- 693 Okunma
- 0 Yorum
- 0 Beğeni
Bir aşıq da dədələşdi
Elbəyi CƏLALOĞLU
Bir aşıq da dədələşdi
Atamın 70 yaşının tamam olması münasibətilə
Oğullar bəsləyən, ərənlər böyüdən, alimlər yetirən, ən əsası isə böyük şairlər və azman aşıqlar yurdu Borçalı bir aşığı da dədələşdirdi. Bu mənim gözümün qarası, ürəyimin parası, dərdlərimin çarası, əzizlərimin əzizi, atam aşıq Cəlal Bilal oğludur. O, gözəl bir Türk balasıdır. Mənim təsəvvürümdə əsil türk olmaq saf olmaq, mübariz, vicdanlı, savadlı, özünü dərkdə inadkar olmaq, dilinin möhtəşəmliyini, dininin gözəlliyini, tarixinin qədimiliyini, milli mədəniyyətinin bütün bəşəriyyətə örnək olduğunu bilmək və bu sadaladıqlarıma rəğmən başqalarına nümunə olmağı bacarmaq deməkdir.
2007-ci il noyabr ayının 14-də atamın 70 yaşı tamam olur. Ömrünün ustadlıq çağlarını yaşayan atamın ürəyinin bir ümman olduğunu onu tanıyanların hər biri etiraf edə bilər, çünki, böyük ustadlardan tez-tez sitatlar gətirən, dastanlardan misallar çəkən, yeri gəldikcə dastanları, nağılları, əsatirləri, mifləri yerli-yerində və hərdən də öz bəzəmələrilə danışan atam çoxlarına doğru yol göstərib, çoxlarına örnək olub...
Aşıq Cəlal Bilal oğlu Dərya Məhəmmədin yanında dəryalaşdı, Aşıq Əmrahın yanında ustalaşdı, sonuncu ustadı Aşıq Kamandarın yanında usə ustadlaşdı. Adətən məclislərdə ustad aşıqlar əvvəlcə meydanı şəyirdlərinə verərlərmiş və hər dəfə atam sazı götürüb ortaya çıxanda Aşıq Əmrah o biri şəyirdlərə “Cəlaldan ehtiyatlı olun” söyləyərmiş, çünki, rəhmətliklər Aşiq Əmrah da, Aşıq Kamandar da atamın gələcəyinə ümidlə baxarlarmış...
Aşıq Əmrahın, aşıq Hüseyn Saraclının, aşıq Kamandarın çaldığı saz havalarını və saz havalarında oxuma tərzini gözəl mənimsəmiş atam onlara gənclər tərəfindən artırma və ya sapdırmalar olanda üzülür, qırılır, sınır. O, belə hallar baş verəndə mühafizəkarlıq edərək “axı, ustadlar sazı belə çalmırdılar”, yaxud da “belə oxumurdular” deyib mütləq müdaxilə edir...
Atam - Cəlal Bilal oğlu ailəcanlı, hamıya yovuşub-yapışan, yetərincə hörmətcil, qonaqpərvər, xalqını və onun mənəvi dəyərlərini sevən bir insandır. Məclislərdə onu diqqətlə dinləyən söz xiridarları fitri istedadına heyran qalırdılar. O, gənc yaşlarından gözəl saz ifaçısı olsa da, sonradan aşıq sənətinin sirlərinə dərindən bələd olmaq üçün Qazax rayonunun II Şıxlı kəndində yaşayıb, yaratmış aşıq Dərya Məhəmmədin şagirdi olmuş, sonra isə bütün əlamətləri ilə dünyaya aşıqlıq nümunəsi göstərmiş ustad aşıq Kamandar Əfəndiyevin məktəbini keçmişdir...
Atam 1937–ci il noyabrın 14-də Borçalının Kürüstü-Dəmirçihasannı bölgəsinin İlməzli kəndində dünyaya göz açıb. Dörd yaşında ikən atası müharibəyə çağrılıb, bununla da ata nəvazişindən məhrum olan atam həmişə məni “atam” deyə çağırır. Mən isə nə dərəcədə nail olduğumu bilməsəm də, hər dəfə bu çağrıya layiq olmağa çalışmışam. O, heç bir il də mənim doğum günümün üstündən səthi keçməyib. Hər il başının yığnağı ilə, anamın böyük həvəslə deyə-gülə hazırladığı çeşidli yeməklərdən dada-dada bu günü – yanvarın 15-ini böyük təmtəraqla, sazlı-sözlü qeyd edib. Atamgil iki qardaş, bir bacıdırlar. Böyükləri elə bu gün də üzünü görmədiyimiz, nəfəsini duymadığımız Bilal babamı əvəz edən İsrafil müəllimdir. İkincisi, atam, sonuncuları isə sinəsi qürurla dolu, mətin qaya görkəmli, ər qüdrətli, amma, 2007-ci ilin payızında qəfil və amansız ölüm başının üstünü almış Qüdrət xanımdır...
