- 1768 Okunma
- 0 Yorum
- 0 Beğeni
ZƏLİMXAN YAQUB MÖCÜZƏSİNİN SİRRİ
Elbəyi CƏLALOĞLU
ZƏLİMXAN YAQUB MÖCÜZƏSİNİN SİRRİ
Ömrünü, gününü poeziyaya və onun zirvələrə qaldırılmasına həsr edən, sözün poetik qüdrətini, dilimizin zənginliyini və haqq sözünün mükəmməlliyini insanlara yetərincə çatdiran, sazı dünya xalqlarına anlatmağa çalışan, soya, kökə bağlılığı, tarixini sevməyi və gələcəyə inamı misra-misra şeirlərinə gətirən Zəlimxan Yaqubun bir şəxsiyyət kimi böyüklüyünün və böyüklüyü qədər də sadəliyinin sirri nədədir?
Şübhəsiz ki, bu sual indi çoxlarını maraqlandırır. Öncə onu deyə bilərəm ki, Zəlimxan Yaqub Nizami Gəncəvini, Məhəmməd Füzulini, İmadəddin Nəsimini, Şah İsamayıl Xətaini, Molla Pənah Vaqifi, Mirzə Ələkbər Sabiri, Nazim Hikməti, Hüseyn Cavidi, Əhməd Cavadı, Mikayıl Müşviqi, Salman Mümtazı, Səməd Vurğunu, Şəhriyarı və adını çəkmədiyim neçə-neçə böyük ustadları əzbər öyrəndi, qeyri-adi yaddaşına hopdurdu və onların hər birinin mövqeyini, əqidəsini, məsləkini, məramını, məqsədini araşdırdı, özünə ehtiva etdi, fitri istedadının süzgəcindən keçirdi. Böyüklüyə böyüklüyün gözüylə baxdı:
Haqqdan xeyir yazıram
Tanrım deyir, yazıram
Gördü şeir yazıram
Ölüm vaz keçdi məndən.
İkincisi, insanın yaranışından tutmuş ta Milada qədərki dövrdə yaranmış və mədəniyyətimizin ulu keçmişini əks etdirən əfsanələri, rəvayətləri, əsatirləri, mifləri öyrəndi. “Dədə Qorqud”, “Bilqamış”, “Manas” dastanlarını, onların təsiri ilə yaranmış bütün məhəbbət və qəhramanlıq dastanlarını özünə məxsus bir tərzdə yaddaşına köçürdü.
Üçüncüsü, kökümüzün haradan su içdiyini, yəni qədim Türklərin ilk meydana gəldiyi dövrü və bu prosesin necə baş verdiyini, hansı mühitdə, hansı şəraitdə püxtələşdiyini, yetişdiyi məkanı, Qafqazdan tutmuş ta iki çay arasına, Doğudan Batıya qədər olan böyük ərazilərdəki keşməkeşləri dərk etməyə çalışdı. Eləcə də ulu babalarımızın qəhramanlıq salnaməsinə, Teomenin, Atillanın, Metenin, Bumın xaqanın, Bilgənin, İsteminin, Cavanşirin, Babəkin, Yusif ibn Sacın, Səlcuqun, Toğrulun, Alp-Arslanın, Fatih Sultan Mehmetin, Qara Yusifin, Uzun Həsənin, Qanuni Süleymanın, Şah İsmayıl Xətainin, Şah Abbasın, Nadir şah Əfşarın, Qacarın beli qılınclı, əli qalxanlı, sinəsi qürurlu görkəminə, Tomris kimi, Nigar kimi qəhraman türk qadınlarının əzəmətinə bələd oldu. Xalqımızın qədim şamançılığını, qamçılığını, ozançılığını, aşiqliyini, dindirdiyi qopuzu, çaldığı sazı, qədim deyimlərini, oxuduğu şeirlərini, zümzümələrini, qımqımalarını, bayatılarını, ağılarını, laylalarını, nəğmələrini öyrəndi, nəvə kimi Dədə Qorquda sığındı, Oğuzlara vardı.
