- 305 Okunma
- 0 Yorum
- 0 Beğeni
Angela Kosta'nın Terane Turan Rehimli ile röportajı: KARABAĞ TOPRAĞI BANA SONSUZ İLHAM VE DÜNYAYA, İNSANLIĞA KARŞI SONSUZ SEVGİ VERDİ
Alban şairi və tədqiqatçısı Angela Kostanın tanınmış Azərbaycan şairi, ədəbiyuatşünas, filologiya elmləri doktoru, dosent, dünya ölkələrində 50-dən çox mötəbər ədəbi ödül qazanmış Təranə Turan Rəhimli ilə müsahibəsi
"QARABAĞ TORPAĞI MƏNƏ SONSUZ İLHAM VƏ DÜNYAYA, İNSANLIĞA TÜKƏNMƏZ SEVGİ VERİB"
İAngela Kosta: Salam, əziz Təranə! Nüfuzlu mətbuat orqanı olan "Nacional" qəzetində sizi xoş gördük. Bizə öz həyatınız haqqında danışın... Harada anadan olmusunuz və harada böyümüsünüz?
- Salam, əzizim Angela! Çox təşəkkür edirəm, sizi, "Nacional" qəzetinin redaktorunu və əməkdaşlarını Azərbaycandan sevgi və hörmətlə salamlayıram . Həyatımla bağlı qısaca deyim ki, ömrüm bütünlükdə ədəbiyyatla bağldır. Yəni, həyatıma anlam qazandıran ədəbiyyat və ailəmdir. Mən Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşam. Bu qədim şəhər Şərq və Qərb mədəniyyətini uğurla özündə birləşdirən mədəniyyət mərkəzidir. Uşaqlıq illərim həm Bakıda, həm də nənəmin vətəni olan Qarabağ torpağında, Bərdə şəhərində keçib. Bərdə şəhəri ötən əsrlərdə ölkəmin əsas ticarət mərkəzlərindən biri, eləcə də Azərbaycanın qədim paytaxtı olub. Burada çox xoşbəxt uşaqlıq xatirələrim var, Ümumiyyətlə, Qarabağ torpağı mənə sonsuz ilham və dünyaya, insanlığa qarşı tükənməz sevgi verib. Orta məktəb illərimin bir qismi Bakıda, bir qismi Bərdədə keçib. İlk gənclik illərimdən bu günədək həyat və fəaliyyətim əsasən ölkəmin paytaxtı Bakı ilə bağlıdır, dünyaya göz açdığım bu doğma şəhərdə həyat yoldaşım, anam və iki qızımla birgə yaşayıram. Qızlarım Türkiyədə universitet təhsili aldıqları üçün hazırda orada yaşayırlar.
Angela Kosta: Neçə kitab yazmısınız?
- Mənim 9 kitabım nəşr edilib. 4 kitabım isə nəşrə hazır vəziyyətdədir. Nəşr edilən kitablarım bunlardır: "Böyük nəslin layiqli yadigarı" (Akademik Kamal Talıbzadə haqqında monoqrafiya), Bakı, ADPU, 2002; "Dərdin pıçıltısı " (şeirlər), Bakı, ADPU, 2007; "Ədəbiyyat və tənqodin yaradıcılıq problemləri", Bakı, “Avropa” nəşriyyatı, 2009; "Sevgimdən tanıyacaqlar" (şeirlər), Türkiyə/ İzmir, Kibatek nəşrləri, 2013; "Sənə yazmadığım şeir" (şeirlər), Türkiyə/Ankara, Sahil Kitab Yayın Evi, 2013;
"Ədəbiyyatdan əbədiyyətə" (elektron kitab), YSEQ yayını, 2015; Azərbaycan nəsri və təbqid" (monoqrafiya), Bakı, "Elm və təhsil", 2017; "Bənövşəyi buludlar" (Dünya poeziyasından tərcümələr), Bakı, ADPU, 2018;
"Ho amato persino la pietra" (Poems), Italy, "Cuscino di Stelle" publishing house, 2023.
İki şeir kitabım, bir hekayələr kitabım, iki elmi əsərim (məqalələr toplusu və monoqrafiya) isə nəşrə hazır vəziyyətdədir.
Angela Kosta: Ədəbi, jurnalistlik fəaliyyətiniz və təhsiliniz haqqında bilmək istərdik.
