- 672 Okunma
- 0 Yorum
- 0 Beğeni
Yuxu və gerçəklik
Elbəyi CƏLALOĞLU
Yuxu və gerçəklik
Atamın yaşantılarından
Göyün üzü buludlu deyildi, ancaq hava kölgəli kimi tutqunuydu. Kəndimizin üst tərəfində Kürün sağ sahili ilə suyun axarına qarşı, daha doğrusu çayın üstündən salınmış piyada körpüsünə tərəf gedirdim. Uzaqdan körpünün qaraltısı görünürdü. Yer tamam palçıq idi. Qərq olmaqdan, palçıqda batmağımdan ehtiyat etdiyimə görə addımlarımı yeyinlətmək istədim, lakin bu mümkün olmadı, sanki ayaqlarımı kimsə tuturdu, mənə mane olanın nə olduğunu da anlamırdım. Ətrafda heç kəs yox idi. Dayanmadan əvvəlcə qabağa və arxaya boylandım, bir adam görünmədi, sonra da sol tərəfə suyun səviyyəsindən təxminən 15 metr hündür olan yarğanın üstünə, daha doğrusu Koroğlunun qıratla tullandığı yerə (kənd ağsaqqallarının dediyinə görə, həmin yerdən Koroğlu qıratın belində Kürün o tayına, Qarayazı meşəsinə tərəf tullanıbmış, lakin o, buna nail olsa da qıratın dal ayaqları suya düşüb və bu zaman o, - ey Kür, sən dəli, mən dəli, iki qoçun başı bir qazanda qaynamaz, - deyərək oranı tərk edib), kəndimiz tərəfə baxdım. Burada da heç kəsi görmədikdə - batsam da köməyimə çatan olmayacaq, – deyə düşünərək, yüngül qorxu hissi keçirdim. Get-gedə qaranlıqlaşırdı, mən isə palçığa bata-bata, çətinliklə də olsa irəliləyirdim. Lakin mənə elə gəlirdi ki, bir azdan zülmətə qovuşacam və bununla da həyatımın sonu olacaqdır.
Artıq alatoran idi, beş metr məsafə güclə seçilirdi. Ailəmi – ata-anamı, uşaqlarımı, ömür-gün yoldaşım olan, bu günə qədər də cavanlıq eşqiylə sevdiyim Qənirə xanımı gözümün qabağına gətirdim, qardaş-bacımı, dostlarımı düşündüm. Və fikirləşdim ki, sabah hamı bizə yığışacaq, yəqin ki, məni dəfn edəcəklər, böyük oğlum Elbəyi də Bakıdadır, o da bu 600 kilometrlik yolu öz maşınında narahatçılıqla gələcək, həm də ki, uzaq yoldur, bir hadisə-flan törəyər. Bu fikirlə bir az da getmişdim ki, birdən qənşərimdə ağ saçlı, ağ saqqallı, nurani-pirani bir kişi peyda oldu. Bala, hara gedirsən? – deyə soruşdu. Bu an məndəki pessimistlik əhvalı birdən-birə tamamilə məhv oldu. Özümdən asılı olmayaraq, əlimi qabağa uzadıb – bu tərəfə gedirəm, - dedim. O isə, - qayıt, bala, ora sənlik deyil, – dedi və ani bir vaxtda qeyb oldu. Mən geriyə döndüm, elə bu an cərrahın səsinə oyandım:
-Cəlal, bu oğlan – Elbəyi sənin oğlundur?
Bütün bunları mənə atam – Aşıq Cəlal qarın yırtığından ikinci dəfə əməliyyat olunandan sonra danışdı və - güman edirəm ki, o, nurani-pirani kişi Xızır peyğəmbər idi, – deyərək sözünü təsdiqləyirmiş kimi başını irəli-geri silkələdi. Hadisə belə olmuşdu.
1998-ci ilin qızmar yay günləri idi. Mən onda Bakı Mərkəzi Univermağında şöbə müdiri işləyirdim. Qardaşım – Bəylər kənddən mənə zəng vurub - atamın qarnındakı yırtıq dağılıb, tez gəl, – dedi və - hazırda xəstəxanada əməliyyatdadır, – deyə əlavə etdi. Bir an belə gözləmədən maşını minib yola düşdüm. Yol boyu özümdə günah aradım, lakin yaz başı atama – gəl, gedək əməliyyat etdirib qarnındakı yırtığı müalicə elətdirək, – deyə verdiyim təklifi xatırladım. O, isə israrla mənə - yox, bala, payız vaxtı elətdirərik, – demişdi. Və - hələki məni incitmir, – deyə məni arxayın salmışdı...