Oymaq-oymaq eli gəzdim, dolaşdım
Fikir verdim hikmətinə bu xalqın.
Yatardımı əl qələmə, dil sözə
Vurulmasam söhbətinə bu xalqın.
Dördüncüsü, Allah təalanın insanlara yetirdiyi ən möhtəşəm möcüzəni – dünyaya əsl demokratiyanın qapısını göstərən İslamçılığı və Adəmdən Məhəmməd peyğəmbərə qədər olan yüz iyirmi dörd min nəbini və onların Tanrı tərəfindən insanların içinə nə üçün göndərildiyini dərk elədi, Əhli-Beyti, xüsusilə də Peyğəmbər məqamını, Əli məqamını, İmam Hüseynin, İmam Həsənin və bütövlükdə on iki imamın həyat yolu, haqq işi və tanrı qüdrətini öyrəndi.
Beşincisi, Həzrəti Fatimənin, ilk dəfə “Ən əl Həqq” demiş Həllaclı Mənsurun, ilk dəfə Haqq Aşiqi adını almış Əhməd əl-Yəsəvinin, Yunis Əmrənin, Hacı Bəktaşın, Cəlaləddin Ruminin, Şəms Təbrizinin, Xoca Bəhaəddinin, Bəlim Sultanın, İmam Rəbbaninin, Nəimi Fəzlüllahın, İmadəddin Nəsiminin, Əlişir Nəvainin, Şeyx Şamilin, Molla Cümanın ilahi sevgisinin sirlərindəki həqiqəti, onların fəlsəfəsini araşdırdı. Mürşidlərinə qibtə edib, bizlərə İlahinin hədiyəsi olan özü demiş “on bir telli, gen sinəli, durna qollu qara sazı” sinəsinə basıb, ilahi sərvət başını sazın sinəsinə qoyub, ulu Yaradanı dərk eləməyə çalışdı. Təsəvvüfçülərin, sufilərin, o cümlədən nəqşbəndilərin, bəktaşilərin, mövləvilərin yolu ilə getdi. Şəriətə baş endirdi, təriqəti öyrəndi, maarifətdən keçdi Haqqa tapınmaq üçün.
Altıncısı, ustad şairimiz, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Dadaloğlu, Qaracaoğlan, Aşıq Veysəl, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şenlik, Aşıq Ağacan, Şair Nəbi sehrinə düşdü, Səfiəddin Urməvinin, Əbdülqadir Marağainin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Xan Şuşinskinin, Bülbülün, Cabbarın ürəklərini dinlədi, hər birinin eşqinə qoşmalar qoşdu, poemalar yazdı, gözəl saz havaları çalıb, ruhlarını şad elədi.
Yeddincisi isə, Zəlimxan Yaqub qüdrətli şairlər və azman aşıqlar dövründə yaşadı. Hüseyn Arif səmimiyəti, Osman Sarıvəlli sığalı, Aşıq Şəmşir məharəti gördü, Muğanna sehirində sehirləndi, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rzanın və neçə-neçə böyük mütəfəkkirin səsinə səs verdi. O dövr idi ki, ustad aşıqlar – Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev və Alxan Qarayazılı öz qüdrətlərini ortaya çıxardaraq, Əmrah sazının, Hüseyn sözünün və Kamandar avazının vəhdətindən aşıq sənətinin “Qızıl Dövrü”nü yaratdılar. Zəlimxan Yaqub adını çəkib-çəkmədiyim hər bir ustadın yanında aylarla, illərlə aşıqlığın kökünə, yaratdığı möcüzələrə, açdığı məqamlara vardı, haqq-ədalət, saf məhəbbət, ədəb-ərkan mənimsədi, eləcə də Sadıq Sultanov, Dərya Məhəmməd, Avdı Qaymaqlı, Şakir, İmran, Əkbər, Pənah, Azaflı Mikayıl, kimi ustadların hərəsindən hər dəryadan bir mirvari götürən kimi mənəvi dünyasını zənginləşdirdi.
