- 842 Okunma
- 0 Yorum
- 0 Beğeni
DÜYÜN HEKAYETİ
Ramazan arvadından bilməyir hara qaçsın,
Alosmanlıq dərdini söyləsin, kimə açsın.
* * *
O, yazıq öz dərdini açıb mənə söylədi,
Dedi yaman bezmişəm, giley-güzar eylədi.
Mən də sizə söyləyim Ramazanın dərdini,
Arvadı çox tez əyib qamətini- qəddini,
Bir gün arvad dyib ki, ay başı batmış kişi,
Nə yatmısan qəflətdə, düzüb qoşmuşam işi.
Uşağımız böyüyüb evlənməyin vaxtıdı,
Bir gözəl qız tapmışam, elə onun baxtıdı.
Bu işdən razı qalıb özü də çox sevinib,
Arvadlar əl basıbsa, nə danışıb, nə dinib.
Deyib beş-üç nəfərlə, adətlə elçi gedək,
Arvadda qayıdıb ki, nə dedin ömrü gödək.
O gün gördün ki, qonşu şadlıq evi bağladı,
Arvadı qürurundan, sevincindən ağladı.
-Ay arvad elçiliyə, şadlıq evi nə lazım,
-Saraysız da evlənər həm oğlum, həm də qızım.
Arvad qızıb, nə qızıb deyib:- A ölmüş kişi,
Dünyanın gərdişindən geridə qalmış kişi.
Elçiliyi, nişanı kim eyləyir evində,
Onlar qaldı keçmişdə, o kəndistan elində.
İndi zaman dəyişib, gözünü aç baxginən,
At başından keçmişi, qaranlıqdan çıxginən.
Bir azca pul yığmışam xəbərin yoxdu sənin,
Hələ bundan sonra da azarın çoxdu sənin.
Şadlıq evi tutulub, çox bahalı olubdur,
Ramazan toy xanaya bi az borclu qalıbdır.
Bundan sonra başlayıb xala-xala oyunu,
Aparıblar quzunu, hər bayramda qoyunu.
* * *
Ramazan arvadından bilməyir hara qaçsın,
Alosmanlıq dərdini söyləsin kimə açsın.
Indi gəlin eşidək Azmazanın dilindən,
Görək nələr çəkir o, arvadının əlindən.
Qulağında telofonun dəstəyi,
Səhərdən axşama danışır arvad.
Kimini qaldırır, kimini yıxır,
Hamının işinə qarışır arvad.
Sığal çəkir minalanmış üzünə,
Hökm eyləyir həm oğluna, qızına,
Elə ki, bir işin düşür izinə,
Çıxır axırına, barışır arvad.
Bir kimsədən dala qalmaq istəmir,
Qaçır elə nə toy demir, yas demir,
Aldığına, verdiyinə bəs demir,
Qohumla, qonşuyla yarışır arvad.
Sürmə çəkir kipriyinə, qaşına,
Həftədə bir boyaq varur başına,
Ağzı nədir, kim qarışa işinə,
Ələklə-fələklə vuruşur arvad.
Zalım qızı dediyindən dönməyir,
Evimizdə heç kim onu yenməyir,
Qızışdımı saatlarla sönməyir.
Hamıdan hesabat soruşur arvad.
* * *
Beləcə zaman gəlib, toyun vaxtı çatıbdı,
Qız anası işini çox yaxşıca tutubdu.
Balaxanım şərtini siyahıya yazdırıb,
Əşyaların adında say- seçmələr düzdürüb.
Deyib:-Bunlar gəlməsə mən qızımı vermərəm,
Balamın arzusunu, istəyini qırmaram.
Anaxanımda gedib siyahını gətirib,
Bu işi çox tez çözüb, asanlıqla bitirib.
Siyahıya baxaq biz, nələr yazılıb orda,
Balaxanım olubdur görək hansı qərarda.
Xəz dəridən paltosu, dəridən gödəkçəsi,
Altı cüt ayaqqabı, uzunboğaz çəkməsi,
Alt paltarlar ipəkdən, ust paltarı dəstbə-dəst,
Balaxanım qızlıqdan olubdu paltarpərəst.
Üst-üstə qızılları bircə ovuc gəlməsə,
Qızılların qaşında briliyantlar olmasa,
Qoz ləpəsi, fındığı, şabalıdı, püstəsi,
Hər xonçanın üstündə qızılgülün dəstəsi,
Otuz meyvə növündən şax qurulub gələcək,
Balaxanım o günü ölməyəcək görəcək.
Anaxanım işini yaxşıca tut, yaxşı bil,
Balaxanım bir addım geri çəkilən deyil.
Ramazanın ağlına hələ heç nə batmayır,
Qudaların heç biri ipə-sapa yatmayır.
Indi də Anaxanım görək nələr istəyir,
Qız evindən umduğu cehiz haqda nə deyir.
