- 616 Okunma
- 0 Yorum
- 0 Beğeni
Bir tərlana iki şikar ar deyil
Elbəyi CƏLALOĞLU
Bir tərlana iki şikar ar deyil
Sazbənd Aşıq Kövrək Muradın dastanı
Yanvar ayının son günləri Bakıda yağan qar bir çoxları kimi məni də işdən-gücdən eləmişdi. İki gün kitab oxuyub, yazılarımla məşğul olduqdan sonra qarı ayaqlarım altında xışdıya-xışdıya Neftçilər metro-stansiyasına doğru yollandım. Orada şairlərin və aşıqların pənah gətirdiyi bir yer var: Aşıq Kövrək Muradın saz emalatxanası. Həmişə olduğu kimi bu dəfə də saz məni özünə çəkdi.
Mən emalatxanaya daxil olanda Aşıq Murad tək-tənha oturub saz bağlamaqla məşğul idi. Xeyli söhbətləşdikdən sonra, aranı xəlvət görüb qələmi çıxardım və qeyd dəftərçəmdə cızma-qaralar eləməyə başladım:
Aşıq Kövrək Murad 1952-ci il iyun ayının 7-də, anası Xeyransa xanım demişkən ot biçini vaxtı saz evi, söz beşiyi olan Borçalıda - Bolnisi rayonunun Aran Dəlləri kədində dünyaya göz açıb. Atası Əli kişi mənsub olduğu Hökmalılar nəslinin əksər başı papaqlıları kimi dülgərlik edərmiş. Əlindən gəlməyən, görə bilmədiyi bir iş yox imiş. Cüt düzəltmək, araba bağlamaq, qoşqu üçün boyunduruq yığmaq Əli kişinin sevimli sənəti imiş. O, bir sözlə işinin ağası imiş. 1995-ci ildə 80 yaşında rəhmətə geən Əli kişi ömrünün son günlərinə qədər sənətini davam etdirib, elin xeyrinə-şərinə yarayıb.
Atasının sənəti kiçik yaşlarından Muradı da özünə cəlb eləyib. O, atasının yanında püxtələşməyə başlayıb.
Qışa hazırlıq görüldüyü vaxt kənd əhalisi meşədən növbənöv ağaclar və ya odun-ocaq kəsib gətirərək evin dörd yanına yığarlarmış. Əli kişi isə dülgər olduğundan ağacların, odunların daha sağlamını, daha qəşəngini seçib bir yerə yığarmış, çünki bu ağaclar ona sənəti üçün də lazım ola bilərdi. Bir dəfə atasının gətirdiyi odunların arasında yaraşıqlı armud ağaclarını görən Murad onların ən hamarını seçib saz düzəltmək eşqinə düşür. Bu vaxt onun 10-12 yaşı olarmış. İşi pis də alınmır. O, atasının dülgərlik alətlərindən istifadə edərək düzəltdiyi sazın qoluna ipdən pərdələr düzür, sinəsinə də nazik məftillərdən simlər bağlayır. Beləliklə, öz uşaq ağlıyla guya saz düzəldibmiş. Bundan xoşlanan dostları Muraddan onlar üçün də saz düzəltməsini xahış edirlər. Atasından gizlicə armud ağaclarını əkişdirib dostları üçün də saz bağlayan balaca usta bu dəfə sazın pərdələrini nənəsinin gözünü güdüb cımbatdadığı mumlu cəhrə kirişlərindən bağlayır. Armud ağaclarının yoxa çıxdığını görən Əli kişi Muradı danlasa da, oğlunun əl işini gördükdə onun fərasətindən məmnun olduğundan çox dərinə getmir. Lakin ata qüruru onu oğlunu tənbehləməkdən geri durmağa yol verməyib. Hətta, nənəsi də cəhrə kirişlərini çırpışdırdığına görə süpürgənin sapağı ilə Muradın sırtına bir-ikisini ilişdiribmiş.
“Balaca aşıqlar” meşədə-çöldə quzu otara-otara sazlarını necə gəldi, dələn-tərsinə çalarlarmış. Murad isə ən çox Aşıq Ələsgərin “Çərşənbə günündə, çeşmə başında, Gözüm bir ala göz xanıma düşdü” sözlərini oxuyarmış. O vaxtdan Muradın körpə qəlbində aşıqlığın rüşeymləri baş qaldırıb...
