- 723 Okunma
- 0 Yorum
- 0 Beğeni
Qəlbi Vətən boyda olan şair
Elbəyi CƏLALOĞLU
Qəlbi Vətən boyda olan şair
Abbas Abdullanın “Seçilmiş əsərləri” barədə düşündüklərim
Səhər evdən çıxanda insan nələrlə qarşılaşacağını bilmir. Düzdür, Aristotelin fəlsəfəsinə görə, əvvəlcə istiqamət, sonra ağılın onu tənzimləməsi gəlir, lakin bu, konkret işlərə aiddir. Qeyd etmək lazımdır ki, konkretlik yazıçıya da məxsus olan bir məziyyətdir. Belə ki, o, hər hansı bir mövzunun üstündə işləyərkən ağılının buyurduğu mənbələrin axtarışına çıxır. Sənətinə uyğun olaraq qeydə alacağı kiçik həcmli yazılar barədə isə yazıçı heç vaxt düşünə bilməz, belə halda yazıçı məqamı yox, məqam yazıçını özünə cəlb edir. Bu təbiilik istənilən məqaləyə gözəllik gətirir, onu oxucuya sevdirir.
Bu günlərdə qocaman şairimiz Abbas Abdulla ilə qarşılaşdım. O, həmişəki doğmalıqla səmimiyyətini bildirdikdən sonra, məni Rəsul Rza haqqında AzTV-nin çəkdiyi filmin hökumət evində keçirdiləcək təqdimatına dəvət etdi. Təqdimatdan əvvəl AYB-yə baş çəkdik və Abbas müəllim öz otağında mənə 2010-cu ildə “Nurlan” nəşriyyatında işıq üzü görmüş “Seçilmiş əsərləri” ni bağışladı...
Anarın ssenarisi əsasında hazırlanmış “Çinar ömrü” (Rəsul Rzanın həyatı və yaradıcılığına dair) filminə baxdıqdan sonra Abbas Abdulla və Ələkbər Salahoğlu ilə süfrə arxasında oturub söhbətləşmək qərarına gəldik. Həmişəki kimi ədəbiyyat söhbətləri, müzakirələr, fikir mübadilələri xeyli vaxt apardı. Nəhayət, Səməd Vurğun demişkən, evə gəldim can pərişan, keçən ömrü soraqladım. Bu fikirlə xeyli zaman kitabları vərəqlədim...
Yəqin ki, kasıb kişinin kirayə tutduğu evi təsəvvür etmək çətin olmaz! Gördüm ki, uşaqlar dərs oxumaqdadır, xanım isə yatmağında, mən də fürsətdən istifadə edib bilgisayarın qabağında oturmağa qərar verdim. Budur, Abbas Abdullanın bağışladığı kitabı açmaqdayam və...
Və elə ilk misralardaca dayanıb düşünürəm:
Bu Vətən elə böyük ki,
Yumruq boyda qəlbimə yerləşir.
Bu Vətən elə ağır bir yük ki,
Yaş artdıqca onu daşımaq şirinləşir.
Bəli, düşün nə qədər istəyirsən! Hədəfi dəqiq nişan alma, novatorluq, yeni nəfəs, yeni ruh elə bu “qoca”daymış. Mən indi anlayıram ki, Abbas müəllim “şair novator olmalıdır” deyən Rəsul Rzaya niyə “ustadım” deyirmiş. Eşq olsun bu sədaqətə! Şeirin təhlilinə gəldikdə, Abbas Abdullanın cismən yumruq boyda olan qəlbi, mənən elə Vətənin özü boydadır, yoxsa Vətən ora necə sığardı? İnsanın əsl vətəndaşlıq borcunun Vətənin ağırlığı ilə düz mütənasib olmasının fəlsəfəsini isə müəllif həmin bəndin ikinci beytində söyləyir. Abbas Abdullanın bu şeiri özünü yenilikçi hesab edən şairlərə bir mesajdır.
Həmin kitabda ikinci şeirə baxaq, şair yenə də eyni ruhda, eyni tempdə yazır:
...Savaş olarsa,
Dava-dalaş olarsa,
Bir dünya arzumun
Bir ovuc kül olacağından qorxuram.
Yorulub yarı yolda qalmaqdan,
Vaxtsız məzarlığa varmaqdan qorxmuram,-...
