- 4332 Okunma
- 0 Yorum
- 0 Beğeni
Dovşan və Aslanın nağılı
Dovşan və Aslanın nağılı
Tülkü özünü tez tanıtmışdı. Meşədə onu tanıyan çox idi. Onun quyruq bulamasını hamı görmüşdü. Harda aş var idisə, Tülkü orada baş idi. Bir gün meşəyə hikkəli-hirsli bir Aslan gəldi. Acığından dodaqlarını gəmirə-gəmirə nərildəyib, meşəyə hakim kəsildiyini dedi. Tülkü tez ona yaxınlaşıb quyruq buladı. Əlini-ayağını yaladı. Meşədə hər dəliyi-deşiyi bildiyini söylədi. Aslan gözünün altı ilə onu süzüb heç nə demədi. Dili ilə dodaqlarını yalayıb, yenə nərildədi.
-Mənim vəzifəm meşədə ağalıq etməkdi. Tez mənə yemək verin!
Meşədə yaşayan heyvanlar yığışıb bir iclas çağırdılar. Heyvanların yığıncağında bir başçı seçdilər ki, Aslana yemək tapmağı ona həvalə etsinlər. İclasın iştirakçıları bir kələk qurub dovşanı başçı seçdilər. Vallah, dovşan etiraf etdi ki, özü də bilmədən onu bu vəzifəyə seçiblər. Əşşi, mən hara, Aslan hara? Ona başa saldılar ki, Aslan üçün hər gün sən bir heyvan seçib, onun yeməyini təşkil etməlisən. Dovşan ha düşündü, ha daşındısa, bir çarə tapa bilmədi. Tez zəng edib, Qoyunu çağırdı.
-Ə, Qoyun! Sən bilirsən ki, meşənin sədri məni seçiblər. İndi mən sənin kimi qoyunların da başçısı olmuşam. Tez düşün-daşın mənə bir yol tap, bu Aslanın yeməyini hardan tapaq?
- Ay Dovşan, axı bu il sənin ilindir. Hər bişən qazanda sənin də payın var. Kimə desən o saat stol açacaq və sən də Aslanı çağır, yeməyini qarşısına qoy, həzmi-rabedən keçirsin.
...Dovşan baxdı ki, bu Qoyun saman başı ilə kəllə suvarır. Ona görə də Ayını yanına çağırdı. Ayı donquldana-donquldana balaca Dovşanın yanına gəldi. Dovşan Ayının zəhmindən yamanca qorxdu. Sonra başçı olduğu yadına düşən kimi, Ayının üstünə yeridi. Balaca, toppuş ayaqlarını zərblə yerə tappıldadıb, əvvəlcə ufuldadı, sonra qışqırdı.
- Ayı-ı-ı, səninləyəm ey-y-y! Aslan üçün yemək tapmaq lazımdır.
Ayı tez gobud əllərini qocaman bir ağacın icindəki vızıldayan Arı yuvasına soxub bir ovuc bal çıxartdı. Bal onun əllərindən aşağı süzüldü. Ayı tez ağzını açıb onu uzun dili ilə külək kimi yalayıb, içərisinə çəkdi.
-Ha, ha bu baldan apar, meşəmizin ağasına!
Dovşan Ayının balı şırıltı ilə içinə çəkməsini görüb bir addım kənara sıçradı:
- Doğrudan da Ayısan ki, Ayı! Ə, Aslan heç bal yeyir? Onunku ətdir!
Ayı gözünü döyə-döyə qaldı.
...Dovşan bütün gecəni düşündü. Ən axırda özünü güdaza verməyi qərara aldı. Səhər öz adamlarını və əlaltılarını yığıb, şəstlə Aslanın kahasına tərəf addımladı. Oraya çatanda ufuldadı, inildədi, qabırğasını tuta-tuta Aslana yaxın gəldi:
- Hörmətli Aslan, sənə bir dovşan gətirirdim. Yolda qarşıma bir Aslan çıxıb əlimdən alıb yedi. Özü də getdi bax, o quyudan su içməyə.
Aslanın nəriltisi meşəni ağzına aldı:
- Sən nə dedin, nə Aslan, nə Dovşan, nə quyu. Kimdir mənim başıma gətirən bu oyunu! Tez məni o quyunun başına apar. Onu mən udmasam, adımı Aslan qoymaram!
Dovşana da elə bu lazım idi. Tez ufultusunu buraxıb, götürüldü. Quyunun başına çatanda yerindən hoppanıb quyunun suyunu Aslana nişan verdi:
-Bax, oradadır! Özü isə tez geri çəkildi.
Aslan pəncələrini hikkə ilə torpağa basıb, sıçradı. Düz quyunun başına düşdü. Hirsli-hirsli quyuya boylandı. Orada ağzını açıb ona diş qıcardan yekə başlı bir Aslan gördü. Daha da hirsləndi:
- Sən nə cəsarətlə mənim yeməyimi alıbsan. İstəyirsən bu meşənin ağası olasan?
Aslanın səsi quyuda əks-səda verəndə quyunun başındakı Aslan nərildəyərək bağıra-bağıra quyudakı yalançı Aslanın üzərinə atlandı.
Şappıltı ilə quyuya düşən Aslandan əsər-əlamət qalmadı.
Dovşan rahat nəfəs aldı. Meşədəki heyvanların kələyini başa düşdüyündən başçılıqdan canı qurtardı.
Dovşan yol gedə-gedə yalnız bunu dedi:
- İki qoçun başı bir qazanda qaynamaz!
Nizami Məmmədzadə
YORUMLAR
Henüz yorum yapılmamış.