- Mən ölkəmin ən böyük və zəngin tarixi olan universitetlərindən birində təhsil almışam. 1921-ci ildən fəaliyyət göstərən bu universitet - Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmin ən böyük şair, yazıçı və alimlərini yetişdirib. Mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişəm. Qeyd edim ki, artıq tələbə ikən jurnalist iyazılarım və şeirlərimlə ölkə mətbuatında tez-tez imzam görünürdü. Hələ 1-ci kurs tələbəsi ikən bir neçə qəzetdə çalışmaq üçün təklif almışdım. Qəzet və jurnallara təqdim etdiyim yazıların bir cümləsini belə redaktə etmədən nəşr edirdilər, bu cəhət məni xeyli ruhlandırmışdı. 2-ci kursda oxuyanda artıq "Gənc müəllim" qəzetində müxbir ştatında işləyirdim. Universitetin 4-cü kursunda oxuyanda Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul edilmişdim. Məhsuldar jurnalistik fəaliyyətimi və məqalələrimin sayını nəzərə alaraq məni bu birliyə üzv etdilər. Sonralar "Gənc müəllim" qəzetinin məsul katibi, redaktoru kimi fəaliyyət göstərdim. Bundan başqa "Azərbaycan mübarizləri" qəzetinin baş redaktoru, "Zaman" qəzetinin məsul katibi kimi jurnalistika sahəsində çalışmışam. Ədəbiyyat sahəsində akademik karyeram da təhsil aldığım universitetlə bağlı olub. Filologiya üzrə fəlsəfə doktoru (2004) və filologiya elmləri doktoru (2021) dissertasiyalarımı burada yerinə yetirmiş, alimlik dərəcələrimi və dosent elmi adını burada almışam. 33 illik fəaliyyətim Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlıdır. Bu illərdə akademik karyeramı qurmaqla yanaşı, jurnalistika sahəsində də fəaliyyət göstərmişəm. Bioqrafiyamla bağlı diğər faktlarıəhatəli şəkildə bildiyiniz üçün müsahibədə təkrarlamadım.
Angela Kosta: 200-dən çox şairin yaradıcılığından tərcümələr etmisiniz. Şairlər haqqında, ümumiyyətlə, keyfiyyətli yazıçılıq haqqında nə düşünürsünüz?
- Mən hesab edirəm ki, şairlik heç kəsin öz seçimi deyil, şairlik - taledir. Allahın yazdığı yazı, verdiyi istedad, seçdiyi insandır şair. Ona görə də süni şəkildə sənətə can atanları, istedadı olmadığı halda özünü şair hesab edənləri və ya bu şəkildə qəbul etdirmək üçün çabalayanları anlamıram. Bəli, 200-dən çox müəllifin əsərlərini tərcümə etmişəm. Onların içərisində nəsr əsərləri də var. Amma çoxu şeirlərdir. Tərcümələrim bəzən böyük tərcümə layihələrinə qatılmağımla bağlı olub. Bəzən də sərbəst tərcümələr etmişəm. Amma hər iki halda bu işə ciddi məsuliyyətlə yanaşmışam. Çünki şeir tərcüməsi olduqca məsuliyyət tələb edən işdir. Əlbəttə, hər bir əsərin səviyyəsi, hər bir şairin istedadının ölçüsü həm şeiri oxuyanda, həm də tərcümə prosesində üzə çıxır. Keyfiyyətli yazılar həmişə məni sevindirir. Çünki istedadla yazılmış əsərdən mütləq nəsə öyrənirik. Belə əsəri ana dilimizə tərcümə edəndə isə xalqımızın da ədəbi zövqünün inkişafına təsir etmiş oluruq.
Angela Kosta: İtaliyada kitab nəşr etdirmisiniz. Avropa ədəbiyyatı haqqında nə düşünürsünüz? İtalyan klassiklərinin və Nobelçi yazıçılarının əsərlərini oxumusunuznu?
- İtaliya mənimçün dünya içində bir dünyadır. İtalyan ruhu, qədimliklə müasirliyin sintezindən ibarət olan gözəl bir ölkə, işıqlı simalar, böyük ürəklər... Mən İtaliyanı gəzməkdən doymuram. Bu ölkədəki dostlarımla ünsiyyət mənə ən munis və ülvi duyğuların varlığını xatırladır.
