlar,ətli-canlı, gözəl arvad üçün həmd-səna etməliydi. Bu günsə onun kefi lap göynən gedirdi, çünki ata-baba mülkü Yeddi yol üstündəki körpünün xəracını almışdı.Bu gün arvad pulu görüb ona qarşı lap mehriban olacaqdı və Dəli Domrul da güclü, gözəl, pullu kişi olmağın ləzzətini təkrar yaşayacaqdı.
Və elə bu dəm Dəli Domrulun gözü zil qara bürüncəkli adama sataşdı. Atlının belə möhkəm bürünməsi və yel kimi ötməsi onu şübhəyə saldı. Və Dəli Domrul da -elə “Dəli Domrul” olduğundanmı, nədənsə,- bu atlını izləməyi qərara aldı. Dinməzcə atın başını döndərib qara bürüncəkli adamın ardınca çapmağa başladı.
...
Aruz kişinin məclisi qızışmaq üzrə idi; qonaqlar ikibir, üçbir gəlirdilər. Aruz kişi yuxarı başda əyləşmişdi. Yalıncıq onun sağ tərəfində durmuşdu və tez-tez əyilib qulağına nəsə pıçıldayırdı.
Beyrək qonaqlıq libasında, üstündə tək bir balaca qılınc ( O vaxtlar igid yatanda da üstündə belə bir qılınc saxlamalı idi ) gülə-gülə içəri daxil oldu. Elə içəri girən kimi heyrətə gəldi; üzlərdəki, gözlərdəki soyuq, müdhiş ifadədən heyrətə gəldi. Lakin özünü o yerə qoymadı, çoxları ilə əl verib görüşdü, uzaqda əyləşənlərə baş əydi.
Çox keçmədi ortaya isti kabab və çörək gəldi. Beyrək “Bismillah” deyib əlini süfrəyə uzatdı.Məclis bir balaca qızışdı.
Elə bu dəm Selcan ata evinə çatdı. Atdan düşüb birbaşa kişilər məclisinə cumdu. Kişilər yeyib –içir,sakitcə söhbət edirdilər. Selcan sevindi ki, deyəsən səhv edeib. Özünü xalça arxasına verib gözlədi.
Aruz kişi məsələni hərləyib Qazan xanın üstünə gətirdi:
-Qazan məni kişi, igid saymadı, mənə arxa çevirdi, mənim haqq-sayımı itirdi.
-Yox...yox...-Beyrək mehribanlıqla Aruzun əlindən tutdu- Sən bilirsən ki,Qazan xan səni çox istəyir.Qazan xan həmişə səni özünə böyük sayıb, sən onun arxası, köməyi, dostusan.Burda başqa əmma...var.
-Nə əmma?-Yalıncıq kənardan qeyzləndi.-Qız ağacı,qoz ağacı, hər keçən bir selbə atar.
Beyrək cavab vermədi.Yalıncıq davam etdi:
-Mənim qəbahətim o olub ki, qızın gözlərini yollardan yığmaq istəmişəm.
-Mən səninlə yox, Aruz kişi ilə söhbət edirəm, — Beyrək bozardı.
Yalıncıq qızışdı:
-Aruz, ya mən, fərqi yoxdur, biz bir kökük.
Beyrək Aruz kişiyə döndü:
-Aruz kişi, buyur, sözünü de.
-Belə...-Aruz kişi çətinlik çəkirdi.- Beyrək, Qazan məni təhqir etdi...Odur ki, mən Qazana bu gündən asiyəm.Qazan bu gündən mənim düşmənimdir.Sən də bu gündən Qazana düşmən ol, mənim tərəfimə keç.
Beyrək odlandı
-Niyə Qazana arxa çevirdin, Aruz kişi ,niyə? Yalıncığın sözlərinəmi görə? Özün də bilirsən ki, o, düz demir.
-Qısa danış!-Aruz kişinin çənəsi əsdi.-Mənim tərəfimə keçirsən, yoxsa Qazanın tərəfində qalırsan?
---Əlbəttə ki, Qazanın tərəfində.Mən ona arxa çevirə bilmərəm.Qazanın dərdi mənim dərdim, dostu dostum, düşməni düşmənimdir.
Aruzun hirs təpəsinə vurdu, əl atıb Beyrəyin saqqalından tutdu.
Elə bu vaxt Selcan çığırıb özünü ortaya atdı:
-Ata, qurbanın olum, ata, eləmə! Yalıncığın hiyləsinə aldanma! O, şeytana uyub. O, səni azdırır.
Aruz kişi qızına baxdı, üzündə tərəddüd ifadəsi göründü.
Amma Yalıncıq fürsəti fövtə vermədi.Qılıncını çəkib var gücü ilə Beyrəyin başına endirdi, hətta ürəyi soyumadı, qılıncı ikinci dəfə Beyrəyin kürəyinə soxdu.
Elə bu vaxt Selcanın nəzərləri Yalıncığın nəzərlərinə sataşdı və qadın qəribə bir hala düşdü; neçə-neçə illər bundan əvvəl gözünə görünən o qəribə və mənfur görüntü gözləri önündə bütün həqiqəti və dəhşəti ilə bir də canlandı.Özü də bu dəfə daha real, daha aydın və daha qorxunc şəkildə canlandı; həmin heybətli üz, həmin qabağa çıxmış alın altından baxan qara, zalım, kinli gözlər, üz sahibinin iliklərində yatmış, zaman-zaman toplanmış və indi üzə çıxmış bir nifrət. Bütün ətrafı bürümüş bir heybət, bir qorxunc həsəd, bir qorxunc paxıllıq və bir də bir qorxunc namərdlik...
