- 689 Okunma
- 0 Yorum
- 0 Beğeni
BİR İNSANIN TALEYİ
BİR İNSANIN TALEYİ
Bankamatın qabqğında durubdur,
Qoca nənə boynunu gəc burubdur,
Fikirləşir, fikirləşir neyləsin,
Dərdini, çorunu kimə söyləsin.
Bu dəmir parçası pul vermir ona,
Nənəni bezdirib, yığıbdır cana.
Bircə-bircə düymələri hey basır,
Hərdən bir də barmağını tez qısır.
Qan- tərə batıbdır bu qoca nənə,
Maşınla əlləşir durmadan yenə.
Bu gün də təqaüd ala bilməsə,
Kimsə onun köməyinə gəlməsə,
Qoca nənə yenə də ac yatacaq,
Onun ahı çoxlarını tutacaq.
Bankir yaxınlaşır qoca nənəyə,
-Gəlmişəm ay nənə sənə köməyə.
-Ay bala qoy Allah köməyin olsun,
Qadanı-bəlanı bu nənən alsın.
Nənənin kartını maşına taxır,
Maşından hesabda pul yoxdur çıxır.
Bu zaman nənənin dəyişir halı.
Neyləsin qalmamış bir manat pulu.
Nənə çox nigaran qayıdır evə,
Nə övlad gözləyir, nə də ki, nəvə.
Tənha bir qocadır kimsəsi yoxdur,
Gileyi-güzarı dərt- qəmi çoxdur.
Nənə əlli manat təqaüd alır,
Bir aya çatmayır o, borclu qalır.
Qaz pulu, su pulu, işıq pulu var,
Ev pulu, yer pulu belə dərd olar.
Nənə təlaşdadır hər saat, hər an,
Üstəlik lazımdır həm dəva-dərman.
Nənənin hər axşam ağrıyır canı,
Kimdir pulsuz verən dəva-dərmanı.
Bayırdan səs gəlir döyülür qapı,
Salya daxil olur başlayır gapı.
Nə var ay Tükazban, necədir halın?
Deyəsən dəyişib bu gün əhvalın.
Nədənsə gözümə yaxşı dəymirsən,
De görüm bizlərə niyə gəlmirsən?
-Nə deyim ay Salya işim tərs gedir,
Taleyim mənimlə zarafat edir.
Yenə də təqaüd ala bilmədim,
Bu fani dünyada bir gün görmədim.
Bezmişəm, Allah da canımı almır,
Neyləyim bu sayaq yaşamaq olmur.
Mənim də bir zaman dövlətim vardı,
Qeydimizə, qayğımıza qalardı.
Pul yığardıq ağ günə, qara günə,
Gedərdik-gələrdik toya-düyünə.
Azad idim ödənişdən, vergidən,
Pul alardım bayramlardan, sərgidən.
Təqaüdüm gen-boluna çatardı,
Gecələri bacın rahat yatardı.
Öləndə də rahat-rahat ölərdik,
Nə yığmışdıq uşaqlara bölərdik.
İndisə sabaha yoxdur gümanım,
Köhnəlib üst-başım, şalım, tumanım.
Gecələr də yuxum ərşə çəkilib,
Yolumuza qara dikan əkilib.
Salya Tükazbanın bildi halını,
Qaldırdı çiynindən, atdı şalını.
Əlini yavaşca qoynuna saldı,
Tükazban nənə çox pərişan oldu.
Deyəsən çıxarıb pul verəcəkdir!
Yenə xəcalətdən əriyəcəkdir.
Salya nənə , ona yüz manat verdi,
Sonra da rahatca nəfəsin dərdi.
Bu vicdan borcudur Tükazban bacı,
İstər şirin olsun, istərsə acı.
Ömür karvanını yola salmışıq,
Biz həmişə bacı kimi olmuşuq.
Salya nənə şən firavan dolanır,
Məhəllədə səxavətli adlanır.
Üç oğlu, bir qızı, doqquz nəvəsi,
Hər gün yaşamağa artır həvəsi.
-Darıxma Tükazban bağlayan açar,
Heç kimi həyatda olmasın naçar.
-Ay Salya fələk də kəməndə salıb,
Hay-hayım gedibdir vay-vayım qalıb.