Minadan enməsəm, Turdan gəlməsəm,
Allahın verdiyi nurdan gəlməsəm,
Sinəmi saz edib, əlimi mizrab,
Qopuzdan, Qorquddan, qordan gəlməsəm,
Mən hardan bilərdim şairlik nədir?
Bu misraları ilə dediklərimi təsdiq edən Şairin təfəkküründə, sadaladığım yeddi möcüzə beləcə əl-ələ verib “ZƏLİMXAN YAQUB MÖCÜZƏSİ” yaratdı. Yeddi möcüzədən Türkə layiq, türksayaq bir qəhramanlıqla keçən köhnə kişilər timsallı, başı papaqlı, çiyni yapıncılı, üzü nurlu, sinəsi sazlı, qəlbi sözlü Zəlimxan Yaqubun ucalığının və sadəliyinin sirri də elə budur. O, sazı çalanda ozandır, saz havaları üstə ağır-ağır oxuyanda aşiqdir, söhbətində folklorçudur, səfərlərində, məclislərdə dastanlar qəhramanıdır, şair kimi böyük şairdir.
Ona ucalıq gətirən əlamətlərdən biri də ucalığı qədər də sadə olmasıdır.
Olsa da canında qüvvətdən maya,
Döşünə dəyməmiş bir daş, bir qaya,
Şöhrət gözlərini qamaşdırmaya,
Başında Günəşdən tac olanda da!
Təxminən iyirmi beş-otuz il bundan öncə yazdığı bu beyti Şair əvvəlcədən görürmüş kimi, sanki, bu gün üçün yazıbmış. Həmin şeirin başqa bəndində
Zəlimxan, dağlara təpə gülməyə,
Qaya parçalanıb, daş tökülməyə - deyən şair böyüklərə hörmət və keçmişə sayğı ilə yanaşmağı tövsiyə edir və ya təpənin dağlara gülməyini dünyanın dağılacağı qədər dəhşətli hesab edir.
Haqqında çəkilmiş “Zəlimxan Yaqub Dastanı” filmi də bunu bir daha sübut edir. Uşaqnan uşaq, cavannan cavan, qocaynan qoca, müdriknən müdrik, aqilnən aqil Zəlimxan Yaqub “Böyük ömrün dastanı” poemasını yazmaqla yenidən ucaldı, “Peyğəmbər” poemasını yazmaqla isə yenidən saflaşdı, durulaşdı, paklaşdı.
Zəlimxan Yaqubun yenicə Borçalıdan Günəş kimi parladığı vaxtları mənim yaşımın kiçik vaxtlarına düşdüyündən onun şeirləri Kamandar sazında, Əmrah sazında, Saraclı sazında və atam – Aşıq Cəlalın beşıyım üstündə çaldığı tavar sazında iliyimə, qanıma hopdu. Hansı saz havasını dilləndirirdimsə özümdən asılı olmayaraq Zəlimxan Yaqub şeirləri dilimdə zümzüməyə dönürdü. Hətta məclislərdə Ustadın şeirlərilə tez-tez çıxış etdiyimdən o vaxtlar mənə “elimizin Zəlimxanı” deyirdilər. Təvazökarlıqdan uzaq da olsa mən elə Zəlimxan kökünə kökləndim. Buna görə də Zəlimxan Yaquba “Ustadım, Pirim, Mürşidim” deyə müraciət edirəm.
Artıq, onun nailiyyətlərinə o qədər öyrəşmışık ki, hər dəfə yeniliyi haqqında düşünürük və yeni müvəffəqiyyətlərinin şahidi oluruq. Bu yaxınlarda işıq üzü görmüş “Hüseyn Saraclı dastanı” kitabı Azərbaycan ədəbiyyatında daha bir yenilik oldu və sanki, çoxlarına “klassikadan uzaqlaşsan, köksüz ağac kimi sazağın təsirindən yıxılarsan” dedi. Məzmununu ustad aşıq Hüseyn Saraclının həyatı və yaradıcılığı təşkil edən dastanda, onun qeyri-adi aşıq olduğunu üzərə çıxardan Zəlimxan Yaqub həm də ümumu Türk dünyasının, eləcə də Azərbaycanın, itirilmiş torpaqlarımızın - Qarabağın, Göyçənin, Zəngəzurun, Dərbəndin, Kərkükün, Təbrizin və ata yurdu Borçalının dərd-sərini dönə-dönə dilə gətirir və onların yaranma səbəblərini, qurtuluş yollarını açmağa çalışır.
