- 1059 Okunma
- 2 Yorum
- 0 Beğeni
İzmitdən nə gözüm doydu, nə də könlüm
Elbəyi Cəlaloğlu
İzmitdən nə gözüm doydu, nə də könlüm
Dalğalan, ey Türk bayrağı!
Bakının H. Əliyev adına hava limanından qalxan “Boinq” təyyarəsi bir andaca göylərin dərinliklərinə çatdi. Bütün ətraf-dağlar, dərələr, göllər və.s nə qədər maraqlı olsa da gözlədiyim an İstanbulu yuxarıdan seyr etmək idi. Bu da həm İstanbula olan doğmalıqdan, həm də İstanbula ilk səfərim olduğundan doğurdu. Göydə bir parça da bulud olmadığı halda təyyarə Qara dənizi keçib İstanbula yaxınlaşdıqca yerin üzünü buludlar tutmağa başladı. Bir anlıq kədərləndim və ürəyimdə buludlarla dalaşmağa başladım:
Çəkil görüm İstanbulu
Nədir paxıllığın, bulud?
Nədən tutursan gözümü
Belə yığın-yığın, bulud?
Dünyanın göbəyindəyəm
Şübhəmi var buna, bəyəm?
İllərlə həsrtindəyəm
Bu gözəl varlığın, bulud.
Sözləşmisiz, gözdən iraq?
Sən paxılsan, yoxsa uçaq?
Nə vaxtacan yarmayacaq,
Ürəyini dağın, bulud?
Üzün ağdı, için qara
Meyillisən böhtan, şərə
Qarğıyacam milyon kərə
Sınsın qol-budağın, bulud.
Elbəyini gördü gözün?
Nədir bu qəsdin-qərəzin?
Düz çəkmir sənin tərəzin
Haramdandı tağın, bulud.
Mən bu şeiri tamamlayanacan təyyarə artıq buludların arasına girmişdi. Nisgil buludları gözümdə kök sala bilməyib yavaş-yavaş yuxarıda qalmağa başladı. Artıq təyyarə Mərmərə dənizinin üstü ilə həsrətini çəkdiyim İstanbula doğru uçurdu. Şair olasan bu gözəllikdən ilhama gəlməyəsən:
Sıyrıldım boz buludlardan,
Endim, Mərmərə dənizi.
Sənə bir ürək sevgimi
Sundum, Mərmərə dənizi!
Göy Xəzərin sularından,
Kəpəzin dümağ qarından,
Bakının saf ilqarından,
Döndüm, Mərmərə dənizi!
Doğmadır İstanbul sənə,
Baş qoyub mərmər sinənə.
Sevdiyimi dönə-dönə,
Sandım, Mərmərə dənizi!
Koroğlu var qürurunda,
Mələklər uçur nurunda.
Duyğulandım sehirində,
Dindim, Mərmərə dənizi!
Olsan Elbəyinin yarı,
Qara dəniz coşar, barı!
Bir də gördün səndən ayrı,
Yandım, Mərmərə dənizi!
Təyyarə Mərmərə dənizinin üstü ilə İstanbula yaxınlaşdıqca ürəyimdə bir həsrət artmaqda idi, bu İstanbulu daha tez görmək istəyindən doğan həsrət idi, gözlərimdə isə yeni bir həyat görünürdü, bu həyat İstanbul ritmlərilə döyünən bir qəlbin bir Türk kişisinə bəxş elədiyi həyat qədər gözəl idi. Bu anda xəyalıma Türk dünyası haqqında olan yazılar qonur. Haradansa oxumuşdum ki, dünyada iki yüz milliyon insan Türkcə danışır, bu da iki yüz milliyon Türkün mövcudluğu deməkdir. Bu say etibarilə çinlilərdən, ingilislərdən, ispanlardan və ərəblərdən sonra beşinci yerdə durur. Nə möhtəşəm?! Amma, mən bunun sayca birinci olacağına da inanıram, çünki, axı iyirmi birinci əsrə Türk əsri demişlər. Zamanın çox kiçik dəqiqələri düşüncələrimdə uzun zaman ölçüləri ilə əvəz olunsa da çox şükürlər olsun böyük Allaha, axır ki, mən bu sevgiyə qovuşdum.