Atam Rustavidə “Zavod xəstəxanası”nda (bu xəstəxana belə adlanırdı) müalicə olunurdu. Əməliyyat olunandan iki gün sonra atamı reanimasiya şöbəsindən çıxarıb, otaqların birinə (palataya) yerləşdirdilər, axşam tərəfi isə həkimlər ona toyuq ətinin bulyonundan sınaq qidası verdilər. Hələki hər şey qaydasında idi, narahat olmalı heç bir əlamət hiss olunmadığından hamımızda arxayınçılıq yaranmışdı. Əməliyyatın və həkimlərin haqqını ödəyib Bakıya qayıtdım. Atama isə yaxın günlərdə ona baş çəkəciymə söz verdim. Lakin talenin qisməti, bəlkə də diqtəsi tamam başqa cür imiş.
Gecəykən yol gəlib Bakıya çatdım və səhər heç evə dönmədən, ailəyə-uşaqlara baş çəkmədən bir başa işə getdim. Görüləcək işlərimlə məşğul oldum. Elə həmin gün, günortadan bir az keçmiş, dəqiq desəm saat 16 civarında qardaşım mənə telefon açıb, – dur gəl, atamın vəziyyəti ağırdır, – dedi. Nə baş verdiyini soruşanda isə o, - bilmirəm, həkimlər də baş açmırlar, – dedi. Sonra da yavaşca, doluxsunmuş xırıltılı səslə, - uşaqları da gətir, deyəsən öləcək! – dedi. Bir anlıq yerimdə donub qaldım, gözlərim doldu, nə qədər toxdamağa çalışsam da göz yaşım üzümdən çox içimi islatdı. Götür-qoy vaxtı deyildi, ona görə də maşını bir başa evə sürdüm. Ömür yoldaşım oğluma hamilə olduğundan onu aparmağı məsləhət görmədim, lakin qızlarım - 9 yaşlı Humayı və 5 yaşlı Ürfanəni də götürüb yola düşdüm. Hər şey bizim istəyimizlə olsaydı nə var ki. Qobustanda maşının cərəyan paylayıcı sistemi (tramblyor) sıradan çıxdı, onun təmiri iki saat vaxtımı aldı. Sonralar bunun bəlkə də fikirlərimi dağıtmaq üçün xeyirli olduğunu düşündüm. Təmirdən sonra maşını bütün gecəni dayanmadan sürdüm...
Sınıq körpüyə çatmağa təxminən iki kilometr qalmış vahiməli hava siqnalı eşitcək özümə gəldim. Sən demə sükan arxasında yuxu məni tutubmuş. Xoşbəxtlikdən yolda başqa maşın olmayıb. Uzaqdan üzbəüz gələn böyük yük maşınının sürücüsü isə mənim öz yolumdan çıxaraq, onun yolunu da kəsərək tədricən qırağa doğru yaxınlaşdığımı görüb və sükan arxasında yatdığımı hiss edib. Elə bu səbəbdən də güclü hava fitini işi salıbmış. Yuxudan ayılan kimi mən uşaqları nəzərdən keçirdim, Allaha dualar etdim və yük maşınının sürücüsünə əl işarələrimlə minnətdarlığımı bildirdim...
Nəhayət, səhər tezdən kəndimizə - İlməzliyə çatdım. Hamının xəstəxanada olduğundan, evdə tək gəlinimiz qalmışdı. Dərhal düşünmədəın Rustaviyə, atamın yerləşdirildiyi xəstəxanaya yollandım...
Atamın ikinci dəfə əməliyyat olunması üçün ən doğru qərarı qardaşım vermişdi, təbii ki, mən də eyni addımı atardım. Belə ki, bulyonu qəbul edəndən təxminən 18 saat sonra atamın güclü ağrıları başlayıbmış. Hətta, o dərəcəyə çatıb ki, atam özünü öldürməyə bir alət və ya əşya axtarırmış. Bunu mənə anam dedi. Həkimlər yığışıb, hamısı çaş-baş qalıblarmış. Sonda baş həkim-cərrah Bəylərə təklif edib ki, bu kişi onsuz da ölür, izn verin bir daha əməliyyat edək, bəlkə alındı. Onda qardaşım heç tərəddüd etmədən buna razılıq vermişdi.
