- 682 Okunma
- 0 Yorum
- 0 Beğeni
Kor dumanın o üzü
Elbəyi CƏLALOĞLU
Kor dumanın o üzü
“Dağlar, sənə baş əyməyə gəlmişəm”
Gədəbəyə bu səfərimiz payızın sərin oktyabr günlərinə təsadüf edirdi. Maşınımız Yasamal dağlarına yaxınlaşdıqca duman gözlərimizə sanki dümağ pərdə çəkirdi. Duman get-gedə o qədər sıxlaşdı ki, göz gözü çətinliklə seçirdi, buna el arasında “kor duman” deyirlər. Qarşıdan gələn maşınların yaxına vuran işıqları aramızda bir araba keçəcək qədər məsafə qalanda sezilirdi. Elçin Hüseynbəyli mənə maşını saxlamağımı təklif etdi. Mən isə sinəmi sükana bir az da yaxınlaşdıraraq yola daha diqqətlə baxmağa, yolun ortasındakı xətti və kənarındakı dirəkləri aramaqla istiqaməti müəyyənləşdirməyə çalışırdım. Bayaqdan yol boyu Hüseyn Arifli günlərini xatırlayıb, təəssüratlarını bizimlə bölüşən İlyas Tapdığın bəlkə də məni yanıldacağından ehtiyatlandığından səsi çıxmırdı. Lakin o, Elçin Hüseynbəylidən fərqli olaraq daha təmkinliydi. Arada bir kəlmə “demək ki, (o, bu ifadəni tez-tez işlədir) mən bu kor dumanı yara-yara bu yolları çox gedib-gəlmişəm” dedi. Onun yavaş səslə və xoş ahəngilə dediyi bu sözlər məni İlyas Tapdığın həyatı və keçdiyi ömür yolu barədə düşünməyə vadar etdi. Lakin bu istəyi hələlik yaddaşımın bir küncünə qoydum, çünki maşında poeziyamızın və nəsrimizin sayılıb-seçilənləri, hər şeydən öncə isə üç ailə sahibi əyləşmişdi...
Əyri-üyrü yolları bir xeyli getdikdən sonra duman yavaş-yavaş bizi tərk etməyə başladı. Ağ pərdə səhnəmizin tavanına çəkildikcə qoynunda saz bəsləyib, şeir bitirən Gədəbəy dağları bizimlə üz-üzə qaldılar. Lakin nədənsə bu dağların ulu keşmişini yaddaşında gizlədən, başı papaqlı, çiyni yapıncılı, məğrur-əyilməz köhnə kişiləri xatırladan qayaların görkəminə baxanda nostalji hisslər məni bir anlıq özünə çəkdi – bu dağlarda ucqar, əl-ayaq çatmayan bir ada olsaydı, gedib orada Robinzon Kruzo həyatı yaşayardım – deyə düşündüm. İlyas müəllimin “Dağlar, sənə baş əyməyə gəlmişəm” şeirini xatırladım və məni qapandığım təsir dairəsindən xilas edən bu şeir ruhumu yenidən canlandırdı:
Hər ürəyin payızı var, qışı var,
Hər yuvanın bir qayıdan quşu var.
Çiçəyində anamın göz yaşı var,
Dağlar, sənə baş əyməyə gəlmişəm!
Sən demə, ulu dağlar da Azərbaycan ədəbiyyatına bəxş etdiyi şair oğlu İlyas Tapdığın dostları ilə birlikdə pərdənin arxasından çıxacağına şübhə etmirmiş. Üstəlik, dağlarla birlikdə sakinlər də şairin xiffətini çəkirmiş. Bunu gədəbəylilərin səmimiyyətlərindən və üzlərindəki təbəssümdən aydınca hiss etmək olurdu. Əlbəttə ki, bu il 75 yaşı tamam olan İlyas Tapdıq yüksək səviyyədə bu sevgilərə layiqdir...
Qeyd etmək yerinə düşər ki, həmin səfərdə rayon icra başçısı da oz hörmət-izzətini şairdən əsirgəmədi. Hətta Avropa standartlarına uyğun, yeni inşa edilmiş mehmanxanada bir gecə qonaq qalmağımız da onun təşəbbüsü ilə oldu. Həmin gecənin sakitliyi ətrafa hökm edəndən sonra yubilyarın maraqlı ömür yolu barədə düşüncələr məni yenidən öz ağuşuna aldı və dəftərimdə qeydlər etməyə başladım:
Tanrı əmriylə İlyasa,
Xızır İlyas verib əsa...
