- 568 Okunma
- 0 Yorum
- 0 Beğeni
Lələkdən qələmə
Elbəyi Cəlaloğlu
Lələkdən qələmə
Şair Güləmail Muradın “Qələmim əlimdə lələkdən idi” adlı şeirlər kitabı barədə qeydlər
Bu günlərdə Güləmail Murad “Qələmim əlimdə lələkdən idi” adlı şeirlər kitabını mənə bağışladı. Düzünü desək, bizim dövrümüzdə tanınmamış imzayla çap olunan kitabların sayı çox olduğundan, onlar daha çox bağlı sandıqçanı xatırladırlar, buna görə də içindən nə çıxacağını yəqin edə bilmirsən. Güləmail Muradı isə şəxsən tanısam da, yaradıcılığı ilə indi tanış oluram.
“Qələmim əlimdə lələkdən idi” kitabının üz qabığına baxdıqca xəyallara dalırsan. Bu kitabın adı elə bir əsərdir, oxuyub düşünürsən. Kitabın üz qabığının tərtibatı onun adı ilə gözəl bir vəhdət yaradır, adam onu seyr etdikcə özünü bir anlıq qədim dövrlərdə hiss eləyir. Ulduzlu gecə, şam işığı və mürəkkəb qabından qidalanan lələk, bu üçlüyün yaratdığı kompozisiyanın Güləmailin və ya tərtibatçının ağlına haradan gəldiyini fikirləşirəm. Gözəl seçimdir! Bəzən deyirlər ki, insan dünyaya təkrar-təkrar gəlir. Bəlkə Güləmail keçmiş ömürlərinin birində də qələmi lələkdən olan şairlərdən biri imiş? Bu fikirlə kitabı vərəqləməyə başlayıram və şairin əvvəlki kitabları ilə rastlaşmadığıma təəssüf edirəm.
İlk vərəqdəcə şairin “Durna kimi” başlıqlı şeirini oxudum və mənə elə gəldi ki, Güləmailin legenerasiya etmiş şair olmasını zənn etməkdə yanılmamışam:
Mənə gələn bəla fələkdən idi,
Köçdən ayrı düşən durna kimiyəm.
Qələmim əlimdə lələkdən idi,
Köçdən ayrı düşən durna kimiyəm.
Əgər dediklərimiz doğrudursa yəqin ki, bu şeir Güləmailin keçmiş köçü ilə indiki köçü arasında dayanan körpüdür. Belədirsə, onda güman ki, şair əvvəlki köçündə bir çox müasirləri kimi eşqdən, sevgidən, insanlığın fəlsəfəsindən bəhs edib. Bəs görəsən, əvvəlki köçündən ayrı düşən “durna” yeni köçündə nələr düşünür? Bu fikirlə ikinci şeiri oxuyuram:
Payız yarpağıyam, budaq üstəyəm,
Bir azdan saralıb, solasıyam mən.
Ağac vətənimdir, ayaq üstəyəm,
Sonda qara yerin olasıyam mən.
Budur, Güləmail elə əvvəlki köçündə olduğu kimi yenə də insan həyatının fəlsəfəsinə baş vurur, lələklə yazdıqlarını qələmlə davam etdirərək, əvvəlki mövqeyinə sadiq qalır. Bu tipli şeirləri şair həm heca, həm də sərbəst vəzndə yazıb:
Mən torpağam,
buludlar göz yaşı ilə
suvarır məni.
Günəş qovurur,
qasırğalar, fırtınalar
sovurur məni...
Sufi İslam fəlsəfəsinə görə, Tanrı yeri-göyü və bu ətrafda olanları yaratdıqdan sonra, öz yaratdıqlarından həzz almaq üçün özünün bənzərini, yaxud özünə baxmaq məqsədilə ayna əvəzi insanı yaratdı. İnsan isə bir çox hallarda Allahın əksini düzgün göstərə bilmədi və buna görə də Birolanın qəzəbinə düçar oldu. Lakin böyük və mərhəmətli olan Allah insanları özünün istədiyi yola qaytarmaq məqsədiylə peyğəmbərlərə səmavi kitab nazil etdi. Bu da kifayət etmədikdə sufizim təriqəti, təsəvvüf hərəkatı meydana gəldi. Beləliklə, min illərdir ki, insanları Allaha çağırış missiyası davam etməkdədir, lakin bu yolda qarşıya çıxan baryerlər aşılmamaqda, insanları dünya həvəsindən döndərməkdə ortaya çıxan müşküllər meydanı tərk etməməkdədir. Bu dediklərimizi gözəl anlayan şair Güləmail Murad şeirlərində eyni məsələyə eyham vurmaqdadır:
Kimsə atdı, kimsə tapdı dünyada,
Kimsə yıxdı, kimsə yapdı dünyada.
Vurhavurdu, çaphaçapdı dünyada,
Taracları, talanları neyləyim?
Bu nisgillər şairi o qədər düşündürür ki, o, dünyanın fırlanmasında da bir sərtlik arayır, bunun Tanrı tərəfindən bir cəza olduğunu düşünür:
Dünyaya neyləmişəm ki,
Dünya başıma fırlanır.
Şair Güləmail əfsanəvi bir pəhləvana dönüb insana xas olan bütün hisslərin ən ağır yükünü daşıdığı kimi, sevgi hissinin, eşq duyğusunun da ən sanballısını çiyninə qaldırır. Bu dediklərimi onun digər şeirləri ilə yanaşı, sevgi xarakterli misralarını da oxuyaraq anlamaq olar.
Gözlərimi səndən asmışam ki,
Rəssam şəklini çəksin.
Sözlərimi səndən salmışam ki,
Əkinçi toxum səpsin.