Bax elə həmin vaxt, əməliyyatdan sonra, bəlkə də əməliyyat zamanı atam həmin yuxunu görübmüş. Mən də elə bir məqamda gedib çatmışdım ki, həkimlər və bütün qohumlar atamın bihuşdardan oyanmasını gözləyirdilər. Cərrah - Nuqzar həkim (o, milliyətcə gürcü idi) məni görən kimi yaxınlaşıb qolunu boynuma saldı və biz birlikdə reanimasiya şöbəsinə, atamın yanına doğru addımladıq. O, mənə müraciətlə, - gedək, bəlkə sənin gəlişini duyub, indi ayıla, – dedi. Belə də oldu. Cərrah atama müraciətlə, - Cəlal, bu oğlan - Elbəyi sənin oğlundur? – deyə uca və kobud səslə soruşdu. Atam azca başını qaldırıb, – bəli, bəli mənim oğlumdur, – dedi və yenə də başını salıb, gözlərini yumdu. Mən göz yaşımı saxlaya bilmədim, eynimdə sevinc və kədər yaşı bir-birinə qarışmışdı. Bu həm atamın sağ qalmasına görəydi, həm də onun çəkdiyi əzablara görə. Həkim məni qucaqladı və – o, mənim dostumdur, sənin atan yaxşı adamdır, – deyib kövrəldi. Doğrudan da, atam gürcü dilini yaxşı bildiyinə görə kənddə bir xəstələnən olanda ona müraciət edərdilər, o da xəstəni bir baş Nuqzar həkimin yanına aparardı. Bax beləcə onlar dostlaşmışdılar...
Atam oyandıqdan sonra isə ona təxminən on gün ardıcıl olaraq qan və qanın tərkib hissəsi olan plazma köçürdülər. Onun ikinci dəfə əməliyyat olunmasının səbəbi isə, birinci əməliyyat zamanı bağırsağın hansısa bir nöqtədə buruq düşməsi imiş, xəstənin qəbul etdiyi sınaq qidası həmin nöqtəyə çatanda onun şiddətli ağrıları baş veribmiş. Bunu mənə cərrah özü izah etmişdi. Beləcə atam sağaldı, lakin bundan beş il sonra yazıq atam başqa bir xəstəlikdən əziyyət çəkdi. Bu xəstəliyin kökü onun uşaqlıq çağlarına dayanırdı...
Mən həmişəki kimi tez-tez ata-anama telefon açır, vəziyyətlərindən halı olurdum. 2003-cü ilin qışında atam bir gözündə ağrıların olduğunu dedi. Mən isə ondan müayinə üçün Bakıya gəlməsini xahiş etdim. Nədənsə o, - keçib gedər, – deyərək tərəddüd etdi. Vaxtaşırı zəngləşsək də ara aprel ayına qədər uzandı. Bu dəfə anam telefonda atamın ağrıyan gözünün giləsinin kiçildiyini dedi. Mən inadımı nümayiş etdirdim və mayın əvvəlində atamın Bakıya gəlməsinə nail oldum. Bir an belə gözləmədən “Zərifə Əliyeva adına Göz xəstəxanası”na müraciət etdik. Həkim xəstənin gözünün mütləq çıxarılacağını dedi və - əgər çıxarılmazsa, xəstə göz o birini də zədələyəcək, – deyə israr etdi. Başqa bir yol görmədiyimdən, razılıq vermək məcburiyyətində qaldım...
Atam uşaq vaxtlarındaykən dananın boğazına bağlanmış çatını tut ağacına bağlamaq üçün, onu kəmənd atırmış kimi uzaqdan qolazlayıbmış. Ağaca dolanıb qayıdan çatının düyünlənmiş ucu təsadüfdən atamın gözünə dəyibmiş. O vaxt nəqliyyat-flan olmadığından həkimə gec müraciət ediblərmiş. Lakin hər halda müalicə olunsa da, onun həmin gözündə ağ ləkə qalmışdı. İndi əməliyyat olunan da atamın həmin gözü idi. Beləcə yazıq atam gözünün birini itirdi. Lakin, onun üç yaşından atasız qalması (atası Bilal kişi ikinci dünya müharibəsi zamanı itkin düşüb), əziyyətlər içində böyüməsi, sonra da dörd dəfə cərrahiyyə əməliyyatı (bir dəfə də kor bağırsaqdan əməliyyat olunmuşdu) olunması və bütövlükdə həyatın çətinlikləri ilə üzləşməsi onu sarsıtmadı. Dahi şairimiz Səməd Vurğun demişkən, əli işdən soyumadı, ürəyi arzudan. Əvvəlcə Qazaxlı aşıq Dərya Məhəmməddən, sonra isə Borçalı Aşıq Kamandardan dərs almış atamın – ustad aşıq Cəlal Bilal oğlunun 2012-ci ildə 75 yaşı tamam olacaq. O, indi də hərdən bir telli-tavar sazını sinəsinə basır, Koroğlu kimi nərə çəkir.
Bakı, 19 iyul 2010-cu il
“Millətim” qəzeti, 22 iyul 2010-cu il
YORUMLAR
Henüz yorum yapılmamış.