- 1006 Okunma
- 3 Yorum
- 0 Beğeni
OXUNMAYAN HƏYAT
Sevinirdim. Çünki bu gün mənim gecəm anlaşılmaz mehribanlıqla yağan yağışla birgə gəlmişdi. Yağışın elə gözəl səsi gəlirdi ki...heç bir musiqiyə bənzəmirdi. Mənə elə gəlirdi ki, ən istedadlı bəstəkar belə bu cür musiqi bəstələyə bilməz. Küçə lampaları çılpaq ağacları, içi yorğun fəhlələrlə dolu içki qoxuyan, kafeləri, alçaqboylu binaları və ən əsas da kimsəsizlikdən qorxan yolları işıqlandırırdı. Küçədə üç-dörd nəfər tələsik addımlayan laqeyid insan gözə dəyirdi. Mənsə evə tələsirdim. Qara dəftərim, kitablarım, rəsmlərim, əşyalarım üçün narahat idim. Bunlar mənimçün hər şeydən vacib idi. Yağışdan da, gecədən də daha vacibiydi.
Evə çatdım. Qapı açıq idi. Pilləkənlərlə otağıma-çardağa çıxdım. Ögey anamla bacım özlərini məndən əvvəl yetirmişdilər. Qapının arasından onlara baxdım. Heç nə öz yerində deyildi, kimsə özünə aid nəyi isə mənim otağımda axtarmışdı elə bil. Əslində otağıma məndən başqa heç kim girmirdi, çünki həmişə qapısını bağlayırdım. Onlar hər şeyi nəzərdən keçirə-keçirə qutulara qablaşdırırdılar. Anam qələmlə çəkdiyim rəsmləri, boya ilə çəkdiyim, bəyənmədiyim görə çərçivəyə salmadığım rəsmlərimə və ən əsası sifarişlə çəkdiyim tablolara bir-bir baxa-baxa tələsik yeşiklərə yığırdı. Bacım isə fotoalbomumu laqeyidliklə vərəqləyirdi. Heyrətə gəldim, yerimdə donub qaldım, nə edəcəyimi bilmədim. Mən gedəndən sonra belə olacağın gözləmirdim. Boğazımı qəhər boğdu. Əziz əşyalarıma həsrətlə baxdım. Gözlərim yaşla doldu. Yavaşca onların arxasından keçib, çarpayımın altında oturub dizlərimi qucaqladım. İçin-için doyunca ağladım. Bir neçə dəqiqədən sonra sakitləşdim, süstləşdim. Baş verənlərə içimdə laqeyidlik yarandı. Bekarcılıqdan çarpayımın üstünə sərilmiş yerüzünün saçaqlarını saymağa başladım.
Ögey anam:
- Necə olub ki, biz bu günə kimi heç nə bilməmişik?
Ögey bacım:
- Ay mama, elə bil tanımırsan qızını? Qaraqabağın biridi, söz soruşanda ya cavab vermir, ya tərs cavab verir. Biz hardan bilək o nələr edir?
Ögey anam rəfdəki kitabları qutuya yığdı. Kitabların arxasında gizlətdiyim “qara dəfətri” gördü, götürüb vərəqləməyə başladı.
Ögey anam:
- Bu hansı əlifbadı görən? Oxumaq olmur.
Bacım yaxına gəlib dəftəri anamdan aldı
Ögey bacım (gülərək, istehza ilə):
-Anacan bu qızının kəşf etdiyi əlifbadı. Boş şeydi-deyərək dəftəri qutuya atdı.
Ögey anam (dəftəri götürərək):
- Yəqin hər şey burda yazılıb.
Ögey bacım:
-Nə var nə yazıla? Mən internetə də baxdım, onun haqqında heç nə yox idi. Burda çoxlu qəzet, jurnal var. Amma onun haqqında heç nə yoxdu.
Ögey anam:
- Dostları deyir o öz adıyla tanınmır. Yaxşı rəsmləri çəkir. Qara qız var a o da deyir ki, təbiət təsvirlərini daha profisonal çəkir. Amma bizim heç nədən xəbərimiz yoxdu.
Ögey bacım:
-Görən niyə? Bilirsən sənin o qızında nələr var? Yaman çoxbilmişdi.
Mən onların bu mənasız dialoquna istehza ilə güldüm. Doğurdan da o dəftərdə özüm haqqında hər şeyi yazılmışdım. Heç kimin bilmədiyi tərzdə. Hamının bildiyi sözlərdə mən hərflərin yerini dəyişdirmişdim. Yəni başqa cür yazıb, başqa cür də oxuyurdum. Elə qarışıq tərzdə yazmışdım ki, hərdən özüm də çaşıb qalırdım. Bəlkə də mən onlara hər şeyi danışa bilərdim. Bəlkə də... Amma mənim buna qətiyyən nə həvəsim vardı, nə də istəyim.
Onlar mənə aid olan hər şeyi qutulara qablaşdırıb aşağı daşıdılar. Sonra da çıxıb getdilər.