Hər döyşəyi on kilo uzun quzu yunundan,
Yorğanlar dəvə tüklü, üzü atlas donundan.
Yekə-yekə balınclar, qaz tükündən olmasın,
Qu tükündən olsun ki, irzi-rəngi solmasın.
Pərdələri rəngbə-rəng, tülü olsun tül kimi,
Yataq üstü örtüklər qoxulansın gül kimi.
Qabları madonnadan, qaşıq- çəngəl gümüşdən,
Ramazan çaş-baş qalıb, baş açmayır bu işdən.
Mətbəx dəsti, içində paltar yuyan, qab yuyan,
Şirə çəkən, ət çəkən, pamidor-xiyar soyan.
Asılqanlı dolablar, qısa dalğalı soba,
Mina çəkilməlidir hər qazana, hər qaba.
Italyan mebelləri, divar, yataq dəstləri,
Yaylı divan, qoltuğu məxmərdən də üstləri.
Düz ekran televizor, elektirik malları,
Qız evi eşidincə dəyişəcək halları.
* * *
Ramazan arvadından bilməyir hara qaçsın,
Alosmanlıq dərdini söyləsin kimə açsın.
* * *
Elə deyilən kimi onlar qərara gəlir,
Hər işin çarəsini arvadlar yaxşı bilir.
Qudalar fikirləşib işə çarə tapırlar,
Toyun tədarükünü yoğururlar-yapırlar.
Üz tuturlar banklara, faizə girmək üçün,
Analıq borclarını evlada vermək üçün.
Çox gəzib dolanırlar axır ki, bank tapırlar,
Qudalar məqsədinə bax beləcə çatırlar.
Evləri girov qoyub götürürlər pulları,
Dəyişir mərəzləri, yüngülləşir halları.
Düşürlər dükanların, bazarların canına,
Siyahıyla gedirlər hər şeyin ünvanına.
Oğlan evi qır-qızıl, qız evi cehiz alır,
Verdiyi öhdəliyə qudalar sadiq qalır.
Analar vədlərini yerinə yetirirlər,
Hər şeyi bircə-bircə alırlar, gətirirlər.
Vaxt ötür zaman keçir toy günü gəlir çatır,
Qız evi, oğlan evi nə dincəlir, nə yatır.
Əvvəlcə xınayaxdı mərasimi başlayır,
Arvadlar senarini cox yerində işləyir.
Oğlan evi yenə də xonçaları bəzəyir,
Qonşular da yığılıb gözün aydın söyləyir.
Otuz-otuzbeş nəfər qız evinə gedirlər,
Müğənnilər oxuyub toyu təbrik edirlər.
Qız evi dana kəsir, böyük süfrə açılır,
Rəqqasələr rəqs edir, çalğıçılar toy çalır.
Qonaqlar səhərədək oynayır, içir, yeyir,
Əlbətdə ki, qonşular bu toya əhsən deyir.
Bax beləcə pulları xəricləyir qudalar,
Düşünürlər, bu toyda hər ikisi ad alar.
Ay atalar-analar israfçılıq etməyin,
Hər qıraqdan verilən haya-küyə getməyin.
Həyatın yaraşığı yenə də sadəlikdir,
Sadə olan analar hörmətlidir, böyükdür.
Ramazan arvadından bilməyir hara qaçsın,
Alosmanlıq dərdini söyləsin kimə açsın.
* * *
Indi də gəlin bir az toy haqqında danışaq,
Toyun haqq-hesabını Ramazandan soruşaq.
Deyir:-Şadlıq sarayı, bizə baha oturdu,
Bu toy mərasimləri arxamı yerə vurdu.
Toy evinin zalında, var idi beş yüz yeri,
Əlli manatlıq idi o yerlərin hər biri.
Qız evi, oğlan evi bir yerdə toy eylədik,
Tamadamız söz verdi, biz sağlıqlar söylədik.
Toyumuz çox maraqlı olduqca şən keçirdi,
Qonaqlar şənlənirdi, yaxşı yeyib içirdi.
Masaların üstündə boş olan yer yox idi,
Çeşid-çeşid yeməklər, içkiləri çox idi.
Yan-yana düzmüşdülər salatını, ətini,
Gizlədə bilmirdilər qonaqlar heyrətini.
Nemətlərin çoxuna bəzən heç əl dəyilmir,
Neçə növ salatları, kolbasası yeyilmir.
Yeyildi-yeyilmədi masalar dolu idi,
Bu da şadlıq evinin biznesə yolu idi.
Biznesmenin məqsədi doğrudan da belədi,
Sarayda işləyənlər kimlərəsə kölədi.
Demək olmaz ki, onlar xalqa xidmət edirlər,
Kapital yığmaq üçün hər bir yola gedirlər.