Hüseyn Saraclının timsalında Borçalını görən Şair, peyğəmbərsayağı və sufilərsayağı gördüyü yuxusunda ustad Aşığın yarasını bağlaya bilmədiyini dilə gətirməklə, Borçalı köçə-köçünü yaradan səbəblərin ifrat dərəcəyə çatmasını vurğulayır.
Son vaxtlar hər dəfə Ustadı ziyarətə gedəndə hələ yenicə yazdığı, çap olunmamış “Peyğəmbər” poemasından oxuduğu parçaları dinlədikcə “Məhəmməd Peyğəmbərə (s) layiqli bir əsər həsr etmək üçün Z.Yaqub qədər böyük olmaq lazımdır” deyə düşünürəm.
Ustadın əsərlərini təhlilə keçmək sadəlövhlük olardı, çünki, Zəlimxan Yaqub yaradıcılığı artıq tənqid, təbliğ prosesini dəfələrlə aşaraq öz möhtəşəmliyini sübut etmişdir, daha doğrusu xırda-para tənqid olunası xətaları varsa, onlar böyük və əvəzsiz əsərlərin içində itib batmış, qəsdən axtarsan belə gözə görünməyəcəkdir. Əsəri oxuyarkən mövzu oxucunu ram edirsə, o mövzuya girərək heç nöqtə, vergülə belə məhəl qoymur. Zəlimxan Yaqubun da oxucunun bədii-estetik düşüncəsinin inkişafında və cəmiyyətdə milli şüurun formalaşmasında öz töhfəsini verə bilən əsərləri məhz bu səviyyədədir.
Onu da deyim ki, Z. Yaqub arif adamdır və ən kritik halda insanı tanımaq üçün ona bircə sual verər. “Bu köç hara gedir” adlı kitabım çapa hazırlananda ön söz yazmasını xahiş etdim. O isə “şairliyin çətin və təzadlarla dolu olduğunu bilirsənmi?” sualını verib, yazılarıma göz gəzdirdi. Mən isə “Ustad, özümə inanıram, bilirəm ki, ortaya nəsə çıxarda biləcəm” dedim. İkinci bir sual verməyən Ustad, hər dəfə mənim özümə inandığımı vurğulayaraq boynuma ağır məsuliyyət qoydu.
2007-ci ilin payızında Ustadın ön sözüylə kitabım işıq üzü gördü. Həmin il dekabrın 15-də yenə də onun başçılığı ilə kitabımın təqdimat mərasimi keçirildi.
Respublikanın və Borçalının tanınmış ziyalılarının iştirakı ilə möhtəşəm bir məclis qurulmuşdu. Zəlimxan Yaqub saat 17-dən başlayıb, ta gecə saat 2-yə qədər davam edən məclisdə sözün əsl mənasında öz doğma balasına çəkirmiş kimi zəhmət çəkdi. Məclisə başçılıq və aparıcılıq edən Ustad, məclisdəki aşıqlara da meydan oxudu. Gah Aşıq Məhəmməd Sadaxlıyla, Aşıq Tərmeyxanla, Aşıq Cahangirlə, gah da Aşıq Raminlə döş-döşə saz çalıb, deyişən Zəlimxan Yaqub özünün ustadlığı ilə bir çox ustadlıq iddiasında olanlara örnək oldu və mənən “ustad belə olar” deyə bildi. Ustadımın mənim uğurum müqabilində atdığı bu böyük və möhtəşəm addımı, bir tərəfdən məni kövrəltdisə, ikinci bir tərəfdən “o, boynunda borc saxlamaz” deyə düşündüm, çünki, bir vaxtlar Hüseyn Arifin, Osman Sarıvəllinin, Aşıq Şəmşirin, Aşıq Hüseyn Saraclının, Aşıq Əmrahın, Aşıq Kamandarın ona verdiklərini bu gün ömrünün ustadlıq çağına çatmış Z. Yaqub artıq ozündən sonrakılara ötürməkdədir. Eşq olsun bu böyüklüyə! Mən də elə Ustadın mənə verdiklərini boynumda borc kimi saxlayacağam.
