- 279 Okunma
- 0 Yorum
- 0 Beğeni
Vatan Sevdalı Şairin Işık Yolu
VƏTƏN SEVDALI ŞAİRİN İŞIQ YOLU
Onun imzasını beynəlxalq poeziya antologiyalarından, nüfuzlu ədəbi dərgilərdən və internet saytlarından tanıyıram. Şeirləri dünya miqyasında rəğbətlə qarşılanan şair kimi o, yeni özbək şeirini özünəməxsus poetik tapıntılarla, bədii çalarlarla zənginləşdirən bir istedad sahibidir.
Mövlana Cəlaləddin Ruminin təsəvvüf poeziyasından qaynaqlanan gənc özbək şairi Cahangir Namazovun şeirləri dərin lirizmi və aydın fəlsəfi mahiyyətii ilə maraq doğurur. Şərq şeirinin böyük ustadının məşhur “Eşqsiz qalaraq, verməyəsən can,, Eşq ilə can ver ki, diri qalasan” misrasını özünün “Eşq” adlı şeirinə epiqraf kimi seçməsi də təsadüf deyil. Şairin poeziyası ilə yaxından tanış olduqda bu misranın yalnız bir şeirin epiqrafı olaraq qalmadığını, onun bütünlükdə poetik düşüncə arealına sirayət etdiyini görürük.
Eşqsiz nədir mənim dəyərim, qədrim,
Eşqi anlatmaqda hər sözüm, sətrim.
Ey İlahi, mənim müqəddəs dərdim,
Yalnız aşiqlikdir, aşiqlik dərdi…
(“Eşq”)
Cahangir Namazovun özünəməxsus şair dünyası var. Və bu könül dünyasının rəngləri mövcud olduğumuz real dünyanın rənglərindən çox-çox fərqlidir. Kainatdakı rənglərin hamısı bəzən həqiqi, bəzən də yalan çalarları ilə şairi düşündürür. O isə bu rənglərin parıltısına aldanmamağı, rənglərin bizə demək istədiklərinin mahiyyətinə varmağı insana, insanlığa tövsiyə edir. Rənglərin həyatı təqdimetmə şəklinin yanlış ola biləcəyi ehtimallna da oxucunu inandırır. Ölməz Azərbaycan şairi Səməd Mənsurun ” Həpsi rəngdir” şeirindəki “cümlə xilqətin rəng”dən ibarət olduğu qənaətini Cahangir Namazov öz şeirində bir daha möhkəmləndirir. “Dünya rəngləri” şeirinin mətnaltı qatında gizlənən həqiqət isə bunu diqtə edir: “Ölməzdi şam kimi yaşasa adam”. Yəni, köhnə boşluğun içində ətrafa işıq saçıb özü əriyən, yox olan şamın rənginin – ağ nurunun mahiyyərində şair bir fədakarlıq görür. Rəngin arxasında gizlənən yox, bütün rənglərin önünə keçən bir ömrü insana örnək göstərir. “Odlu əlləriylə günü oyadan” günəşin sarı şüaları da, aləmi lərzəyə salan mavi ildırımın gurultusu da, xəyala dalan yamyaşıl söyüdün yeri öpən budaqları da, bir sözlə, bütün kainatın rənglər səltənəti insanı bu ehtişamın dəyərini bilməyə, rəngin “astarındakı” rəngi tanımağa çağırır. Şairi rənglərin öz gözəlliyi, əzəməti ilə insana, dünyaya verdiyi mesaj maraqlandırır:
Dəvətsiz qonaqdır dünyada hamı,
Ağaca əmanət yaşıl yarpaqlar.
Biz də əmanətik, yarpaqlar kimi,
Həyatın qədrini bilin, qonaqlar!
