- 727 Okunma
- 0 Yorum
- 0 Beğeni
“Xaçların tələm-tələsik qoyuluşu yerli əhalini qıcıqlandırır”
Elbəyi CƏLALOĞLU
“Xaçların tələm-tələsik qoyuluşu yerli əhalini qıcıqlandırır”
Rafiq Hümmət: “Milli kadr olmayan yerdə milli təhsildən nə danışmaq olar?”
Bu dəfə doğma Tiflisin küçələri məni bu şəhərdə fəaliyyət göstərən “Varlıq” Mədəniyyət Mərkəzinə yönəltdi. Ofisin sanbalı gözoxşayandır. Deyilənlərə görə, “Varlıq” Mədəniyyət Mərkəzinin yaradılması, onun avadanlıqlarla təchiz olunması və digər lazımi dəstəklərdə Azərbaycan parlamentinin üzvü Gültəkin Hacıbəylinin xüsusi əməyi vardır.
Qərara aldım ki, AYB-nin Gürcüstan bölməsinin sədri, “Varlıq” Mədəniyyət Mərkəzinin sədri, “Varlıq” qəzetinin baş redaktoru, şair Rafiq Hümmətdən müsahibə götürüm. İnsaf naminə, Rafiq Hümmət təklifimi tərəddüdsüz qəbul etdi.
Rafiq Hümmət 1965-ci il fevralın 13-də Bolnisi rayonunun Darvaz kəndində doğulub. İlk təhsilini doğma kəndində alıb. 1991-ci ildə S.S.Orbeliani adına Tbilisi Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsini bitirib. Elə həmin ildə “Sovet Gürcüstanı” qəzetində fəaliyyətə başlayıb. Bir müddət Rustavi şəhərində çap olunan “Region” qəzetində redaktor işləyib. Bir neçə il Bakıda yaşayıb, burada da “Şərq”, “Millət” və “Yeni Azərbaycan” qəzetlərində çalışıb. 2004-cü ildə AYB Gürcüstan bölməsinin sədri seçilib. Rafiq Hümmət dövri mətbuatda uşaq yaşlarından çıxış edir.
- Rafiq bəy, “Varlıq” Mədəniyyət Mərkəzinin açılmasına necə nail oldunuz?
- Mərkəz Azərbaycan Parlamentinin üzvü Gültəkin xanım Hacıbəylinin təşəbbüsü, dəstəyi və Gürcüstanda Azərbaycan səfirliyinin gərgin əməyi sayəsində yarandı. Bu işdə səfirliyimizə və Gültəkin xanıma xüsusi minnətdarlığımı bildirirəm. Mərkəz eyni zamanda “Varlıq” qəzetinin də təsisçisidir.
- “Varlıq” qəzeti həm mövzu baxımından, həm də müasirliyi ilə yanaşı, rəngli olması ilə də digər qəzetlərdən fərqlənir. Yeri gəlmişkən, Mədəniyyət Mərkəzinin açılışı və qəzetinizin nəşri münasibətilə kollektivinizi ürəkdən təbrik edirəm. Və sualım belədir: qəzetinizin nəşr olunması hansı zərurətdən doğdu?
- Təbrikə görə çox sağ olun, Elbəyi müəllim! İndi bir informasiya blokadası var. Soydaşlarımızın əksəriyyəti gürcü dilini bilmirlər. Buna görə də, Gürcüstanda yaşayan azərbaycanlı əhali mütəmadi olaraq ölkədə və dünyada baş verən proseslərdən vaxtında xəbardar ola bilmirdilər. İndiyə qədər çap olunan nəşrlər isə bu ehtiyacı ödəyə bilməyiblər. Bizim qəzetin meydana gəlməsi də bu zərurətdən doğdu. Eləcə də, zaman-zaman əhalinin yaşamında, təhsilində, maarifdə, üzləşdiyi müəyyən problemlər də var. Qəzetimizdə onlara da müəyyən işıq salırıq ki, əlaqədar təşkilatlar özləri ölçü götürsünlər.
- Qəzetiniz nə vaxtdan çap olunur?
