- 536 Okunma
- 1 Yorum
- 0 Beğeni
Könüllər dərvişi
Elbəyi CƏLALOĞLU
Könüllər dərvişi
və ya
Ürəyindən göylərə yol açan şair
Hər bir insanın öz daxili aləmi, dünyaya baxış prizması olduğu kimi, hər bir yazıçı və şairin də öz yaradıcılıq üslubu və düşüncələrinin poetik ifadə tərzi var. İndi şairlərimiz çoxdur, ənənəvi qaydada yazanlar da var, yenilikçi olmağa çalışanlar da. Şair Elxan Zal Qaraxanlının özünə məxsus yenilikləri ilə zəngin olan poeziyası da öz polifonikliyi və unikallığı ilə seçilir. Elə bu səbəbdən mən onu kimlərləsə müqayisə etmək istəmirəm. Elxanın da poeziyasında dağ, daş, gül, çiçək, günəş, ay kimi ənənəvi ifadələr işlənir, ancaq tamam yeni və xüsusu bir tərzdə.
Kabriolet, ya limuzin qasid kimi aramızda
Ikimizin, sənə aldım bu gülləri, görürsənmi
Qönçədirlər, açılanda necə gözəl olacaqlar,
Sənin kimi, bir ora bax
Qədim qam-şamanlardan qalma ənənəyə görə qoşmaların sonuncu bəndində müəllifin adı çəkilir. Müəllifi bilinməyən bir şeirin isə bir neçə şairin adına çıxıldığının dəfələrlə şahidi olmuşuq. Ancaq şairin öz yazı üslubu olduqda belə hallar baş vermir, şeirdəki üslub və ya onun manerası müəllifin adı çəkilməsə belə kimə məxsus olduğunu bildirir. Elxanın da üslubu bu silsilədəndir. O, bir şair kimi düşüncələrini, fikirlərini, eləcə də həyatda rastlaşdığımız problemlərə, reallıqlara münasibətini bəlağətsiz, qısa və konkret misralarla ifadə etməkdə ustadır. Konkretlik, duruluq onun ifadə tərzinin və ya poeziyasının saflığının təcəssümü olduğu kimi, həm də cəmiyyətin şüurunda inkişafın stimuludur.
Elxan Zal Qaraxanlı çağdaş poeziyamızın məhsuldar şairlərindəndir. Şeirləri və esseləri vaxtaşırı mətbuatda yayımlanır, beş kitab müəllifidir. O, yaradıcılığı ilə oxucunun diqqətini özünə çəkə bilir, zövqünü oxşayır, onu düşündürməyi bacarır.
Elxanı postmodernist şair kimi təqdim edənlərin sayı az deyil. Lakin mənim düşüncəmə görə, bu təqdimat yanlışdır, çünki postmodernizm ədəbi cərəyan yox, ədəbi mühit ola bilər. Əgər doğrudan da bu mühit yaranmaqdadırsa, ora kimlərin daxil olduğunu gələcək göstərəcək. Ancaq Elxanın müasir bədii təfəkkürə köklənmiş poeziyasının fərqli xüsusiyyətlərə malik olması istisnasızdır.
Onun şeirləriylə başbaşa qalıb pıçıldaşmaq, dərdləşmək, söhbətləşmək insana mənəvi rahatlıq gətirir, çünki onun şeirlərində isti bir doğmalıq, sərbəstlik var. Bu şairin səmimiyyətindən, insanpərvərliyindən, Allahın yaratdıqlarına olan sevgisindən doğur.
Tanrının yaratdığına baxmaq həmişə xoşdur,
Tanrının yaratdığını danışdırmaq ondan da xoş.
Və ya həmin şeirdə
Sən mənə xoş sözlər pıçılda ki,
Ürəyimdən göyə yol açılsın.
Elxanın şeirlərində bir-birinə zəncirvari bağlı olan hər misranın öz əzəməti var. Belə ki, ayrılıqda öz məna kəsəri ilə seçilən bir misrasının itməsi, bir kərpicin uçması ilə bütöv bir binanın yerlə yeksan olması qədər faciədir.
O, aşağıdakı bəndlə “maddə yaranmır və ölmür, o, bir haldan başqa hala keçir” aksiomunu yada salır. Bugünkü ocağın dünənki kül üstündə alışdığına ustalıqla eyham vuraraq sevgisini dilə gətirir və bu deyimi şeirində öz üsulu ilə ifadə edir:
Yalnız səni istəyirəm,
Burası işvəli mərcanların
Məzarlığından doğan bir ada,
Qayğısızlıq ətri gəlir havadan.
Elxan Zal Qaraxanlı şairlik ənənəsinə yaradıcı yanışır. Onun duyğularında məhdudluq da hiss olunmur. Əlbəttə, bulaq qurusa ona “bulaq” deməzlər ki.
Poeziyada baharın gəlişi ənənəvi olaraq güllərin açması, qaranquşların gəlməsi və digər bu kimi stereotip təbiət əlamətləri ilə ifadə olunur. Elxan isə şeirində baharın gəlişini indi artıq kəndlərə də yayılmış şəhər əlamətləri ilə müjdələyir:
Müştəri çağırır kafelər və köşklər,
Indi bahardı
Doğrudan da biz baharın bu əlamətini qışda görmürük.
