- 980 Okunma
- 0 Yorum
- 0 Beğeni
DEMAN YOLU...
Elbəyi CƏLALOĞLU
DEMAN YOLU...
2008-ci il iyul ayının əvvəllərində Yardımlı rayonunun Şiləvəngə kəndində yaşayan ziyalı dostum Ağasəf Ağayev mənə telefon açaraq “üç günlük qonağımsan” deyib, məni ailəmlə birlikdə oğlunun səadət toyuna dəvət etdi.
Qədim türk obalarından biri olan Yardımlı rayonunda, xüsusilə də dəniz səviyyəsindən 1300 metr hündürlükdə olan Şiləvəngə kəndində dəfələrlə qonaq olduğumdan oralara yaxşı bələdəm. Hər dəfə bu rayona səfər edəndə sanki, ömrümün üstünə bir ömür də gəlib. “Ucalığa çəkir daim yüksəliş” adlı şeirim də elə bu yüksəkliklərdə yazılıb:
Xoşbəxtliyə doğru uçur arzular,
Yeni bir həyat var hər yeni gündə.
Ucalığa çəkir daim yüksəliş,
Vallah, alçalıram mən hər enəndə...
Müxtəlif kəndlərdən ziyalılar yışığıb başıma, poeziya məclisləri qurmuşuq, saz çalmağımı tələb ediblər. Axşamdan başlanan saz-söz məclisi Alhüseyn əminin evində gecə saat üçə, dördə qədər davam edirdi. Kəndin cavanları və yaşlıları sazın başına elə toplaşırdılar ki, bir övliyyanın başına yığışan kimi. Adətən axşamdan yatmağı sevən Alhüseyn əmi və ömür-gün yoldaşı Nənəxanım ana da bu hikmətli gecədən ayrılıb getmək istəmirdilər. Gecədən xeyli keçəndən sonra kəndin axundu və rus dili müəllimi, dostum - Ağasəf müəllim israrla “di durun, şairi yordunuz” deyərdi. Bu səfər də ənənəvi səfərlərdən biri oldu, fərq isə bu idi ki, görüşümüz toya təsadüf etdi. Məclis başlamamış Ağasəf bəy məndən məclisi aparmamı xahiş etdi. Mən tərəddüd etdikdə, o mənə “bu kənddə artıq hamı səni tanıyır və sevir” dedi. Razılaşdım.
Məclis başlandı, aparıcı təqdim olundu. Mən isə məclisi Aşıq Ələsgərin bir divanisiylə açaraq, daha çox aşıq ənənəsinə uyğun olaraq apardım, hətta arada bir sazı götürüb bir-iki hava da ifa etdim. Məclis dağılmaq istəmirdi. Saz-söz həvəskarları olan Yardımlılar sazın sehrində xumarlanmışdılar. Nəhayət, mən öz missiyamı başa vurub məclisdən çıxdım, indi isə toyun gənc oğlanların və qız-gəlinlərin rəqs edəcəyi “çal-oynasın” etapı başlayacaqdı. Bizə isə ziyalılarla birlikdə başqa bir, kiçik məclis quruldu. Bir qədər zamanın dərdindən-sərindən danışdıqdan sonra, kənd məktəbinin direktoru qocaman Zifeyir müəllim məni dinləmək arzusunda olduğunu bildirdi. Gözəl söhbətlər bir-birini əvəzlədi və nəhayət, Deman kəndi haqqında söhbət saldılar. Bu kənd haqqında çox eşitmişdim. Görməsəm də təsəvvür edə bilirdim. Sakinlər “Deman” adının açıqlanmasını kəskin verə bilmədiklərindən, bu haqda tarixdən bildiklərimi bölüşməli oldum.
“Deman” sözü “teomen” sözünün başqa bir dialekt formasıdır.
Teomen kimdir?
Teomen (Teu-man) ilə onun oğlu Mete (Mao-tuen) e.ə 210-174-cü illərdə hakimiyyətdə olmuş Hun hökmdarıdırlar.
