- 633 Okunma
- 0 Yorum
- 0 Beğeni
ZAMANIN DƏRVİŞI
Elbəyi CƏLALOĞLU
ZAMANIN DƏRVİŞI
Eramızın IX əsrində yaranan sufilik Mustafa Kamal Atatürk dövrünə qədər Türkiyədə, SSRİ dövrünə qədər isə Azərbaycanda və digər müsəlman dövlətlərində açıq şəkildə fəaliyyət göstərirdi. Yeni rejim onların bu fəaliyyətini bir dəfəlik yandırsa da, milli və dini mehlər küllərin altında qalmış közləri, işartıları yenidən üfürdü, alışdırdı.
Türk sufiləri türklüklə islamlığın vəhdətini yaradanlardır və bu yolla düzgün yaşamağı, insanlara olan səmimiyyəti, sevgini, Allahı dərk etməyin yollarını, eləcə də vətəni, torpağı, milləti sevməyi və əsil sevginin nə olduğunu öyrənən və öyrədənlərdir. Əzəl başdan türkə xas olan və ya türklərin ilk musiqi çalğı aləti olan sazın və ya qopuzun ifaçıları ozanlar adlanırdısa, bu sufilərin təşəbbüsü və səyi nəticəsində aşiqliyə çevrilmışdi. Beləliklə XXII əsrdə ilk olaraq “aşiq” adını almış Əhməd əl Yəsəvi türkcə şeirlər yazıb yaymaqla insanlara islamı daha da sevdirməyi və doğmalaşdırmağı bacarmışdı. Bu yolun davamçıları sufi dərvişləri adlanırdı. Öncədən də mövcud olan təsəvvüf hərəkatı məhz Əhməd əl Yəsəvidən sonra türkləri yabançı mədəniyyətdən qoruya bilmişdi. Əmir Teymurun da şeyxin adına tikdirdiyi türbə və came təsadüfi deyil.
Sufilik dahi şairlərimizin əsərlərində də özünü büruzə vermişdir. Əsil dərvişlik yolu keçmiş Nəsimi buna bariz nümunədir. Təsadüfi deyilməmişdir ki, təsəvvüfü bilmədən dahi şairləri anlamaq çətindir.
Bu dəfə barəsində danışmaq istədiyim Borçalının ünlü şairi, saz-söz vurğunu, dastanlara köklənmiş, saf düşüncəli, bayatı deyimli, bədii təfəkkür aləminin mələklərindən biri - Dərviş Osman Əhmədoğlunun yolu elə bu yoldur. O, əslimizə, kökümüzə bağlı, millətini, xalqını, vətənini, torpağını, dinini sevən bir kos-koca Qarapapaq tərəkəmə türküdür. Yeri gəlmişkən ustadın adını daşıdığı babası Osman da dərvişlik edibmiş.
Mən özümü biləndən onu şair Osman kimi tanımışam və ilk qayğıları da ondan görmüşəm. Hətta ilk şeirlərimi götürüb yanına gedəndə Dərviş mənə öz məsləhətlərini verdi və “şənbə günü gəl, bir yerdə ədəbi birliyə gedək” deyərək öz ilk səmimiyyətini göstərdi. Təbii ki, deyilən vaxtda Marneuli şəhərində fəaliyyət göstərən “Dan ulduzu” ədəbi birliyində olduq və o məni təqdim elədi. Həmin gün ədəbi birlikdə mənim şeirlərim dinlənildi, birliyə üzv seçildim və şeirlərim “Yeni Marneuli” qəzetində dərc olundu. Çox keçmədi ki, məni sədri olduğu Borçalı Aşıqlar Birliyinə üzv qəbul etdi. Bu, Ustadımın mənə olan böyük qayğılarından idi. Ustadın yanına tez-tez gedirdim, onu görməyəndə qırılırdım, üzülürdüm, görəndə də evə dəvət eləyərdi və ömür-gün yoldaşı, anam qədər xətri mənə əziz olan Güldərən xanıma müraciətlə “gör Elbəyi nə yazıb?!” deyərək şeirlərimi ona oxuyurdu. Bu səhnə mənim üçün Haqq dərgahı, Tanrı astanasıydı...
