- 636 Okunma
- 0 Yorum
- 0 Beğeni
“Ölüm taciri”nin bir əsrlik qalmaqalı
Elbəyi CƏLALOĞLU
“Ölüm taciri”nin bir əsrlik qalmaqalı
Vilayət Quliyevin “Ədəbiyyatda Nobel mükafatı laureatları” kitabı barədə təəsüratlar
Bu yaxınlarda dostum Rüstəm Kamal mənə Vilayət Quliyevin Bakı Slavyan Universiteti Elmi Şurasının qərarı ilə universitetin “Kitab aləmi” Nəşriyyat-Poliqrafiya Mərkəzində təzəcə çapdan çıxmış “Ədəbiyyatda Nobel mükafatı laureatları” adlı kitabını bağışladı. Kitabın elmi redaktoru adını çəkdiyim universitetin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdulladır.
“Ədəbiyyatda Nobel mükafatı laureatları”nın xüsusi zövqlə tərtib olunmuş dizaynı, adı və müəllifi istər-istəməz oxucunu cəlb edir. Vilayət Quliyevin imzası Azərbaycan oxucusuna çoxdan tanışdır. O, vətənpərvər insan, gözəl ədəbiyyatçı və istedadlı qələm adamı kimi Azərbaycan tarixinə və mədəniyyətinə sıx tellərlə bağlı olmaqla yanaşı, dünya ədəbiyyatı nümunələrinə də yaxından bələddir. Vilayət müəllimin bu üstün keyfiyyətləri onun bugünədək nəşr olunmuş 15-dən çox müxtəlif kitablarında aydınca görünür.
Vilayət Quliyevin “Ədəbiyyatda Nobel mükafatı laureatları” kitabına təkcə ədəbiyyat nobelçilərinin bioqrafiyası nöqteyi-nəzərindən baxmaq düzgün olmazdı. Əsərdə, eyni zamanda, Nobel mükafatının kölgəsində dövlətlər və millətlər arasında gedən siyasi polemikalar da diqqəti cəlb edir. Bu kitabda ədəbiyyatla siyasətin qarşıdurması və sonda mükafatın kimə təqdim olunmasından asılı olmayaraq birincinin qələbəsi aydınca sezilir. Görünür, sağlam fikir, saf düşüncə bütün zamanlarda və hər yerdə öz qüdrətini saxlaya bilir.
Bu əsər həm də bir əsrlik tarixi özündə yaşadan bitkin bir ədəbiyyat nümunəsidir. Sözügedən kitabda müəllif 1901-ci ildən 2008-ci ilə qədər olan 105 Nobel mükafatçısı olan yazıçıların bioqrafiyasını verir. Vilayət müəllim haqlı olaraq, kitabın ön səhifələrində oxucusunu Alfred Nobel haqqında məlumatlandırır və onun həyatı, şəxsiyyəti, gördüyü işlərə dair fikirlərini bölüşür. O, eyni zamanda, Alfredin fitri istedadı, ideyasını həyata keçirmək qabiliyyəti, çalışqanlığı və qarşısına çıxan baryerləri asanlıqla aşa bilmə bacarığından geniş söhbət açır. Təbii ki, böyük qələbənin özülünü sadaladığım əlamətlər təşkil edir.
Fikrimcə, Alfred Nobelin istedadlı insan kimi zövqləri oxşayan tərəfləri çoxuydusa, eqoistliyi də yox deyildi. Məsələn, Alfredin bütün riyaziyyatçıları məşhur rus riyaziyyatçısı Sofya Kovalevskayanın eşqinin qurbanına çevirərək yeni təsis etdiyi mükafatdan məhrum etməsi, eynilə də musiqiçiləri pianoçu qonşusunun hay-küyünün qurbanına çevirməsi (bu fikir şaiyə də ola bilər) kimi əlamətləri idi. Bütöv bir elmi fərdin ayağına verməsi bəlkə də Alfred Nobelin inadkarlığının təzahürü idi.
Məlum olduğu kimi Alfred Nobel bütün var-dövlətini özünün texniki kəşfləri sayəsində qazanmışdı. Bir vaxtlar Paris mətbuatının “ölüm taciri” adlandırdığı Alfred dağıdıcı gücə malik partlayıcı maddə olan dinamitin istehsalına görə ad qazanmışdı. Dinamitdən həm hərb sənayesində, həm də tikintidə - yolların salınması, körpülərin tikilməsində geniş istifadə olundu və bu yeni kəşf öz ixtiraçısına əvəzsiz sərvət qazandırdı.