Buna nə təhlil, dil sadə, üslub gözəl, mövqe aydın! Bundan uca insanlıq mərtəbəsi, vətəndaşlıq zirvəsi olarmı?! Beləcə, Abbas Abdullanın hər bir şeirinin üzərində dayanıb gözəl fikirlər söyləmək olar. Lakin bu şeirləri oxuduqca o qədər eyforiyaya qapılırsan ki, pafosdan qaça bilmirsən, qanad açıb uçursan. Hələ 1978-ci ildə şairin yazdığı “Yaşamaq eşqi” şeirinə baxaq:
Dünyada dəyişməyən nədir, - dedin, - gülüm,
Bir ölüm, - dedim.
Şeirin ardını oxumasan belə, bu ilk beyt özü bir şeirdir, lakin şair fikrini xırdalayaraq davam edir. O xırdalamaların özü də dünyavi hadisələrin poetik anlatmaları ilə yanaşı, həm də həyatda baş verən proseslərin insanda hansı instinktlərin oyanmasına gətirib çıxardığını əks etdirir. Bu, Abbas Abdullanın otuz üç il əvvəlki düşəncəsidir. Bəs indi Abbas Abdulla təfəkküründə nə dəyişib? Məncə, onun bilik sahəsi və təcrübə müstəvisi daha da böyüyüb, çünki nə üslubunda, nə də istiqamətində dəyişiklik hiss olunmur. Yuxarıdakı şeirin yazılma tarixindən on il əvvələ getsək belə, yenə də heç nəyin dəyişmədiyinin şahidi oluruq. Şairin 1968-ci ildə yazdığı şeirə (“Aylar silsiləsindən II.Mart”) fikir verək:
Yazın əzəli
dağlar, bağlar oyananda
üşütmə düşərdi canıma.
Qorxardım anamın dərdinin oyanmasından,
Qorxardım suların bulanmasından.
Tanrıya yalvarardım:
Mart tez çıxsın,
dərd tez çıxaydın...
Bu misralar kiçik yaşlarımızdan baharın gəlişi ilə iqlim dəyişməsi zamanı yaşadığımız hadisələrin, bir sözlə köhnə xatirələrimizn poetik ifadəsidir. Bahar gələndə təbiətlə yanaşı insanın cismində (bəlkə taleyində də) olan dərdlərin də oyandığını yəqin ki, hər kəs təsdiqləyər. Şairin bu doğma misralarını oxuduqca adamın kitabı və onun müəllifini bağrına basmağı gəlir. Nə isə, deyəsən nostalji hisslər məni məqsəddən uzaqlaşdırmağa çalışır, amma demək istəyirəm ki, həm bu şeirdə, həm də aşağıdakı – şairin son zamanlar yazdığı şeirdə üslub və düşüncə baxımından heç nə dəyişmir, dəyişən zamanın dərdlərini açıqlayan mövzulardır.
Çoxlarının bir-birinə borclu olduğu çağdaş dövrdə insanların keçirdiyi daxili sarsıntılar, üzüntülü hisslər də Abbas Abdullanın qələmindən yan keçməyib, onu rahat buraxmayıb. Şair “Borc” şeirində yazır:
Üç min birinə,
Beş min birinə,
Üç, beş min o birinə borcluyam,
Bu borcları qaytarmağa
Nə inam var, nə güman.
Öldüyüm zaman
Kim nə deyəcək, desin...
Kim nə deyəcək?!
Mən dünyaya gələndə
Nələr vəd etmişdi dünya mənə,..
...Nəyim vardı əlimdən aldı.
Axırda bir canım qaldı,
Onu da alacaq...
...Dünyanın mənə borcunu
Kim ödəyəcək?!
Bu şeir aydın və orijinal olduğu qədər də zamanın dərdlərini dilə gətirməkdə mükəmməldir.
Beləcə, bu gecə Abbas Abdullanın şeirləri ilə pıçıldaşdım, lakin müəllifin eyni üslubda yazılmış poemalarına çatdıqda elə bil ki, yuxudan oyandım. Saat üçü keçirdi. Birdən Abbas müəllimin özü danışdığı bir əhvalatı xatırladım. Əhvalat belədir ki, Abbas Abdulla gənc vaxtlarında yeni şeirlər kitabını Hüseyn Arifə bağışlayıbmış. Səhərisi gün Hüseyn Arif Abbas müəllimi axtarıb tapır və deyir: “Niyə qoymursan öldüyüm yerdə öləm?!”. Abbas müəllim sual dolu baxışlarını ustada zilləyəndə o, davam edir: “Bu gecə yatmamışam, səhərə qədər sənin şeirlərini oxumuşam”. Bəli, bu, Hüseyn Arifin Abbas Abdulla poeziyasına verdiyi yüksək qiymətdir.
