- 666 Okunma
- 1 Yorum
- 0 Beğeni
SƏS
Səslər çox vaxt təəccüblü, hündürdən səslənən səslərsə vahiməli gəlir mənə…Bu musiqilərə də aiddi. Hətta ən gözəl ürəyi oxşayan musiqilər belə hündürdən səslənirsə təəssüratım itir, bağırtıya çevrilir mənim üçün. Hər not ağır bir yük kimi qulaqlarımdan sallanır. Musiqi alətlərinin nəfəsi, gülüşləri, ağlamaları qulaqlarımdan cumaraq beynimi lərzəyə salır. Öz səsimi də eşitməyə səbrim yoxdu. Yad, ürəksıxıcı və kədərlidi. Bu güclü səslərdən daha pisdi…
Hündürdən danışan adamlara da dözümüm yoxdu. O dəqiqə diksinirəm. Az sonra kəskin baş ağrıları başlayanda səslərdən bir qədər də uzaqlaşıram. Səslər mənim bir az da rəqibimə çevrilir. Bəlkə də bu çoxlarına qəribə gələr. Amma bu da həqiqətdir ki, 4 il universitet illərində çox əziyyət çəkmişəm. Bəxtim heç gətirməmişdi. Həftənin üç günü iki saat sənət dərsində kurs rəhbərimin hündürdən danışmasına, bəzən divarları titrədən səsinə sevə-sevə qulaq asmalıydım. Dərsdən sonra həmişə yorğun olardım. Çünki səsi elə bil çəkic kimi başıma dəyərdi. Baxmayaraq ki, lazımlı olduğu qədər də maraqlı keçərdi dərsimiz. Hətta o dərəcədə lazımlı saatlar idi ki, mən 4 il yox, 40 il deyərdim. Bu 4 il ərzində təkcə ssenari yazmağı deyil, həyatı, necə yaşamağı, insanşunaslığı öyrədirdi müəllimim. Bəlkə elə buna görə bu səsin zülmünə 4 il tab gətirdim. Bilmirəm…
Səsləri buluda oxşar bir varlığa bənzədirəm. Bəzisi şimşək kimi kobud, bəzisi külək kimi avara, bəzisi yağış damlalarının pıcıltısı kimi kədərli və susqun olurlar. Nələrsə haqqında gözlərimdən daha çox şərh verir qulaqlarım. Deyəsən eşitmə qabiliyyətim normadan çoxdur. Bəlkə də. Bilmirəm…
Sonluğumda eşidəcəyim səsin necəliyi barədə dəqiq fikrim yoxdu. O da deyəsən yaddaşımın ilk qeydə aldığı səsin təkrarı olacaq. Qəfil, qulaqbatırıcı, öldürücü, təhqiramiz o səs kimi. Pilləkanlarla iməkləyə – iməkləyə qalxmışdım o səsə tərəf. Dəfələrlə. Tam təmir olunmadığına görə valideynlərimin qadağasına baxmayaraq gizlincə qalın piləkənlərdən keçib eyvandan baxmışdım o başı dumanlı, çox da hündür olmayan sıra dağlara. Əzəmətli və lal görünsə də mən səsin ordan gələcəyini gözləyirdim. Əslində ətrafımda çox səslər vardı. Nədənsə eşitdiklərimə bənzəməyən sizli səsin orda – o dağlarda olduğunu hiss eləyirdim. Elə də oldu. O – dumanın içindən, gizlindən aşkar oldu, sıra dağlar da lal olmadığını sübut elədi. Günəşin batmağına az qalmış başı dumanlı, fikirli dağlardan güllə, qrad, pulemyot…səslərinin gəlməsi daha heyrətamiz və qəribə gəlir. Elə o anda da hamıdan güclü, nəhəng bildiyim dağlar əzəmətini itirdi, yazıq görkəm aldı. Həyətdə qorxudan o tərəf, bu tərəfə qaçan itimdən fərqli olmadı. Amma mən qorxmadım. Çünki o hissi heç sevməmişəm. Sadəcə baş verənlər təəccüblü bir az da vahiməli gəlirdi. Sonradan bildim ki, mən elə o dəqiqə də qorxan o dağları da, itimi də tərk eləmişəm. Axı bu necə olub? Heç xatırlamıram. Əslində orda qalıb öz qorxmazlığımdan onlara da pay verməliydim. Onları qorumalıydım güllə, qrad, pulemyot…səslərindən, bütün pis səslərdən. Bu daha düzgün olardı. Amma təəssüf ki, nəinki onları xilas etmək, hətta necə tərk etdiyimi xatırlamayacaq qədər gücsüzəm. Bəlkə yaddaşım mənimlə gizlənpaç oyunu oynayırmış. Bəlkə də. Bilmirəm…
Və mən o dəqiqələrdə, o səsləri – güllə, qrad, pulemyot…səslərini eşitdiyim o anlarda anladım ki, o günə kimi kar idim. Yaddaşım şirin yuxuda karlarla əylənirmiş. O gündən oyanan yaddaşım hələdə yatmır, dincəlmir. Çox yorğunam, bədbəxt də sayılıram. Hansısa məşhur deyib ki, bir bədbəxtliyi unutmaq üçün ondan daha güclüsü lazımdı. Və mən indi ilk eşitdiyim səslər kimi qarşı tərəfdən gələcək güllə, qrad, pulemyot.. səslərini batırmaq üçün daha güclü, məhvedici, hirsli səsin axtarışındayam…