- 534 Okunma
- 0 Yorum
- 0 Beğeni
Zamanında yazılan roman
Elbəyi CƏLALOĞLU
Zamanında yazılan roman
Elxan Qaraqanın “A” romanı haqqında düşüncələr
Elxan Qaraqanın “A” romanını oxumağa başlayanda əsər elə ilk sətirlərdən məni cəlb etdi. Adətim üzrə qeydlər etmək istədim, lakin başımı qaldırdım ki, artıq əsəri yarı oxumuşam, qeydlər isə yaddan çıxıb. Bir neçə gün əsərin təsirilə yaşadıqdan sonra roman haqqında fikirlərimi yazmaq qərarına gəldim. Onu da deyim ki, əsəri oxumazdan əvvəl, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, haqqında söhbət açdığımız “A” romanının redaktoru Rəşad Məcidin kitaba yazdığı ön sözü diqqətlə oxumuşdum və hörmətli Rəşad müəllimin romandan məmnunluğunu hiss etmışdim. Əsər doğrudan da zövqoxşayandır.
Elxan Qaraqanın düşüncələrinin çağdaş zamanın yaramazlıqları ilə yaxacırmaya çıxması onun mövcud problemlər haqqında konseptual qənaətlərindən və onlarla heç cürə barışmamasından irəli gəlir. Yeri gəlmişkən, Elxanla şəxsi münasibətim olmasa da deyə bilərəm ki, onun real həyatda da bu xüsusiyyətinin olmasını əsərindən aydınca sezmək mümkündür. Gənc bir yazarın bu cür spesifik düşünməsi sevindirici hal olmaya bilməz. Əsəri oxuyarkən Elxanın açıq-açığına cəmiyyətin bir çox mövcud eybəcərliklərinin ifratçılığına qarşı etdiyi üsyanın heyranı oldum. Və əsəri yenidən oxuyub qeydlər aparmağa başladım. Bəri başdan deyim ki, Elxan Qaraqanın bu romanı daima özünün təsvir etdiyi A-ya bənzər ulduz kimi ədəbiyyatçıların və oxucuların nəzərində parlayacaq. Təbii ki, bu saf düşüncələrə malik gənc yazıçının digər əsərləri də hər kəs üçün maraqlı olardı.
Avropaya inteqrasiya həvəsində olan cəmiyyətimiz onun yaxşı cəhətlərindən öncə neqativliyini mənimsəyir. Bəlkə də bunun öz fəlsəfi açımı, real anlamı var, lakin bu cəhət normal insanı, xüsusilə də qələm adamını düşündürməyə bilmir. Elxan Qaraqanın bütün bu hadisələrə interaktiv təsirini göstərə biləcək “A” romanı da elə bu qəbildəndir. Onun təbii olaraq gənclik enerjisi və potensialını nəzərə alaraq deyə bilərəm ki, Elxanın hadisələrə bu qədər çılğın yanaşmasını döyüşə toxtamış halda, bir qədər də səbrlə gedən igidlərdən fərqli olaraq, fədakar, nifrətini gizlədə bilməyən bir gənc bahadurun “ya zəfər, ya ölüm” şüarı aıtında düşmən üstünə atılmasına bənzətmək olar. Düşünürəm ki, müəllif bu əsərini qırx yaşından sonra yazsaydı, bəlkə də hadisələr bu qədər çılpaq olmazdı. Ona görə də, “hər şey zamanı çatarkən doğulanda gözəldir” deyiminə söykənərək “A” romanının da öz zamanında doğulduğuna şübhə etmirəm.
“A” romanı çağdaş romançılıqla səsləşməsi ilə yanaşı, romantizm dövrünün dastançılıq, nağılçılq əlamətlərini və ənənələrini də özündə əks etdirir ki, bunu alqışlamağa dəyər. Biz bunu Anarın Aysellə ilk qarşılaşmasında aydınca görürük. Bundan başqa Elxan əsərdə hadisələrin müxtəlifliyi, epizodların tez-tez dəyişməsi ilə, eləcə də ara-sıra müdriklərdən gələn didakdik deyimlərdən, ovqatı yüksəldən və hadisələrə birbaşa sirayət edən, komplementar lətifələrdən istifadə ilə oxucunu bütünlüklə ram edir. Eləcə də ayrı-ayrı bölümlərdə Elxan özünün fəlsəfə dəyirmanını da cəsarətlə işə salmağı bacarır. “Cücənin nağılı” bölümü bu dediyimə misaldır.
