- 664 Okunma
- 1 Yorum
- 0 Beğeni
Dağdan pərvazlanan dost
Elbəyi CƏLALOĞLU
Dağdan pərvazlanan dost
Xanoğlan Əhmədovun 50 illik yubileyinə
Bəzi əlamətləri ilə zövqümüzü oxşaya bilməyən bu qloballaşma dövründə “dost”anlayışının da öz klassik dəyərini itirməkdə olduğunu və ya bayağılaşdığını söyləmək olar. Bəlkə də dediyimiz bu insan hisslərinə öz xoşagəlməz təsirini göstərən elə bazar iqtisadiyyatıdır. Belə ki, kim kimdən beş qəpik yararlanırsa, kimin işi kimdən keçirsə, kim kiminlə stəkan toqquşdurursa, elə ona da “dost” deyə müraciət edir. Axı, mənim bildiyimə görə dostluq belə olmur! Mən kimin üçün ölümün ağuşuna atılmağa hazır olduğumu düşünürəmsə, özümü onun dostu, kimin mənim üçün bunu edəcəyinə əminəmsə onu özümə dost hesab edənlərdənəm. Amma bunun özünüinandırma deyil, nisbi reallıq olduğunu nəzərə alaraq deyə bilərik ki, bu cür anlayışlar insanın ömrü boyunca sınaqlarla üzləşməsinə rəğmən öz izahını verməyə çalışdığına görə platonik hesab olunur. Dediklərimin xaricində isə hərdən bir rast gəldiyimiz “yaxşı ki, dünya yaxşılardan xali deyil” ifadəsini hələ işlətmək olar. “Dost” kimi müqəddəs anlayışın bakirəliyinin qarantı da həmin “yaxşı” dediyimiz insanlardır.
İyulun 24-də ömrünün 50-ci təxti-müsəndərəsində əyləşəcək, sözün əsl mənasında dostum-qardaşım Xanoğlan Əhmədov da bu cür insanlardandır. Mənim Xanoğlan bəyi özümə dost hesab etməyim də səbəbsiz deyil. Belə ki, onunla ilk tanışlığımızla bu tanişlığın dostluğa çevirilməsi arasında sayılı günlər dayanır. Biz çox qısa müddət ərzində ailəmizi tanış etdik, sonra da ailəmizlə bir yerdə Borçalı, Yardımlı, Lerik, Tehran, Qum, Məşhəd səfərlərində olduq, bir-birimizin sevincinə şadlandıq, kədərinə ağrıdıq-acıdıq. Hətta o qədər doğmalaşdıq ki, tanıyanlar bizi zahirən də bir-birimizə bənzətdilər...
Xanoğlan bəy 1987-ci ildə indiki BDU-nu bitirdikdən sonra müxtəlif illərdə Yardımlı rayon Komsol Komitəsinin katibi, İcra hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb. Yardımlı camaatı söhbətlərində onun bu vəzifələlərdə çalışdığı illlərdən, etdiyi xeyirxahlıqlardan ağızdolusu bəhs edirlər. Yeri gəlmişkən, Xanoğlan bəy Bakıya köçdükdən sonra sıravi neftçi işləməkdən belə çəkinməyib və o, həmin illəri həyatının ən maraqlı və unudulmaz anları hesab edir.
Xanoğlan bəylə ünsiyyətdə olan, onunla maraqlanan hər kəs tərəf müqabilini mədəni, eyni zamanda müasir insan, gözəl jurnalist, mükəmməl siyasətçi və dəyərli söz adamı kimi tanıyır. Onun tale yazısında jurnalistika ilə siyasət çulğalaşdığından jurnalistlər tərəfindən siyasətçi, siyasətçilər tərəfindənsə jurnalist kimi tanınır. Bir sözlə, Xanoğlan bəy millətsevər və vətənpərvər bir şəxs olduğundan, o, millət vəkili olmağa layiq, eləcə də təyin olunacaq dövlət qulluğunun öhdəsindən layiqincə gələ biləcək bir şəxsiyyətdir.