İtaliyada "Məndə daşa da sevgi var" adlı şeirlər kirabım 2023-cü ildə, "Cuscinno de Stelli" nəçriyyatında, görkəmli şair və əziz dostum Klaudia Piççinnonun tərcüməsində italyanca nəşr edilib. Kitabıma verdiyi əmək üçün Klaudia Piççinnoya çox minnətdaram. Həmin kitabıma tanınmış italyan şair və tənqidçiləri yüksək dəyər vermişlər. Sergio Kamellini, Renzo Montaqnoli, Domeniko Pisana kimi ədəbiyyatşünas və tənqidçilər kitabım haqqında məqalələr yazıb nüfuzlu beynəlxalq jurnallarda nəşr etdiriblər.
Avropa ədəbiyyatı mənə çox doğmadır. Mən uzun illər universitetdə Dünya ədəbiyyatı fənnini, eləcə də Avropa ədəbiyyatını, Qərb ölkələri ədəbiyyatını sevgi ilə tədris etmişəm, bu ədəbiyyat bütün ruhuma, varlığıma hopub. Avropa ədəbiyyatı bütün dünya xalqlarının ədəbiyyatlarına önəmli dərəcədə təsir edib. Əsas inkişaf meylləri və istiqamətləri ilə digər ədəbiyyatların inkişafına yol açıb. Durmadan inkişaf edən Avropa ədəbiyyatının çox önəmli bir şaxəsi də italyan ədəbiyyatıdır. Dantedən başlayıb ta bu günümüzədək italyan ədəbiyyatının inkişaf mərhələlərinə yaxından bələdəm. Nəzərə alsaq ki, mən Avropa ədəbiyyatına dair universitetlər üçün çoxsaylı dərs proqramlarının, məqalələrin müəllifiyəm, bu tamamilə təbiidir. İtalyan ədəbiyyatından sevdiyim əsərlər çoxdur. Nikola Makiavellinin "Hökmdar" (Prens) romanı italyan ədəbiyyatının danılmaz şöhrətidir. Nobel mükafatçısı Qratsiya Deleddanı çox sevirəm, o, "Kül", "Ana", "Tənha adamın sirri", "Məhəbbət möhürü" kimi otuzadək romanı ilə dünya ədəbiyyatına töhfə verən bir yazıçıdır. Yəqin ki, heç vaxt heç bir yazıçı Sardinyanı, onun isti ürəkli insanını, gözəl, əsrarəngiz təbiətini Qratsiya Deledda kimi tərənnüm və təsvir edə bilməyəcək. Daha bir Nobelçi yazıçı Luici Pirandellonun "lV Henrix" pyesi və "Mərhum Mattia Paskal" romanı unudulmazdır.
İtalyan ədəbiyyatını bu gün dünya miqyasında tanıdan, beynəlxalq ədəbi saytlarda tez-tez şeirləri nəşr edilən müasir şairlər var. Bu şairlərdən Klaudia Piççinno, Maria Miraglia, Lidia Chiarelli, Emmanuela Rizzo və b. əsərlərini Azərbaycan dilinə tərcümə etmişəm.
Angela Kosta: Şeirlərinizin əsas mesajı nədir?
- Mənim şeirlərimin mövzuları müxtəlif olsa da, bəşəriyyətə ünvanladığı mesaj daim dəyişməzdir. Mən hər zaman yaradıcılığımda insanları yaşadığımız dünyanı qorumağa, Allahın bizə verdiklərinin qədrini bilməyə çağırıram. Dünya xalqları arasında milli, dini, irq ayrı-seçkiliyindən uzaq, dostca münasibət görmək istəyirəm. Hamını əsil insanlığa, birliyə, sülhə, dostluğa dəvət edirəm. Çünki iinsan yalnız öz daxilindəki gözəlliyi kəşf edərsə, mənəvi kamilliyə ucalar və dünyamızı gözəlləşdirər.
Angela Kosta: Siz müxtəlif mədəniyyətləri təmsil edən ədəbiyyatların tədqiqatçısısınız. Bu çoxmillətli dünya, müasir texnologiya sahəsində bölüşdüyümüz, dəstəklədiyimiz ədəbi aləm haqqında nə düşünürsünüz?