Mən çarpayının altından çıxdım, pəncərəni açdım. Səhərə qədər yellənən stolumda oturub yağışın musiqisi altında həyatımda baş verən ən gülməli əhvalatları, məzəli sözləri xatırlamağa çalışdım. Yuxum gəlmirdi, amma nədənsə əsnəmək məni tutmuşdu.
Gecə bir necə saatlığına nəfəsini içinə çəkdi, göyün üzü ağardı. Yağış kəsmişdi. Əsəbi şəkildə sıxılan buludların arxasından günəş utana-utana gülümsəyirdi. Çevrilib boş, incimiş, çılpaqlaşmış otağıma baxdım. Otağımdan əsər-əlamət qalmamışdı. Mənim yerim artıq bura deyildi. Mən getməliydim.
Gölməcələrlə bəzənmiş küçələrlə addımladım. Səhərin təmiz, saf, huzur dolu havasını içimə çəkdim. Soyunmuş ağaclara, yerə tökülmüş ömürlərinin sonunu yaşayan xəzəlləşmiş, qəmli yarpaqlara baxışlarımla sığal çəkdim. Nədənsə ilk ağlıma gələn “O” oldu. Bəlkə belə bir payız günüdə qonaq gəlmişdi həyatıma? Bəlkə ilk dəfə belə bir payız günündə texnikanın inkişaf etdiyi dövrdə mənə məktub göndərdiyinə görə yadıma düşmüşdü. Bəlkə bu mənim aldığım birinci və sonuncu sevgi məktubum olduguna görə xatırladım onu. Bəlkə yolun kənarında sıra ilə düzülmüş, balaca çiçəklər məktubdakı yeganə yazı olan “üç nöqtəyə” bənzədiyinə görə...Bilmirəm. Bəlkə də.
“O”nu görmək arzusu içimdə qarşısı alınmaz istəyə çevrildi. “O” xeyli vaxt idi ki, elə bil itmişdi, elə bil heç mövcud olmamışdı. Yox idi. Dəfələrlə olduğu kimi. Ora-“O”nun işlədiyi yerə getməyə qərara aldım.
Qapıçı gələn hər kəsi sorğu suala tutduğu halda mənə heç nə demədi. “O”nun otağına qalxdım, bağlı idi. Divardakı saat 10 tamamı göstərirdi. Bilirdim ki, o hər gün işə gəlmir, ama yenə də fikirləşdim-“o” bu gün mütləq gələcək. Artıq əqrəblər dünyanı bir saat da qocaltdılar. Ürəyim sıxıldı. Küçəyə çıxdım. Ətraf qələbəlik idi. İnsanlar harasa tələsirdilər. Ağacın altındakı oturacaqda oturdum. Gözləmək həm də, özünün yaratdığın, süni bir ümidlə gözləmək dözülməzdi. Axı mən onu mütləq görməliydim. “O”nu heç vaxt belə həvəslə, həyəcanla gözləməmişdim...Dəqiqələr keçdikcə ümidim azalırdı.
Yanımda 12-13 yaşlarında kirli və çox köhnə geyinmiş sarışın qız uşağı əyləşdi. Mənə fikir də vermədi, o tərəf- bu tərəfi diqqətlə nəzərdən keçirdi. Bir neçə dəqiqə gözlərini yerə dikdi. Sonra yenə ətrafına göz gəzdirdi. Deyəsən o da kimi isə gözləyirdi. Mənim kimi. Az keçmədi qızdan 1-2 yaş böyük olan, onun kimi, kirli və köhnə geyinmiş qaraşın oğlan əlində iki dənə şirinçörək qaça-qaça gəlib bizim oturacağa yaxınlaşdı. Tələsik və sevincək bulkanın birini qıza verdi. Qız şirinçöyəyi alıb gülümsədi, yanında oğlana yer göstərdi. Səhərin soyuq mehindən bir-birilərinə sıxılmış bu uşaqlar şirin-şirin şirinçörəklərin yeməyə başladılar. Arada bir- birlərinə baxır, gülümsünürdülər. Onlar elə xöşbəxt görünürdülər ki. Sanki xöşbətliyin necə olduğunu göstərirdilər ətrafdakılara. Oğlan qızdan tez yeyib qurtardı. Qız öz şirinçörəyindən qalmış bir parcanı oğlana uzatdı. Oğlan təbəssümlə:
-Özün ye, mən bunu sənə almışam-dedi.
Qız gülümsədi və şirinçörəyini yeməyə davam etdi.
Nə qədər vaxt keçdi bilmirəm. Amma deyəsən çox keçmişdi. Çünki günəş batmış, axşam gəlmişdi. “O” isə yox idi.