Qorxumsa ac qalıb, tək ölməyimdir,
Günahım həyata tərs gəlməyimdir.
-Deyirəm gecəmiz xeyirə qalsın,
Hər gecə yuxumuz qoy şirin olsun.
İndi gedirəm yoil sal məni,
Ay Tükazban Tanrı saxlasın səni.
Fikirləşmə, get rahat yat ay arvad,
Onsuz da dünyamız olubdur bərbad.
Salya nənə çıxıb getdi evinə,
Şərik oldu Tükazbanın qəminə.
Tükazbansa evdə var-gəl edirdi,
Otağında o yan- bu yan gedirdi.
Sonra da soyumuş yatağa girdi,
Yatmağa qoymurdu onu bu dərdi.
Hər gecə beləydi, vərdiş etmişdi,
Kövrək ürəyində kədər bitmişdi.
Yuxuya gedərdi gecədən keçmiş,
İnsan da bu qədər dərdmi çəkərmiş?
* * *
Bir dəfə bazardan qayıtdı nənə,
Gördü ki, işığı yanmayır yenə.
-Deyəsən işığım yenə kəsilib,
Dərdlərim az idi biri də gəlib.
Naqillər kəsilib sallanıb yerə,
Qarğadı kəsənə neçə yüz kərrə.
Əllərin qurusun tez-tez gəlirsən,
Mənim əhvalımı yaxşı bilirsən.
Bu zaman bayırdan səs eşidildi,
Gələn qonşu oğlu Mübariz idi.
-Ay nənə naqillər yarı bölünmüş,
-Yenə də kəsibdir Bəxtiyar ölmüş.
O, alçaq hər dəfə işığı kəsir,
Qəzəbdən ayağım, əllərim əsir.
-Darıxma ay nənə qoşaram indi.
İşığı kəsənlər şeytandı, cindi.
Mübariz bağladı tez naqilləri,
Açıldı nənənin şirin dilləri.
Çox sağ ol ay oğul işığım yandı,
Nurlansın gözlərin, gözüm nurlandı.
Hərdən bir beləcə qonşular gəlir,
Nənənin əhvalı, halı düzəlir.
Həftələr dolanır, aylar dolanır,
Hər səhər yuxudan dərdli oyanır.
Dövran düzəlməyə inanmır qarı,
Açan yoxdur bağlı olan yolları.
Doxsanı keçibdir, yüzə az qalıb,
Saçları ağarıb, rəngi saralıb.
Ancaq ayaqdadır, düşməyib haldan,
Çəkir karvanını, qalmayıb yoldan.
* * *
Prezidentin təzə fərmanı çıxıb,
O, təqaüdlərə yenidən baxıb.
Əlavə eyləyib, artırıb bir az,
İnsanda heç zaman ümid qırılmaz.
Verilir bu xəbər hər axşam, səhər,
Tükazban nənəni tutubdur qəhər.
Tutaq ki, təqaüd bir az da artdı,
Aylığım altımış manata çatdı.
Nəyimə çatacaq artan on manat,
Yoxsa verəcəkmi mənə qol-qanad.
Tariflər şurası bunu tez duymuş,
Hər şeyə yenidən qiymətlər qoymuş.
Enerşi üç dəfə, təqaüd bir az,
Bu artımla bizim qarnımız doymaz.
Tariflər bazara tez təsir edir,
Ərzağın qiyməti baş alıb gedir.
Bütün fərmanlara möhür vurulur,
Arada kasıbın beli qırılır.
Tükazban yenə də darda olanda,
Kisəsi boşalıb, pulsuz qalanda.
Salya nənə ona köməyə gəlir,
Tükazban Tanrıya şükür eyləyir.
Qalan həyatımı borcluyam ona,
Nə qədər yaxşılıq eyləyib mana.
Bir əli hey mənim üstümdə olub,
Dəfələrlə mənə əyin-baş alıb.
Qoy Tanrı canına dəyməsin onun,
Canları sağ olsun hər üç oğlunun.
* * *
Bir az da danışaq Salya nənədən,
Deyəsən karvanı köçür binədən.
Dünəndən bəridir dəyişib halı,
Görünmür gözünə dünyanın malı.
Çağırıb deyir ki, oğlanlarına,
Baş çəkin şəhərin loğmanlarına.
