- 816 Okunma
- 0 Yorum
- 0 Beğeni
Cəld, tələskən və emosional Azərbaycan yazıçısı
Elbəyi CƏLALOĞLU
Cəld, tələskən və emosional Azərbaycan yazıçısı
Aqil Abbasın “Batmanqılınc” romanı barədə düşündüklərim
Aqil Abbasla şəxsi münasibətim olmasa da onu elə özüm kimi tanıyıram. O, rəğbətimi qazanmış insandır. Yazılarından, çıxışlarından tanıyıram, onu xatırlayanda ilk növbədə cəld və tələskən hərəkətləri gözümün önünə gəlir. Hərdən mənə elə gəlir ki, onunla yol yoldaşı olmuşam. Aqil müəllimi ölümün gözünə dik baxan, bəlkə də ölümü öldürməyi bacaran insan kimi təsəvvür edirəm. Nədənsə, dövri mətbuatda Aqil Abbas haqqında dərc olunan yazıları oxuduqca mənə elə gəlir ki, müəllif Aqil müəllimin üslubuna köklənib. Bu, yazarın oxucusunun düşüncələrini, dərrakəsini fəth etməsi demək deyilmi?! Deyəsən Aqil Abbas “Batmanqılınc” romanıyla məni də öz sehrinə saldı. Ona görə də, çalışacam bu yazını onun öz çılğınlığında, öz emosiyasında yazım. Ya qismət!
Batmanqılınc Qacarın qarşısında qəhrəmancasına ölməliydi!
Aqil Abbasın qatı açılmamış “Batmanqılınc”ını əldə kitab satan bir qocadan üç manata (ədəbiyyatın dəyərinə bax!) aldım. Bəli, üç manata – bir quruşqa (bu ifadəni bilərəkdən belə işlətdim, zənnimcə “quruşqa” qədim türk sözüdür. Belə ki, Türklər fəth elədiyi ölkələrdə qəpik-quruş yığmaq üçün əlində “quruş qabı” tutmuş dilənçiləri də müşahidə edirdilər. “Quruşqabı” komponenti sonradan türklərin dilində “quruşqa” halına keçmiş, slav qonşularımız isə bu sözü bizdən “krujka” halında qəbul etmişlər) pivə, bir nimçə saçaqlı pendirin qiymətinə. Lakin əsər XVIII əsrin Azərbaycan tarixinə üç ton qızıl dəyərində işıq salır.
Romanı oxuyarkən, elə ilk vərəqlərdən rastlaşdığım maraqlı sətirlərlərdən biri qoca Uyğur Əlişin gənc Məmməd bəy Cavanşiri təlim edərkən dediyi “Bax, o gördüyün alova bürünmüş qızılı at sənin baban ulu Çingiz xanın nəvəsi Hülakü xanın nəsli Pənah xan Cavanşirin atıdır...” (səh.13) sözləri oldu. Bu sözlər məni bir qədər düşündürdü. Belə ki, Çingiz xanı biz moğol olaraq tanıyırıq. Moğolların isə türk olduğunu ara-sıra deyənlər tapılsa da, hələ bunun tam izahını verən, geniş araşdırma nəticəsində dolğun fikir söyləyən olmayıb. Əgər bu, doğrudan da belədirsə, onda Aqil müəllim bizdən əlli il qabağa gedib.
“Batmanqılınc” romanında müəllif kəndlərində yerləşmiş “Pənah xan” qalasının uçurdulmasından təsirlənərək yaddaşında XVIII əsrin şifrələrini yığmışdır. Romanı oxuduqca Qarabağın bir-birindən gözəl guşələrini, Şuşanın, Cıdır düzünün, Xan bağının göz oxşayan məzərəsini və bu yerlərin sehirli quruluşunu, möcüzəli coğrafiyasını yenidən səyahətə çıxırsan. Müəllif əsərdə doğulduğu “Bayat” kəndinin qədimiliyindən, hətta onun yaşının üç minə qədər olduğundan bəhs edir.
Aqil Abbas romanda ululardan sitat gətirir. Uyğur Əlişin Pənah xana dediyi “...Məhəmməd-Rəsul Allah buyurub ki, bəla adamın üstünə böyük bir dağ kimi gəlir, əgər səbirli olsan, o dağ sənin önündə əriyib yox olacaq. Yox, əgər səbirsizlik eləsən, o dağ səni əzib məhv edəcək...” (səh.17) bu tip sözlər eyni zamanda müəllifin oxucuya olan didaktikasıdır.