Dr. Osman Turana görə, Tuman (Teu-men) adı da türkcə “duman” və ya “on min” mənasına gələn “tuman” və ya “tümən”dən başqa bir şey deyildir. Necəki, Göytürk dövlətinin qurucusu Tuman (Orxan kitabələrində Bumın) Kağan və daha sonrakı bəzi oğuz yabğuları da bu ismi daşıyırdılar. Onun oğlu Modunun (Mete) əslində türkcə bağatur (bahadır) olacağı irəli sürülmüşdür (“Tütk cahan hakimiyyəti məfkurəsi tarixi” səh.42).
Əgər, “teumen” sözü “on min” anlamına gəlirsə, zənnimcə, “Teomen” adının bir mənası da “on min əsgəri olan sərkərdə” və ya “on minbaşı” da ola bilər. Çünki, Teomen və oğlu Mete əsgərləri 10, 100 və 1000 əsgərdən ibarət qruplar halında düzdükləri haqda mənbələrdə məlumatlar var. Belə olan halda ən böyük hərbi rütbə olan “on minbaşı” və ya “teumen” təbii ki, xaqana düşür. Çox güman ki, onlar bu döyüş taktikasını Midiyalı soydaşlarından öyrənmişlər, hansı ki, eyni ənənəni Midiyada çevriliş yolu ilə hakimiyyətə gəldikdən sonra Əhəmənilər də davam etdirmişlər.
Mənbələrin yazdığına görə, Göytürk dövlətinin qurucusu, Orxon kitabələrində verildiyi kimi Bumın Kağanın bir adı da Teumen idi. Özündən 760 il əvvəl yaşamış ulu babası Teumenin adı ona cəsurluğuna görə də bir təxəllüs kimi verilə bilərdi. Buna baxmayaraq, bu adı bəzən “Tuman” kimi də yazırlar. “Tuman” adı “duman” anlamına gələ bilər, çünki, türklərdə insan adlarına qoyulmuş “İldırım”, “Tufan”, “Şəlalə”, “Bulud” və s. kimi təbiət hadisələrinin adı hər halda azlıq təşkil etmir. Eyni zamanda, böyük sərkədələrin qüdrətinə yaraşdırılıb, onlara verilən coşğun təbiət hadisələrinin adı da kifayət qədərdir. Bu qəbildən I Şah Abbasın adı ilə adlanmış Gürcüstan respublikası ərazizisində yerləşən Abastumani (Abbas dumanı) şəhərinin adını çəkə bilərik. Qədim türk yurdlarından olan Rusiya ərazisində yerləşən Tümen şəhərinin adı da qədimdə “Teumen” olaraq iki Teumendən (Bumın Kağan və ya ulu babası Teumen) birinin adıyla adlandırılıb. Zənnimcə, Teumendə (Tümen) yaşayan türklərin bir qismi ya XI-XII əsrlərdə Kuman-Qıpçaqların IV David Baqrationinin dəvəti ilə Cənubi Qfqaza gəldikləri zaman, ya da XIII əsrdə Moğol yürüşü zamanı köçüb bu günkü Deman ərazisində məskən salmışlar. Hər halda ikinci variant məqsədə daha yaxındır.
Jean-Paul Rouxun fikrincə (“Türklərin tarixi” səh.56), e.ə 210-cu ildə vəfat etmiş Teomanın adı ilə “Şan-yu” adı arasında fərq görünmür. “Şan-yu” “imperator” anlamına gəlir. Bu adın daha doğru forması “Çeng-Li Ku-Tu Çen-Yu” şəklindədir. “Çeng-Li” “Göy Tanrı” anlamına gələn “Tenqri” kəlməsinin klassik yazılışıdır. “Ku-Tu” isə göyüzü ilə hökmdar arasındakı bağlantını bildirən bir kəlmədir.
