- 439 Okunma
- 0 Yorum
- 0 Beğeni
İtalyan Ruhunu Dünyaya Sevdiren Şiirler
İTALYAN RUHUNU DÜNYAYA SEVDİRƏN ŞEİRLƏR
Klaudia Piççinno zəngin italyan ruhunu hər çaları ilə bütün dünyaya sevdirən şairdir. O, ailə dəyərləri ən ümdə milli-mənəvi özəlliklərinin önündə gələn, dünya mədəniyyəti tarixinə böyük qatqısı olan, Dante, Rafael, Mikelancelo, Vuvaldi, Berlioz, Paqanini... kimi dahi sənətkarları şöhrətinə şöhrət qatan, əzəmətli keçmişinin bütün dünyaya səpələnən izləri ilə heyranlıq doğuran istiqanlı Avropa xalqının nümayəndəsidir. Və bütün mənəvi aləmiylə, sahib olduğu daxili zənginliklə mənsub olduğu millətin layiqlu övladıdır.
Klaudia Piççinnonunu Taranto şəhərində, İtaliyanın Pablo Neruda Mədəniyyət Mərkəzinin və KİBATEKin birlikdə düzənlədiyi 39-cu Uluslararası Ədəbiyyat Festivalının qala gecəsində tanıdım. İtaliya, Türkiyə, Azərbaycan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, İraq, Hindistan, İrlandiya, Kanada, Rumınya, Hollandiya, Almanya, Albaniya, Belçika, Filippin, Çili, Bosniya-Hersoqovinya ədəbiyyatçılarını, ziyalılarını İtaliyada bir araya gətirən festivalda beş gün ərzində tanıdığım yaradıcı insanlar, söz adamları məndə italyan mehribanlığının və milli-mədəni dəyərlərə sədaqətinin hüdudsuzluğu haqqında dərin təəssürat yaratmışdı. Ona görə də qarşımdakı bu gülərüzlü, xoş simalı, mehriban qadın əlində tutduğu kitablarını mənə təqdim edərkən ölkəmin ədəbiyyatını tanımaq, əlaqələrimizi davam etdirmək istəyini dilə gətirəndə bu ədəbi dostluğun uzun ömürlü olacağına bütün qəlbimlə inanmışdım. Klaudianın mənə bağışladığı kitablar italyan dilində olduğu üçün onları oxuya bilməmişdim (Bilirəm ki, o da mənim kitabımı əziz bir xatirə kimi saxlasa da, məzmunu ilə tanış ola bilməmişdi). Lakin zamanla onun ingilis, türk, rus dillərində oxuduğum şeirləri, eləcə də birgə iştirak etdiyimiz çoxsaylı beynəlxalq ədəbi layihələr, şeir müsabiqələri, festivallar mənə çağdaş italyan poeziyasının bu istedadlı nümayəndəsini daha yaxından tanıtdı və sevdirdi. Beləcə təməli ədəbiyyatla, şeirlə başlayan dostluğumuz bu günlərə gəldi. Bir-birini şeirindən, sözündən, sənət sevgisindən tanıdıq, bir-birinin əsərlərini tərcümə etdik, ölkələrimizdə dərc etdirdik, tanıtdıq. İtaliyada nəşr edilən “Ho amato persino la pietra” (“Məndə daşa da sevgi var”) adlı şeirlər kitabım Klaudianın tərcüməçi əməyi sayəsində ərsəyə gəldi. Dəfələrlə Avropanın “Mugella”, “Ossi de Seppia”, “Galaktika Poetike Atunis” və başqa nüfuzlu beynəlxalq poeziya layihələrinin birlikdə iştirakçısı, qalibləri olduq. Beləcə sənət əlaqələrinin yaradıcı şəxslərin həyatında nə qədər önəmli olduğuna dönə-dönə əmin olduq. Dünyanı bizim şair qəlblərimizin, söz dünyamızın xilas edəcəyinə inandıq... inanırıq...