Vilayət Quliyev əsərində A.Nobelin həm də xeyirxah adam olduğunu diqqətə yetirirərək işçilərinə və yaxınlarına təmənnasız yardımlar etməsindən də söhbət açır.
Alfred Azərbaycanda olmasa da onun mükafat fondunun təxminən 12 faizini Nobel qardaşlarının Bakıdakı müştərək şirkətindən gələn gəlir təşkil etmişdi. 1873-cü ildə Bakı neftinin gələcəyini görüb, fəaliyyətinin əsas hissəsini Peterbruqdan Bakıya köçürən onun qardaşı Lüdviq Nobel olmuşdur. Yeri gəlmişkən, müəllifin də qeyd etdiyi kimi, 1905-1907-ci illərdə ermənilərin Bakıda törətdikləri qırğınlar “Nobel qardaşları” şirkətinə də böyük ziyan vurmuşdur. Çar Rusiyasının süqutu ilə Peterburq və Bakıdakı Nobel səltənəti dağılmağa məruz qalmışdı.
Qeyd edək ki, yeni ədəbi mükafatın ilk laureatı fransız şairi Sülli-Prüdom olmuşdur və bu mükafat bəzən haqlı, bəzən də siyasi ambisiyalara xidmət edirdi. Məsələn, Stalin kimi diktatoru müdafiə edən bir sıra müəlliflərin bu mükafata layiq görülməsinə heç nə mane olmamışdı. 1989-cu ildə Hindistan əsilli ingilis yazıçısı Salman Rüşdünün “Şeytan ayələri” kitabının Nobel mükafatına layiq görülməsi təklifi də maraqlıdır. Həmin əsərdə islam müqəddəslərinə, xüsusilə də Məhəmməd peyğəmbərə ünvanlanmış təhqirlərə görə İranın dini lideri Ayətullah Xomeyni yazıçının qətli ilə bağlı fitva verəndən sonra Akademiyanın bir sıra üzvləri müsəlmanların acığına mükafatın Rüşdüyə verilməsində israrlı idilər. Lakin əksəriyyətin bunun müsəlmanlarla xristianlar arasında ziddiyətə gətirəcəyini anladıqlarından emossional qərardan çəkindilər.
İlk türk nobelçisi, yazıçı Orxan Pamukun da seçimində siyasi motivlər iddia olunur. Yeganə türk nobelçisi haqqında söz açan müəllif Pamukun Türkiyənin milli maraqlarına arxa çevirməklə mükafat almaqda təqsirləndirildiyini qeyd edir. Yeri gəlmişkən, 2005-ci ildə Orxan Pamukun İsveçrədə çıxan “Daş maqazin” jurnalına verdiyi müsahibəsinə görə, Türkiyə məhkəməsi onun barəsində “türklüyə həqarət” ittihamı ilə iş qaldırmışdı, lakin Türkiyə Ədliyyə Nazirliyinin müvafiq razılığı olmadığından məhkəmə prosesi yarımçıq qaldı.
Eləcə də bir çox Avropa və rus ədəbiyyatı ilə bağlı mükafatların təyin edilməsində də siyasi amillər açıq görünür. Vilayət Quliyev haqlı olaraq qeyd edir ki, italyan səhnə ustası Dorio Fonun “orta əsr təlxəklərinin irsinə sahib çıxaraq hakimiyyəti və nüfuzlu şəxsləri tənqid etdiyinə, zülmə məruz qalanların haqlarını qoruduğuna görə” Nobelə layiq görülməsi də (1997) bu mükafatın nüfuzuna xələl gətirən qərar kimi dəyərləndirilmişdi.
Maraqlıdır, ona bu dəyəri yazıçı kütləsinin hansı pleyadası vermişdir və qəribə burasıdır ki, zülmə məruz qalanların haqlarını qorumaq nə vaxtdan tənqid atəşinə tutulmağa başlayıb? İtalyan satirik yazıçısı, dramaturq, rejissor-aktyor, bəstəkar və səhnə ifaçısı Dario Fonun Nobel qalmaqalı ayrıca bir mövzudur.