Mən bu bilgiləri verdikdən sonra bayaqdan məni izləyən Yardımlı rayon Icra Hakimiyyətyi başçısının Şiləvəngə kənd ərazisi üzrə nümayəndəsi Məhərrəm Qəhrəmanov məndən “Demanda olmusunuzmu?” deyə sual etdi. Mən isə yavaşca və təəssüflə başımı bulayıb “yox” deyəndə, o, bu missiyanı öz üzərinə götürdü. Saatlarla sürən sazlı-sözlü bu məclisimiz də başa çatdı. Səhər saat 9-da Məhərrəm müəllimin göstərişilə “Niva” markalı avtomobil Alhüseyn əminin həyətində məni gözləyirdi. Sürücü - Gavran kənd sakini Seyran Mustafayev nə məqsədlə gəldiyini bildirdi. Tələm-tələsik Şiləvəngə kəndinin yuxarı başında süzülən Uzun bulağın suyundan qaynadılmış samovar çayından bir fincan içib dostum Xanoğlanla maşına oturduq. Çayüzü Kənd Bələdiyyəsinin sədri, əziz dostumuz Şahin Mahmudlu da bələdçilik etmək üçün bizə qoşuldu.
Deman yolu enişli-yoxuşlu, dərəli-təpəli, uçurumlu-qayalıdır. Bu yollarla getdikcə, onu başqa minik maşınlarının gedə bilməyəcəyinə əmin oldum. Bir anlıq Sabir Rüstəmxanlının misralarını xatırladım:
Deman yolu,
Tarixlərin tutqun yolu, duman yolu.
Get-gəlişin sel yolları,
Karvanların bol yolları.
O yolların bir tilsimdə qırılmağı,
Gözlərimin yaxın-yaxın uzaqlara
Baxıb, baxıb yorulmağı...
Arzu, istək olan yerdə hər bir əzab da səadətdir. Amma, səadətə aparan bu yolun sonunda arzular bulaq kimi qaynayır, bu yolun sonunda əlini uzatsan nicat qapısının açarına toxunar. Bu duyğuların içindəykən sinəmə bir neçə bənd gəldi:
Olmuşsa da eşqinlə havalı, dəli,
Bu çınqıllı, bu dərəli, bu təpəli,
Tuta bilməz, boran yolu, tufan yolu.
Ey tarixin daş yaddaşı - Deman yolu!
İşıqlandır ürəyimdən şəffaf, mətin,
Vulkan kimi püskürən bir məhəbbətin,
Qardaşımın ürəyinə uçan yolu.
Ey gözümün səadət yaşı - Deman yolu!
Xətayinin timsalında Günəş kimi,
Nura döndər hər yalımı, hər döngəmi,
Zəfərimə şəfəqini saçan yolu.
Abad eylə yayı, qışı, Deman yolu!
Uzanırsan bizə doğru oğuzlardan,
Nişanəsən zaman-zaman ər izlərdən.
Gör kim saldı, Bumın Kağan – Teumen yolu,
Müqəddəssən, duymaz naşı, Deman yolu!
Çək qılıncı, hissələrə böl dərdimi,
Qəlbindəki odla yandır həsrətimi,
Qoy qalmasın əsarətə guman yolu.
Güldür dağı, güldür daşı, Deman yolu!
Azğın gəlsə, qaynamasın Gözə bulaq,
İmkan vermə haqsızlığa dözə bulaq,
Qurd gəlincə tutanmasın ilan yolu.
Bu istəyi özün daşı, Deman yolu!
Hayqıraraq sərhədləri aşar sazım,
Pirlər yurdu Ərdəbildə coşar sazım,
Saf yoluna birləşər Savalan yolu,
Düşüncəmin haqq savaşı, Deman yolu!
Dəniz səviyyəsindən 2000 metr hündürlükdə olan Deman kəndi Yardımlı rayon mərkəzindən 25 km aralı olmaqla düz elə iki qardaşı bir-birindən ayıran vicdansız, alçaq, rəzil sərhəddə yerləşən dağ kəndidir. Bu kəndin görkəmi nədənsə mənə Borçalının Ermənistanla sərhədində yerləşən Dumanis (Başkeçid) rayonunu xatırlatdı. Gürcüstan hökuməti 1947-ci ildə Başkeçidin adını dəyişib “Dumanis” qoymaqla guya ki, nəyəsə nail oldular. Türk adlarından qaçmağın mümkün olmadığını anlamayanlar “dumanis” komponentinin də “teoman”dan doğduğunu bilsəydilər, yəqin ki, Başkeçidin adını dəyişməzdilər.
Deman kəndinin girəcəyindəki Viləş çayının mənbəyi olan bulağın yanında maşınımız dayandı. Şahin bəy:
-Gəlin, Gözə bulağından su içək.