Kağız, qələm, bir də masa
Taleyimə düşüb mənim – deyən İlyas Tapdıq XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər fitri istedadı hesabına poeziyasevərlərin ürəklərini fəth etməkdədir. Onun poeziya meydanına gəlişi Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Əhməd Cəmil, Bəxtiyar Vahabzadə, Qabil, Hüseyn Arif, Nəbi Xəzri, Mehdi Hüseyn, Mirzə İbrahimov kimi ustadların mövcudluğu vaxtına təsadüf edirdi. Belə bir mühitdə və sovet qılıncının dalının-qabağının kəsdiyi bir vaxtda şair olmaq olduqca müşkül məsələ idi. Bunlara baxmayaraq, İlyas Tapdıq xalqın ruhuna, sazın ahənginə köklənmiş şeirlərində sətiraltı ifadələrlə sözünü, fikrini xalqa çatdırmağı bacardı. İlyas müəllimin yaradıcılığı kiçiklərdən tutmuş böyüklərə qədər hər kəsə tanış olduğundan və əsərləri öz tənqid-təbliğ prosesini çoxdan arxada qoyduğundan onun yaradıcılığı barədə bir neçə xatırlatmalar etməklə kifayətlənmək istəyirəm.
İlyas Tapdığın şeirləri sazın özü kimi gah zilə köklənib vətəni, torpağı, xalqı tərənnüm edir, gah da ağır el havalarına qovuşub işğal olunmuş ərazilərimizi, millətimizin şəhid yaralarını dilə gətirir, oxucusunu haqqın-ədalətin carçısı olmağa səsləyir:
Şuşanın görüşünə
Axsın ellər, obalar,
“Koroğlu cəngi”sini
Təzələsin oğullar.
Yeriyib Beyləqandan
Ulu Təbrizə qədər
Nəsillər bir-birini
Yürüşə səsləsinlər.
Eli yurddan ayrılıb
Qan çilənib hər daşa,
Şuşa gözləyir bizi!
və ya “Vətənin şəhidləri” şeirində olduğu kimi
Qızıl lalə bitirir şəhidlərin qan izi,
Torpağın da şəhidi yaşadan ürəyi var.
Heç unutmaq olarmı Salatını, Çingizi-
Könüllərdə onların arzusu, diləyi var.
İlyas Tapdığın şeirlərində onun təbiət hadisələrinə ustalıqla yanaşması və məxsusi deyimləri oxucusunun zövqünü rövnəqləndirir, dinləyicisinin yatmış hüceyrələrini oyadır və asanlıqla yaddaşlara həkk olunur. Şairin
Dağ hələ bəyazdı, atlaz sərməyib,
Düzlərin bığ yeri təzə tərləyib.
eləcə də, “Məni” rədifli qoşmasındakı
Anamın alqışı, xeyir-duası
Qoruyur şeytanın üzündən məni – beytləri bu qəbil ifadələrindəndir. İlyas müəllimin duyğularının, fikir və düşüncələrinin bədii əksini tərənnüm edən şeirlərində dağ vüqarı, dəniz uğultusu, çay şıltaqlığı kimi amillər də onun şair könlünün rəmzi formasına, yaradıcı insan düşüncəsinin zərif ifadəsinə çevrilir. Bu fikrimi şairin “Gəl, bu könlü özün gör” şeirini oxuyanlar da təsdiqləyə bilər:
Xəyalımın cövlanı
Dərədədir, düzdədir,
Kür sinəmə tökülür-
Ürəyimin üstədir-
deyən müəllifin şair ürəyinin ritmik çırpıntıları onun sinəsinin türk xalqları əhatəsində yerləşən Xəzər dənizinə bənzərliyindən xəbər verir. Şair isə həmin alliterasiyada davam edir:
...Gəl, bu könlə özün bax-
Yerlə-göylə birləşib
Vətənləşən könlümə,
Keçib Araz üstündən
Bütövləşən könlümə.
İlyas Tapdıq həm də zövqlərini oxşaya bildiyi balaca oxucuların da sevimli şairidir. Eləcə də, onun bir çox şeirlərinə mahnı bəstələnib. Özü də tərcüməçi kimi dünya ədəbiyatından bir çox əsərləri dilimizə çevirən İlyas Tapdığın şeirlərini, eyni zamanda başqa millətlər öz dillərinə çevirərək sevə-sevə oxuyurlar...
Beləliklə, qonağı olduğumuz Gədəbəyin təmiz havasına köklənmiş gecə mürgüsü məni barəsində bitib-tükənməyən sözlər və fikirlər deyiləsi şair İlyas Tapdıq haqqındakı düşüncələrdən tədricən ayırmağa başladı...
