- 1336 Okunma
- 2 Yorum
- 0 Beğeni
Ramin məhz sazı yaşatmaq üçün gəlib dünyaya!
Elbəyi CƏLALOĞLU
Ramin məhz sazı yaşatmaq üçün gəlib dünyaya!
Ulu Tanrının Azərbaycanı və azərbaycan türklərini çox sevdiyini düşünürəm, çünki bu ölkə dünya miqyasında çox dəyərləndirilmiş yeraltı, yerüstü sərvətlərilə birgə mədəni sərvətlərilə də digər bölgələrdən fərqlənir. Əyilməz sərkərdələri, polad biləkli, nər budlu pəhləvanları, tarix boyu yaşayacaq ədibləri, o cümlədən şairləri, nasirləri, aşıqları, alimləri, filosofları və onların dünya arenasında gözü çəkən, könlü oxşayan, düşüncələri titrədən əsərlərini və fikirlərini nümunə kimi göstərmək olar.
Əgər Şirvan zonası şairlərilə, Qarabağ nəğməkar bülbülərilə zəngindirsə Borçalı da saz sənəti və ustad aşıqları ilə zəngindir. Aşıq Sadıq Sultanov, Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraclı, Kamandar Əfəndiyev, Alxan Qarayazılı və saysız-hesabsız onlardan sonrakı nəslin aşıqları Borçalıda saz sənətinin hansı səviyyədə olduğunu göstərir. Bu gün bu yurdda tək-tək ev tapılar ki, orada saz olmasın, sazı sevməyənlərin sayı isə sıfırdır.
Sonuncu böyük ustad Aşıq Kamandar Əfəndiyev cismən dünyasını dəyişəndə hər kəs “Borçalıda saz sənəti öldü” deyə düşünürdü. Bu fikirlər təbiiki, ilk-əvvəl yaranmalıydı, böyük ustadlar canımıza, qanımıza o qədər hopmuşdular ki, mən inanmıram ki, imkan olsdaydı kimsə onların yerinə ölməkdən imtina edəydi. Ancaq, bu ustadları yetişdirən, məkanın, zamanın və mühitin qüdrəti heç kimin ağlına belə gəlmirdi. Necə ki, Xaqanini yetişdirən mühit Nəsimini, Məhsətini yetişdirən məkan Nizamini, Vaqifi yetişdirən zaman Səmədi yetişdirdi, eləcə də böyük ustadların dalınca da saz özünün digər ustadlarını yetişdirməliydi. Biz bu gün bunun bir daha şahidi olduq. Çinarın pöhrəsi çinar, söyüdün pöhrəsi söyüd olduğu kimi palıdın da pöhrəsi palıd olmalıydı. Söz açacağım, bir ustad pöhrəsi - 21 yaşlı Ramin Kamandar haqqındadır.
Aşıq Ramin 1986 cı il iyun ayının 1-də qocaman Borçalının Təkəli kəndində dünyamıza göz açıb. Atası - İsmixan bəy Raminin kiçik yaşlarından süpürgəni, maşanı saz edib sinəsinə basdığından təəccüblənmirdi, ona bir uşaq şıltaqlığı kimi baxırdı. Axı, onun heç yatanda yuxusuna da gəlməzdi ki, Ramin böyüdükcə ustadların izinə düşücək. Kiçik Ramin 6-7 yaşlarında aşıq mahnılarını zümzümə edirdi, onda bu həvəsi görən atası, Raminə saz almaq eşqinə düşdü. Bu xəbəri eşidən balaca Raminin sevincdən, sanki ayağı yerə dəymirdi. Atasını dinc qoymurdu, hər gün “ata, bəs saz almadın?” deyə yoncuyurdu. Ata isə onun ipək kimi saçlarına sığal çəkir və “oğlum, söz vermişəmsə demək alacam” deyirdi.
Nəhayət, arzular reallığa çevrildi. Atası saz alanda Raminin 9 yaşı var idi. O, Aşıq Kamandarın, Aşıq Əmrahın audio kassetlərini dinləməyi çox sevərdi və heç onlardan ayrılmazdı da. Ustadların laylalarının içində Ramin aşıqlaşdı. O, 14 yaşında artıq toylara dəvət olunurdu. Yeri gəlmişkən 14 yaşdakı qəhrəmanlıqdan söhbət düşəndə istər-istəməz Şah İsmayıl Xətai yada düşür. Mənim təsəvvürümdə Ramin də növbəti milli qəhrəmanlardandır.
