- 535 Okunma
- 0 Yorum
- 0 Beğeni
“Qara işıq” haqqında düşünəndə...
Elbəyi CƏLALOĞLU
“Qara işıq” haqqında düşünəndə...
Filosoflar, ədəbiyyatçılar, eləcə də, digər elm adamları həyatın, yaşamın, dünyanın sirrlərini, onun yaranma zərurətini, zaman və məkan çərçivəsində baş verən olayların bir-birinə çarpaz olaraq bağlılığının səbəblərini, üstündə bərqərar olduğumuz planetin və gələcəkdə səyahət edəcəyimiz irili, xırdalı digər ulduzların, bütövlükdə, Günəş sisteminin nədən, niyə, nə üçünlərinə cavab axtarıblar. Hər bir düşüncə adamı gəldiyi qənaətlə, yürütdüyü fikirlə insanları heyrətləndirə bilməsə də düşündürə bilib. Biri kainatın dəhşətli partlayışdan əmələ gəldiyini, digərləri insanın yaranışı haqqında müxtəlif mülahizələrini irəli sürdülər, cəmiyyəti seçimi mümkün olmayan dilemmalar qarşısında qoydular, bir başqaları isə hər şeyi metafizikaya bağladılar. Amma, bir həqiqət var ki, bütün varlıqları və onları bir-birinə zəncirvari bağlayan “Allah” dediyimiz bir qüvvənin olması şübhəsizdir. Allahı özümüz kimi şüurlu varlıq sayıb onu ucuzlaşdırmaq olmaz, O bizim təsəvvür edə bilmədiyimiz, şüurun fövqündə duran bir reallıqdır. Bu reallıq düşünülür, ancaq fəth olunmur, fəth olunması mümkün olsaydı bu həyatın məhvi ola bilərdi, çünki insanın əməli dərrakəsi ilə düz mütənasib olsaydı, yəqinki ən yaxşı halda düşündüyünün on mində birini icra edə bilərdi. Hər bir vaxt düşündüyümüzün və ya edəcəyimizin ədalət naminə olacağını bəyan etsək də, son ucda səhvlərimiz və ya günahlarımızın olduğu məlum olur. Səhv etməyən isə bir Allahdır, - demişlər.
Hələki elm zirvəsi dumanlar içində görünməyən bu uca dağın ətəklərində sürünməkdədir.
Ulduzların bugünkü görüntüsünə - bu onun işıq sürətiylə yalnız indi bizə gəlib çatan milyonlarla il əvvəlki görüntüsüdür – deyirlər. Belə olan halda onları insanın fəth edə bilməsi nə dərəcədə ağlasığandır? Beləliklə, yönümüzü sonu görünməyən sıx, qalın meşələrə, ağzımızı ucsuz-bucaqsız dəryalara tərəf saldılar. Nəticə isə yenə də qaranlıqda dolu, işıqda boş görünən göylərdə xəzinə axtarmağımız oldu.
Əslində bütün araşdırmalar, axtarışlar, kəşflər və fəthlər cəmiyyətin inkişafına xidmət edir, yeni insanı, müasir düşüncəni formalaşdırır. Cəmiyyətin inkişafı xeyir ilə şər kimi, birincinin sonu məhvə gedən sabitliyə, ikincinin isə qarışdırıcı xüsusiyyətli olsa da hardasa inkişafa apardığı bu iki amilin, iki dayağın üstündə dayandığını düşünürəm. Buna uyğun olaraq, dünyanın sirləri də məncə, ağılın və dəliliyin yenə də birincinin ikincinin lap dərin qatlarından süzülüb gələn düşüncələrin və ya fəlsəfənin üzərində dayanaraq müşahidələr aparılması ilə izah oluna bilər. Deməli, bir tərəfli irəliləyişin olması mümkün deyil, gəlişmə xeyirlə şər kimi, ağıllılıqla dəlilik kimi iki qütbün vəhdətindən doğur. Boşuna demirlər ki, xeyirlə şər əkizdir.
