- 625 Okunma
- 1 Yorum
- 0 Beğeni
Coşdu ilhamından saz, Camal dədə
Elbəyi CƏLALOĞLU
Coşdu ilhamından saz, Camal dədə
Fəlsəfə elmləri doktoru, professor Camal Mustafayevə məktub
Hörmətli Camal müəllim, bu gün siz ulu Tanrının bəxş etdiyi şərəfli bir ziyalı həyatının 81-ci baharında ömrünüzün ustadlıq, aqillik və müdriklik çağını yaşayırsınız. Belə bir şərəfli ömür yolu keçmək yalnız aqil insanlara məxsusdur. Şükürlər olsun ki, dəyərli və vətənpərvər ziyalılara ehtiyac duyduğumuz bir vaxtda böyük Allah bunu sizə nəsib etdi. Heç şübhəsiz, yüzlərlə insanın mükəmməl ziyalı kimi yetişməsində rolunuz və gərgin əməyiniz danılmazdır. Azərbaycanın müxtəlif bölgələrindəki mənəvi övladlarınız sizin haqqınızda ağız dolusu danışır, sizinlə qürur duyur və sizə layiq olmağa çalışırlar. Bakı Dövlət Universitetində dərs dediyiniz tələbələrlə müəllim-tələbə yox, ata-övlad münasibətləri qurdunuz və özünüzün insani düşüncələrinizi, fəlsəfi fikirlərinizi, elmi mülahizələrinizi tələbələrinizin iliyinə, damarına, qanına hopdurdunuz. Hər kəsə can yanğısı ilə yanaşdınız, xeyirxah və alicənab oldunuz, tələbələrinizə əsil insanlığın sirlərini öyrədərək şəxsiyyət kimi yetişmələrində məsuliyyəti üstünüzə götürməklə özünüzdə cəsarət tapdınız. Hətta, özünüzə ğüclə yetən maaşınızı da “təki onlar çətinlik görməsinlər” deyib tələbələrinizin ciblərinə qoymaqdan çəkinmirdiniz. Məncə, belə düşüncələrlə yaşamaq əsl modern dərvişlik həyatı sürməkdir.
Azərbaycan elmindəki əməyiniz də hər kəsə bəllidir. Siz bu günümüzün öyrənilməsi üçün əvvəlcə keçmişimizi bilməyimizi vacib saydınız. Ona ğörə də, XII əsr Azərbaycan düşüncəsini yenidən işıqlandırmaq qərarına gəldiniz və orta əsrlər Azərbaycan fəlsəfəsi üzərində çalışmalara baş vurdunuz, elmi açıqlamalar verdiniz və bu ətrafda hökm sürən qaranlıqlara işıq saldınız. Eləcə də, dahi Nizami Gəncəvi haqqında yeni fikirlər deyərək, onun əsərlərindəki fəlsəfi mövqeləri açıqladınız. Bir tədqiqatçı kimi Azərbaycan şeirinin inciləklərinə vardınız, onun keçmişi, bu günü və gələcəyi haqqında öz fikir və mülahizələrinizi yürütdünüz. Türkün ilk musiqi aləti, ruhları oxşayan, dərvişlərlə haqq yolçusu, Dədə Qorqud və qədim qamlar yadigarı olan sazımız haqqında da fikirlərinizi dediniz və onu müqəddəs bilib, sevməyi hər kəsə tövsiyə etdiniz. Siz bütün həyatınız boyu halal zəhmətinizlə əsl vətən oğlu, millətin və xalqın dəyərli ziyalısı olduğunuzu sübut etdiniz. Sizin simanızda möhtəşəm bir türk, saf bir bəşər övladını görürəm. Hər dəfə sizin görüşünüzə gələndə, Əhməd Yəsəvini, Hacı Bektaş Vəlini, Xoca Bəahəddin Nəqşbəndini, Bəlim Sultanı, Mövlana Cəlaləddin Rumini, Şəms Təbrizini ziyarət etdiyimi sanıram.
Hörmətli Camal müəllim, qəlbinizdə adını uca tutduğunuz Tanrıdan sizə ağrısız-acısız Ələsgər ömrü arzulayıram!
CAMAL DƏDƏ
Pr. Camal Mustafayevin 80 illik yubileyi münasibətilə
Bağçaya boylandın, bağlara qondun,
Eylədi çiçəklər naz, Camal Dədə.
Gün kimi parladın, Ay kimi doğdun,
Tələsdi ömrümə yaz, Camal Dədə.
Laylama vuruldun, dilimi sevdin,
Bayatı söylədin, elimi sevdin,
Pəsimi oxşadın, zilimi sevdin,
Coşdu ilhamından saz, Camal Dədə.
Qəlbinə sarmanıb Qorqudun ruhu,
Özünsən Tanrının adəmi, nuhu,
İtən torpaqlardan gələn günahı,
Yaz mənim boynuma, yaz Camal Dədə.
Ey bizim çağların Xan Bayanduru!
Seyhunu, Fəratı, İtili, Kürü.
Türkün qanı kimi şəffaf, pak, duru,
Oğuz, Qıpçaq, Xəzər, Uz Camal Dədə.
Borçalı elinə quruldu tələ,
Bağlandı belinə dərd şələ-şələ.
Əritmir qarını dağların hələ,
Sırsıra bağlayıb buz, Camal Dədə.
Türkün nüvəsidi Borçalı türkü,
Əritmədi onu nə od, nə bürkü,
Hopmadı canına alman, rus, gürcü,
Əlləşdi vuruşdu yüz, Camal Dədə.
Qoy öpüm əlini şərəfdir mənə,
Əsrlər ötsə də dədəmsən yenə,
Elbəyi vicdanlı əsgərdir sənə,
Tez göndər əmrini, tez, Camal Dədə.
Bakı şəhəri 14.04.2008
“Şərq” qəzeti, 24 oktyabr 2008-ci il