- Cari il mayın 28-dən nəşrə başlamışıq. 12 səhifədən ibarət olan qəzet hər həftənin çərşənbə günü çap olunur, artıq 12 sayı işıq üzü görüb.
- Mərkəzin işi və gələcək planları barədə nə deyə bilərsiniz?
- Mədəniyyət Mərkəzinin işi təkcə bu qəzetin çapı ilə məhdudlaşmır. Eyni zamanda müxtəlif səviyyəli tədbirlər keçiririk. Tədbirlər çərçivəsinə elm və mədəniyyət xadimləri ilə görüşlər, yubileylər, milli və dövlət bayramlarının qeyd olunması və sair daxildir.
Qeyd edim ki, respublikanın mərkəzində AYB Gürcüstan bölməsi ofissiz qalmışdı. İndi qələm adamları hara gedəcəyini yaxşı bilirlər. Eləcə də, nəşrlər indiyəcən bir qədər arxa plana keçmişdisə, artıq onların çapına başlamışıq. İlk çap olunan kitabımız şair Firudin Almazlının “Mənim bu qərib könlümdə” adlı şeirlər kitabı oldu. Hazırda iki kitabın çapı üzərində işləyirik. Bunlardan biri XIX-XXI əsr Gürcüstan əsilli Azərbaycan ədəbi yaradıcılarından seçmələrdən ibarət olaraq “Ədəbi Gürcüstan” toplusu, digəri isə gürcü və Azərbaycan dillərində “1001 Azərbaycan bayatısı” kitablarıdır.
- Bölgədə yaşayan gənc yazarların fəaliyyətindən nə deyə bilərsiniz?
- Mən çox şadam ki, uzun illərin durğunluğundan sonra bir neçə istedadlı gənc yazarın mövcudluğundan xəbər tutmuşam. Adlarını çəkmədən deyim ki, onların da yaradıcılıq nümunələri ayrıca toplu şəklində çapa hazırlanır.
- Bu yazarların arasında nasirlərə də rast gəlinirmi?
- Hələlik şairlərdir, lakin ara-sıra publisistika və jurnalistikada da güclərini sınayanlar var. Eləcə də bir neçə gənc istedadlı rəssamlarımız da var. Doğrudan da, bu gənc istedadları görəndə fərəhlənməyə bilmirsən, bu bizim gələcəyə inamımızı daha da artırır.
- Qəzetinizin səhifələrində gənc istedadlara da yer ayırırsınızmı?
- Ümumiyyətlə, biz qəzetimizdə bədii yazılara yer ayırmırıq, lakin onların publisistik yazıları və məqalələri qəzetimizdə sıx-sıx çap olunur.
- Təşkilat olaraq promlemləriniz nədən ibarətdir?
- Əsasən Gürcüstanda fəaliyyət göstərən azərbaycanlılara məxsus təşkilatların və xüsusilə də, media orqanlarının mərkəzləşmiş bir quruma ehtiyacı var. İşləri daha böyük miqyasda həyata keçirmək üçün maddi dəstəyə ehtiyacımız böyükdür. “Varlıq” Mədəniyyət Mərkəzi olaraq promlemimiz olmasa da, müəyyən layihələri həyata keçirmək üçün AYB-nin Gürcüstan bölməsi kimi dəstəyə ehtiyacımız var.
Siyasi kursumuzda isə ortaq qızıl xətt tutmuşuq. Azərbaycan və Gürcüstan dövlətlərinin mənafeyi bizim üçün prioritetdir. Eləcə də iki xalqın arasında olan minillik dostluğun qorunması və daha da inkişaf etdirilməsi bizim üçün ümdə məsələdir.
- Bir az da şairlik fəaliyyətinizdən danışaq. Rafiq bəy, indiyəcən neçə kitabınız işıq üzü görüb?