1980-ci ildə Gürcüstanda Ümumrespublika Musiqi Festifalına hazırlıq müsabiqələri keçirilirdi. Kürüstü kəndləri üzrə Dərviş Osman Əhmədoğlunun başçılığı ilə keçirilən seçim mərhələsində mən (o zaman orta məktəbin VIII sinifində oxuyurdum) sazda bir neçə hava çalaraq qalib oldum. O vaxt Osman müəllim mənim şeir yazmağımdan xəbərsiz idi. Sonra yenə də Osman müəllimin də iştirakı ilə Marneuli şəhərində keçirilən seçim turundan da keçdim və nəhayət, Tiflisdə Olimpiadanaın laureatı oldum, III dərəcəli diploma və bürünc medala layiq görüldüm (bu Olimpiadanın ən yüksək mükafatı idi). Onda Osman müəllim əlini başıma çəkib “aşıq oğlu belə olmazmı?!” demişdi...
1990-cı ilin qanlı 20 Yanvar hadisəsindən bir neçə gün ötmüşdü. Anadan olduğum İlməzli kəndinin ağsaqqallarının təşəbbüsü ilə kəndin başında Tiflis yolunun kənarında şəhidlərimizə ehsan verilirdi. Osman müəllim əlləri qoynunda çox fikirli və qayğılı halda gəzişirdi. Mən yavaşca ona yaxınlaşıb salam verdim. Mənimlə qucaqlaşdı və “görürsənmi, başımıza nə oyunlar açdılar” dedi və bir az düşündükdən sonra əlavə etdi: “mövzu axtarmaq lazım döy, hər tərəf mövzudur”.
Osman müəllim mənim üçün böyük ustadlardandır. Nizamini, Füzulini, Yunis Əmrəni, Dadaloğlunu, Nəvaini, Şəhriyarı, eləcə də ustad aşıqlarımızı öyrənən və dövründə yaşadığı ustadlardan yetərincə dərs alan şair elə ustad da olmalıydı.
Bir dəfə ikilikdə söhbətimiz zamanı “dost” sözünün anlamını belə izah elədi: “Balıq susuz yaşaya bilmir, deməli, balıqla su dostdur. Təbiət Günəşsiz yaşaya bilməz, deməli təbiət Günəşlə dostdur.”
2007-ci il Dekabrın 15-də Xalq Şairi Zəlimxan Yaqubun başçılığı ilə ikinci kitabım olan “Bu köç hara gedir” adli kitabımın təntənəli təqdimat mərasimi keçirilirdi. Dərviş Osman bu mərasimdə sözün əsl mənasında göründü. Məni lap uşaqlığımdan tanıyan Ustad bu ürfan məclisində özünün əsl Dərviş olduğunu odlu, alovlu çıxışları və məni əsl mövləvilərsayaq bir rəqsə dəvət eləməyilə, eyni zamanda ustad aşıq Məhəmməd Sadaxlı ilə qoşalaşıb xüsusi bir coşğunluqla türk marşı oxuyaraq da deyə bildi.
Dərviş Osman Əhmədoğlunun gəncliyi sovetlər dövrünə düşdüyündən onun tale yollarına baxdıqca millətini, xalqını, vətənini sevdiyi daha aydın görünür. Eləcə də Borçalıda bugünkü fəaliyyəti, təşşəbbüsləri, keçirdiyi tədbirlər və ən əsası zəngin poeziyası dediklərimi təsdiq edir:
Görünən görünür, him dərindədi
Hələ bəlli döyül, kim dərindədi.
Sevinc üzərdədi, qəm dərindədi,
Canımda bir ulu ağrı gedirəm - deyən D. O. Əhmədoğlu ulu bir kökə malik olan, dədə-baba yurdu Borçalının yad əllərdə olması ilə razılaşmır və bunu misralarında bir yanğı ilə haraya çevirir.
Türk dünyasının böyük olduğunu, türkün böyüklüyünü dərk edən Şair, eyni zamanda türkün çox qədim tarixə və mədəniyyətə malik olduğunu deyir, onun zaman-zaman parçalanaraq müxtəlif adlar altında yaşadığını deyir və onları bir bayraq altında birləşməyə çağırır:
Sıra dağlar kimi qatar-qataram,
Tarixdən tarixə kəmənd ataram,
Oğuzam, səlcuqam, türkəm, xəzərəm,
Tapşırın bir səsə, sorağa məni.
D. O. Əhmədoğlunun dünyaya sufi baxışı aşağıdakı bəndində apaydın görsənir, bu misralarda dünyaya əsl bir sufi baxışı var, hansı ki, insanlığın ən yüksək zirvəsini türkçülükdə görür:
Həm Doğuyam, həm Batıyam,
Haqqın halal bir zatıyam.