Qadın çığıraraq özündən getdi.
Bunlar hamısı bir anda baş verdi. İkinci an isə sanki Dəli Domrul göydən nazil oldu. Qarşısındakı mənzərə onu bir anlıq sarsıtmışdı; saçları dağılmış, gözləri hədəqəsindən çıxmışdı. Sonra isə o, birdən-birə sanki İlahi güc alaraq sakitləşdi. Qılıncını çəkərək Aruzun qarşısında durdu.
-Mən hər şeyi gördüm, Aruz! Çox heyif! Sən axı kişi adam idin, Aruz! Saqqal tutub ər öldürtmək sənə yaraşmaz! Sən bundan sonra bu şeytan nəslinə başçılıq etməməlisən!
Dəli Domrul bir göz qırpımında qılıncını çəkib Aruzun başını üzdü. İkinci göz qırpımında Beyrəklə Selcanı qoltuğuna vurub zülmətə çıxdı. Beyrəyi ata necə mindirdi, Selcanı tərkinə necə aldı, hansı güc və cəldliklə bunları etdi,-bu bir möcüzədir. Lakin Yalıncıq özünə gələndə artıq onların izi –tozu belə görünmürdü.
...
O hadisədən sonra Qazan xanın obası ilə Basat və Yalıncığın obası arasında dava düşmüş, qan su yerinə axmışdı. Basat atası öldürüldüyünə görə əvvəlcə Qazana qarşı dürmuş, sonra isə öz kökünü baltaladığını anlayıb bu işdən əl götürmüşdü. Qazan xan da bir çox sayıb-seçdiyi igidlərin xatirinə bu düşmənçiliyə son qoy — du. Dədə Qorqud gəlib barışıq elan etdi.
Lakin deyilənlərə görə, Yalıncıq öz kin və küdurətindən əl çəkməmiş Qazan xana ,hətta qardaşı Basata da nifrət bəsləmişdir. Qazan xanla düşmənçilikdən sonra qardaşı Basatdan da ayrılmış, daha doğrusu Basatla onunku tutmamışdır. Deyilənə görə, qəribə də olsa, Yalıncığın da ətrafına adam toplaşmağa başlamışdır.Uzun illər yan –yörəsində çox az adam olsa da sonralar ətrafındakılar çoxalmağa başlamışdır. O da qəribə idi ki, onların hamısı sir-sifətdən Yalıncığa bənzəyirdi.
Qazan xan da ,Basat da keçmiş qohumluq xatirinə, Aruz kimi bir igidin xatirinə Yalıncığa öz ucqar torpaqlarında yer vermişdilər.Yalıncıq isə yenə də öz namərd tumuna,içindəki şeytana naxələf çıxmamış bu torpaqlarda yerləşsə də Şöklü Məliyi, Qıpçaq Məliyi axtarıb tapmış, sözü-sirri onlarla bir olmuşdu.
Sonralar Yalıncıq ölmüş. Başına yığışmış beş- on nəfər də dağılmışdır. Bu beş on –nəfər başqa tayfalara qarışmışdır. Və deyilənə görə həmin beş-on nəfər hər yerdə yalanla ,alçaqlıqla məşğul olmuşdur. Türk tayfalarının içində yaşamış, zaman -zaman əvvəlki sənətləri ;satqınlıq, xəyanət və kibrlə məşğul olmuş, Türk xalqlarını, xanlıqları bir birinə salışdırmış ,böyük Türk millətini parçalamış, bir-birindən, kökündən uzaq salmışdır. Hər dəfə xalqın içinə nifaq salanda bu namərdlərin içindəki şeytan sevinmiş ,qəhqəhə çəkmiş, gülmüşdür. Şah İsmayılla Şirvanşah arasında gedən müharibələr, Çaldıran döyüşü ,Gülüstan, Türkmənşay müqavilələri –bu şeytana satılmışların əməlləri olsun gərək...İndi qəhrəman Türk xalqı-Azərbaycan xalqı bu Yalıncıq törəmələrinin şərəfsizliyinin hesabını ödəyir.Torpaqları parça –parça itirilmiş ,ikiyə bölünmüş… Azəri xalqı...Vaxtında Yalıncıqlar şeytana satılmasaydı, Ulu xalqımızı parçalamasaydı, bu gün o tay,bu tay Azərbaycan bir olsaydı...indiki bu zilləti çəkərdikmi ,- ermənilər-Şöklü Məliyin törəmələri torpaqlarımızı işğal edərdimi, xalqımız öz yurd –yuvasından didərgin düşərdimi? Bir olsaydıq indi dünyaya meydan oxuyan güclü dövlət olmazdıqmı?
Yox səhv etdim...Biz indiki bəzi- üzdəniraq ədalət carçısı dövlətlər kimi dünyaya meydan oxumazdıq. Biz dünyaya sülh, barış gətirərdik, Dədə Qorqud qanunlarını, ədəb-ərkanını ,humanizmini bərqərar edərdik. Və dünya ədalətə bürünərdi...lap nağıla bənzəyərdi...Dünya gözəlləşərdi...
Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sonra qalanlara eşq olsun,
Keçmişlərin gələnlərə məşq oısun
YORUMLAR
Henüz yorum yapılmamış.