Kölgəniz daha da böyük olsun, Ustad!
2007-ci ilin bir payız günü Ustadı ziyarətə getdim. Demə bu dəfəki ziyarətim onun kövrək vaxtına düşübmüş. Ustadları tez-tez ziyarət eləmək hər bir mənəvi ruhu olan insanın borcudur, çünki, hərdən mənə elə gəlir ki, ustadların, o cümlədən şairlərin, aşıqların, rəssamların ilham pərisi elə sevdiyi adamlar vasitəsi ilə də gələ bilir.
Ustadın şəxsi kitabxanasında oturmuşduq. Bir az söhbətləşdik, yeni şeirlərindən oxudu, nəhayət, hiss elədim ki, Ustadın könlünə saz düşüb. Dedim: “Ustad, sazı görmürəm”. O, məni duydu və “keç muzeyə, görərsən” dedi. Sazı götürüb yavaş-yavaş “Ağır Şərili” havası üstündə gəzişdim və Ustad Zəlimxanı ilham pərisi ilə qovuşdurmağa çalışdım. Demə, sazın adı gələndəcə ilham pərisi artıq Ustadla döş-döşə dayanıbmış. O, pəsdən, ağır-ağır oxumağa başladı. Səsində incə bir boğunuqluq hiss etdim, artıq Ustad kövrəlmişdi. Nəydi Ustadı kövrəldən? Nostalji hisslərimi oyanmışdı? Haylı-haraylı günlərimi, atalı günlərimi, Hüseyn Ariflə, Osman Sarıvəllilə diz-dizə oturub şeirdən, şeiriyyətdən, dünyanın gəliş-gedişindən danışdığı günlərimi, Aşıq Əmrahla, Aşıq Azaflı Mikayılla, Aşıq Hüseynlə, Aşıq Şəmşirlə, Aşıq Kamandarla döş-döşə bir şövqlə, bir eşqlə saz çalıb, mahnı oxuduğu günlərimi, Göyçəli-Kəlbəcərli günlərimi, bir-birindən gözəl nazlı sənəmləri görəndə özündə Fərhad qədər dağı yarmaq gücünün olduğunu hiss elədiyi, “Diləfruz” ucbatından “Məsum”a, “Şahsənəm” üçün “Qərib”ə, “Gülgəz” eşqindən “Abbas”a, “Qəndab” sevgisindən “Novruz”a döndüyü günlərimi, bilmirəm. Onu bilirəm ki, Ustadın həyatından bir-birindən gözəl xatirələri var.
Nə isə, bütün bunları düşünə-düşünə mənim də sinəm doldu, deyəsən indi ilham pərisi məni də dingildədirdi. Odur ki, sinəmə bir nəçə bənd gəldi və Ustada həsr etdiyim “Kövrəltdi səni” rədifli gəraylımı yazdım.
Gənc yaşlarından bütün bu müsbət keyfiyyətləri özünə əxz etdirən Zəlimxan Yaqub indi ömrünün ağsaqqallıq, müdriklik, piranilik, övliyyalıq çağındadır. Hələ gənc yaşlarında
Dodaq var zəhərə döndərir balı,
Zəhəri bal edən dodaqlar da var.
Otuz beş yaşında el ağsaqqalı,
Altımış yaşında uşaqlar da var. – yazan şair insanlığa xas olan bütün əlamətləri, ustadlıq göstəricilərini elə gəncikən də özündə cəmləşdirmişdi.
Böyük ustad, ulu övliyya Həllaclı Mənsura görə, insan ürəyindən bütün pislikləri atsa Tanrıyla bütövləşər.
Ustadım, Pirim, Mürşidim – Zəlimxan Yaquba da beləcə tanrıyla bütövləşir.
YORUMLAR
Henüz yorum yapılmamış.