- 2000-ci ildə yeganə “Salam dünyanın yiyəsi” adlı şeirlər kitabım işıq üzü gördü. Onu da deyim ki, həmin il Azərbaycanda prezident təqaüdünə layiq görüldüm. Hal-hazırda iki kitabım çapa hazırdır, lakin zamansızlıq ucbatından gecikir. Güman edirəm ki, bu ilin sonuna qədər hər iki kitabım işıq üzü görəcəklər. Bundan başqa, vaxt tapdıqca öz dilimizə gürcü şairlərdindən nümunələr də tərcümə edirəm.
- Tərcümə sahəsində hansı uğurlardan danışa bilərsiniz?
- Bu sahədə düşünürəm ki, bu il 70 yaşı tamam olan gürcü şairi Zezva Medulaşvilinin xidmətlərini qeyd etsəm, lap yerinə düşərdi. O, milliyətcə gürcü olsa da, Azərbaycan türkcəsini yaxşı bilir və bu keyfiyyətindən səmərəli istifadə edərək Azərbaycan ədəbiyyatından bir sıra nümünələri vaxtaşırı gürcü dilinə tərcümə edir. Öncə deyim ki, Zezvanın “Erməni və Azərbaycan ədəbiyyatı müntəxəbatı” kitabı 1968-ci ildə Tbilisi Universiteti nəşriyyatında çap olunub. Bu əsərə görə, Ermənistanın əməkdar mədəniyyət işçisi adını alıb. Eləcə də, o, türkoloq Elizbar Cavelidzenin Böyük Azərbaycan şairi M.Füzulinin həyatına həsr etdiyi “Görkəmli şəxsiyyətlərin həyatı” adlı kitabını dilimizə tərcümə edərək 1973-cü ildə “Nakaduli” nəşriyyatında, rus və gürcü dillərində “Azərbaycan folkloru” kitabını 1978-ci ildə “Sanşablo” nəşriyyatında, Azaərbaycan xalq bayatılarından ibarət “Tanadqoma” almanaxını 1997-ci ildə “Laşari” nəşriyyatında, Məmməd Arazın “Vəsiyyət”ini 1983-cü ildə gürcü dilində “Merani” nəşriyyatında, “Koroğlu” eposunu 2003-cü ildə “Qafqaz” nəşriyyatında, “Azərbaycan hekayələri” kitabını 1974-cü il “Nakaduli” nəşriyyatında çap etdirmişdir. Sonuncu kitaba İ.Nəsimi, M.P.Vaqif, M.V.Vidadi, M.Ş.Vazeh, M.Rahim, S.Vurğun, S.Rüstəm, Anar, İsa Hüseynov, Fərman Kərimzadə, İsi Məlikzadə, İsa İsmayılzadə, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu, Vilayət Rüstəmzadə və bir sıra digər Azərbaycan yazarlarından nümunələr daxil edilmişdir.
- Bir az da Gürcüstanda yaşayan azərbaycanlıların problemlərindən bəhs edək. Gürcüstanda müsəlman türkləri yaşayan kəndlərdə xaç qoyulması yəqin ki, bir vətənpərvər insan, qələm adamı kimi sizi də narahat edir.
- Təbii ki, bu da problemlərimizdən biridir, lakin qeyd etmək istərdim ki, Gürcüstan bir xristian məmləkətidir, dövlət bayrağında da xaç əks olunub. Buna görə də, xaçın qoyulmasında qeyri-adi heç nə görmürəm. Lakin bir məsələ var. Qəflətən kimlərinsə tərəfindən nümayişkaranə şəkildə əhalisi müsəlmanlardan, azərbaycanlılardan ibarət olan kəndlərə xaç qoyulması yerli əhalidə haqlı narazılıq doğurur. Çünki, xaçların da belə tələm-tələsik bir göz qırpımında qoyuluşu mənə elə gəlir ki, yerli əhalini qıcıqlandırmaqla bərabər həm də gələcək seçkilərdə azərbaycanlı əhali tərəfindən indiki iqtidara verilən səslərin istər-istəməz azalmasına gətirib çıxara bilər. İndiki halda söhbət xaçın qoyulmasından yox, onun harada qoyulmasından gedir.
- Bu problemlə ilgili kimlərəsə müraciətiniz olubmu?