Bunlarla yanaşı Nobel mükafatından imtina edənlər də olmuşdur. Buna ilk təşəbbüs göstərən İsveç Akademiyasının 1925-ci ilin laureatı elan etdiyi Bernard Şou olmuşdur. O, əvvəlcə Nobelin alicənab təşəbbüsü ilə bağlı istehzalı çıxış edərək imtina etsə də, yalnız xanımının israrlı təkidlərindən sonra mükafatı qəbul etmişdir. Şounun xanımı ona həmin mükafatın İrlandiyanın nailiyyəti olduğunu təlqin etmişdir. Xanımının təkidilə fikrindən dönən Bernard Şou diplomu və “Qızıl medal”ı götürmüş, pulu isə bütünlüklə İsveç ədəbiyyatının ingilis dilinə tərcüməsi üçün xüsusi fond yaradılmasına ayırmışdı. 1958-ci ildə də Sovet rejiminin təzyiqi ilə Boris Pasternak bu mükafatdan tamamilə imtina etmişdi. Fransız yazıçısı, filosof Jan-Pol Sartr isə bu addımı 1964-cü ildə könüllü atmışdır. O, istənilən təltif və fərqləndirmənin yazıçı sərbəstliyini məhdudlaşdırdığını önə çəkmişdir.
Vilayət müəllimin açıqlamalarından aydın olur ki, Nobel mükafatının qaliblərinin seçilməsi son zamanlar dəb halını almış SMS-lər vasitəsilə musabiqə iştirakçılarına səs verilməsinə bənzəyir. Necə olur ki, Bertold Brext, Federiko Qarsiya Lorka, Mark Tven, Herbert Uels və başqa dünya şöhrətli sənətkarlar İsveç Akademiyasının sınağından keçə bilmədikləri halda, adları və yaradıcılıqları tamam unudulmuş müəlliflər adı çəkilən laureatın sırasına daxildirlər. Eləcə də 1902-ci ildə alman tarixçisi Teodor Mommzen dahiyanə romanlar müəllifi, böyük rus yazıçısı Lev Tolstoydan üstün tutulmuşdu. Müəllif haqlı olaraq qeyd edir ki, Teodor Mommzen bəşər mədəniyyətində yeni dəyərlər yaratmaq baxımından Lev Tolstoydan yüksəkdə olduğunu iddia edə bilməzdi.
Beləliklə, Vilayət Quliyevin yeni əsərində Nobel mükafatının çölü kimi içi də aydın görünür.
Vilayət müəllim Nobel mükafatına xərclənən maliyyənin təxminən 10 faizini Bakı neftinin təşkil etdiyini vurğulayaraq, indiyəcən bir nəfər də olsun azərbaycanlının bu mükafatın laureatı ola bilmədiyindən təəssüflənərək yazır: “...İnanmaq istərdiik ki, bu hələlik belədir, gələcəkdə isə vəziyyət mütləq dəyişəcək. Həm də yalnız mükafatın bir hissəsinin bizim pullar təşkil etdiyinə görə yox! İlk növbədə, Azərbaycan türkünün əqlinə, zəkasına, yaradıcı potensialına inam hissi belə düşünməyə əsas verir”.
Sonda qeyd etmək istərdim ki, “Ədəbiyyatda Nobel mükafatı laureatları” kitabı oxucunu bir əsrlik Nobel qalmaqalına cəlb etməklə yanaşı, onu həmin dövrün ədəbi düşüncəsi, yazıçı təxəyyülü və siyasi çəkişmələri ilə də yenidən tanış edir. Bu əsər şəxsiyyətinə və yaradıcılığına böyük hörmət bəslədiyim Vilayət Quliyevin ədəbiyyat sahəsində, eləcə də, dövlət vəzifələrində əldə etdiyi uğurlu təcrübənin məhsuludur.
Dünya ədəbiyyatının və mədəniyyətinin inkişafında, bəşəriyyətin tərəqqisində, sülhün qorunmasında öz işini görə bilən, eləcə də yazıçıların və ixtiraçıların marağına səbəb olmuş Nobel mükafatının təsis edilməsində Azərbaycanın da bilavasitə əməyinin olması məndə fərəh hissi doğurur. Bu mövzunu yenidən gündəmə gətirdiyinə görə Vilayət müəllimə dərin təşəkkürümü bildirirəm. Təki bu mükafatdan bizim ədiblərin də payına düşsün!
01 avqust 2009-cu il
“Ədalət” qəzeti,
YORUMLAR
Henüz yorum yapılmamış.