1959-cu ildə Muradın yaxın qohumlarından biri oğluna toy edirmiş. O zaman onun 17 yaşı vardı. Bu toyda Qaratikənli Aşıq Novruz məclisə meydan oxuyurmuş. Onun zənguləsindən həvəsə gələn Muradın aşıq sənətinə marağı birə beş artır. Atasına bu istəyini deyəndə Əli kişi ona hələ gənc olduğunu xatırladır və onu ustad yanına qoyacağına söz verir. Murad atasından Aşıq Novruzun bu qədər gözəl çalıb-oxumasının səbəbini və onun ustadının olub-olmadığını soruşduqda Əli kişi belə cavab verir: “Oğlum, hər bir aşığın ustadı olmalıdır. Ustadsız aşıq çuxursuz su kimidir, ağzı haraya düşsə oraya da axacaq. Aşıq Novruzun da ustadı Xoylu Aşıq Hüseyn olub. Onun sənətinin səlisliyinin səbəbi elə budur”.
Aşıq Murad bir az düşündükdən sonra üzünü atasına tutub deyir: “Baba (Borçalılar ataya “baba” deyərək müraciət edirlər), mən də istərdim ki, Xoylu Aşıq Hüseynə qulluq edəm”. Əli kişi onun sözünə gülümsünsə də, bir söz deməyib. Ancaq heç ağlına da gəlməzdi ki, Muradın ustadı da Aşıq Hüseyn olacaq, özü də bu, Xoylu Aşıq Hüseyn yox, azman sənətkar Aşıq Hüseyn Saraçlı...
Əli kişi oğlunun saza olan marağını görüb Dəllərli Aşıq Əhədə ağız açdı. O da canla-başla Muradı şəyirdliyiə götürdü. Murad iki ilə Aşıq Əhədin yanında sənətə bir qədər yiyələnə bildi.
“Murad, səndən yaxşı aşıq olacaq”
Günlərin bir günü Muradın doğulduğu Dəllər kəndində yenə də toy məclisi qurulmuşdu. Məclisə azman sənətkar Aşıq Hüseyn Saraçlı dəvət olunmuşdu. Ustad bir neçə saz havasıyla zövqləri oxşayandan sonra çay içmək üçün əlini armudu stəkana uzatdı. Bu zaman gənc aşıq Murad ondan icazə alıb, sazını götürdü və bir hava çalıb oxudu. Aşıq Hüseynin ondan xoşu gəldi və - səndən nə durnaboğaz aşıq olar! – dedi. Muradsa “Ustad, məni şəyirdliyə götürərsinizmi?” deyəndə, Aşıq Hüseyn əlini bığına çəkib “gələrsən, götürərəm” dedi.
Toydan bir neçə gün sonra, el adətinə görə ağsaqqallar Aşıq Hüseyn Saraçlının yanına gedib onun rəsmi icazəsini aldılar. Beləliklə, Murad 1974-cü ildən başlayaraq beş il Aşıq Hüseynə şəyirdlik elədi. Bir yerdə məclislər keçirdilər, səfərlərdə oldular, bayram şənliklərində, konsertlərdə çıxışlar etdilər. Ustadı Muradı bir aşıq kimi çox bəyənirmiş.
Muradın ustadlı günlərindən xatirələri az deyil. Günlərin birində Təkəli kəndində məclis keçirirlərmiş. Aşıq Hüseyn üzünü tutub – durun, Sədi Ulaçlıyla oxuyun – deyir. Nədənsə, Sədi Ulaçlı bir az ləngiyir. Bu zaman Murad baməzəliyinə salıb üzünü ona tutaraq “sənin enliliyin varsa, mənim də uzunluğum var, səndən qorxmuram, dur oxuyaq” deyir. Aşıq Hüseynsə gülərək “Murad, səndən yaxşı aşıq olacaq” deyir...
Bir gün Aşıq Hüseyn öz evində çalıb-oxuyurmuş. Qapıya maşın gəldiyini duyduqda o, Murada gələnin kim olduğunu öyrənməsini tapşırır. Qapıya çıxan Murad yanında 14-15 yaşlı qız uşağı olan qonağı içəri dəvət etməli olur. Çay süfrəsi açılır, ustad bir-iki ağız da oxuduqdan sonra qonaq soruşur:
-Hüseyn əmi, heç demirsən “niyə gəlmisən?”
-Sənətkarın evinə gələrlər, buyur! – ustad belə cavab verir.
