Qoca aşiqin ölümü
Elnur Rəsuloğlu (Əliyev)
Qar yağıb bircə-bircə Göylərdən səpələnib. Qar yağıb dünən gecə Hər yanda təpələnib. Soyuqdur. Qışdır artıq. Beləcə açdı səhər. Baxırlar yazıq-yazıq Uzaqdan boz sərçələr. Məzarlıq qapısından İçəri keçib qoca. Qəbirlər arasından İrəli gedib qoca. Bir qəbrə gəlib yaxın Başladı hey öpməyə. Başladı xısın-xısın Uşaqtək hönkürməyə. Qocanın qəm-qüssəsi Çevrilib yaşa döndü. Göz yaşı - nəm qüssəsi Üzündə daşa döndü. Bərk qucub başdaşını Diz üstə çökdü qoca. Xeyli vaxt baxışını Bir şəklə dikdi qoca. Qocanın buz nəfəsi Andırır Arktikanı. Ney kimi qəmgin səsi Bədəndən çəkir canı. “Deyirdim xoşbəxt oldum Sevilib-sevən günü. Ömürlük bədbəxt oldum Sən ölüb-gedən günü“. “Arzular parça-parça” - Qışqırdı dönə-dönə. “Getmişəm qaça-qaça Tənhalar ölkəsinə“. “Qurumuş ot kimi mən Qupquru qurumuşam. Dondurub qəlbimi mən Sevgisiz yaşamışam“. Qocanın qucaq-qucaq Köksündən ağrı qopdu. Dözməyib partlayaraq Yerindən bağrı qopdu. Damarda dondu qanı, “Gəlirəm” - deyib güldü. Bədəndən çıxdı canı, “Gəlirəm” - deyib öldü. Qar yağıb bircə-bircə Göylərdən səpələnib. Qar yağıb dünən gecə Hər yanda təpələnib. Soyuqdur. Qışdır artıq. Beləcə açdı səhər. Baxırlar yazıq- yazıq Uzaqdan boz sərçələr. |