- 268 Okunma
- 0 Yorum
- 0 Beğeni
Fco Javier Dávila de Leon. TERANE TURAN REHİMLİ'NİN ÜÇ ŞİİRİ
Şeirlərim haqqında düşüncələri üçün Meksikalı qələmdaşımız, hörmətli Fco Javier Davilaya dərin təşəkkürlərimi bildirirəm. Azərbaycandan salam və sayqılarımla...
TƏRANƏ TURAN RƏHİMLİNİN ÜÇ ŞEİRİ
(Baxış-icmal)
Tanınmış Azərbaycan şairi Təranə Turan Rəhimlinin “Biz bir-birimizçün yaranmamışıq” adlı şeiri insan münasibətlərindəki mürəkkəbliyin valehedici bədii əksidir. Burada qaranlıq və işığın əbədi rəqslə iç-içə qovuşduğu iki aləmə, müxtəlif dünyalara mənsubluq hissi xüsusi bədii ustalıqla çatdırılır. Şeirdə təkrarlanan “biz bir-birimizçün yaranmamışıq” ifadəsi iki insan xarakteri arasındakı uyğunsuzluq haqda hiss və düşüncələri məharətlə əks etdirir. Şeirdəki lirik qəhrəmanın tərəf müqabili ilə iki fərqli dünya, fərqli qəlb və düşüncəyə malik olnası fikri hər yeni misrada daha qüvvətli səslənir. Hər misra heç vaxt bir ortaq nöqtədə birləşməyəcək iki ruhu bir-birindən ayıran cəhətləri açıb göstərir. Bu lirik əsər ayrı-ayrı qəlbləri və onları xarakterizə edən fikirləri ortaya qoyan mahir bir poetik fırça ilə işlənib.
“Biz iki dünyanın adamlarıyıq, birində zülmətdi, birində işıq”, “Mənim arzularım yelkənsiz gəmi, sənin dalğaların aparmaz məni” kimi metaforalar vasitəsilə şeirdə iki şəxs arasındakı əlaqənin yoxluğu, münasibətlərdə tarazlıq tapmaq çətinliyi nəzərə çatdırılır. Yelkənsiz gəmi və irəliləyə bilməyən dalğalar kimi bənzətmələr ünsiyyət əlaqəsinin olmaması hissini və ortaq dil tapmaq çətinliyini mükəmməl şəkildə əks etdirir. Şeir bizi həm də bəzən sevginin kədərə, öz məhvərindən qopmağa çevrilməsinin qaçılmazlığı haqqında düşünməyə dəvət edir.
Şeirdə sevginin bir gün ayrılığa dönə biləcəyi fikri xatırlanır və uyğunsuzluqların müşahidə edildiyi ünsiyyətin problemli olacağına və uzun sürməyəcəyinə işarə edilir. Təranə Turan Rəhimlinin poetik səsi cəsarətlə və dürüstcə etiraf edir ki, məhəbbət hərarətinə, sevgi alovuna dözmək, tab gətirə bilmək hər kəsin hünəri deyil, çünki hər bir insanın fərqli ruhu var:
Qıymaram köksümdə yanan günəşə,
Sən çətin dözəsən oda, atəşə.
Nə zaman görünüb yay, qış birləşə?
Biz bir-birimizçün yaranmamışıq.
Şair şeirdə özünü aldatmamağın və bəzi münasibətlərin sadəcə olaraq Tanrı qatında nəzərdə tutulmadığını qəbul etməyin vacibliyini çatdırır.
Ümumiyyətlə, şeirin poetik məntiqi ayrılığı və başından bəri düzgün olmayan münasibəti bitirmək zərurətini qəbul etməyi təlqin edir. Şair insanı özünə qarşı dürüst olmağa səsləyir, sonu proqnozlaşdırıla bilən bir yolda məcburi davam etməməyin vacibliyini vurğulayır:
Hərəmiz bir ruhda, ikiləşməyək,
Ömür qatarında itələşməyək.
Bu sonu görünən yola düşməyək,
Biz bir-birimizçün yaranmamışıq.
Şeiri oxuyarkən insanın qəlbindən onu dünya oxucuları ilə bölüşdüyü və öz lirik kainatını araşdırmağa imkan verdiyi üçün şairə təşəkkür etmək keçir. Təranə Turan Rəhimlinin mürəkkəb və dərin duyğuları ifadə etmək bacarığı həqiqətən təqdirəlayiqdir. Ümid edirəm ki, yazmağa və istedadını dünya ilə bölüşməyə bu şəkildə davam edəcək.
“Hünər Odur” şeiri isə şairin doğma Azərbaycan dilinin bütün imkanlarından məharətlə istifadə ilə yazılmış, bizi fəlsəfi düşüncə və hikmət dünyasına aparan bir bədii parçadır. Müəllif şeirdə maneəli keçidlərlə dolu həyat yolu və bu yolda öyrənməli olduğumuz dərslər haqqında düşünməyə dəvət edir.
Haqqa getməyən yolun
Bilinməz düzü, tərsi.
İnsan dərs almadıqca
Bitməz Allahın dərsi.