Sanki dünyanın ən müqəddəs havasını udur və ən müqəddəs torpağında addımlayırdım. Düşünürdüm ki, burada heç ölüm də adamın yaxasından tuta bilməz. İstanbulu görməmiş yazdığım şerlərim düşürdü yadıma:
Gözəldir Türk elləri, bir-birindən hər biri,
Mən qanımla yazmağa hazıram belə şeiri.
Gen açmışam qolumu, Ərzuruma, Qazağa,
Canım qədər bağlıyam Kıprıza, Qarabağa.
Kərkükdə məhəbbətim, Mərənddə sevgimə bax,
İzmirdə istəyimə, Gəncədə eşqimə bax!
Astana da gözəldir Bişkek, Səmərqənd kimi,
İstanbul nə doğmadır doğulduğum kənd kimi.
Bəzz sinəmdə qürurum, Şuşa saflığa yolum,
Göyçay, Ərdəbil, Bursa dağları yaran qolum.
Ordubad, Zəncan, Şəki içimdə qaynar qanım,
Urmiya, Qars, Masallı - cənnətdi hər məkanım.
Gözəlliklər məskəni Bakı, Ankara, Təbriz,
Antalya, Xoy, Yardımlı göylər kimi tər-təmiz.
Qarayazı gül üzüm, Başkeçıd başım tacı,
Borçalı min dərdimin yeganə şah əlacı.
Gözəldir Türk elləri, misli yox bu sevgimin,
Gözəldir Türk elləri, türklər olsunlar əmin.
Gözəldir Türk elləri - ən müqəddəs and yerim,
Odur qazancım, varım, zəhmətim, alın tərim.
Səfərimiz İzmit şəhərinə idi. Kocaeli Azərbaycan evi mədəniyyət dərnəyinin təşəbbüsü ilə İzmitdə keçiriləcək Türkiyə və Azərbaycan türk dövlətlərinin dostluğuna həsr olunmuş iki günlük gecəyə adı çəkilən dərnəkdən dəvət almışdıq. Atatürk adına havalimanında məni və təyyarədən enəndən sonra tanış olduğum müğənni Mətanət Salamqızını İzmit şəhərində fəaliyyət göstərən Kocaeli Azərbaycan evi Dərnəyinin Yönətim Qurulunun üzvləri qarşıladılar: Körfəz Qızılay Dərnəyinin Başqanı Vahid Korkmaz və dərnəyin yönətim qurulunun digər üzvü Tükazban Ayazoğlu. Bizi həsrət-həsrət ağuşuna alan avtomobil İzmitə tərəf şütüməyə başladı.Yollar boyu dağların döşlərində, tikililərin zirvəsində qürurla dalğalanan ay-ulduzlu qırmızı möhtəşəm bayraqlar Türkün yenılməzliyindən xəbər verirdi. Evlərin pəncərələrində sayrışan kiçik həcmli bayraqlar isə sanki, böyük bayraqların səsinə səs verirdi. Bu ab-havadan dünyanın ən gözəl nəğməsini eşitmək istəyirdim. İçimdən gələn, səsini eşitmdəyim, ucu hisslərimin kökünə bağlanan hansısa bir musiqi məni dingildədirdi. Özümdən asılı olmayaraq o tərəf, bu tərəfə yırğalanmaya başladım. Bu ruhumun Tanrı səsləriydi. Bu bir sevgi qonaqlığı, bir məhəbbət ziyafəti idi. 1992-ci ildə yazdığım “Dalğalan, ey Türk bayrağı!” şeirini, sanki, bu gün üçün yazmışdım:
Qürurumun fatehisən,
Dalğalan, ey Türk bayrağı!
Turanın mehidir əsən,
Dalğalan, ey Türk bayrağı!
Odun şöhrət, alovun şan,
Əsirgəməm yolunda can.
Nərə çəksin Azərbaycan,
Dalğalan, ey Türk bayrağı!
Bishkek tuş gəlsin namərdə,
Kərkük, Mərənd bir hünərdə.
Borçalıda tüm əllərdə
Dalğalan, ey Türk bayrağı!
Köhlənim Cıdır düzündə,
Qeyrət xan Eyvaz dizində,
Durna teli əvəzində
Dalğalan, ey Türk bayrağı!