“İlyasın yaxşısı Gədəbəydədi”
Ertəsi gün qırov düşmüş dağlar, sanki Günəşin şüalarını süzgəcindən keçirib özünə qaytarırdı. Qayaların yaratdığı mənzərə seyrçisinə xüsusi zövq verirdi...
Səfərimizin axrıncı günü ziyafət məclisi düzənlənmişdi. Bir-birindən gözəl və məzəli əhvalatlar, İlyas Tapdığın şeirləri zövqümüzü oxşayırdı. Fürsət düşdükcə ara-sıra bəndəniz də öz şeirlərindən nümunələri məclis əhlinə təqdim etdi. Məclis qurtarmaq üzrə idi. Mən öz istəyimi iştirakçılara belə çatdırdım:
- Bu qədər yolu Gədədbəyə gəlib, buradan saz çalmamış getməyi özümə günah hesab edirəm.
Arası bir az çəkməmiş saz hazır oldu. Gədəbəydə saz tapmağa nə var, oğul odur ki, onu ölkəmizin cənub bölgələrində tapsın. Beləcə, İlyas müəllimin təkidi ilə sazı mən götürdüm. Dalbadala, bir nəfəsə üç hava çalıb-oxudum. Axrıncı oxuduğum isə “Borçalı gözəlləməsi” üstündə böyük Türk ozan-şairi Dadaloğlunun sözləri idi. Bu sözlərdən İlyas müəllim çox xoşlandı. Dadaloğlu haqlı olaraq dağların xalqa məxsusluğunu demişdi:
Belimizdə qılıncımız kirmanı,
Daşı dələr mızrağımın təmranı.
Haqqımızda dövlət vermiş fərmanı,
Fərman padişahın, dağlar bizimdi.
Bu sözlərdən ilhama gələn İlyas müəllim sazın zilini zil, bəmini bəm eyləyib sinəsinə basdı və özünün məşhur “Gədəbəydədi” şerini zümzümələdi:
...Gəzib dolaşanda binələrini,
Əzmə çiyələyin dənələrini.
Dərənin dərini, suyun sərini,
Dağların qocası Gədəbəydədi.
Yumru qayaların qızıl xınası,
Düzyurdun, Şınığın təmiz havası.
Aslanın yatağı, şirin kahası,
Tərlanın yuvası Gədəbəydədi.
İlyasam, el üçün qaynayım, daşım,
Elsiz nəyə gərək şeirim, dastanım.
Barlı-bərəkətli Azərbaycanın,
Bir kiçik parçası Gədəbəydədi.
Söz tamama yetəndə dostum-qardaşım Elçin Hüseynbəylidən bir möhtəşəm təklif gəldi:
- İndi belə bir şeir də Elbəyi Cəlaloğlu yazsın və başlanğıc üçün bir misrasını da mən deyirəm: “İlyasın yaxşısı Gədəbəydədi”...
Elə həmin gün Yasamal dağlarıyla öcəşmiş kor dumanı yarıb əks tərəfə istiqamət aldıq, axşamdan xeyli gecəyə doğru keçmiş Bakıya çatdıq. Həmin gecə bəndəniz “Gədəbəydədi” rədifli şeirini yazmaqla Elçin bəyin arzusunu reallaşdırdı:
İlhamın alisi sən demə, Tapdıq,
Həvəsin yaxşısı Gədəbəydədi.
Bu dağlar sənindi qəm yemə, Tapdıq,
İlyasın yaxşısı Gədəbəydədi.
Çən oldun dağlarda yaza söykənən,
Bulaqsan bir yanı buza söykənən.
Təbə dirsəklənən, saza söykənən,
Cinasın yaxşısı Gədəbəydədi.
Şair görkəmindi göyə baş vuran,
Nəğməni ürəyə qoşan, qoşduran.
İliyə işləyən, qanı coşduran,
Nəfəsin yaxşısı Gədəbəydədi.
Seçilmir qayalar, işıldayır Ay,
Çiskin bir alaydı, duman bir alay.
Hər sinə üstündə saz çəkir haray,
Mirasın yaxşısı Gədəbəydədi.
Torpağı, daşı var uludan ulu,
Bəlkə də burdandı nicatın yolu.
Gör nə möcüzədir, ay Cəlaloğlu,
Hər xasın yaxşısı Gədəbəydədi.
Bakı-Gədəbəy-Bakı, 31.10.2009
“Millətim” qəzeti, 17 dekabr 2009-cu il
YORUMLAR
Henüz yorum yapılmamış.