Bu poetik örnək canlı həyat lövhələri və güclü metaforalar vasitəsilə bizə həyat bacarıqları və özünü təkmilləşdirməyin vacibliyi haqda düşüncələri aşılayır:
Kəsər fələk ipini
Gözləmədiyin yerdə.
Bir az böyütmək üçün
Tanıdar səni dərdə.
Həyat -- sonsuz imtahan,
Hamı keçər birtəhər.
Qorxma, qatı zülmətin
İçindən doğar səhər.
Şeir Azərbaycan dilinin zənginliyini əks etdirən ritmik kadens və valehedici melodiya ilə axıcılığı baxımdan da diqqəti çəkir. Müəllif təbiət təcəssümü və tale yolunda qarşılaşdığımız çətinlikləri, sınaqları təsvir edən metaforalar kimi müxtəlif bədii ifadə vasitələrindən istifadə edir.
Forma seçiminə, bədii biçimə gəlincə, şeir ritmik lirik quruluşa uyğundur, misraların heca sayı və vurğusu məzmunla səsləşərək gözəl bir ahəng yaradir. Şeirin musiqililiyini təmin edən daxili qafiyələr və assonanslar forma komponentini tamamlayır.
Təranə Turan Rəhimlinin "Allah, məni gec böyütdün" metrik kvartet ölçülü şeiri də oxucunu dərin duyğular və düşüncələr dünyasına qərq edir. Şeir nəfis poetik dili ilə bizi zamanın gedişi, itirilmiş ümid və dünyada öz yerimizi tapmaq uğrunda mübarizə kimi universal mövzuların ardınca aparır, bütün bunlar haqqında düşünməyə sövq edir.
Şeir güclü bir ifadə ilə başlayır: “Allah, məni gec böyütdün” (Allahım, məni gec böyütdün). Bu ifadə şeir boyu inkişaf edən melanxolik tonu və həyata gecikmə hissini təyin edir.
Allah, məni gec böyütdün,
Nəyə əl atdım gec oldu.
Gecikdiyim hər qapıda
Neçə ümidim heç oldu.
Müəllif qaçırılmış imkanlar və bağlı qapılar haqqında fikirləşir, insanların həyata gec qalmamaq üçün daha tez hərəkətə keçməsini arzulayır. Şeirdəki bədii düşüncə misra- misra irəlilədikcə biz müxtəlif məqamlar və vəziyyətlərə doğru irəliləyən bir sıra poetik obrazlarla qarşılaşırıq.
Şairin bu dünyanın səhvlərini və ikili xarakterini qəbul etməsindən başlayıb sözləri sığınacaq kimi görməsinə qədər hər bir misra bizi öz varlığımız və verdiyimiz qərarlar üzərində düşünməyə dəvət edir:
Gec tanıdım səhvi, düzü,
Bu dünyanın dönük üzün,
Qoynuna qısıldım sözün,
Sözdə isinib güc aldım.
Şeir heca vəzninin biçimli quruluşuna uyğun olaraq diqqətəlayiq bir ardıcıllığı əks etdirir. Dörd misradan ibarət olan hər bənddə şeirin ümumi ruhuna xas olan ritm və harmoniya var. Və bu ritm və harmoniya şairin lirik aləminin əsrarəngiz gözəlliyini, düşüncə bənzərsizliyini əks etdirir.
Şeir oxucunu introspeksiyaya və sözlərin gözəlliyini qiymətləndirməyə dəvət edir.
Azərbaycan şairi Təranə Turan Rəhimlinin səmimi poeziyası, qəlbəyatan şeirləri dil sədlərini aşır, şeiriyyət göylərinin kəpənəkləri kimi səmaya yüksəlir. Onun italyanca kitabının nəşri və şeirlərinin çox sayda dillərə tərcüməsi sayəsində bu möhtəşəm poeziya indi yeni linqvistik ölçülərdə təcəssüm edir, qızılgül ləçəkləri kimi açılıb xoş ətri ilə dünyanı dolaşan misraları sevgi və hörmət doğurur.
Hər bir söz, hər bir misra şairin lirikasına qərq olanların ruhunu oxşayan melodik bir pıçıltıya çevrilir. Təranə Turan Rəhimli poeziyası sözlərin ahəngdar rəqslə bir-birinə qarışdığı emosional mənzərələr arasında sehrli bir səyahətdir. Bütün bu mühüm sənət nailiyyətlərinə görə şairi təbrik edirəm. Artıq dəfələrlə rəylərimdə qeyd etdiyim kimi, mən onun poetik yaradıcılığının pərəstişkarıyam, sadəcə bu poeziyadan öyrənən adamam, o, isə zəfərləri ilə qeyd-şərtsiz fəxr etdiyimiz dostdur. Mən böyük poetik uğurlarına görə onu təbrik edərək deyirəm: "Budur, istedadınız və poeziyanız dünyaya öz təsirini göstərməyə davam edir. Qoy poetik səsiniz oxuduğumuz hər səhifədə, misralarınızın qüdrətini kəşf edənlərin qəlbində daim əks-səda versin."
Fco Javier Dávila de Leon,
Meksika.
YORUMLAR
Henüz yorum yapılmamış.