İnsanlığın urvatıyam,
Həqiqəti bilən Türkəm.
Saza bağlı, sözə bağlı, millətini sevən, elini sevən, sözünün əvvəli də, sonu da türk olan, hər ağrıyanla ağrıyan, hər sızlayanla sızlayan, elin şad günündə şadlanan, vay günündə vaysınan, dərviş libas olub ərənlər yurdu, igidlər oylağı Ulu Borçalını qarış-qarış gəzib, onun hər bir dərdindən, tərzindən mütəmadi hali olan bir şəxsə “Türk oğlu”ndan başqa bir ad demək olarmı?!
Hər dəfə harada olmasından asılı olmayaraq Borçalıya çox yaraşan, Borçalının müasir dərvişi Osman müəllimlə görüşəndə mənə elə gəlir ki, bütün Borçalı ilə görüşürəm. Bir dəfə, anam qədər sevdiyim doğma Borçalını bir neçə ay görmədiyim halda Bakı şəhərində Ustadla görüşdük. Bir Borçalı nəfəsi, bir Borçalı ətri duydum onda. Ürəyimdən keçənləri kağıza köçürdüb verdim Ustadıma:
Gəlişin nə xoşdu, ay Osman qağa,
Doğduğun qoca yurd pirmi, ocaqmı?
Düşübmü puçurlar bağçaya, bağa,
Söylə, çiçəkləri qucaq-qucaqmı?
Azarlar köhnəli, dərdlər qocalı,
Qıy vurub süzərmi yenə qartalı?
Qəfəsdə aslan tək sinən Borçalı,
Qabarıb, çəkilib, çırpınacaqmı?
Yenəmi dəyişdi adı ellərin?
Mətinsə, dəyişməz dadı ellərin,
Basdımı yağrını yadı ellərin?
Yenidən üzünə Gün doğacaqmı?
İşğal olunsa da türkün şəhəri,
Dəyişməz şüuru, düşüncələri.
Dinər telli sazı, kişnər kəhəri,
Qılıncı qınından sıyrılacaqmı?
Nə ölməz böcəyi, nə solmaz otu,
Tütyədi torpağın orda hər qatı.
O yerlər çox görüb ana fəryadı,
Oğullar yenidən gurlayacaqmı?
Yön istiqlaladı, biz hürrə doğru,
Nə vaxt kükrəyəcək bir dəli çağrı?
Bilirəm gəzirsən qəlbində ağrı,
Ahından qayalar yarılacaqmı?
Nurunda nurlanar Elbəyi sənin,
Bar versin yenidən sünbülün, dənin,
Kim açar sirrini bu möcüzənin,
Borçalı yuxudan ayılacaqmı?
Bu yaxınlarda Şair “Mənim söz karvanım” adlı növbəti kitabını oxucularilə baş-başa qoydu. Bu kitabı ilə Şairin oxucularının ürəyini yenidən fəth eləməsinə əsla şübhəm yoxdur.
Ustadıma yeni-yeni nailiyyətlər və yaradıcılıq uğurları arzulayıram.
"Geopolitika XXI əsr" qəzeti
AY USTAD!
Borçalının dərdi sığmadı sənə,
Gəzə-gəzə dərviş oldun, ay Ustad.
Arzum budur, kamil olsun imanın,
Alosmana çıxsın adın, ay Ustad.
Yarışdın zirvədə hacıleyləklə,
Bəzən də döş-döşə gəldin küləklə.
Bu dərdləri çırpa-çırpa sürüklə,
Bəlkə yorub, əldən saldın, ay Ustad.
İzin ver önündə eyləyim təzim,
Sən gedən yollara çiçəklər düzüm.
Hər an qulluğunda hazıram özüm,
Daim ürəklərdə qaldın, ay Ustad.
Elləri birbəbir yoxladın artıq,
Çəkib ürəyində saxladın artıq,
Tanrı dərgahını haxladın artıq,
Eşqini paklığa qatdın, ay Ustad.
Görkəmində hikmət daim müntəzir,
Gözəllik önündə bir qul, bir əsir.
Səndən nur almağa minlər tələsir,
Ərşə dayanıbdı odun, ay Ustad.
Sazını sinəndə eylə müstəkam,
Qaynaşır dilindən hey müdrik kəlam.
Qoyma Elbəyini muradı nakam,
Ziyarət etsin ustadın, ay Ustad.
YORUMLAR
Henüz yorum yapılmamış.