Çoxdandı mənim bütün xüsusiyyətlərimə bələd olan dostum – Xanoğlan maraq dairəmə yaxşı bələd idi. Odur ki, əlavə elədi:
-Elbəyi, deyilənlərə görə Şah İsmayıl Xətai oruc tutarkən iftarını bu bulağın suyuyla açarmış, bax o təpədə də onun yaylağı varmış.
Əlbəttə ki, Xətai babam içdiyi bulağın suyundan doyunca içməliydim, içdim də. Hər dəfə Gözə bulağından ovcumu doldurub başıma çəkəndə mənə elə gəlirdi ki, kəhər atın belində, başı taclı, qoltuğu sazlı, beli kirmanı qılınclı, Xətai babam başımın üstədir. Ax, fikrimi dostlarıma aşılaya bilsəydim, onlar məni həqiqətən duysaydılar bu sudan qarnım patlayınca içərdim. Amma, elə bu düşüncələrdə nə vaxtsa yazdığım bir bənd şeirim düşdü yadıma:
Sözümü demişəm – deməsin heç kəs,
Söz var ki, ürəkdə boğulmalıdı.
Qurtula bilməyən çirkablarından,
Bəlkə də yenidən doğulmalıdı...
Demanda bizi iki kişi qarşıladı:
-Salam əleyküm, ay oğul, xoş gəldiniz – bu Avaş kənd sakini 78 yaşlı Yəhya baba idi.
-Xoş gününüzə gəldik, baba – mən dilləndim.
-Ziyalı qonaqlara oxşayırsınız – bu isə Deman kəndinin sakini 68 yaşlı Səlimxan kişi idi.
Şahin bəy irəli gedib, kişilərlə əl tutaraq məni təqdim etdi.
-Şair dostumuz, əslən Borçalıdan olan Elbəyi Cəlaloğlu, bu birsini isə tanımamış olmassınız, Xalq Cəbhəsinin hakimiyyətdə olan vaxtı Yardımlı Icra Hakimiyyətində şöbə müdiri işləyirdi, Xanoğlan Əhmədov, Şiləvəngəlidi, indi isə Bakıda yaşayır, qəzet redaktorudur.
-Lap yaxşı, ay oğul, gedək bir yaxşı çay dəmlədim sizə - Səlimxan kişi.
-Yox baba, qoy bir Xətai babamın ayaq basdığı yerlərə doyunca baxım – mən dilləndim.
Nəhayət, Xanoğlanın dediyi Xətai yaylağının olduğu təpəyə qalxdıq. Köhnə tikili qalıqları, daşları çox şeydən xəbər verirdi. Gah otluqlarda, gah da müxtəlif daşların üstündə oturub xəyallara daldım: “Doğrudanmı Xətainin burada yaylağı olub?”. Xətai haqqında oxuduqlarımı, bildiklərimi xatırlamağa çalışdım. Xətainin Deman yaylağı haqqında heç nə yadıma sala bilmədim, amma, Deman Şah İsmayılın dədə yurdu Ərdəbilin 20-25 kilometrliyində yerləşir. Birdən fikirləşdim ki, bəlkə bu dünya görmüş nurani-pirani qocalar nəsə bilirlər. Onlara yaxınlaşdım. Artıq Şahin bəylə Xanoğlan bəy də yanımda idilər. Səlimxan kişi bizi yenidən süfrəyə dəvət etdi.
-Gedək – dedim – Xətai yurdunda çay içməmək ən azı günahdır.
Xoruz quyruğu kimi qıpqırmızı çay süfrəyə gəldi. Kəmhövsələlik eləyib soruşdum:
-Baba, Xətainin buradakı yaylağı haqqında nə bilirsiniz?
-Bala, bura Xətainin yox, Fərhad xanın yaylağı olub. O vaxt bu təpə suların əhatəsində olduğundan yaylağını burada salıb. İndi isə gördüyünüz kimi, daha yuxarıdan su gəlmir.
-Deməli, Viləş çayı o zaman daha yuxarıdan başlayırmış.