(“Dünya rəngləri”)
Cahangir Namazovun şeirlərində böyük bir sevgi var. Çox vaxt incik düşdüyü, dönə-dönə səbrini sınayan dünyaya, varlığını fəda etməyə hazır olduğu bir gözələ, daim sonsuz eşqlə sevilməyə layiq Allaha, kiçik bir yarpağını belə əzizləyib bağrına basdığı ana təbiətə… nəhayət, qəlbinə “şəkli cızılan”, ən pakizə hisslərin, duyğuların ünvanı olan Vətənə qarşı ülvi SEVGİ. Uyğur qanıyla tarixin dərin qatlarından gələn torpaq qeyrətini, ulu Türkün ən qədim sevdasını – Vətən eşqini mənsub olduğu böyük xalqın genetik yaddaşından alan, şeirlərində xüsusi vurğunluqla dilə gətirən şair üçün doğulub böyüdüyü torpaq ən müqəddəs məfhumdur. Bir vaxtlar Əl-Xarəzmi, Əbunəsr-Fərabi, Əl-Biruni, İbn Sina, Sultan Mahmud Qəznəli, Əmir Teymur, Əlişir Nəvai kimi əzəmətli oğullarının şöhrətini bütün dünyaya yaydığı özbək torpaqları Cahangir Namazov poeziyasının başlıca ilham mənbəyidir. Ulduzların yoluna nur səpələdiyi kəhkəşan parıltılı, baharda qaranquşun, yayda günəşin sevgi ilə salamladığı bərəkətli Özbəkistan bu gənc poeziyanın döyünən qəlbi, vuran nəbzidir. Bağ-bağatlı, gül-çəmənli, kəpənəklərin ucsuz-bucaqsız, al-əlvan çöllərinə zər naxışı saldığl Vətən şairin “ürəyində işıq dalğası”dır. Cahangir Namazov üçün gerçəklərin ən böyüyü, duyğuların nura bürünmüş halı, sözlərin ən təsirlisi Vətəndir. “Vətən şəkli” şeirində yazdığı kimi:
Boş, yüksək sözləri axtarmaram heç,
Qəlbimə ən böyük bir söz yazılıb.
Rənglərim o qədər parlaqdır mənim,
Qəlbimə “Vətənin şəkli” cızılıb.
Gənc özbək şairinin poeziyası üçün mövzu məhdudiyyəti yoxdur. Həyatda mövcud olan hər bir anlamlı məqam, düşündürücü situasiya, hətta ən kiçik bir detal bu poeziyanın leytmotivi ola bilər. Şeirlərindən birində böyük salonların gurultulu alqışları onu dərin düşüncələrə qərq edir. “Mənə aldadıcı, boş əl çalmayın. .. Yalandan əl çalıb ürək almayın.” deyən şairi saxta alqışların layiq olmayanları dəyərli hiss etdirməsi, insanları bacarmadığı işə ümidləndirməsi narahat edir. Saxta şairllərin boş sözləri üçün əl çalmağı qəbahət bilən Cahangir Namazovu əsil sənətin təntənəsi sevindirir.
Hayqırıb kükrəyən şeirlər deyim,
Şimşəklər gurlasın, göydə od yansın.
Ulduzlartək yorğun, ay kimi dolu
Üzlərdən, gözlərdən qoy sevgi damsın.
Yox, heç vaxt yalandan əl çalmaram mən,
Saxta şairlərin boş işi üçün.
Canımı, ömrümü bağışlayaram
Xalqımın ürəkdən alqışı üçün.
(“Çəpik”)
Gənc özbək şainini oxucuya sevdirən onun şeirlərindəki səmimiyyət və lirik mənin daxili saflığı, dürüstlüyüdür. Cahangir üçün bu həyatda bircə yol var – Haqq yolu. Və o bu yolda hər zaman qəlbinin səsini dinləyərək addımlayır. “Hər yerə qəlbimlə getdim” deyən şairi qarşıda uzun yollar gözləyir. O, isə yaşadığı qədərini anladığı, hikmətinə vardığı dünyada
“necə yaşamağı az-çox öyrəndim” qənaəti ilə , sabahlara ümidlə yoluna davam edir.
Cəmi 27 yaşı olsa da, ədalətsizlikləri, haqsızlıqları da görüb. Hətta ömrünün bahar çağını yaşamasına rəğmən baharlarının ondan küsdüyünü, yoxa çıxdığını düşündüyü vaxtlar da olub:
Baharlarım, hardasınız, baharlarım,
Qışda qəlbim mürgülədi, donub keçdim.
Kim dinləyər, nədir könlün ahu-zarı,
Dərdlərimi kağızlara qoyub keçdim.
(“Baharlarım”)
Lakin daxili gücünü, inamını heç vaxt itirməyən şair bundan əsla sarsılmayıb, ruhdan düşməyib, şeirləri ilə təsəlli tapıb. Bu günədək haqqının yeyildiyini, ürəyinin bundan böyük ziyan gördüyünü yazan Cahangir Namazov gördüyü çətinliklər qarşısında öz səbrinə heyranlığını da gizlətmir:
“Gün gələr qızıla çevrilər səbrim”
İstedadla zəhmət birləşəndə böyük xariqələr yaradır. Cahangir Namazov da zəhməti ömrün zinəti hesab edir. “Əməksiz kimsəyə gəlməz şərafət” deyən şairin poeziyasında da, həyat yolunda da bu dəyər önəmli yer tutur.