Klaudia Piççinno beynəlxalq ədəbi mühitdə çağdaş italyan ədəbiyyatını ən fəail şəkildə tanıdan, ölkəsinin söz sənəti haqqında dolğun təsəvvür formalaşdıran şairlərdəndir. Dünya ədəbi əlaqələrinə böyük töhfələri yalnız onun öz əsərlərinin təbliği – İtaliya, Fransa, Polşa, Türkiyə, Serbiya, Makedoniya, Almaniya, Səudiyyə Ərəbistanı, Rumıniya, Albaniya və İspaniyada 2016-2023-cü illər ərzində nəşr edilən kitabları ilə məhdudlaşmır. O, həm də çoxsaylı beynəlxalq şeir antologiyalarının tərtibçisi və naşiri, uluslararası ədəbi mükafatların münsiflər heyətinin üzvü kimi xidmətləri ilə çağdaş dünya poeziyasının ən istedadlı simalarını tanıtmağa nail olub. İtalyan dilinə tərcümə etdiyi, ölkəsində nəşrinə əmək verdiyi onlarla kitab şair-tərcüməçi istedadı ilə yanaşı, yorulmaz bir sənət sevgisinin bariz örnəyidir. Ərəb şairləri Raed Aljişinin “Qanlı qağayılar”, “Yaddaşın genezisi”, Ali Al Hazminin “Döyməli kəpənək”, türk şairləri Hilal Karahanın “Gecənin küncündə”, Osman Öztürkün “Mənim adam”, Mesut Şenolun “Xəyalımız gerçəkləşsin”, serb şairləri Militsa Liliçin “Penelopanın andı”, Maja Herman Sekuliçin “Böyük layihə”, rumın şairi Nikulina Opreanın “Yalnız mən və kölgəm”, Kubalı şair Yuray Tolentino Hevianın “Qapılar, balerolar və küllər”, alman şairi Gino Leineveberin “Bunlar hamısı gerçəkdir”, bu sətirlərin müəllifinin “Məndə daşa da sevgi var”” kitablarının italiyan dilinə tərcüməsi və İtaliyada nəşri Klaudia Piççinnonun dünya ədəbi əlaqələrinə önəmli bir qatqısıdır.
Klaudianın özünəməxsus poetik dünyası, yaradıllışa, reallığa, hadisələrə fərdi, orijinal sənətkar münasibəti var. Onun bir-birindən fərqli mövzulara müraciət etməsi, sənətdə özünü təkrarlamaması da bu orijinallıqdan irəli gəlir. Şairin poetik “mən”i siyasi xaoslar içində boğulan dünya üçün, müharibələrin məngənəsində sıxılan ölkələr, qarışıq sferası ilə həyəcan təbili çalan cəmiyyət üçün daim narahatdır. Elə buna görə də Klaudianın şeirlərində onun öz şəxsi yaşantıları, duyğular aləminin təsvirindən daha çox dünyanı dərkə yönəlmiş bədii ifadə tərzi ilə qarşılaşırıq. Sevgidən, məhrəm duyğulardan yazdığı şeirlər belə sonda bəşəri məzmunla birləşir. Klaudianın Azərbaycan dilində ilk kitabı olan “Səssiz haray” bütün poetik mahiyyəti ilə bu fikri təsdiqləyir.
Şair yer üzündə ədalətin bərqərar olmasını, insanlıq qanunlarının bütün idarəetmə qanunları üzərində hökmranlıq etməsini, rəhbərlərin dəyrimi masasında sülh və əmin-amanlığın daimi bir məsələ olmasını arzulayır. Bir şeirində o, bütün insanlığa inananlar adından sülh üçün “yalvarır”:
Sülh və əmin-amanlıq –
budur mənim
dua etdiyim pərilər,
Oğlumun sabah hər kəsin
gözündə sülhü görməsi,
Yer üzündə,
insanlığın təbii krallığında
bəxtəvər ömür sürməsi.
(“Sülh üçün yalvarıram”)
İnsanlıq, humanizm, hər cür saxtakarlıqdan və xeyirxahlıq nümayişindən uzaq ədalət duyğusu Klaudia Piççinnonun şeirlərində bəşəriyyətin ən çox ehtiyac duyduğu keyfiyyətlər kimi davamlı olaraq dilə gətirilir. O, ədalətli cəmiyyətdə nə qaçqın düşərgələrinə, nə də siyasi sığınacaqlara yer olmadığını düşünür. Buna görə də qaçqın düşərgələrini insana mərhəmət adı altında saxtakarlıq kimi görür, “sivil Avropanın ölümcül ixtirası” adlandırır:
Getməkmi çətin, qalmaqmı?
Yoxsa geri qayıtmaqmı?
Sivil Avropanın
ölümcül ixtirası:
Qaçqın düşərgələri –
Öyrəşdirmək üçün hamımızı
Diasporasına quzuların,
Duyğusuzluğuna qalın qafalarımızın,
Misli-bərabəri görünməyən cəsarətinə
İtirənlərin.
“İtirənlərin cəsarəti”
Şair müharibənin Avropanı yıxıb keçdiyi bir vaxtda İngilis Kindertransportun rüzgar qatarına gecikən, yollarda əsir-yesir qalan üç məsum uşağın taleyindən bəhs edir. Şeirdə təkcə hər şeyə laqeyd savaş ab-havasında “kömək üçün uzanmayan əllərin ciblərdə olması”, heç kimə fərq qoymayan “keşikçi çubuğu”, yoxsulluq, aclıq və xəstəlik gətirən müharibə fəlakətinin yaratdığı biganəlik tənqid olunmur. Həm də itirənlərin cəsarətinə – müharibə uşaqları İsmayıl, İkram və Əzizin misli-bərabəri görünməyən cəsurluğuna, sağ qalmaq uğrunda həyatla təkbaşına mübarizədə qorxmazlığına insanlığın öyrəşməyi, vərdiş etməyi də tənqid edilir.