Canımda ağrılar artır hər saat,
Bir dəqiqə belə buraxmır rahat.
Gözlərim qapanır, canım alışır,
Hərdən də başımın içi qarışır.
Düyəsən əzrail bu gün gələcək,
Göstətişlə həyatımı siləcək.
Nənənin halını qonşular bilib,
Hamısı yığışıb buraya gəlib.
Tükazban oturub onun yanında,
Əlləri əlində, qorxu canında.
Gözündən bir an da buraxmır onu,
Artıq o, yanadır Salyanın yönü.
Təngiyir nəfəsi birdən daralır,
Qapanır gözləri, rəngi qaralır.
Salya son sözünü deyə bilməyir
Nəfəsi kəsilir, daha gəlməyir.
Onun həyatının qırılır simi,
Elə bil dünyaya gəlməmiş kimi.
Bu gün dəfn edirlər Salya nənəni.
Qoruyaraq adət və ənənəni.
Mərasim yerində çoxalır insan,
Necə də qəmlidir bu gün Tükazban.
Bir ümid yeri də belə qırılır,
Salya həmişəlik ondan ayrılır.
Güllərdən Salyaya çələng toxunur,
Məzara qoyulur, Quran oxunur.
* * *
Tükazban nənənin ağrıyır canı,
Sandıqdan çıxarıb açır boxçanı.
Həkimə getməyə az qalıb pulu,
Yenə fikirdədir Tanrının qulu.
On manat qalıbdır nəyinə çatar,
Dərd-azar gələndə yoxsulu tapar.
Evini dolandı hər yana baxdı,
Qapını bağlayıb həyətə çıxdı.
Gülzarı səslədi:-Yaxın gəl dedi,
Gülzar da nənənin yanına gəldi.
Ay qızım axşamdan ağrıyır canım,
Bilmirəm nə olub qaralıb qanım.
Sən məni həkimin yanına apar,
Bəlkə dərdlərimə bir əlac tapar.
Tükazban istədi dil-ağız etsin,
Həkimin yanına Gülzarla getsin.
-Apararam bu nə sözdür ay nənə,
Bizim borcumuzdur əl tutaq sənə.
Bu yaxında təzə mərkəz açılıb,
Həkimləri bircə-bircə seçilib.
Nənəni mərkəzə apardı Gülzar,
Burada həkimlər olub işgüzar.
Tükazban nənəni dindirir Musa,
Elə bil dünəndən batıbdır yasa.
Azalıb yanına gələn müştəri,
Bu hərifin yaxşı getmir işləri.
Elə ki, əlinə düşəndə bir can,
Mələyə dönərək olur mehriban.
Tükazban nənəni tutubdur dilə,
Məqsədi qocanı almaqdır ələ.
Xəbəri yoxdur ki, bu tənha qoca,
Pulmu verəcəkdir ona bolluca.
-Nənə müayinə yazmışam sənə,
Hamısından cavab gətir sən mənə.
Hər yazdığım aparata dəyərsən,
Otuz beş manat da pul ödəyərsən.
Sonra da dərdinə yazaram çarə,
-Haradan pul tapım mən bəxti qara.
-Özün bil ay nənə pulsuz baxmırıq,
Heç kəsi buradan boş buraxmırıq.
Nənə dərdli-dərdli durdu yerindən,
Məlul-məiul bir ah çəkdi dərindən.
Təsiri olmadı ahın Musaya,
Ümid qalıb Məhəmmədə, İsaya.
Həkimdən ayrıldı Tükazban nənə,
Bəxtindən şikayət eylidi yenə.
A qızım, ay Gülzar qayıdaq dala,
Bir gün bunları da tutacaq bəla.
Bu qansızlar insanlrdan qan alır.
Can vermirlər, gələnlərdən can alır.
Bu zaman dəhlizdən keçən bir həkim,
Dedi:-Nənə səni incidibdir kim?
-Nə bilim ay bala qansızın biri,
Fərq etməz bunlara ya ölü, diri.
-De görüm ay nənə ağrıyır haran?
İnsnlıq edəmməz hər yerdən duran.
-Ay bala hər yerim ağrıyır mənim,
Az qalır ortaya qoyulsun tənim.
Bu həkim nənənin dərdini bildi,
Kövrəldi alnının tərini sildi.