Əsərdə bütün personajların adları “a” hərfi ilə başlayır, hətta “HOST” cəmiyyətinin rəhbəri də sadəcə “A” adlanır. Müəllif “a” hərfinin anlamını müxtəlif yozumlarla açıqlasa da məncə bunu istənilən hərfə tətbiq etmək olar. Ona görə də bunu müəllif tərəfindən qeyri-adi bir seçim olaraq oxucunu tamamilə öz təsiri altına sala bilən, eləcə də əsərin nüvəsini təşkil edən bir üsul saymaq mümkündür.
Romanı oxuduqca məlum olur ki, meşşanlığa qarşı mübarizəyə qalxan HOST ictimaiyyəti saf yaşamağa, düzgün düşünməyə, sağlam həyata, sərhədsiz-filansız, bəşəri bir yaşama səsləyir. Təbii ki, bu Elxanın öz mövqeyi, həyata baxış prizmasıdır. Onun hər bir deyilən sözün, görülən işin bəşəri səviyyədə olmasının, bütövlükdə bəşərə xidmət etməsinin arzusuyla yaşadığı qənaətinə gəlmək olar.
Əsərin “Erməni” bölümünün xüsusi özəlliyi var. Burada Çingizin adının “a” hərfi ilə başlamaması oxucunun diqqətini çəkir (buna başqa bir epizoddakı Zahidi də misal çəkmək olar). Və bölümün sonunda məlum olur ki, əxlaqsız, amansız, yalnız özünü düşünən, özünü hamıdan artıq sayan, “burada mənəm, Bağdadda kor xəlifə” deyən bir millətin nümayəndəsinin adı əsərdə müqəddəsləşdirilmiş “a” hərfi ilə başlaya bilməz. Həmin bölümdə özünün Azərbaycan türkü olduğunu düşünərək erməni özbaşınalığına, amansızlığına nifrətlə yanaşan Qarabağ qaçqını Çingizin milliyətcə erməni, əsil adının isə “Vardan” olduğu bəlli olur. Çingizin öz həyatında baş vermiş anlaşılmazlıqdan çaşqın vəziyyətə düşməsi də maraqlı situasiyadır, düşünürəm ki, bu hadisənin təhlili ayrıca bir mövzudur. Onu da qeyd edim ki, həmin bölümdə Çingizin dediyi “Ey türk, kəndinə qayıt. Sən özünə qayıdanda güclü (əslində “böyük” E.C) olursan” deyiminin Göy Türk imperatoru Bilgə xaqana məxsusluğu qeyd edilsəydi, daha münasib olardı.
Elxanın hadisələrə ustalıqla yanaşması əsərin sonunda da aydınca görünür. Buradan məlum olur ki, bütün dünya ictimaiyyəti müəllifin sadaladığı eybəcərliklərlə çulğalanıb və bunu ölkə başçıları da gözəl bilirlər. Lakin başçılar dünyada aparıcılıq edən hegemon dövlətlərin “demokratiya” pərdəsi arxasında üfunət iyi verən siyasətindən ehtiyat edərək cəmiyyətin düzgün və yerli əhalinin mentalitetinə uyğun surətdə yönlənməsi üçün onlara gizlin təsir etmək məcburiyyətində qalıblar. Müəllifin bu fərdi mülahizəsi paradoksla reallıq arasında sıxılan fikirə bənzəyir.
Təəssüf ki, bir çox müəlliflərin əsərləri kimi, Elxan Qaraqanın “A” romanında da orfoqrafik xətalardan tutmuş, digər bədii və üslubi xətalara qədər çatışmamazlıqlar var. Lakin gənc yazıçının sərt duyğularımı oxşadığından, məndə gözəl təəssürat yaratdığından mövcud mənzərəni bu xırdalıqlarla korlamaq istəmirəm. Elxan bəyi ilk böyük uğuru münasibətilə təbrik edir və onun gələciyinə böyük ümidlə baxanlara qoşuluram.
21 sentyabr 2009-cu il
“525-ci qəzet”, 29 sentyabr 2009-cu il
YORUMLAR
Henüz yorum yapılmamış.