- Biz “Varlıq” qəzeti olaraq bu sualla Gürcüstan prezidentinin müşaviri xanım Tamar Kindsuraşviliyə müraciət etdik. O da öz növbəsində bu işdən xəbəri olmadığını və araşdırıb bizə cavab söyləyəcəyinə söz verdi, lakin hələlik heç bir cavab yoxdur.
- Problemlərdən danışdıq, Borçalının yolları da bir problem deyilmi? Məsələn, mən Kürüstü İlməzli kəndindən Marneuliyə getmək üçün uzunluğu 20 kilometr olan üç kəsə yolların heç olmasa biri ilə gedə bilmədiymdən Tiflisdən keçməklə 100 kilometr yol qət etməyə məcbur oldum...
- Yolların bir qismi dövlət tərəfindən təmir olunub. Gürcüstan prezidentinin belə bir göstərişi var ki, bütün kənd yolları yüksək keyfiyyətdə təmir olunsun. Mənə elə gəlir ki, bir çox Gürcüstan əsilli iş adamlarımız da bu layihəyə heç olmasa öz kəndləri çərçivəsində kömək göstərsələr, bu çox gözəl olar.
- Çoxdandır ki, toponim məsələsi də Borçalıları narahat etməkdədir...
- Bilirsiz, bu haqda çox yazılıb. Əsasən, E.Şevardnadze dönəmində Bolnisi rayonunda əksər kəndlərin adları dəyişdirildi. Lakin, bu dəyişmə Gürcüstan parlamentində təsdiq olunmayıb. Bu haqda düşünərkən mənə elə gəlir ki, vaxtında həm Z.Qamsaxurdiya tör-töküntülərinin məkrli siyasətinin, həm də yerli bəzi manqurt soydaşlarımızın yumşaq desək, səhlənkar hərəkətlərinin altını hamımız çəkirik. Və mənim fikrimcə, bunu yüksək tribunalarda bağırmaqdansa, Azərbaycan və Gürcüstanın əlaqədar təşkilatları, toponimika mütəxəssisləri və yerli azərbaycanlı ziyalılar masa arxasında əyləşib bu problemi birlikdə çözməlidirlər. Çünki, misal olaraq deyim ki, mənbələrdən məlum olduğu kimi Arxılı toponiminin ən azı 1500 yaşı var. İndən sonra 1500 il zaman da ötsə insanlarımız yenə də onu elə Arxılı kimi tanıyacaqlar.
- Əhalinin işlə təmin olunması məsələsi barədə nə deyə bilərsiniz?
- Gürcüstanda müəyyən müsbət islahatlar aparılsa da, bu ölkə maddi vəziyyəti çətin olan ölkədir. Buna baxmayaraq bizim azərbaycanlı əhali əsasən kənd təsərrüfatı, şəhərə yaxın hissəsi isə xırda ticarətlə məşğul olur. Son vaxtlarda Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı şirkətlər başda SOCAR olmaqla əhalinin müəyyən kəsiminin işlə təmin olunmasında əllərindən gələni əsirgəmirlər.
- Maaşlar necə, işçiləri qane edirmi?
- Gürcüstan reallığından baxdıqda verilən maaşlar az da deyil, ancaq konkret rəqəm göstərə bilməsəm də, əhali orada işləməyə can atırsa, deməli, normal maaş verilir.
- Gürcüstandakı azərbaycan məktəblərində vəziyyət necədir?
- Azərbaycan məktəblərində dəhşətli dərəcədə müəllim qıtlığı var. Əgər, yüksək səviyyədə bu problemin çözümünə çalışılmasa, biz bunun əziyyətini çox çəkəcəyik. Bu problem onunla bağlıdır ki, 20 ildir bütün sahələrdə olduğu kimi bu sahədə də durğunluq var. Bu durğunluğun aradan qaldırılmaması ciddi bir işin görülməməsi deməkdir.
- Ciddi iş dedikdə nəyi nəzərdə tutursunuz?