Elbəyi, atlan de hoydu,
Qoy desinlər dəlisoydu.
Nə göz, nə də könül doydu
Dalğalan, ey Türk bayrağı!
Bu duyğular altında başqa bir şerim düşdü yadıma. Yeri gəlmişkən bu şeirlərin hər ikisini 2006-cı ilin Oktyabr ayında, yəni təxminən ay yarım öncə, heç Türkiyəyə dəvət alacağımı gözləmədən yazmışdım. Türk ellərini qarış-qarış gəzən ayaqlarım sanki bu göstərilərlə düşüncəmə şeirlərimin qonararını ödəyirdi:
Vücudumda türk təpəri,
Harayımda türk səsi var.
Gözümün atəş baxışı,
İçimin od nəfəsi var.
Hər dəfə alanda nəfəs,
Ürək “Türk, Türk” deyir.
Arzum inadla şütüyür,
Dilək “Türk, Türk” deyir.
Məhəbbətim ömür boyu
Sığmayıb öz məcrasına,
Bax qürürumda gizlənən
Şiş qayalar sırasına.
Bu qüruru dəyişmərəm
Dünyanın heç qüruruna,
Mən öləndə deyəcəklər, -
Bir Türk ömrü çatıb sona.
Büdrəsə türkün ayağı
Göyə çıxar “ax”ım, “of”um.
Qüdrətim dünya boydadır
Yalnız Tanrıdandı xofum.
Borçalı yad əlindədi,
Qarabağa qar düşübdü,
Kıprızın çıçəklərinə
Nədən belə xar düşübdü?
Oda çatıldı İrəvan,
Göyçənin külü qalmadı.
Uçub getdi bülbülləri,
Çiçəyi, gülü qalmadı.
Siğişmaram yerə, göyə,
Neçəki, torpaqlarımı
Tapdayır düşmən ayağı.
Dizlərimə döyə-döyə
Tökəcəm yarpaqlarımı.
Dalğalansın Türk bayrağı
Hər bir yarpağın yerində!
Hər ağacın zirvəsində,
Yrəyimdə lap dərində.
Başda tacın zirvəsində,
Qayaların sərt ucunda,
Uca dağlar salqarında,
Çayların zümzüməsində,
Dəryaların vüqarında,
Dalğalansın Türk bayrağı!
Bəzək verməz dörd yanıma
Çəksən min cürə boyağı.
Öləndə qəbrim üstə də
Dalğalansın Türk bayrağı!
Nəhayət, İzmit şəhəri
Bu şəhərin də Türk dünyasına məxsus olan öz gözəlliyi var. Sakinləri səmimi, mədəni, hörmətcil olan bu şəhərin mehribançılığı o saat diqqəti çəkir. Elə bil hər kəs dilinə qənd bağlayıb. Küçələri çox dar olan bu şəhərə səmimiyyət döşəınib, sevgi leysanında qərq olub. Hamı bir-birinə yardımçı olmağa çalışır, üzlərdə daim nəvaziş əks olunur. Hər bir xırda sorunun və ya əltutmanın önündə çox böyük təşəkkür dayanır və ən xırda yanlışlıqdan sonra isə dönə-dönə üzr dilənir – bu, insanın böyüklüyü deyilmi?! Adam lap həsəd aparır. Onu da deyim ki, çox yaxın keçmişdə baş vermiş arzuolunmaz dəprəmdən sonra tikilən binaların əksəriyyəti 3 və ya 4 mərtəbəlidir. Sakinlərin dediyinə görə bu binaların möhkəmliyinə və davamlılığına heç şübhə yoxdur. Diqqətimi biraz sürücülər çəkdi. Bir sürücü o birini başa düşməyə və imkan dairəsində ona yol verməyə çalışar – bu, boyük ədəb hesab olunur. Bundan başqa avtomobillərdən yerli-yersiz səs siqnalları verilməz, kim səhv edərsə dönüb üzr istəyər, Yol polislərinin işi, ancaq, yolu tənzimləməkdən və sürücülərə yardımçı olmaqdan ibarətdir.