“İndi ədəbiyyat əsgəri olub, Xidmət edirəm mən Özbəkistana!” – deyən şairin səsi, ünü bu gün dünyanı dolaşır. Vətəni Özbəkistanı bütün qitələrdə ləyaqətlə təmsil edir. Üzvü olduğum bir çox mötəbər beynəlxalq ədəbi təşkilatlarda Cahangir Namazovun öz xalqının ədəbi-mədəni dəyərlərini yüksək səviyyədə təbliğ etdiyini dəfələrlə müşahidə etmişəm. Əsərlərimizin birlikdə yer aldığı dünya şeiri antologiyalarında onun imzasının da özünəməzxsus yeri var. Cahangirin hələ çox gəncdir, amma qələmi ilə, mənəvi dünyası ilə ölkəsinin dəyərlərinə qatqısı yaşından çox-çox böyükdür. “Şeirlərimə məftun olacaq dünya” deyən şairin həmin məftunluğa aparan yolçuluğu artıq başlayıb və öz bəhrəsini verməkdədir. 1997-ci ildə Özbəkistanın Namanqan vilayətinin Pap rayonunda dünyaya göz açan Cahangir Namazovu şeirləri yaxın-uzaq diyarlarda tanıdır.
Türkmənistan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, AvstraliyaArgentina , Kenya, İspaniya, İtaliya, Rusiya, Banqladeş,Nepal, Əlcəzair, Albaniya, Çin, Kanada, Tayland, Nepal, Vyetnam, Serbiya, Makedoniya, Belçika, Amerika və s. ölkələrin qəzet və jurnallarnda, ədəbi saytlarında dərc olunan şeirləri onun şair şöhrətinin arealını getdikcə genişləndirir, gənc özbək şairinin vətəninə şərəf gətirir. Beynəlxalq şeir müsabiqələrinin qalibi kimi aldığı mükafatlar, təltiflər təkcə onun poeziyasına deyil, bütövlükdə özbək şeirinə və Türk ədəbi düşüncəsinə dünya çapında verilən qiymətdir. Turkiyədə “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nümayəndəsi, Qırğızıstan Respublikasıında “Qırğız şair və yazıçıları” ictimai fondunun və “Dünya talantları” beynəlxalq birliyinin üzvü kimi xalqlar arasında ədəbi əlaqələrin genişlənməsinə xidmət edən Cahangir Namazov dünya şairləri arasında yeni körpülər qurmağa əmək sərf edir. Xeyirxahlığı özünün həyat amallna çevirən gənc şair bu missiyanı ləyaqətlə yerinə yetirir .“Abay” medalı, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun xatirə nişanı”, “Elmin fəxri” xatirə nişanı, özbək ədəbiyyatını dünyada təbliğ etdiyinə görə Usman Nasiri “Unutmas məni bogim” beynəlxalq xatirə medalı, Türkiyədə Güncel Sanat jurnalının Kaygusuz Abdal beynəlxalq müsabiqəsinin poeziya üzrə “Gözəl Alanya mükafatı” onun ədəbi fəaliyyətinə verilən və tamamilə layiq olduğu mötəbər təltiflərdir.
“İçimdə üsyanlar” (2021, Özbəkistan), “Günəş nəfəsi” (2022, Türkiyə, “Baygenç” ) adlı şeir kitabları və müxtəlif ölkələrin beynəlxalq ədəbi toplularında ı nəşr olunan şeirləri ilə qazandığı geniş oxucu kütləsinin sevgisi isə Cahangir Namazovun yaradıcılığının ən böyük ödülüdür.
Şeirlərindən birində yazır:
Xəyallarımın ağuşunda,
Bilmirəm hansı mənzilə axdım.
Ömür boyu buzlamış qəlbdə.
Od qaladım, ocaq çatdım.
(“Rahatlıq”)
Şairin şeirləri və ədəbi fəaliyyət yolu ilə yaxından tanış olduqda isə bu qənaətin tam əksini görürük. Xəyallarının onu apardığı mənzil gün kimi aydındır. Bu mənzil şeir, sənət məbədgahıdır. Şairin buz tutmuş ürəklərdə çatdığı ocaqlar indi böyük məşələ dönüb alov şölələri ilə yolunu aydınladır, ruhunu isidir və həmin şeir məbədgahındakı məqamını müəyyənləşdirir. Gözəl sabahlara doğru bu işıq yolu davam edir, Türkün şöhrətini, tarixi əzəmətini hər zaman gələcək nəsillərə xatırlatmaq üçün…
Təranə Turan Rəhimli,
Şair, ədəbiyyatşünas,
filologiya elmləri doktoru, dosent.
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
YORUMLAR
Henüz yorum yapılmamış.