Burada “aptekdən” bir dərman aldı,
Tükazban həkimdən çox razı qaldı.
Sonra da Gülzarı çağırıb dedi:
-Qocalıq dərdidi nənənin dərdi.
Hər günə üç dəfə bu həbdən içər,
Canının ağrısı azalıb keçər.
-Ay bala adını demədin mənə,
-Mən adsız həkiməm ay gözəl nənə.
Adlılar qaz vurub, qazan doldurur,
Gələni-gedəni diri yoldurur.
-Qoy Tanrı köməyin olsun ay bala,
Səni görməyəsən nə dərt, nə bəla.
Gülzar nənənin qoluna girdi,
Qocanı bir başa evə gətirdi.
* * *
Beləcə dolanır həftələr, aylar,
Ucalır hər yerdə şanlı saraylar.
Körpülər salınır, yollar çəkilir,
Bağlarda ağaclar, güllər əkilir.
Xarici maşınlar çıxırlar yola,
Həyat zəmanədən qalmayır dala.
Kimi dərd içində elə qəm çəkir,
Kimi də dəm tutur elə dəm çəkir.
Kiminin sərvəti başından aşır,
Kimi də bazarda səfil dolaşır.
Kimi kef eyləyir, al qumaş geyir,
Kimi də əlacsız duz-çörək yeyir.
Dövlət inkişafda gedir irəli,
Nənənin heç yerə çatmayır əli.
Onun təqaüdü artmayıb, durub,
Nənə yazıqlaşıb, boynunu burub.
Qohumdan qonşudan azalıb payı,
Beləcə keçirir hər qışı, yayı.
İndi çox görünür Salyanın yeri,
Nənə bir sümükdür, bir də ki, dəri.
Evindən çıxmağa halı qalmayıb,
Gördüyü dünyadan bir kam almayıb.
* * *
Bu gün bir qış günü, hava çox soyuq,
Sonunda Tükazban düşübdür duyuq.
Yatır yatağında tərpənə bilmir,
Nəfəsi gah gəlir, gah da ki, gəlmir.
Keçir xəyalından bütün həyatı,
Uzanıb:-Anası deyir bayatı.
Atası qızının çəkir nazını,
Basbdı bağrına telli sazını.
Kərəmi üstündə bir hava çalır,
Qolunu qızının boynuna salır.
Çün ki, tək övladdı sevirlər onu,
Nə bilsin həyatın beləymiş sonu.
Gəlir fikirinə:-dünya qarışır
Hər yerdə, hər yanda millət vuruşur.
İnsanlar inqilab-inqilab deyir,
Həyat kommunizmə doğru yeriyir.
Onun atası da atıb sazını,
Nigaran qoyubdur körpə qızını.
Oatılıb cərgəyə inqilab edir,
Qaçaqla, quldurla döyüşə gedir.
Günlərin birində acı bir xəbər,
Qızın həyatına qatmışdı zəhər.
Atası inqilab yolunda öldü,
Körpə sevincini kədərlə böldü.
Tək-tənha anası saxladı onu,
Duydular istirab nə olduğunu.
Ömrünün ilk çağı başladı belə,
Uşaqlıq yaşına çatmamış hələ.
Dövlətsə onlara qayğı göstərir,
Lazımı miqdarda təzminat verir.
Beləcə yetkinlik yaşına çatır,
Bəzi fikirləri başından atır.
Həyat davam edir:-Deyərək bu qız,
Hiss etmir özünü vətəndə yalqız.
Məktəbi bitirib, komsomolçudur,
Kommunist fikirli, həmdə solçudur.
Getdikcə bu qızın artır hörməti,
Olmayır günahı, nə də töhməti.
Qazaxda oxuyub, təhsil alıbdır,
Seminariyaya daxil olubdur.
Bu qızın içində qaynayır həyat,
Oxuyur, işləyir oturmur rahat.
Həm sevən, sevilən vaxtı çatıbdır,
İşvəsinə, nazına duz qatıbdır.
Hamıya xoş gəlir bu gözəl pəri,
Qazax mahalında yox bərabəri.
Darvaza önündə Həmid dayanıb,
Qəlbində məhəbbət, sevgi oyanıb.
Tükazban nazlanır, qıyğacı baxır,
Həmidin qəlbini yandırıb, yaxır.