Noyabrın 24-ü Türkiyədə öyrətmənlər (müəllimlər) günü kimi qeyd olunur. Şəhərdə əməlli-başlı bayram ab-havası var idi (bizdən fərqli olaraq). Körfəz öyrətmən evində təşkil olunmuş bayram şənliyinə bizi də dəvət etmişdilər. Bu gecədə öyrətmənlərin şərəfinə konsert və ziyafət verildi. Yerli Türk sənətçilərini dinlədik. Ozanların bir-birinin ardınca çıxışları daha çox zövqümü oxşadi. Bizdəki haylı-küylü çıxışlardan fərqli olaraq Türkiyə Ozanları pəsdə oxuyurlar və gecənin iştirakçıları da kütləvi olaraq Ozanla bir yerdə mahnıları oxuyurlar. İştirakçıların bundan zövq aldıqları o an sezilir. Məncə bu insanların yekdil olmalarının təzahürüdür. Yeri gəlmişkən Mətanət Salamqızı da öz şux mahnılarilə müəllimlərə şən əhval-ruhiyyə bəxş etdi.
Bəli, bu da Kocaeli Azərbaycan evi mədəniyyət dərnəyi. Dərnəyin başqanı əvvəllər kollecdə iqtisadiyyat üzrə uzun müddətli müəllim işləmiş, indi isə təqaüdçü müəllim Bilal Dündar bizi çoxdan yolumuzu gözləyirmiş kimi bir həsrətliklə əllərimizi sıxır və bağrına basır. Bu sevgilərdən, bu istiliklərdən sonra adam, ancaq, bütün bunlara layiq olmaq haqqında düşünür.
Axşam üstü isə digər qonaqlar gəlib çatdılar: şair Sərvər Məsum, solist İntiqam Kərimov və Ziyafət Yaqubova öz çalğıçı müşayətçi dəstələrilə ( İlqar, Kənan və Elçin). Axşam Azərbaycanlı qonaqların şərəfinə ziyafət verildi. Ziyafətdə İzmit şəhəri Bəkirpaşa bələdiyyə başqanı Abdullah Göktürk, Bəkirpaşa Bələdiyyə Başqanı Yaqrdımçısı (Vəkili) İbrahim Alp, Gölcük Bələdiyyəsinin Başqanı Mehmet Əllibeş, İzmit II Kültür-Turizm Müdiri Adnan Zamburkan, Kocaeli Azərbaycan evi Dərnəyinin yönətim qurulunun üzvü və Qızılay Dərnəyinin Başqanı Vahid Korkmaz, dərnəyin yönətim qurulunun digər üzvü Tükazban Ayazoğlu, eləcə də başqa vəzifəli şəxslər iştirakçı oldular. Açılışı dərnəyin rəhbəri Bilal Dündar edərək qonaqları salamladı, öz hörmət və ehtiramını bildirərək, ayrı-ayrı şəxslərə də çıxış üçün söz verdi. Çıxışçılar Azərbaycandan gələn müğənni və qonaqları salamladılar.
Noyabr ayının 25 və 26-da adı çəkilən dərnəyin təşkil elədiyi gecə Sabançı Kültür Mərkəzində istirakçıların sürəkli alqışları ilə başladı. Gecəni dərnəyin başqanı Bilal Dündar açdı. O, çıxışına Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” kəlmələri ilə başlayaraq iki qardaş dövlət arasında sosiyal, ticari və mədəni əlaqələrin gəlişməsinin daha da sürətlənməsinin labüdlüyünü vurğuladı. İlk gecədə növbəti çıxışı iki qardaş dövlət arasında olan problemlərə toxunan İstanbuldakı Azərbaycanın baş konsulu Səyyad Salahlı etdi. Eləcə də gecəyə konsul Pərviz Məmmədzadə, Saraybahçe Bələdiyyə Başkanı Halil Vehbi Yenice, Bekirpaşa Bələdiyyə Başqanı Vəkili İbrahim Alp, II Turizm Müdiri Adnan Zamburkan, DYP II Başkanı Ersin Soykan, DYP Mərkəz İlçə Başkanı Engin Kayalı, DYP Körfəz İlçə Başkanı Orhan Bozkurt, İzmit Türk Ocağı Başkanı Süleyman Seyhan və bir çox başqa qonaqlar dəvət olundu.