- Bu kadr hazırlanmasıdır, belə ki, cavan ziyalıların çoxu köçüb gediblər, qocalarsa, ya təqaüdə çıxıblar, ya da rəhmətə gediblər. Milli kadr olmayan yerdə milli təhsildən müsbət mənada nə danışmaq olar?
- Bəs, milli kadrların hazırlanması prosesini necə təsəvvür edirsiniz?
- Kadrların hazırlanması üçün başda yerli mütəxəssislərin də rəyi nəzərə alınmaqla kompleks tədbirlər planı hazırlanmalıdır və həyata keçirilməlidir. Bu tədbirlər planında da əsasən ayrı-ayrı fənnləri tədris edəcək pedoqoji kadrlar prioritet məsələ kimi önə çəkilməlidir. Mənə elə gəlir ki, Gürcüstanda iki dövlətin birgə iş birliyinin nəticəsi kimi bir universitetin yaradılmasına ciddi ehtiyac var.
- Universitetlərin birində Azərbaycan bölməsinin olduğu məlumdur, axı?
- Bilirsiz, Gürcüstan Çavçavadze adına Dillər Universitetinin tərkibində türkologiya bölməsi yerləşir, onun da nəzdində balaca bir Azərbaycan bölməsi var. Həmin Universitetin bazasını genişləndirərək ciddi bir iş görmək mümkündür.
- Rafiq bəy, yuxarıda qeyd etdiyiniz kimi azərbaycanlı əhalinin əksəriyyəti gürcü dilini bilmir, bəs məktəblərdə bu dilin tədrisi məsələsi necədir?
- Azərbaycan məktəblərinin əksəriyyətində gürcü dili ciddi tədris olunmur, bunun da səbəbi hər iki dili mükəmməl bilən müəllimlərin olmamasıdır.
- Xahiş edirəm, xalqımızın rifahının yüksəlməsi naminə görülmüş və görülməsi gözlənilən işlər barədə bir neçə kəlmə danışın.
- Xalqımız gerçəkdən əməksevər və çalışqan olduqlarından ən yüksək yaşam tərzinə layiqdirlər. Deyə bilərəm ki, ölkədə cinayətkar ünsürlərin, rəsmi və qeyri-rəsmi quldurların fəaliyyətinə son qoyulub, bir sıra islahatlar həyata keçirilib. Aylarla işıq verilməyən kəndlər artıq işıqla təmin olunub. SOCAR qaz şirkəti əhalinin qazla təmin olunmasına əsasən soydaşlarımızın yaşadığı Kvemo-Kartli bölgəsindən başlamaq niyyətindədir. Eləcə də, son zamanlar Azərbaycan hökuməti də Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısını daha da artırıb, əsasən də, sosial və mədəni sahələrdə yardımı günü gündən artırmaqda davam edirlər. Onların arasında Heydər Əliyev Fondunun adını xüsusilə çəkmək olar. Buna misal olaraq, susuz kəndləri su ilə təmin eləmək, bir çox məscidləri bərpa və yenilərini inşa etmək, ayrı-ayrı bölgələrdə müxtəlif yönlü mərkəzlərin açılmasını göstərmək olar. Lakin, bu Heydər Əliyev Fondunun Gürcüstanda gördüyü işlərin tam siyahısı deyil. Bütün bunlarla belə, görüləcək işlər hələ qabaqdadır. Bayaq qeyd etdiyim kimi, Azərbaycan və Gürcüstan dövlətləri əlbir olaraq yaxın tərəfdaşlıq və qardaşlıq münasibətlərindən istifadə edərək mövcud problemləri aradan qaldırmaq gücündədirlər. İnanırıq ki, bunu edəcəklər də.
- Rafiq bəy, gözəl müsahibəyə və bir çox qaranlıq məqamlara aydınlıq gətirdiyinizə görə sizə təşəkkür edirəm.
- Gözəl həmsöhbətim olduğunuza görə mən də sizə təşəkkür edirəm.
Tiflis, 21 avqust 2009-cu il
Elbəyi CƏLALOĞLU
YORUMLAR
Henüz yorum yapılmamış.