- Müxtəlif xalqların ədəbiyyatlarını tədqiqatçı kimi araşdırmaq fərqli ölkələrin yazıçıları ilə dostluq və əməkdaşlıq əlaqələri mənə öyrətdi ki, dünyada hər bir mədəniyyətin özünəməxsus, dəyərli bir yeri var. Hər bir ədəbiyyatın nümayəndələrini tanımaq nəinki maraqlıdır, həm də çox gərəklidir. Ona görə gərəklidir ki, milli fərqliliklər, özəlliklər hər bir xalqın ədəbiyyatında dolğun şəkildə öz əksini tapıb. Fərqli mədəniyyətlərə bələd olmaq isə yeni keyfiyyətlər öyrənib əxz etməkdir. Öyrənən insan daim inkişafdadır. Texnalogiya əsri bizə bu baxımdan çox geniş imkanlar yaradıb. Sosial şəbəkəıər hər bir müəllifin beynəlxalq ədəbi mühitə çıxmasında önəmli rol oynayır. İndi ədəbi əlaqələr daha sürətlə inkişaf edir, təbii ki, buna görə texnologiyaya minnətdar olmalıyıq.
Angela Kosta: Albaniyanın ən mötəbər ədəbi ödüllərini qazanmısınız. Aıbaniya haqqında təəssüratınız necədir? Bu ölkəni ziyarət etmək istərdinizmi?
- Elədir, Albaniyadan bir çox dəyərli mükafatlar almışam. Görkəmli alim və şair, Professor Jeton Kelmendinin təqdim etdiyi İva Boqdani mükafatı da belə mötəbər mükafatlarımdan biridir. Mən Albaniyanı çox sevirəm. Bu ölkədə heç vaxt olmasam da, onun çox xeyirxah insanları məndə alban xalqı haqqında yüksək təəssüratlar yaradıb. Türkiyədə KIBATEK ədəbiyyat festivallarında Albaniyanı təmsil edən Şevket Balla öz yüksək mədəniyyəti, böyük istedadı və intellekti ilə ilk dəfə məndə bu ölkə haqqında dərin təəssüratlar yaratmışdı. Alban xalqını öz əsərləri və şəxsiyyəti ilə mənə sevdirən böyük şair və jurnalist dostum, əziz Aqron Şele isə Albaniyanı mənə daha çox sevdirdi. Aqron Şeleni 2016-cı ildə İtaliyada KIBATEK - 39 Beynəlxalq Ədəbiyyat Festivalında tanıdım. Uzun illər davam edən dostluğumuz ərzində Aqron Şeleni daim ən vicdanlı, xalqına şərəf gətirən, alban millətini bütün dünyaya sevdirən insanpərvər və xeyirxah bir ziyalı kimi tanıdım. Daha sonra tanıdığım başqa alban şairləri və tədqiqatçıları alban xeyirxahlığını, mehribanlığını bir daha təsdiqlədilər. Jeton Kelmendi, Marjeta Shatro Prapaj, Mehmet Rrema, Delo Isufi, Kristaq Shabani, Gjin Musa, siz - Angela Kosta və başqa alban şair və yazıçı dostlarım məndə alban xalqına sonsuz hörmət, sevgi və rəğbət hissi formalaşdırdı. Ümid edirəm ki, bir gün gözəl ölkənizi ziyarət edəcəyəm.
Angela Kosta: Şeirlərinizin sevimli baş obrazı kimdir?
- Şeirlərimdə tək bir konkret tərənnüm obyekti yox, çoxlu obyektlər var. Anamdan başlayıb həyat yoldaşıma, övladlarıma qədər, həyatını müşahidə etdiyim yaxınlarım, doğmalarım, dostlarım və b. şeirlərimin sevimli baş obrazlarıdır.
Angela Kosta: Gələcək layihələriniz...
- Nəşrə hazır olan kitablarımı nəşr etdirmək, akademik karyeramda daha üstün mövqelər qazanmaq, araşdırmalarımın miqyasını genişləndirmək, daha çox çağdaş, dünya yazıçısının əsərlərini Azərbaycanda nəşr etdirmək və tanıtmaq.
Angela Kosta: Müsahibə üçün çox təşəkkür edirəm, əzizim Təranə.
- Maraqlı suallarınız üçün mən təşəkkür edirəm, əzizim Angela.
Müsahibəni yazdı: ANGELA KOSTA,
Alban şairi, tədqiqatçısı, esseisti və jurnalisti.
YORUMLAR
Henüz yorum yapılmamış.