Mən özümü biləndən evimizdə saz görmüşəm. Evimiz həmişə qonaqlı-qaralı olub. Atamın çeşidli söhbətlərindən, rəvayətlərindən, aşıqların başına gələn əhvalatlardan, söylədiyi şeirlərdən, bayatılardan, çaldığı saz havalarından, oxuduğu mahnılardan doymaq bilməyən qonaqlar gecənin bir aləminə qədər oturardılar. Lakin ürək yanğısı ilə qeyd etmək istəyirəm ki, hərdən Allahın işinə Fələk qarışanda daş daşa dəyir, qayanın bir hisəsi ağnayıb gəlir, bulud Günəşin qabağını alır, göylər gözündən leysan tökür. Belə ki, atam ustadların yanından rəndələınib, sıyrılıb, şəffaflaşıb, durulaşıb, aşıqlaşıb, ustadlaşıb çıxandan sonra ailə dolanışığı, körpə uşaqlar, kasıbçılıq onu bu sənətə bir qədər laqeyd qalmağa məcbur edib. Onun yadına düşəndə ki, atasızlıq, təklik ucbatından sənəti istədiyi kimi davam elətdirə bilməyib, indi də körpə uşaq kimi sızıldayır. Özü demişkən o, heç atasının üzünü də görməyib. Atasını II dünya müharibəsi “gedərgəlməz”ə aparanda atamın üç yaşı varıymış, ancaq düz əməlli ata nəvazişi görməyən atamın ağır xəstə vaxtları “ay dədə” deyib sızladığı hələ də qulağımda cingildəyir. O, həmişə məni “ata” deyə çağrır. Hələ bir dəfə çox istədim ki, heç olmasa bir aylıq gəlib yanımda qalsın, doyunca ata nəfəsini yenidən duyum. Lakin məni çox intizarda qoyduğundan atama belə yazmışdım:
Bəsdir qaldın məndən ayrı,
Gəl, ay Ata, yanımda qal!
Sənə qurban evim, mülküm,
Ürəyimdə, canımda qal,
Gəl, ay Ata, yanımda qal!
Yollardan yığılmır gözüm,
Yalvarıram Haqqa üzüm.
Nə tab qalıb, nə də dözüm,
Harayımda, ünümdə qal,
Gəl, ay Ata, yanımda qal!
Ayaqların döyüb yerə,
Anırlar səni min kərə.
Gəlsən uşaqlar da görə,
Qulluq etsin xanım da, qal,
Gəl, ay Ata, yanımda qal!
Sığal gördüm nur əlindən,
Bal əmirdim hey dilindən.
Şirə çəkdim tər gülündən,
Damarımda, qanımda qal,
Gəl, ay Ata, yanımda qal!
Bunu istə, onu istə,
Hər nə desən gözüm üstə.
Gördün yoxam, bir də səsdə,
Saniyəmdə, anımda qal,
Gəl, ay Ata, yanımda qal!
“Atam” dedin Elbəyiyə,
Ata görmədinmi deyə?
Bir də “atam” deyə-deyə,
Gəl, ay Ata, yanımda qal!
Gəl, ay Ata, yanımda qal!
Qurbani, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Səməd Vurğun, Osman Sarıvəlli, Aşıq Şenlik, Şair Nəbi, Şair Ağacan və adını çəkib-çəkmədiyim dahilər haqqında bilgilərlə, eləcə də yuxarıda adlarını sadaladığım ustadlarından yetərincə arxiv toplamış yubilyar onların hər biri haqqında təkrar-təkrar danışmaqdan indi də yorulmur, doymur. Dediklərimə rəğmən atam həm də mənim üçün məktəbdir, universitetdir, akademiyadır. O, mənim qürurum, qüdrətim, varlığım, həyatımdır, bir sözlə mənim üçün ideal atalardandır...
Dastanlarla, ustadnamələrlə, qoşmalarla nəfəs alan atam, özünü ara-sıra qələmdə də sınayırdı. Arxivindən onun gənc vaxtlarında yazdığı “Kimi” rədifli bir şerinə rast gəldim:
Hər üzə gülənə dost demək olmaz,
Arayıb, qəlbini bilənə kimi.
Üzünə güləcək, yaltaqlanacaq,
Cibində olanı silənə kimi.
Səmimi dost kimi cəhd eyləyəcək,
Şərabdan içirdib, məst eyləyəcək,
Sonda yorğanına qəsd eyləyəcək,
Ayılıb özünə gələnə kimi.
“Kişiyəm” deyəni tanı elində,
Aldanma namərdin fitnə-felində,
Yox Aşıq Cəlalın yalan dilində,
Dosta xain çıxmaz ölənə kimi.
Hər gün olmasa da iki gündən bir atamla zəngləşirəm, ara bir az uzananda isə “bala səsin niyə gəlmir, olma gəmilərin gəlib çıxmayıb” deyir. Bir sözlə o, məzəli söhbətlərindən də qalmır. Bu yaxınlarda yenə zəng eləyib kefini soruşurdum, birdən hardansa ağlıma gəldi və zarafatla soruşdum:
-Ata, olmaya anamla dalaşıb eləyirsiz?
Təbii ki, atam elə zarafatla da cavab verməliydi:
-Eh bala, dalaşmağa vaxt var ki?!
Üzümü atama tutub deyirəm, – Atacan, özümü sənsiz təsəvvür eləmirəm, Səməd Vurğun demişkən “tüfəngini təmiz saxla, atını da tumarla”. Sənin şəfqətli, pak əllərini öpürəm!
70 YAŞIN MÜBARƏK, DƏDƏ CƏLAL!!!
31.10.2007
“Geopolitika XXI əsr” qəzeti
“Ulu Körpü” qəzeti 15 dekabr 2007-ci il
YORUMLAR
Henüz yorum yapılmamış.