Klaudia Piççinnonun şeirləri italyan tarixinin və milli mədəniyyətinin etibarlı poetik yaddaşıdır. “Sabbiuno düzü abidəsində” şeirində şair Bolonya tarixinə səyahət edir. 1944-cü ilin Sabbiuno di Paderno qırğınında nasist-faşistlər tərəfindən güllələnmiş 100-ə yaxın partizan və siyasi məhbusun unudulmaz xatirəsini əbədiləşdirən məşhur abidəni xatırladır. Təpə boyunca sıralanan daşlar səltənəti – Sabbuino abidəsi... Adları 53 qaya daşı üzərinə həkk olunan İtaliya şəhidlərinin və kimliyi məlum olmayan qırx yeddi şəhidin xatirəsinə 54-cü daşın qoyulduğu məşhur abidə... Klaudia Piççinno bu abidədəki 34 ada, 1944-cü ilin 14 oktyabrında güllələnən şəhidlərə diqqəti çəkir:
Apardım oraya şagirdlərimi,
Sabbiuno düzü abidəsinə,
Çətin gündə əllərimizdən tutan
O 34 adı oxumaq üçün.
Məqsəd italyanların qəhrəman keçmişini, 34 şəhidin adını yeni nəslə tanıtmaq olsa da, şair onların 36 nəfər olduğunu, biri polyak, digəri alman olan iki şəhidin sənədləri tapılmadığı üçün adlarının tarixdə qalmadığını xatırladır. Şair böyük bir məktəb olan ölkənin bu günkü azadlıq və xoşbəxtliyində xidməti olan bütün insanları sevgi və ehtiramla yad edir.
Klaudianın şeirlərinin hərəsi bir ovqatın məhsuludur. Və bu şeirlərdə həmin ovqatın təbiiliyinə sədaqət, duyğuların obyektinə sevgi və dərin ehtiram var. Bəzən bu ehtiram böyük alim Pifaqora, italyan şeirinin atası Dante Aligeriyə, bəzən də heç kimin tanımadığı outizmli uşaq Davuda, limandakı kimsəsiz qızcığaz Nevala, müharibə qurbanları İsmayıl, Əziz, İkrama.. ünvanlanır. Oxucu şairin italyan tarixi və mədəniyyətinin görkəmli şəxsiyyətinə qarşı heyranlıq və rəğbəti ilə yanaşı, “bir bütünü görməməkçün parçalarına düşən” outizmli uşağa da həssas və sevgi dolu sənətkar münasibətini müşahidə edir:
Sən mənimçün bir diaqnoz deyilsən,
Fərqli biri, ya genetik bir memarılıq
qüsuru da deyilsən.
Bir diqqətsizlik əsəri,
Erkən və ya geçikmiş bir müdaxilə,
Yanlış bir beyin şəkli,
pozulmuş bir spektrum deyilsən.
“Davud sənin adın”
Şair üçün outizmli Davud sadəcə “detalları sevən uşaq”dır. Əslində ona bu şəkildə yanaşmaq – outizmli uşağı bir diaqnoz, genetik xəta kimi görməməyin özü ali varlıq olan insanı real durumuyla qəbul etməkdir, onu konkret bir çərşivəyə salan, həyatını məhdudlaşdıran baryerləri, sərhədləri yıxmaqdır. Klaudia Piççinno Davudu (Davudları!) “bir otağa həbs edən məsafəni qısaltmaqçun dərinə enməyə” hazırdır.
Klaudianın poeziyasında insanın özü bir şeirdir, və bu “şeir-insanın” da öz şeiri var. Həyatın ritmi həmin şeirdə döyünür. “B” planı düşünmədən yaşayan, azad ruhu öz arzusuna görə yolunu tapan, xain mərmi düşüncələrə qəlbinin qapıları bağlı olan, saxta təriflərdən uzaq, yalnız güvənc və hörmətin qədir-qiymətini bilən şair o şeirlə həyata tutunur. Adəmlə Həvvanın itirilmiş cənnətindən səsi gələn şeirin sehri, əfsunu isə Claudia Piççinonun səssiz harayını hələ çox-çox uzaqlara aparacaq.
Təranə Turan Rəhimli,
şair, ədəbiyyatşünas, filologiya
elmləri doktoru, dosent
YORUMLAR
Henüz yorum yapılmamış.