Bu dördlükdə Güləmailin özünəməxsusluğu aydınca görünür. Onun təsvir etdiyi rəssam adi həyatda olan deyil, bu rəssam Güləmailin gözünü dikdiyi gözəlliyin rəsmini onun yaddaşına və ya şüruna çəkən İlahi rəssamdır. İkinci beytdə isə şair sevdiyinə sonsuz məhəbbətini bildirərək, hətta onu şüurunda yenidən cücərtməyə cəhd edir. Onu tanımayanlar kitabdakı digər şeirləri oxumadan, təkcə bu bəndlə Güləmailin şair olduğunu anlayar.
Güləmail sevgiyə o qədər dəyər verir ki, onun dilənçisi belə olmağa hazırdır:
Bəxtimin əlləri dilənməkdədir,
Əllərim məhəbbət payı umurlar...
Güləmail sevgi üçün gecə-gündüz ağlamağa belə hazırdır və bu yolda kor olmaq qorxusu onu heç narahat eləmir. Şair bu hisslərini başqa bir dördlüyündə belə dilə gətirir:
Göz bulaqlarım
o qədər ağlayıb
səni töküb ki,
indi tor bağlayıb.
və ya şairin başqa bir üç misradan ibarət olan şeirinə baxaq:
Eşq məndən küsüb...
Qalıb bir nadan əlində.
Sevə bilmədim...
Dünyanın nadanlıqları ilə barışa bilməyən Güləmail dərdin gözünün içinə baxa-baxa onu öldürməyi də bacarır. Burada bir ispan məsəlini xatırlayıram: “Dərdə dözməyib xiffət çəkmək, dərdi ikiqat artırmaq deməkdir”. Yurd sevgisi, itirilmiş torpaqlarımızın yanğısı Güləmaili incitdiyindən o,
Ən son
diləyim budur ki,
Son çağımda da,
Adın dodağımda
öləm, Vətən!
və ya
Gülüşlərimi...
Yığın yandırın,
İçində dərd gizlənib...
- desə də, özü özünə təskinlik verir və dərdə sinə gərməyin yolunu müdriklikdə görür. Beləliklə o, nəinki xiffət çəkmir, hətta dərdi gül-çiçəklə qarşılayır, dərdin özünün dərdini azaltmaqda ona yardımçı olur. Daha doğrusu, Güləmail öz müdrikliyi hesabına dərdi mat edir, ona qalib gəlir:
Mən dərdin üzündən,
öpdüm ki, azaldım,
dərdin dərdini...
Bu sayaq deyimə mən şair Abbas Abdullanın və Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığında da rast gəlmişəm, lakin göründüyü kimi həmin prinsipə Güləmailin öz yanaşma tərzi, var.
Qeyd etmək lazımdır ki, əksər yazarlarda olduğu kimi Güləmail Muradın da yaradıcılığı tənqid edilməli detallardan xali deyil. Nümunə üçün onun bir şeirinə baxaq:
Gözün dərinliyində
Hərdən itməyim gəlir.
Sözün şirinliyində
Hərdən itməyim gəlir.
Bu bənd şairin daxili sarsıntılarının, xiffətinin bədii ifadəsi olsa da, burada fikir tam açıqlanmır və ya şairin yaşantılarının təsviri hansısa bir qıtlıqla üzləşdiyindən derivasiyaya uğrayır. Ümumiyyətlə, bu şeir ağacdan kal dərilmiş meyvə kimidir. Belə ki, insan gözün dərinliyində və ya sözün şirinliyində nəyə görə itməlidir? Bəlkə adi gözlə görünməyənə gözün dərinliyi ilə baxmaq, müdrik kəlamları onun şirinliyi ilə beyinlərə yeritmək lazımdır? Necə ki, ulu övliyalar Allahı dərk etmək üçün ağılın ağılını, yəni külli ağılı oyatmağı əsas şərt kimi qəbul ediblər. Həmin şeirin başqa bir beytinə baxaq:
Səninlə bu dünyadan
Hərdən itməyim gəlir.
Burada da fikir düzgün ifadə olunmur, bəlkə də bu şeir şairin bir insan kimi sentimentallığının nəticəsidir. Sufi nəzəriyyəsini göz önünə gətirərək deyə bilərik ki, bu dünyadan itmək Tanrıya qovuşmaqdırsa, bu zaman insan dünya həvəsindən imtina etməlidir, yəni “sevgilim” dediyin adam belə şüurdan və qəlbdən silinmiş olmalıdır. Zənnimcə bu beyt “bu dünyadan ayrılıb səndə itməyim gəlir” kimi olsaydı, yəqin ki, hər şey yerində olardı. Şair Güləmailin şeirlərində bu cür xətalarla ara-sıra rastlaşılır, lakin “səhv etməyən bir Allahdır” kəlamını dilə gətirərək demək istəyirəm ki, ümumilikdə onun yaradıcılığı maraqlı və zövq oxşayandır.
Gəlin başqa bir şeirə baxaq, amma Məşədi İbad demişkən, heç hənanın yeridir?
Yelin ayağına
Xəzan dolaşan kimi,
Qocalıq ayağıma dolaşır...
Ay sənin, Güləmail xanım! Bu üçlüyü oxuyana qədər sənin şeirlərin gözlərimdə gənc, təravətli, nərmənazik, ağıllı-kamallı, həm də müdrik bir xanım müəllif obrazı yaratmışdı. Eyib etməz, bir halda ki, qocalığı ayağına buraxmısan, heç olmasa ona yaxandan yapışmağa imkan vermə! Çünki qocalıq istəyinə çatdısa, bilirəm ki, onu da sevəcəksən. Axı, sənin sevgin də duyğuların qədər əzəmətlidir!..
Bakı, 25. 02. 2011
YORUMLAR
Henüz yorum yapılmamış.