***
Yazarlar və elm adamları bu sirrlərin çözülməsində qələmlərini mistikada da sınayıblar. İstedadlılar gah heyrətləndirici uca boylu və ya liliput yad planetlilərdən, uçan boşqablardan, gah ruhlardan, gah da kinolardakı kimi yeriyən skeletlərdən söhbət açaraq fikirlərini izah eləməyə çalışıblar. Birinə həqiqət (əgər buna həqiqət demək mümkündürsə) yuxularında əyan olub, digəri onu xəyallarında canlandıraraq özünü buna inandırıb. Yalançı həqiqətlə həqiqi yalanın sintezini dərrakəsinin süzgəcindən keçiriblər. Cəmiyyətin içinə isə üzü inamla örtülmüş, içi isə ancaq dəlilərə dolu görünən boş kürə atıblar. Baxın və düşünün, - deyiblər. Lakin, istənilən halda bu boşluğa baxıb düşünməyə dəyər, bu dəlilik sayılmır.
Mistik xarakterli əsərlərdən biri də Əyyub Qiyasın bir müddət əvvəl çap olunmuş “Qara işıq” romanıdır. Əsər müasirliyi və aktuallığı ilə oxucunu cəlb edir, yığcamlığı və mövzu seçimi cəhətdən oxucunun gözlərini qaraltmır, əksinə işıqlandırır.
Əyyub bu əsərində insanın əxlaqı keyfiyyətlərini, ictimai dəyərlərini yüksək qiymətləndirərək, eyni zamanda insanlara xas olan tale pozuntularını yaradan səbəblərdən geniş söhbət açır, müasir insanın şüurunda cərəyan edən fəlsəfəni açmağa nail ola bilir.
Maraqlısı da odur ki, Əyyub Qiyas bu romanı ilə insanların səhvlərini, ağılasığmaz çirkinliklərini hər gün rastlaşdığımız adı işıqda yox, məhz qara işıqda, dərrakənin çox dərin qatlarında, şüur okeanının dibində, fikir mimozalarının altında görür, təbiətin yaratdığı əcaibləri isə insanlara günahlarına görə gələcək cəzaların eyhamı kimi qələmə verir.
Bəli, insan bu dünyada etdiklərinin mükafatını və cəzasını almalıdır, yaxşılığın sonu aydınlıq, pisliyin sonu isə müəllifin təsvir etdiyi qurbağalı, yarasalı zülmətdir. Bu zülmətə qaranlıq deməzdim, çünki Əyyub Qiyas qaranlığa bir saflıq da gətirib.
Yazıçının ola biləcək hadisələrə obyektiv yanaşması, hadisələri mənim prizmamdan baxdıqda son dərəcə şişirtməməsi, ifratçılığa getməməsi əsəri daha da oxunaqlı edir.
Baş rolda tanınmış şairdir - Rüfət. Həyatın gözəllikləri və çirkinlikləri, həm də gözəlliyin özünün çirkin tərəfləri “Qara işıq” romanında Rüfətlə qoşa addımlayır. Olub keçənləri atasının qeydləri əsasında oradakı obrazların koduna girərək hadisələri qələmə ala-ala özü də dünyanın həm tükü tükdən seçən qaranlıq üzünü, həm də acısı şirinindən çox olan ikiüzlü (qaralı və ağlı) işıq üzünü də görür. Eyni zamanda həyatın durğunluğa sürükləyən şirininin və yaranışdan belə yaranmış tərəqqiyə aparan acısını dadır. Şair Rüfət də belə düşündüyündən həm şöhrətin zirvəsi, həm də alçaqlığın dərəsi ona adi görünür.
Bəs, nəyə görə baş rolda şairdir?
Məncə cavabı da çətin deyil.
Çünki o, cəmiyyətə həqiqəti deyəndir. O, nə ucalmır, nə də alçalmır, bəlkə də heç ölmür də, elə şair kimi qalır. “Qara işıq” romanında cəmiyyət onun sözünü bir atalar sözündə olduğu kimi “özü özünə eləyənə, el yığılsa eləməz” kimi qavrayır.
Müəllif cəmiyyətdə baş verən əxlaqsızlıqları törədən səbəbləri açmağa çalışır və bunun üçün dəridən-qabıqdan çıxır. Əsərdə Rüfət qaranlıqlarda bir işartı görməyəndə hər şey onun üçün kabusa, qarabasmaya çevrilir, sonda isə “qara işıq”ı tapa bilir.