Başa düşdüm ki “O” heç vaxt gəlməyəcək. “O”ndan gözlədiyim sevinci- gözlərindən məni sevdiyini-mənə heç vaxt bəxş etməyəcək. Heç vaxt. Mən heç vaxt “O”ndan, sevinci, xöşbəxtliyi... duymayacam. ”O”ndan yalnız mənə aid olan baxışları görməyəcəm. “O” heç vaxt mənə məhəbbət hədiyyə etməyəcək. “O” heç vaxt mənim gözlərimin içinə cəsarətlə baxa bilməyəcək. Bunu özü də bilirdi. Heç bilmirəm “O”nu niyə sevirəm. Mən sadəcə “O”nu sevməyi bacarmışdım. Görünür bu “O”na azlıq edirmiş.
Artıq vaxtım bitmişdi. Mənə aid olan yerə getməliydim.
Bura heç də yaxşı yer deyil, vahiməli görünüşü heç vaxt dəyişmir. Burda həmişə yazıq bir sükut hökm sürür. Bu sükutu yalnız göyün guruldaması, şimşəyin çaxması, çılğın yağışın yağması pozur. Qar yağanda isə bura xüsusilə dözülməz olur. Buranın sakinlərinin çoxlarının üzündən zəhər yağır. Mən onları sevmədiyim üçün onlarla danışmıram. Baxmayaraq ki, burda hər bir şərait var, ama mən çox narahatam və yaman darıxıram. Axı belə mühitə öyrəşməmişəm. Bura çox az-az qonaq gəlir. On iki gün əvvəl ögey anam gəlmişdi. Əvvəlki kimi yaxşı görünürdü. Ona ən çox yaraşan plaşını geyinmişdi. Mənə qərənfillər gətirmişdi. Halbuki mən qərənfilləri sevmirəm. Hər iki əlini dirsəyinə kimi açaraq qaldırdı və dilinin altında nələrsə deməyə başladı. Bir necə saniyədən sonra çıxıb getdi. Mən ona heç nə demədim. Çünki sözüm yox idi. Amma ürəyimdə onunla sağollaşdım və xöşbəxtlik arzuladım.
Səkkiz gün öncə isə dostlarım gəlmişdilər. Əllərində ən çox sevdiyim güllər olan qızılgülər gətirmişdilər. Onların elə gözəl ətri gəlirdi ki....Öz adımla adlandırılan ilk sərgimin baş tutduğunu, əsərlərimin satılmayacağını və onları xarici ölkələrdə də sərgilənəcəyini dedilər. Mən yamanca sevindim. Onlar xeyli mənim yanımda qaldılar, söhbət etdilər, xatirələrdən danışdılar və tez-tez gələcəklərini deyib getdilər. Təəssüf ki, mən onların bu nəzakətli davranışlarına qarşılıq verə bilməyəcəm. Çünki bu mümkün deyil idi. Mən onların getdiklərinə görə pis olsam da artıq rahat idim. Hər şey qaydasında idi və ən əsası onlar məni unutmamışdılar və arzularımı həyata keçirmişdilər.
Bu gün ən kədərli zamanlarımda belə məni sevindirən yağış yağır. Yağışın sayəsində daşlarla çərçivələnmiş, baş tərəfində adım, soyadım yazılmış daş olan məkanımın içində güllər açaçaq. Onlar xeyli vaxtdır ki, susuzdurlar. İndi onlar da mən də sevinirəm.
YORUMLAR
"Bugün,en kederli zamanlarımda bile beni rahatlatan yağmur var.Başucumda,adım-soyadım yazılı taş ve etrafı taşlarla çevrili olan ebedi mekanımda, yağmurla birlikte güller açacak.Hepsi de,kızıl güller.Onlar,uzun zamandır susuzdular ve şimdi onlar da ben de huzur içindeyiz.."
Küçük kazanımlarla mutlu olmasını bilen bir sanatçının hüzünlü hayat hikayesi,ustaca işlenmiş.
Teşekkürler Sayın Yazarım.
Beğenerek okuyorum çalışmalarınızı. Azarbeycan türkçe'sini çok seviyorum. Rahatlıkla anladığımı görüyorum her okuyuşumda. Bazı kelimelerin kullanımları bizimkinden farklı gibi geliyor yine de okurken. Emin olmamakla birlikte takıldığım yerlerde sonraki cümleler kelimeleri daha iyi anlamamı sağlıyor. Zevk oluyor sizi okumak hele de çözmeye uğraşmak bile ayrı bir keyif. Teşekkür etmek istiyorum. En beğendiğim tasvirinizi alıp paylaşmak istiyorum izninizle;
Səhərin təmiz, saf, huzur dolu havasını içimə çəkdim. Soyunmuş ağaclara, yerə tökülmüş ömürlərinin sonunu yaşayan xəzəlləşmiş, qəmli yarpaqlara baxışlarımla sığal çəkdim
Seherin temiz, saf, huzur dolu havasını içime çektim. Soyunmuş ağaçlara, yere dökülmüş ömürlerinin sonunu yaşayan gazelleşmiş, gamlı yapraklara bakışlarımla (sığal?) çektim.
Selam ve sevgimle...
asran tarafından 6/11/2011 10:05:51 PM zamanında düzenlenmiştir.