Millətdən istifadə onların peşəsidir,
Toyda –yasda aldanmaq xalqımızın bəsidir.
Yetər aldanmağımız, qurtarsın marağımız,
Belə getsə uçacaq təməldən dirəyimiz.
Bu toylarda adətlər yavaş-yavaş üzülür,
Millətin keçmiş ruhu zaman-zaman əzilir.
Inkişaf, tərəqqinin qarşısında durmayaq,
Keçmişin bağlarını birdəfəlik qırmayaq.
Israfçılıq deyildir hər zamanın gərdişi,
Peyğəmbərlər söyləyib:-Qənaətlə gör işi.
Ucuz şadlıq evinə arvadlar yox deyiblər,
Kişilərin başını bax beləcə yeyiblər.
Qız evi, oğlan evi saraya borclu qalır,
Ramazanın çarəsi yenə pul tapmaq olur.
Insanlar toy edirlər şadlıq evi qazanır,
Kiminin nə vecinə, kimi alışır yanır.
Bu bir dəbdi düşübdü millətimin canına,
Heç kasıbda istəmir söz gəlsin ünvanına.
Evi də satmaq olar, ancaq dala qalmasın,
Qohum-qonşu içində üzü qara olmasın.
* * *
Ramazan arvadından bilməyir hara qaçsın,
Alosmanlıq dərdini söyləsin kimə açsın.
Anaxanımın başı toydan sonra ayılıb,
Toyun səsi-sorağı alosmana yayılıb.
Borclular borclarını gəlirlər istəyirlər,
Ramazanın üzünə artıq-əksik deyirlər.
Bir tərəfdən bank gəlib dirəyib ayağını,
Yazıq Ramazan yeyib ürəyinin yağını.
Hər ayın axırında bank istəyir pulunu,
Tanrı da bağlayıbdır Ramazanın yolunu.
Ha işləyir-çalışır qazanc borcu bağlamır,
Düşdüyü vəziyyətə heç bir kimsə ağlamır.
Evi də sata bilmir bank məhkumluq qoyubdur,
Qır-qızılı satmağa arvad deyir ayıbdır.
Girov qoyulmuş evi bank özü sata bilər,
Bu da Ramazangilə çox ağır başa gələr.
Bank satmalı olanda evi qoyur hərraca,
Verir dəyər-dəyməzə qiymət düşür yarıca.
Ramazanın dərdinə anası yox ağlasın,
Arvad vuran yaranı bacımı var bağlasın.
Hər dərdin bir dərmanı, hər solun bir sağı var,
Hər gecənin gündüzü, qara günün ağı var.
Yaman gün qısa olur hər ağrıya dözəndə,
Həyat çox acılaşır əllərini üzəndə.
Burada Ramazanın bir az bəxti gülübdü,
Atası bağ evini verib, sonra ölübdü.
Arvad deyir sat bağı, borcları verə bilək,
Bu bəladan qurtarıb, ağ günlər görə bilək.
Ramazan istəmir ki, ata yurdunu satsın,
Atası məzarlıqda bir az rahatsız yatsın.
Anaxanım heç fikir vermir onun sözünə,
Oğlunu da qaldırır atasının üzünə.
Ramazan fikirləşir çox götür-qoy eyləyir,
Borc içində boğulur, bağ evini neyləyir.
Axır ki, bağ evini müştəri tapır satır,
Anaxanım gecələr uyuyur rahat yatır.
Bu toyun hesabında çox olsa da xərcləri,
Bağdan gələn gəlirə bağlayırlar borcları.
Arvadının əlindən beləcə zəhər içir,
Ramazanın ağlından eşidin nələr keçir.
Bəxtəfər sayardım mən də özümü
Ağıllı, kamallı yarım olaydı.
Nə var istəyərdim, nə də ki, dövlət,
O, mənim dövətim, varım olaydı.
Dindirəndə can deyəydi sözümə,
Səhv edəndə durmayaydı üzümə,
Dürüst olub, dik baxaydı gözümə,
Inamım artaydı, pirim olaydı.
Buyuranda qulluğumda duraydı,
Yar deyəndə sinəsini yaraydı,
Şeytanların qıçlarını qıraydı,
Elə bu cənnətdə yerim olaydı.
Sürmə çəkib kipriyinə, qaşına,
Günümüzü verməyəydik boşuna,
Səhər-axşam dolanaydım başına,
Nə dərdim, nə də ki, sərim olaydı.
Ataydı başından dedi-qodunu,
Tanıyaydı düşmənini, yadını,
Qaldıraydı bir nəsilin adını,
Ömrümə vəfalı qarım olaydı.
Au Coculu, yaz dəftərə dərdimi,
Satmışam atadan qalan yurdumu,
Elə ki, qəsdinə arvad durdumu,
Səbrimin simləri tarım olaydı.
YORUMLAR
Henüz yorum yapılmamış.