Bu qabardılmış qarabasmalarda faciəvilik müşahidə olunur. Müəllif həyatdakı insan təfəkkürü üçün qaranlıq gerçəklikləri dilə gətirmək üçün öz fantaziyasından geniş istifadə edir.
Əsəri oxuyarkən molla Gülalıdan gələn genetik və ya irsi əxlaqsızlıqların təzahürlərini əsər boyu onun törəmələrində, xüsusilə də bunları etiraf etməyi bacaran Rüfətdə və Leylada da görürük. Rüfət və Leyla çürük kök üstündə bitmiş ağac kimi olduqlarından onların saflığı uzunömürlü ola bilməzdi. Lakin, nə yaxşı ki, bu ağacın budaqlarından biri sağlamlığa yol tapdı, bu da elə Rüfətin özüdür. Leylanı isə xəyanətə və ya pozqunluğa sürükləyən, onun özünü Rüfətə sevdirə bilməməsi və ya Rüfətin ona biganələyi, laqeydliyidir, desək bəlkə də yanılmış olarıq, çünki o, oğlunu da atmışdı, necəki, ulu babası molla Gülalı öz qızına xəyanət etmişdi. Rüfətin Leylanı sevməməsi özündən asılı deyildi, bu könül məsələsi olmaqla yanaşı, həm də öz tarixini bilməklə bağlı idi.
Rüfət anadan əcaib doğulmuşdu və qeyri adi bir şair həyatı yaşadı, elə əcaib də ömür sürdü. Bütün həyatını və xoşbəxtliyini “Qara işıq”a həsr etdi. Sonda isə hər şeyi – ailəsi, arvadı, uşağı, işi əlindən çıxsa da cəmiyyəti tərbiyə edə biləcək qüdrətində olan, insanları əxlaqi saflığa, mənəvi təmizliyə səsləyən “Qara işıq”ı qazandı və qara kabusları özüylə birlikdə boğdu, yandırdı.
Əsərdə Rüfətin timsalında könülsüz, arzusu olmadan, sevgidən kənar qurulmuş ailənin də, Könülün timsalında, hissə qapılıb səhv addım atanın da faciəli sonu göstərilir. Görəsən bu dünyada doğma ola bilən bir udumluq işıq tapmaq mümkündürmü? - deyən Rüfət ömür boyu sevgi işığı, həyat eşqi axtarışındadır, onun mübarizəsi də elə budur.
Ancaq, əsərdə Rüfətin ikinci katibəsinin - Gülsümün faciəsinin ilkin səbəbləri qaranlıq qalır, nədənsə müəllif bunu açıqlamır. Atalığının Gülsümü zorlamasının qızın anasının təşəbbüsü ilə olması hansı zərurətdən doğub, nəymiş onları bu yaramazlığa sürükləyən, səbəb bilinmir və istər-istəməz oxucunun təsəvvürü yarımçıq qalır.
Əsərin müəllifin öz təxəyyülünün məhsulu olduğu görünsə də, bir çox məqamlar oxucunun öz yaşantılarının ifadəsi də ola bilər. Hər halda oxucu düşünür, öz keçmişini bir daha nəzərdən keçirir.
Rüfətin atasının qəbri üstündə araq içməsi səhnəsi bir qədər ifratçılıqdır, çünki, zənnimcə, Rüfət bu hadisələrdən onsuz da “sərxoş”dur . Onun özündə olmaması yenə də yolda qəza ilə nəticələnə bilərdi. Həm də spirtli içki dini baxımdan mentalitetimizə zidd olduğundan hər hansı vəziyyətdə olursansa ol, məzarın üstünə gedərkən o haqda düşünülə bilməsi ağıla batan deyil.
Eləcə də, romandakı bəzi cümlələrin növbəti səhifələrdə təkrarlanması, bir sıra fikir və ifadələrdə ağırlıqlar da gözdən qaçmır.
Ancaq ümumilikdə, Əyyub Qiyasın “Qara işıq” romanı kitab oxumaq həvəsində olmayanların da diqqətini cəlb edəcək qədər cazibəlidir.
22.05.2009
“525-ci qəzet”, 13 iyun 2009-cu il
YORUMLAR
Henüz yorum yapılmamış.