Həmidsə vurulub bu gözəl qıza,
Çox dözür ondakı işvəyə, naza.
Tükazban özü də sevir Həmidi,
Elə bil bağlanıb ona ümidi.
Elçi göndəribdir o, Tükazbana,
Necə də həyacan keçirir ana.
Qızını yanına çağırıb deyir:
-Ay Tükazban Həmid səni istəyir.
Bir təbəssüm gəlir al yanaqlara,
Razılıq verirlər bu qonaqlara.
Həmid Tükazbanla ailə qurur,
Qızıla bərabər bir şikar vurur.
Onlara həm arxa, həm dayaq olur,
Bir ocaq yaradır, dəyərin bulur.
Bu isti ocağın gur yanır odu,
Gəlinin ağzının dəyişir dadı.
Ocaqda dünyaya bir oğlan gəlir,
Ananın sevinci göyə yüksəlir.
Dörd nəfər olurlar kiçik ocaqda,
Təzə ev tikirlər isti bucaqda.
Çox uzun sürməyir bu sevinc, istək,
Atır kəməndini yenədə fələk.
Vaxtsız ölür Tükazbanın anası,
Matəmə yığılır eli, obası.
Bu olay baçlanğıc, nə sonluq olur,
Dünyaya çox böyük bir bəla gəlir.
Dünyanın başını alır bir duman,
Bu gündən sabaha qalmayır güman.
Cahan savaşına verilir rəvac,
Dünya bu olaya tapmayır əlac.
Bu qanlı qasırğa çox uzun sürür,
İnsanlar gözüylə dəhşətlər görür.
Həmid də çağrılır qanlı savaşa,
Tükazbanın bəxti dirənir daşa.
Qayıtmaq ümidi azdır gedənə,
Savaşda canını fəda edənə.
Həmid qayıtmayır itkin sayılır,
Bu xəbər hər yana tez də yayılır.
Tükazban gözləyir illər uzunu,
Görməyir Həmidin heç vaxt üzünü.
Artıq tək qalıbdır o, körpəsiylə,
Həm yatır, həm durur onun səsiylə.
Ümid ilahidən kəsilməz deyir,
Həmidin yolunu hər gün gözləyir.
Beləcə fəsillər, illər ötüşür,
Hər şey qaydasına, yoluna düşür.
* * *
Tükazban Osmanı məğrur böyütdü,
Oğlu onun üçün böyük bir bütdü.
Osman atasının yerini tutdu,
Ər kimi böyüyüb ərsəyə çatdı.
Ağılı, kamalı öz yerindədir,
Təhsili, savadı çox dərindədir.
Medalla bitirdi orta məktəbi,
Ziyalı olmaqdır onun məqsədi.
Yerində çevrildi Tükazban nənə,
Xəyallar qocanı apardı yenə.
Xəyallar nə qədər şirindir ona,
Heç məhəl qoymayır ağrıyan cana.
Budur Osman Ali məktəb bitirib,
Anasını özü ilə gətirib.
Bax bu evi əlləriylə tikibdi,
Bu yolda çox istirablar çəkibdi.
O, tikirdi müvəkillər sökürdü,
Hər dəfə də alın təri tökürdü.
Razılıq verdilər sonra Osmana,
Nə qədər sevindi, şadlandı ana.
O, şəhid oğludur şansı çox idi,
Dövlət şəhidlərə hörmət edirdi.
* * *
Osman bu gün evə gəlin gətirib,
Ana sevincindən özün itirib.
Gəlin də oxşayır onun özünə,
Doymaq olmur söhbətinə, sözünə.
Oğlu sevir təzə gələn gəlini,
Tapıbdılar bir-birinin dilini.
Gəlin də çox hörmət edir Osmana,
Ürəkdən, könüldən bağlanıb ona.
Fəsillər dalınca, fəsillər keçir,
Sevimli bəxtəvər çox illər keçir.
Tükazban unudur ötən günləri,
Ömrünə sancılıb bitən günləri.
İki oğlan doğur onun gəlini,
Sevindirir obasını, elini.
Uşaqlar böyüyür xoş keçir illər,
Nəsillər dalınca, gəlir nəsillər.
Ruzigarlar qaralır yenə də birdən,
Qaçmaq olmur nə qismətdən, ömürdən.