“Batmanqılınc” tarix, dil və süjet baxımından dəyərli, eyni zamanda oxunaqlı romandır. Əsəri oxuyarkən hadisələrə elə qapılırsan ki, nəfəs almaq belə yadına düşmür, savaşlar, dialoqlar sanki, oxucunun gözü önündə cərəyan edir. Ən önəmlisi də odur ki, əsər taixi faktlara söykənir və tarixi ardıcıllıq qorunur. Fikrimi bir az da dəqiqləşdirmək üçün deyə bilərəm ki, əsərdə tarixi gerçəklik bədii təxəyyülün qurbanına çevrilmir, əksinə gerçəkliklə bədiiyyat tarix üzərində dayanaraq möhtəşəm bir piramida yaradır. Lakin bütün yaradıcılıq nümunələrində olduğu kimi burada da istisnalar yox deyil. Belə ki, Məmməd bəy Cavanşırin cəsarətindən bir damla özümdə hiss edərək demək istəyirəm ki, Aqil müəllim əsərdə bəzi məqamlara daha çox diqqət yetirə bilərdi. Buna misal olaraq, əsərdə ilk növbədə bəzi cümlələrin quruluşu diqqət çəkir. Həmin cümlələr rus və avropa dilləri qrammatikasının qaydalarına bənzər formada işlədilir, məsələn: “.., əvvəlcə zindanban, ardınca da qıpqırmızı geyinmiş cəlladlar girdilər içəri...” (səh.64), “Məhəmməd xan başını almışdı əllərinin arasına,..” (həmin səhifədə) və ya “İbrahim xan qoşunu yeritmişdi Naxçıvana” (səh.87). Qeyd edim ki, əsərdə bu cür cümlələrlə tez-tez rastlaşılır. Güman edirəm ki, bu xətalar Aqil müəllimin xüsusiyyətində olan cəldliyin, tələskənliyin, onun məqsədə doğru ahəstə yox, məhz yüyürərək getməsinin və yazıçı emosionallığının nəticəsidir. Həm də görünür müəllif diqqətini daha çox əsərin lakonik və fəsahətsiz olmasına yönəldib, əlbəttə bu da vacib şərtdir. Aqil müəllimin əsərdə təsvir etdiyi qardaş qırğınını böyük təəssüf hissi ilə təhlil etməsini və pirr qələbəsi ilə müəllifin interaktiv emossiyasını da buna ikinci səbəb kimi göstərmək olar. Bu cür hadisələrin müəllifin beynini və fikirlərini necə gərgin saxlamsını təsəvvür etmək çətin deyil.
Onu da deyim ki, Aqil müəllim diqqətini daha çox pozitiv və ya məşhur obrazlara (Qacar, İbrahim xan, Məmməd bəy Cavanşir) yönəltdiyindən bəzi kiçik obrazlar onun biganəliyi ilə üzləşir. Buna misal olaraq, Hümmət bəy obrazını göstərmək olar. Müəllif onu mənfi obraz kimi qələmə alır. Belə ki, “xanın qulağı” (xəbər daşıyanı) adlandırılan Hümmət bəy daim Məmməd bəy Batmanqılıncı İbrahim xanın gözündən salmağa çalışır. Məqsədinə heç cürə nail ola bilməyən Hümmət bəy bu dəfə yeni hiyləyə əl atır. Hümmət bəy Məmməd bəyin öz nökəri olan Nəcəfi qızıllarla mükafatlandırmaqla ona bəyi öldürməyi təklif edir, Nəcəf etiraz etdikdə isə onun boynunu vurur. Maraqlıdır ki, Hümmət bəyin bu məkrliliyi cavabsız qalır (təbii ki, Nəcəfin qılıncla Hümmət bəyin qolunu yaralaması hesaba qatılmır). Zənnimcə, Məmməd bəy onu İbrahim xana görə (Hümmət bəyin bacısı İbrahim xanın arvadlarından biri idi) öldürməsə də, heç olmasa öz xarakterinə uyğun olaraq onun qulağını kəsməliydi. Hərçənd ki, müəllif Hümmət bəydən bəhs edərək yazır: ”...Yaxşı bilirdi ki, hiyləsi baş tutmazsa və üstü açılarsa, onun başı Qaradağlı Şərif Sultan kimi nizəyə keçiriləcəkdir...”(səh.84).
Növbəti iradım isə, əsərin sonunda Batmanqılıncın romanın əvvəlindəki qüdrətinin görünməməsidir. Eyni zamanda, burada bir qədər məntiqsizlik də hiss olunur. Belə ki, Qacar Batmanqılıncla görüşdükdən sonra onu əslən Qarabağlı olan qoşun başçısı Sadıq xana tapşırması (həm də ki, Qacar Sadıq xandan şübhələndiyi halda) ağılabatan deyil. Güman edirəm ki, Qacar Batmanqılıncı daha etibarlı hesab etdiyi başqa bir sərkərdəyə tapşırmalıydı. Bunun xaricində isə, məncə, hadisə heç bu nöqtəyə gəlib çatmamalıydı, çünki bu halda əsərin sonunda Batmanqılıncın igidliyindən heç bir əsər əlamət görünmür, əksinə o, Qacara “əlahəzrət” deyə müraciət edir. Düşünürəm ki, əsərdəki hadisələrlə yanaşı Zeynalabdin ağanın bihörmət olunmasından daha da qeyzlənən Batmanqılınc Qacarla görüşərkən onun üstünə atılmalı və burada da qəhrəmancasına ölməliydi (müəllif qeyd edir ki, həmin görüşdə Batmanqılıncın ürəyindən Qacarın üstünə atılmaq keçirdi). Bu da Batmanqılıncın qanı hopmuş Qarabağ torpağının və qarabağlıların bütün cahangirlərin gözündə yenilməzliyinin bir daha sübutu, eyni zamanda xan nəslinin torpağa, yurda sonsuz sədaqətinin tam göstəricisi olardı. Batmanqılıncın ölümsüzlüyünü onun qəhrəmancasına ölməyi (özü də Qacarın qarşısında) təmin edə bilərdi, beləliklə də Batmanqılıncın bütöv bir mifi yaranardı.
Əlbəttə ki, mən əsər haqqında subyektiv fikirlərimi söylədim, lakin sadaladığım xırda xətalar romanın gözəlliyinə, portativliyinə, informasiya bolluğuna və onun tarixi hadisələri bütün qarmaqarışıqlıqlardan affinasiya etmə qabiliyyətinə o qədər də xələl gətirmir.
12.08.2010
“Elimiz. Günümüz” qəzeti, № 06(31), iyun 2011
YORUMLAR
Henüz yorum yapılmamış.