Abbas Abdullanın poemaları da diqqət çəkən və düşündürücüdür. Şairin “Klimena” poeması əsərin qəhrəmanı olan Acaloğlunun ağrılı taleyinin mifoloji obrazla – Prometeylə müqayisəsi ilə başlanır. Prometey haqqında olan əfsanəni əsər vasitəsilə yaddaşında təzələyən oxucu həmin ab-hava ilə Acaloğlunun real yaşantıları ilə də yaxından tanış olur. Abbas Abdulla bu əsərdə o dövrün çətinliklərini, yaramazlıqlarını, insanların çəkdiyi mənəvi ağrıları göz önünə gətirir. Bu əsər həm də Abbas Abdullanın atasına olan sevgisinin, anasına olan məhəbbətinin təzahürüdür. Əsər eləcə də əxlaqın və ədəbin müəllif tərəfindən oxucuya olan təlqinidir ki, bu ənənə də ulu babalarımızdan, övliyalardan gəlir. Böyük Azərbaycan sufi şairi və mütəfəkkiri Şəms Təbrizi Allaha gedən yolda elmlə yanaşı ədəbin də vacib olduğunu və insanı heyvandan ayıran yeganə cəhətin ədəb olduğunu söyləmişdir.
Abbas Abdulla böyük gürcü şairi İlya Çavçavadzeyə həsr etdiyi “Yarı yolda” poeması ilə oxucunun diqqətini tarixin keşməkeşli vaxtlarına – XIX əsrin sonu, XX əsrin əvvəlinə çəkir. Bu poemada müəllif qəhrəmanının bioqrafiyasını verməklə yanaşı, həm onun bir fikir adamı kimi yaşadığı çətinlikləri, həm də o dövr tarixinin iç üzünü açmağa cəhd edib və bunun öhdəsindən məharətlə gəlib. Abbas müəllim adı çəkilən poemada Borçalının böyük şəxsiyyətlərindən olan Emin ağanın fəaliyyətindən də yetərincə yazır. Yeri gəlmişkən Abbas Abdulla Emin Ağa Borçalı haqqında olan köklü məlumatları çətinliklə də olsa Sankt-Peterburq kitabxanasından əldə edə bilmiş və onu dilimizə tərcümə edərək Azərbaycan oxucularına çatdırmağa nail olmuşdur. Müəllif “Yarı yolda” poemasında İlya Çavçavadze ilə Emin ağa arasında deyişmələr qurmuş, bununla da Azərbaycan və Gürcü xalqları arasında olan tarixi dostluğun həmin dövrdə də davam etdirilməsinə şairanə eyham vurmuşdur. Bundan başqa, bəlkə də ən əsası Abbas Abdulla bu poema vasitəsilə Gürcüstanın vətənpərvər oğlunu, Gürcüstanın bütövlüyü uğrunda can qoymuş bir qəhrəmanı onun öz soydaşlarına - qardaş gürcü xalqına yaxından tanıtmağa çalışmışdır. Əsərin sonuna yaxınlaşdıqca İlya Çavçavadzenin faciəli ölümünü müəllif öz interpretasiyası çərçivəsində, təəssüf hissi və can yanğısı ilə qələmə alaraq, qəhrəmanını oxucuya sevdirməyi bacarmışdır. Şair hətta İlya Çavçavadzenin həyatına qəsd etməkdə suçlandırdığı Noy Jordanıyanı yetərincə lənətləyir. İlya Çavçavadzenin dramatik ölümünündən gələn ağrı sanki Abbas Abdullaya əsərdə adları gedən Cəlil Məmmədquluzadənin, Hüseyn Minasazovun, Aşıq Nurunun vasitəsilə transfer olunmuşdur. Əlbəttə, haqq-ədalət uğrunda can qoyan qəhrəmanların milliyyəti yoxdur, onlar elə QƏHRƏMANdırlar. Qəhrəmanlar ölmür! Bu ölümsüzlüyü dönə-dönə dilə gətirən Abbas Abdulla İlya Çavçavadzenin ruhunun Gürcüstanın başı üstündə dolaşdığını böyük inancla söyləyir və bu ölməzliyə qibtə edir.
Qocaman şair Abbas Abdullanın gənclik şövqüylə yaradacağı gələcək əsərlərinə böyük ümid bəsləyirəm.
Bakı, 04.02.2011
“Kaspi” qəzeti, 19-21 fevral 2011-ci il
YORUMLAR
Henüz yorum yapılmamış.