Türkçü şair Elxan Zal Qaraxanlı təkcə Azərbaycanın yox, həm də Türk dünyasının şairidir. O, “Türk əsrinin türküləri” kitabında oxucunu yenidən tarixə qaytarır, ulu keçmişini xatırladır, ona nostalji hisslər yaşadır. Elxanın əsərlərində Türk dünyasının az qala dünya boyda olan miqyasının bir daha şahidi oluruq.
Şair bu kitabında həm də millətimizin böyük oğullarını özünəxas məftunluqla mədh edir. Saltuq Buğra, Temuçin, Bəybars, Artıq xan, Çağrı bəy, Atilla, Gürşad, Fateh Sultan Mehmet kimi yenilməz türk hökmdarlarını, sərkədələrini də unutmur, misralarında ulu babalarımızı qürur hissi ilə anır, onların xatirəsini əziz tutmağı tövsiyə edir və xalqımızı özünüdərkə, özünəqayıdışa səsləyir:
Alplıq duyğusu qayıb,
Qızılbaşlıq qalmayıb,
Xətaini ağlayıb,
Elxan Zal istədilər.
Elxanın Türk sufiliyinin mədəniyyətimizin inkişafında rolunun böyük olduğunu bir daha göstərdiyini onun Yunus Əmrə, Əhməd əl Yəsəvi, Mövlana Cəlaləddin Rumi kimi mürşidlərimizi xatırladan sufisayağı yazdığı şeirlərində oxuyuruq:
Mən könüllər dərvişiyəm,
Sufilərin ermişiyəm,
Haqqa yol varan kişiyəm,
Yahu, Yahu, hu söylə, hu.
Elxan Zal Qaraxanlının üstün cəhətlərindən biri də mütaliəni sevməsi, gündəlik mətbuatı izləməsi və tariximizi dərindən bilməsidir ki, bu əlamətlər onun əsərlərində aydın görünür. Aşağıdakı bəndləri ilə dediklərimi təsdiqləyən şair, eyni zamanda türk xalqının gözəl yaddaşa malik olduğunu, onların bəşəriyyətə şölə saçan zəngin mədəniyyətini daha çox qədim şamanlar və qamlar, ozanlar və aşıqlar vasitəsilə şifahi ədəbiyyatda yaşatdıqlarını vurğulayır:
Kitablar itdi getdi,
Kitab bildik ozanı.
Türkülər qanadında,
Yaydıq ulu azanı.
Və ya
Biz yüz adla qayıtdıq,
Hun olduq, xəzər olduq,
Dünyanı başdan-başa
Atüstü gəzər olduq.
Qədim türkcədə işlədilən sözləri də ara-sıra misralarına gətirən Elxan türkcü şair olduğundan yaradıcılığında ortaq türkcənin təzahürləri duyulur. Bu səbəbdən onun şeirlərinin bütün türkcələrdə daha asan anlanılmasının mümkün olduğunu düşünürəm.
Türklüyə çəp baxanın
Güzgüsünə çat gələcək.
deyərək keçmişiylə qürurlanan, gələcəyinə ümidlə baxan şair Amerikanın İraqı bombalamasına, eləcə də digər güclü dövlətlərin bir qədər zəifləri hədələməsinə öz etirazını qətiyyətlə bildirir, insana yaranışların ən alisi kimi baxır, Allahın yaratdıqlarına sevgiylə yanaşır:
Ölmək yaxşıdırsa, öl,
Yaxmaq yaxşıdırsa, yaxıl,
Babil Allahın qapısıdır, Amerika,
Allahın öz cəza günü var.
Zaman-zaman parçalanmış, başqa dövlətlərin ərazisinə qatılmış, itirilmiş torpaqlarımızı yanğıyla misralara gətirən şair -
Subaylar meydan suladı,
Leş üstünə leş qaladı,
Ermənilər nə tuladı,
Millət çaşıb qan içində.
- deməklə bu faciəni yaradan səbəbləri bilir, günahkarı görür və bütün bunları özünə sığışdırmayaraq xalqı cihada çağırır:
Cihada çıx, ay musurman,
Ud savaşı qan içində.
Beləliklə, Elxanın yaradıcılığı zəngin, şeirləri məna çalarlarıyla dolu və şəffaf, dəyər nisbətiylə bir-birindən gözəldir. Olduqca səxavətli, geniş ürəkli, dostlarına sədaqətli və etibarlı yol yoldaşı olan Elxanın bu keyfiyyətləri əsərlərinə hoparaq misralarında apaydın görünür.
Elxan təkcə bədii yaradıcılıqla kifayətlənmir, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Mahmud Kaşqari Fonduna rəhbərlik edir. Qeyd edim ki, o Fondun rəhbəri kimi kifayət qədər məsuliyyətli işlərə baş vurmaqla xalqa xidmət edir.
Şair dostuma cansağlığı və yaradıcılığında uğurlar arzulayıram.
07.04.2009
“525-ci qəzet”, 02 may 2009-cu il
YORUMLAR
Tanrının yaratdığına baxmaq həmişə xoşdur,
Tanrının yaratdığını danışdırmaq ondan da xoş.
Usta kalemden usta bir şairi duymak hoşdu
Makaleniz de çok hoşdu, saygı hürmetlerimle....
Genç Ozan tarafından 10/31/2011 2:46:20 PM zamanında düzenlenmiştir.