Qonaq isə gülümsünərək qızının yaxşı səsi və avazı olduğunu vurğulayıb, onu şəyirdliyə götürməsini ustaddan xahiş edir. Aşıq Hüseyn bir az düşünür, əlinin biriylə bığının bir tərəfini, o biriylə də o biri tərəfini ovuşdurdaqdan sonra qızın otaqdan çıxmasını istəyir. Uşaq çıxdıqdan sonra Aşıq Hüseyn üzünü qonağa tutaraq yenidən dillənir:
-Oğul, gələcəkdə bu qız ərə gedəcək, uşağa yatacaq. Biri də gəlib toya çağıranda deyəcəklər ki, uşağa yatıb, gələ bilmir. El arasında da yayılacaq ki, aşıq doğub. Ayə, aşıq da doğarmı?
Ustadın sözünü cavabsız qoyan qonaq məyus halda qızını da yanına alıb evdən çıxıb gedir.
Kövrək dubeyti
Aşıq Kövrək Muradın sözlərinə görə ustadı Aşıq Hüseyn sazın təmir işləri ilə də məşğul olurmuş. O, lazım olanda dostlarının sazına sinə salar, simləri kökləmək üçün aşıqlar düzəldər, simlər bağlayarmış. Aşıq Murad sazbəndliyi də ustadından mənimsəyib. O, şəyirdliyi dövründə beş telli cürə bağlayıb, onu ustadına göstərəndə Aşıq Hüseyn deyib:
-Bir tərlana iki şikar ar deyil. Oğul, həm aşıq olarsan, həm də sazbənd. Sən saz da bağla, özüm nəzarət edəcəm.
Aşıq Muradın şəyirdlik müddəti sona çatanda aşıqların adətinə görə, ustadı ona sazbənd Dünyamalıdan bir sədəfli saz alıb, yadigar olaraq bağışlayıbmış. Həmin sazı Aşıq Murad indi də göz bəbəyi kimi qoruyur.
Aşıq Murad bir el sənətkarı kimi saysız-hesabsız oğullar evləndirib, qızlar köçürüb. Məclislərdə “Əsli və Kərəm, “Abbas və Gülgəz”, “Leyli və Məcnun”, “Alıxan və Pəri” dastanları ilə yanaşı Aşıq Şenliyin “Səməd ağa” dastanını və Borçalı rəvayətlərini də danışar, xalqın folklorunu, mədəniyyətini seyrçilərinə yetərincə təlqin edərmiş. O, dastanları sadəcə danışmaqla kifayətlənməyib, hər dəfə epizodları özü yaşayıb, kövrələrmiş. “Aşıq Qərib və Şahsənəm” dastanında Qəribə, “Novruz və Qəndab”da Novruza dönər, onların çətin anlarını, dar məqamlarını danışdıqca gözünün yaşını saxlaya bilməzmiş. Elə ona görə də haqqında söhbət açdığım aşıq el arasında “Kövrək Murad” adıyla tanınıb. Hal-hazırda Bakıda yaşadığından Aşıq Kövrək Murad Borçalı məclislərinin xiffətini çəkir və bu nostalji hisslər tez-tez onu Borçalıya aparır.
“Sazı qazancım üçün yox, yaradıcılığım üçün bağlayıram” deyən aşığın karına yenə də sazbəndliyi gəlir. O, boş dura bilmədiyini, səhər saat 9-dan axşam saat 8-ə qədər emalatxanada çalışdığını deyir. Bir sazbənd kimi bir çox məşhur aşıqların sazlarını bağladığını deyən Aşıq Kövrək Muradın bir aşıq, beş sazbənd şəyirdi var.
İndiyə qədər ictimaiyyətə məlum olan səksəndən çox saz havasını mahir ifa etməklə yanaşı Aşıq Murad “Kövrək dubeyti” saz havasının da müəllifidir. Bu havanın haradan doğduğunu soruşanda aşıq belə cavab verdi:
-Uşaq vaxtlarımda anam Xeyransa xanım mənə saz qoşardı, məni əzizləyərdi, laylalar, bayatılar deyərdi. Onun dilində mənə ünvanlanan bu şirin zümzümə uşaqlıqdan birdəfəlik yaddaşıma həkk olundu. O, həmişə beynimdə əbədiyyət havası kimi çalınırdı, məni yaşadırdı. Zaman-zaman yaddaşımı silkələyən bu zümzümə günlərin birində beynimdən sazımın tellərinə süzüldü, uzun müddət sazı yerə qoymadım, havanı ifa edə-edə doluxsundum, kövrəldim. Elə buna görə də həmin havanın adını “Kövrək dubeyti” qoydum.