Sultan Fatih Mehmetin İstanbulu fəth etdiyi yaşında olan 21 yaşlı Ramin 2007-ci ildə Lider televiziyası ilə yayımlanan “Ozan aşıq müsabiqəsi”nin ən güclüsü olduğunu sübuta yetirdi. Bundan öncə də o, bir neçə müsabiqələrdə iştirak etmiş və birinci yeri tutmuşdur, bunlardan 2006-cı ildə Tovuz şəhərində SM TV ilə yayımlanan müsabiqədə birinci yeri tutaraq fəxri fərmanla və “Qızılsaz” mükafatı ilə, 2007-ci ildə Borçalıda Marneuli şəhərində keçirdilən müsabıqədə “Kamandar” mükafatilə təltif olunmuşdur, yenə də 2007-ci ildə Türkiyənin Qars şəhərində Murad Çobanoğluya həsr olunmuş konsertdə Dərviş Osman Əhmədoğlunun rəhbərliyi ilə iştirak etmiş və fərqlənərək “Atatürk qızıl medalı”, diplom və ödüllərlə təltif olunmuşdur.
Bu gün Raminin böyüklərin, böyüklüyü dərk edənlərin, onun gələcəyinə ümidlə baxanların, saz sənətinin ölməzliyini qəbul edənlərin və eləcə də türk mədəniyyətini sevənlərin, onu qorumaq istəyən hər kəsin qayğısına ehtiyacı var. Adlarını bildiyi bütün saz havalarını çox məharətlə çalan Ramin məhz sazı yaşatmaq üçün gəlib dünyaya. Bilgimə görə Aşıq Ələsgər 72 saz havası çalırmış, bu rəqəm Aşıq Əmrahın ifasında 81-ə, Aşıq Kamandarın ifasında isə 86-ya çatmışdı. İndi Ramin bu havaların hər birinin nurunda cilalana bilir. Onu tez anlayan ustad aşıq Kamandarın oğlu Əflatun eyni ümidlə atasının sazını Raminə bağışladı və ustadın 75 illik yubileyində Xalq Şairi Zəlimxan Yaqubla folklorşünas Elxan Məmmədlinin təşəbbüsü ilə Raminə “Kamandar” təxəllüsü verildi.
Mən də öz növbəmdə bir sazsevər kimi böyük ustad Aşıq Kamandarın nizamlı, intizamlı yolu ilə gedən Raminin gələcəyinə çox böyük ümidlə baxıram və dünənki Aşıq Kamandarı sabahkı Aşıq Ramin Kamandar kimi görürəm.
Ramin, çal sazını yatmasın aləm
Sədəflərdə ruhun çapsın atını,
Təzanədən nə imdad um, nə kərəm.
Qoy başını tavar sazın döşünə,
Simlərə yapışmış misralardan əm!
Ramin, çal sazını yatmasın aləm!
Anlat bilməyənə sazın dadını,
Uca saxla ustadların adını,
Dəyiş xan Əslinin etiqadını,
Təzim etsin qüdrətinə, qoy Kərəm!
Ramin, çal sazını yatmasın aləm!
Sən bir palıd pöhrəsisən dayan şıq,
Sən aydınlıq cövhərisən sal işıq,
Aşıq var ki, el obaya yaraşıq,
Aşıq da var xərçəng, iflic, dərd, vərəm!
Ramin, çal sazını yatmasın aləm!
Tarix bilər Kamandarın yaşını,
Təzim edər el Əmraha başını,
Sən də devir telli sazın qışını,
Qoyma onu bürüməyə qəm, sitəm.
Ramin, çal sazını yatmasın aləm!
Elbəyinin ürəyində saza bax,
Saz üstündə ömrə gələn yaza bax,
Milyon ilsə yaşı, yenə təzə, bax,
Köklən saza de – Arazam, de - Kürəm!
Ramin, çal sazını yatmasın aləm!