-Bəli, oğlum, bəli. Deyilənə görə təpəni öz əhatəsinə alan axar suyu hər adam keçə bilməzmiş.
Fərhad xan adı məni bir qədər düşündürdü. Bir Fərhad xan tanıyıram ki, o da Səfəvi hökmdarı Şah Məhəmməd Xudabəndənin vaxtında Xorasan sərdarı Əbül Mənsur Fərhad xan Qaramanlı idi. Bu o dövr idi ki, Şah Məhəmməd Xudabəndənin zəif xarakteri ucbatından ölkədə hərc-mərclik baş alıb gedirdi və bu da 1585-ci ildə Osmanlının Təbrizi tutaraq darmadağın etməsi ilə nəticələnmişdi. Tərəddüdlər içindən xilas olmaq məqsədilə soruşmalı oldum:
-Yaxşı baba, o dediyiniz hansı Fərhad xandır?
Qoca bu sualda ilişib qaldı. Fikirləşdim ki, qoy bildiklərindən danışsın. Odur ki, dedim:
-Eybi yoxdu, baba, buralar haqında nə bilirsən danış.
-Tikanlı məftillərin o üzündəki Qanlı bulaqdan danışımmı, bala?
-Danış, baba, danış!
Yəhya baba:
-İki tacir qardaş olur, birinin adı Xosrov, birininsə adı Cavanşir. Amma, necə olubsa, bunlar bir-birini tanımırlarmış. Deyilənə görə, Xosrov buradan keçəndə bu yerlərə və bulağa vurulur və burada karvansara tikmək qərarına gəlir. Tikintinin qızğın vaxtında Cavanşir gəlib çıxır. Demə, buranı o da gözaltılayıbmış. Cavanşir etirazını bildirərkən bir-birini tanımayan iki qardaş arasında döyüş baş verir. Həmin bulağın üstündə eyni vaxtda ikisi də bir-birlərini öldürülər. Həmin bulağın adı elə o vaxtdan “Qanlı bulaq” qalır, karavansara da yarımçıq qalır. Rəvayətə görə sonralar həmin karavansaranı Şah Abbas tikdirib başa çatdırıb.
-Yaxşı, baba, Demanın tarixindən nə bilirsiniz?
Səlimxan kişi sözə başladı:
-Bala, Stalinin “sərhədyanı yaşayış məntəqələrinin köçürülməsi” haqqında verdiyi qərara əsasən 1953-cü ildə bizə də köçmək əmri verdilər. Birdən-birə köç maşınları gəlib dayandılar və dedilər ki, köçməlisiniz. Onda mənim 13 yaşım var idi. Bizi Əli Bayramlı (indiki Şirvan) rayonunun Bir May Kolxozuna daxil olan Xilə kəndinə köçürdülər. Bir qədər sonra oradan da Əli Bayramlının özünə köçürdülər və orada “Deman məhəlləsi” yarandı.
-Siz köçənə qədər Demanda neçə ev var idi?
-60 ev var idi, amma, hər evdə 4-5 qardaşın ailəsi yaşayırdı, hər kişinin də 8-10 uşağı olurdu.
-Deməli, köçənə qədər sizin kəndin 2500-ə qədər əhalisi var imiş.
-Bəli, bəli, bəlkə də çox.
-Səlimxan dayı, bəs dədə-baba yurdunuz Demana nə vaxt və neçə ailə qayıtdınız?
-Oğul, 1993-cü ildə 16 ailə ilə qayıtdıq.
-Nə ilə dolanırsınız?
-200 baş qoyunum var, 50 baş da inəyim. Satdığımızı satırıq, yediyimizi yeyirik, qalanı da damazlıqdı.
-Allah bol eləsin! İcazə verin biz gedək!
-Yox, ay bala indi yemək gələcək, hara gedirsiz?!
-Çox sağ olun, Səlimxan dayı, görüləsi işlərimiz çoxdur.
-Bala, onda Avaşa qədər məni də götürün – Yəhya baba dilləndi.
-Buyurun, yerimiz var.
Beləcə, Demanla vidalaşdıq.
Bakı-Yardımlı-Bakı
18-21 iyul 2008-ci il
YORUMLAR
Henüz yorum yapılmamış.