Çərxi-fələk yenə dönür tərsinə,
Tükazbanla bu qansızın qəsdi nə?
Açıb kəməndini əlinə alır,
Yenə Tükazbanı toruna salır.
Osman istəyir ki, Qazağa getsin,
Ata ocağını ziyarət etsin.
Arvadını, oğlunun da birini,
Maşınında rahatlayıb yerini.
Ya Tanrı deyərək çıxmışdı yola,
Yoldasa onları tutmuşdu bəla.
Qəzada hər üçü yerində öldü,
Ata ocağında yerə gömüldü.
Nənəylə qalmışdı o, biri oğlu,
Qaldı Tükazbanın sinəsi dağlı.
Yataqda çevrilə bilməyir nənə,
Onu fikir, xəyal aparır yenə.
O, biri nəvəsi ərsəyə gəlib,
Öz adıyla, əməliylə yüksəlib.
Təhsilə, idmana meylini salıb,
Orxan dəfələrlə çempion olub.
Tükazbanın son ümidi. çırağı,
Bir gün Qarabağdan gəldi sorağı.
Könüllü çəbhəyə getmişdi Orxan,
Ölmündən belə deyildi qorxan.
* * *
İyriminci əsrin bədbəxt anası,
Olmadı başından əksik bəlası.
Nə qədər ağrıya, zülmətə dözdü,
Doxsan il yaşadı canından bezdi.
Bir az da qəhrəman Orxandan deyək,
Şəhidlər önündə gəlin baş əyək.
Qarabağ millətə ağır dərd oldu,
Böyük bir xiyaban şəhidlə doldu.
Qeyrətli oğullar könüllü getdi,
Qorxaqlar, alçaqlar aradan itdi.
Orxan da biganə qalmadı buna,
Vətəndir igidə ən böyük ana.
İlk gündən cəbhəyə könüllü getdi,
Biz ölsək də!-Vətən sağ olsun dedi.
Qoşuldu cəbhədə partizanlara,
Millətin köksünə vurulub yara.
Yaralar qan verir, vətən ağlayır,
Analar başına qara bağlayır.
Ərənlər dözməyir bu ağır dərdə,
Oğullar döyüşür göydə və yerdə.
Həmid babasına çəkibdir Orxan,
Heyif ki, tez öldü qardaşı Sərxan.
Sərxan da qeyrətli bir oğul idi,
Heç kimin önündə baş əyməyirdi.
Çox qeyrət göstərir bu Orxan bala.
Döyüşdə dəstədən qalmayır dala.
Hər işi yerinə yaxşı yetirir,
Bəzən də döyüşdən əsir gətirir.
Döyüşlərdə ad aldı, ad qazandı,
Qəhrəman oğullar tarix yazandı.
Günlərin birində gəldi bir xəbər,
Tükazban nənəni yandırdı qəhər.
Onun son ümidi belə qırıldı,
Tənha qalıb Orxandan da ayrıldı
* * *
Bu axşam, bu gecə bilmirəm nədən,
Heç kimin xəbəri yoxdu nənədən.
Nənə yatağında tərpənə bilmir,
İşığı kəsilib, qazı da gəlmir.
Əlləri, ayağı təmiz soyumuş,
Fikir karvanını çəkib uyumuş.
Yorğan da nənənin üstündə yükdür,
Canı bir dəridir, bir də sümükdür.
Otaq qaranlıqdır, həm də ki, soyuq,
Döşəmə, divarlar hamısı oyuq.
Tükazban çox qoca, həm də ixtiyar.
İşığı kəsibdir yenə Bəxtiyar.
Şair Bəxtiyara çevir üzünü,
Qandır ona insanlığın düzünü.
Söyiə!-de ki, ay insan nədən?
Umacağın nədi qoca nənədən?
Azarın nədir ki, tez-tez gəlirsən?
Bu qocanın işığını kəsirsən.
Şərəfli, qeyrətli işçisənsə sən,
Kəsməli olanı niyə kəsmirsən?
Sən buyruq qulusan belədir işin,
Bu səndə adətdir, həm də vərdişin.
Beləcə nənənin soyuyur canı.
Burada qurtarır bir ömrün sonu!
BAKI-2007
YORUMLAR
Henüz yorum yapılmamış.