Xanoğlan bəy həm də gözəl ailə başçısıdır, savadı, tərbiyə və təlimi yüksək səviyyədə olan üç oğul atasıdır. Əlbəttə ki, ət yeyən quş dimdiyindən bilinər, deyiblər. Dostum Xanoğlanın fitrətində bərq vuran gözəlliklərin, mərdanəliklərin kökündə nəyin durduğunu bilmək üçün onun valideynləri ilə tanış olmaq məncə kifayət edər. Yubilyarın atası Əlihüseyn kişi və anası Nənəxanım ana əsl övliya misallı insanlardır. Onlar barədə bundan o yana heç nə demək istəmirəm, çünki Yardımlı rayonunun Şiləvəngə kəndində olarkən mən Əlihüseyn əmi ilə Nənəxanım ananın mənəvi şaflığına heyran oldum...
Yubilyarın doğulduğu Şiləvəngə kəndinə tez-tez getdiyimdən bu kəndlə, eləcə də Xanoğlanla bağlı şeirlərim və məqaləm də yox deyil. Onlardan biri, ilk dəfə bu kəndə gedərkən Şiləvəngənin qeyri-adi mənzərəsindən və burada yaşayan insanların kökə, soya bağlılığından, dinə və magik söyləmələrə olan inanclarından aldığım təəssüratlarla yazdığım, kəndin gözəlliklərini təsvir etməyə çalışdığım şeir “Yardımlıda Şiləvəngə kəndinin” adlanır. Dəniz səviyyəsindən təxminən 1500 metr hündürlükdə yerləşən Şiləvəngə kəndinin qeyri-adi mənzərəsi olmaqla yanaşı, həm də özəl aurası var. Belə ki, kəndin ətrafında maraqlı inanc yerləri və tarixi abidələrlə rastlaşmaq olur. Buna misal olaraq, kəndin şərqindən şimalına doğru uzanan təpənin üstündəki köhnə qəbristanlıqda Pir qəbrini, qoç heykəlləri yonulmuş qəbir daşları, elə həmin yerdə adi at nalından xeyli böyük olan nal təsvirinin həkk olunduğu daşı göstərmək olar. Yerli əhali həmin nal izinin Düldülə (Hz.Əlinin atı-müəllif) məxsus olduğuna inanırlar. Bundan başqa, Şiləvəngə kəndinin şimal-qərbində “Çırtmaqaya” adlanan böyük bir daş durur ki, yerlilər həmin qayanın Hz. Əlinin bir çırtması ilə dağın başından diyirlənib orada dayanmasına dair rəvayət söyləyirlər. Barəsində danışdığımız daşın üzərində bələkdə olan körpə uşaq izinə bənzəyən bir oyuq da görsənir ki, bunu da körpəsini əmizdirməyə hazırlaşan gənc ana qundağı daşın üzərinə qoyarkən onun izi düşmüşdür, deyə anladırlar. Eləcə də, Şiləvəngə kəndinin qərbində yerləşən, yaşı 1300-ə çatan “Ökü çinar” adıyla “Qırmızı kitab”a düşmüş nəhəng ağac da diqqət çəkəndir. Bir sözlə, təmiz havalı, müqəddəs auralı, gözəl mənzərəsi olan bu dağ kəndində doğru əqidəli, saf düşəncəli insanların doğulmasına adamda şübhə yeri qalmır. Tarixdən də məlumdur ki, peyğəmbərlər dağlarda doğulub, böyük şəxsiyyətlər elə dağlardan pərvazlanıblar. Xanoğlan bəyin gözəl insan, sədaqətli dost, fədakar jurnalist, mükəmməl vətəndaş olmasının səbəbi bəlkə də onun belə bir mühitdə püxtələşməsidir. Xanoğlan bəy eleqant davranışı, təmkinli söhbəti, tədbirli məsləhəti, samballı mühakiməsi ilə çoxlarının qəlbini fəth edib. Söylədiklərimi mədhiyyə hesab etməsəniz onunla üzbəüz saatlarla mükalimədə bulunmağın da nə qədər dəyərli olduğunu yazıma əlavə edərdim. Bir sözlə, dostum-qardaşım Xanoğlan bəy Allah eşqilə yaşayan könül adamıdır.
Dostum-qardaşım Xanoğlan bəyə ailəsi ilə birlikdə firavan həyat, uğurlu gələcək, siyasi fəaliyyətində və yaradıcılığında müvəffəqiyyətlər arzulayıram!
Bakı, 20 iyul 2011-ci il
“Türküstan” qəzeti, 24 iyul 2011-ci il