İlkin olaraq konsertdə Mətanət Salamqızı öz coşdurucu ifası ilə qonaqların gurultulu alqışlarını qazandı. Novbəti çıxış bəndənizin - bu sətirlərin müəllifinin oldu. Şair Sərvər Məsum öz son şeirləri ilə çıxış etdi. Müğənni Ziyafət Yaqubova sehirkar nəğmələrilə sanki hər kəsi ovsunlamışdı. İntiqam Kərimovun mahnıları qəlbləri oxşamışdı...
Xüsusi bir gözəlliyə malik olan İzmit gözəllərinin sevgi dəryasında qərq olmuş bir şairin onları vəsf eləməmsi azından günah olardı. Odur ki, durna yerişli, ceyran baxışlı, kəklik gülüşlü, çöhrəsinə ilk bahar qonmuş Türk gözəlinə:
Ayaq saxla, asta yeri,
İzmit qizi, Türk gözəli!
Sən mələksən, yoxsa, huri?
İzmit qizi, Türk gözəli!
Tanridir rəssamın sənin,
Sahibi şah düşüncənin,
Fərqindəyəm bir busənin,
İzmit qizi, Türk gözəli!
Sevgini qoyub gözümdə,
Şeytanmı gördün üzümdə?
Kəc baxırsan bu düzümdə,
İzmit qizi, Türk gözəli!
Sən Tomris kimi məğrursan,
Həcər, Nigar tək cəsursan,
Dayan hara tələsirsən?
İzmit qizi, Türk gözəli!
Davranışla bu qəmzəli,
Elbəyini etdin dəli.
Sən dünyanın tək gözəli,
İzmit qizi, Türk gözəli!
Beləliklə ürəkləri bir anlıq da olsa qəm-qüssədən ayırdiqdan, tamaşaçıları xəyalən Azərbaycan göylərində uçurduqdan sonra noyabr ayının 29-da hamıdan tam razılıqla geriyə döndük. Yola salma mərasimində bizi dəvət edən, yuxarıda adı çəkilən dərnəyin başqanı Bilal Dündar son olaraq öz ürək sözlərini söyləyərək yüksək hörmət və sayqılarını göstərdi və Türkiyə, Azərbaycan Cümhuriyyətlərinin dostluğuna həsr olunmuş bu cür gecələrin təkrar-təkrar keçiriləcəyini dedi. O, eləcə də bütün Azərbaycana salamlarını və sevgilərini çatdırmağı xahiş etdi. Bu hədsiz-hüdudsuz sevgilərdən və bənzərsiz gözəlliklərdən ayrılmaq nə qədər çətin olsa da hökm zamanındır. İzmitdən İstanbula qədər yol boyu Vahid bəylə etdiyimiz söhbət ən çox yadda qalanlardan oldu. Mən ümumdünya Türkçülük bayramının olmadığını deyəndə, o bunun mövcudluğunu təsdiq etdi və bildirdi ki, hər il may ayının 3-ü Türkçülük bayramıdır. Bu tarix Alp Arslan Türkeşin 3 may 1945-ci il azadlığa buraxıldığı gündən götürülür. Bütün bu söhbətlərdən sonra mən ona öz təşəkkürümü bildirəndə o, təvazökarlığını belə ifadə elədi:
Könül nə çay istər, nə də çayxana,
Könül söhbət istər, çay bir bəhanə.
Gözlərimiz dola-dola Atatürk adına Havalimanından bizi adı çəkilən dərnəyin yönətim qurulunun üzvləri Vahid Korkmaz və Tükazban Ayazoğlu yola saldılar.
Mən də öz adımdan və Azərbaycan Cümhuriyyətindən Türkiyə Cümhuriyyətinin İzmit şəhərinə dəvət alan şəxslər adından Kocaeli Azərbaycan evi Dərnəyinin Başqanı Bilal Dündara, Dərnəyin Yönətim Qurulunun üzvlərinə, Dərnəyin digər üzvlərinə, eləcə də yuxarıda adları çəkilən, bizə hörmət və izzətini göstərmiş hər kəsə dərin təşəkkürlərimi bildirirəm.
Türkiyə və Azərbaycan Cümhuriyyətləri qardaşlığı və dostluğunun daha da möhkəmlənməsi arzusu ilə...
Bakı – İstanbul – İzmit – Bakı, 22-29 noyabr 2006-cı il.