“Cavanlar sazı saz kimi çalmırlar”
Aşıq Kövrək Murad söhbət əsnasında çağdaş sənətkarların ifalarından giley-güzar elədi. O, cavanların çoxunun saz havalarının qol-qıçını sındırdığını, özlərindən lazımsız güllər əlavə etdiklərini vurğuladı: “cavanlar sazı saz kimi çalmırlar, Xalq Şairi Zəlimxan Yaqub demişkən xalları-gülləri bir-birindən öyümlü saz havalarımız var. Bəs, Dədə Əmrahın vurduğu xallar-güllər harda qaldı, heç onları dəyişmək olarmı? Mənə elə gəlir ki, indiki gənc aşıqlar bir dastan belə bilmirlər, sadəcə onlardan parçalar söyləməklə kifayətlənirlər. Oxuduqları Əmrah, Kamandar, Hüseyn, Xındı Məmməd, Əkbər, İmran, Azaflı kimi azmanların oxuduqlarının təkrarından başqa bir şey deyil. Yenilik edə bilmirlərsə, heç olmasa həmin havalar üstündə müasir, zamanla səsləşən şeirlər oxumaq olar”. Aşıq eyni zamanda bəyəndiyi bəzi gənc aşıqların da adlarını sadalamağı unutmadı: Cahangir, Ramin, Qələndər, Tərmeyxan, Əşrəf, Mayis, Təbriz və s. “Mən həqiqi aşıqları görmək istəyirəm” deyən ustad aşıq Hacı Bayramov, Nürəddin Qasımlı, Yaqub Şıxlı, Əli Quliyev, Aslan Qarayazılı, Cəlal İlməzli, Ziyəddin Keşəli, Məhəmməd Sadaxlı, Məsim Sadaxlı kimi aşıqların hərəsinin bir xəzinə olduğunu və onları televiziya məkanında, ekran-efir vasitəsilə seyr etmək arzusunda olduğunu dedi.
“Bəlkə dərdinə Zəlimxan Yaqub əlac eyləyə”
Aşıq Kövrək Murad ara-sıra qoşmalar yazıb, gəraylılar qoşmaqla sənətinə olan sədaqətini bu cür də ifadə edir. Onun hətta, yarızarafatla şair Səadət Butaya həsr etdiyi kiçik hekayəti də var:
Aşıq Kövrək Murad belə rəvayət edir ki, Səadət Buta Zabrat qəsəbəsində aldığı torpaq sahəsində ev tikmək üçün daş və qum alıbmış. Bir gün gəldi ki, ay Murad daşımı da, qumumu da oğurlayıblar. Dedim ki, ay Səadət bu soyuqlu havada kimdi sənin daşına-qumuna göz dikən. O isə elə iki ayağını bir başmağa qoyub dediyindən dönmədi. Üstəlik də əlavə etdi ki, dəllallar onun bir qədər pulunu götürüb yoxa çıxıblar. Düşündüm ki, deyilənləri gözlərimlə görsəm daha inandırıcı olar. Gedib nə görsəm yaxşıdır? Qumu külək sovurub, daşlar da çökəkdə olduğundan yağış suyu üstünü örtüb, ancaq üzərdə bir neçə daş görünür. O dəm kağız-qələmi götürüb yazdım:
Qumunu yellər apardı,
Daşını sellər apardı,
Pulunu kallar apardı,
Sənin ay Buta, ay Buta.
Daşların daş üstə qaldı,
Gözlərin yaş üstə qaldı,
İşlərin “baş üstə” qaldı,
Sənin ay Buta, ay Buta.
Səadət xanım dedi ki, indi mən neyləyim? Cavab verdim ki, get Xalq Şairi Zəlimxan Yaqubun yanına, bəlkə dərdinə əlac eyləyə:
Ağlayırsan yana-yana,
İndi yalvar Zəlimxana,
Əlin çatmaz heç divana,
Sənin ay Buta, ay Buta.
Yurdundan keçdim piyada,
Qəmləndim həddən ziyada.
Dərd oldu Kövrək Murada,
Dərdin ay Buta, ay Buta.
Bakı, 28 yanvar 2010-cu il
“Millətim” qəzeti, 11 fevral 2010-cu il
“Elimiz. Günümüz” qəzeti, yanvar 2011-ci il, № 01 (26)
YORUMLAR
Henüz yorum yapılmamış.