- 425 Okunma
- 0 Yorum
- 0 Beğeni
Terane Turan Rehimli. AXUND YUSİF ZİYA TALIBZADƏ HAQQINDA BİLMƏDİKLƏRİMİZ
AXUND YUSİF ZİYA TALIBZADƏ HAQQINDA BİLMƏDİKLƏRİMİZ
/Quranın ilk dəfə Azərbaycan dilinə tərcüməsi alman kralı II Vilhelmin fikri olub/
Azərbaycan ədəbiyyatı, elm, hərb və siyasətinə mühüm töhfələr verən Talıbzadələr nəslinin milli-mədəni tariximizdə çox önəmli rolu olmuşdur. Dövrünün tanınmış ziyalılarından, din alimlərindən olan Süleyman Talıbzadədən başlayaraq Zaqafqaziya Şeyxülislamının müavini, Qafqaz vilayətinin baş qazisi, mükəmməl şəriət dərsliklərinin müəllifi Axund Mustafa Talıbzadə, görkəmli türkçü, islamçı, publisist, tərcüməçi, maarifçi, şair, dramaturq, hərbçi, diplomat, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasıin 1-ci Hərbi Komissarı general Axund Yusif Ziya Talıbzadə, XX əsr Azərbaycan mədəniyyətinin öndər simalarından, ana dilimizdə məktəbin banilərindən biri, böyük bir ziyalılar ordusunun müəllimi, milli romantizmin görkəmli nümayəndəsi, maarifçi ziyalı, şair, dramaturq, nasir, publisist və ictimai xadim Abdulla Şaiq, Azərbaycan ədəbiyyatşünaslığında tənqidşünaslıq məktəbinin banisi, çoxşaxəli elmi fəaliyyəti ilə ədəbi-nəzəri irsimizi zənginləşdirən akademik Kamal Talıbzadə… və yeni nəsil də daxil olmaqla, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadəyə, gənc diplomat Fərəh Acalovayadək bu böyük nəslin nümayəndələri müxtəlif fəaliyyət sahələrində ləyaqətlə Azərbaycanın inkişafına xidmət etmişlər. Talıbzadələrin görkəmli nümayəndələri ilə bağlı çoxsaylı elmi əsərlər yazılmış, sovet imperiyasının süqutundan sonra isə bir çox həqiqətlər aydınlanmış, önəmli fakt və sənədlər gün işığına çıxmışdır. Abdulla Şaiqin uzun illər ədəbi aləmdən gizli qalan, türkçülük ideologiyasını təbliğ etdiyi şeirlərindən ibarət “Arazdan Turana” toplusunun oğlu akademik Kamal Talıbzadə tərəfindən 2004-cü ildə tərtibi və nəşri, 70 il adı yasaq edilmiş Yusif Ziya Talıbzadənin fəaliyyət yolu haqqında professor Minaxanım Əsədlinin fundamental elmi tədqiqat əsərinin yazılması, eyni vaxtda Abdulla Şaiqin Mənzil-Muzeyində Yusif Ziya ekspozisiyasının açılması, “Abdulla Şaiqin Əhməd Cavad və Tağı Nağızadə ilə birlikdə 1918-ci ildə “Türk ocağı”nın qurucularından biri olduğunu təsdiqləyən sənədlərin 2019-cu ildə arxivlərdə aşkarlanması və s. fakt və yeniliklər bu qəbildəndir. Niderlandda yaşayan həmyerlimiz Rəyanə Məlikaslanovanın Abdulla Şaiqin Mənzil-Muzeyində qonaq olması Talıbzadələrlə bağlı bir sıra maraqlı, Azərbaycan ictimaiyyətinə məlum olmayan faktları da üzə çıxardı. Muzeyin direktoru, Abdulla Şaiqin nəvəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə ilə görüşərək Talıbzadələr haqqında daha öncə bilinməyən həqiqətləri dilə gətirən Rəyanə Məlikaslanova Axund Yusif Ziya Talıbzadə ilə bağlı önəmli tarixi hadisələrdən də bəhs etmişdir.
Qarabağıın köklü ailələrindən birinə mənsub olan Nəsirbəyovlarla Abdulla Şaiqin və Axund Yusif Ziyanın əlaqələrindən danışan həmyerlimiz bildirmişdir ki, nənəsinin atası Hacı Ələkbər bəy Nəsirbəyov əslən Qubadlıdan, anası Mina xanım Zöhrabbəyova isə Şuşadan imiş. Bakıda ikinci sahənin pristavı vəzifəsində işləyən, Çəmbərəkənddə, indiki nazirlər kabinetinin yerində evi olan Hacı Ələkbər bəy Nəsirbəyovun üç qızı – Sona xanım Nəsirbəyova (ailə qurandan sonra Məlikaslanova), Tovuz xanım Nəsirbəyova, (ailə qurandan sonra Vəzirova), Mələk xanım Nəsirbəyova (ailə qurandan sonra Cuvarlinski) və bir oğlu olmuşdur. Oğlu çox cavan yaşında itkin düşən ata qızlarının təlim-tərbiyəsinə, təhsilinə ciddi önəm vermiş, onların dini və dünyəvi elmlərə yiyələnməsi işini Abdulla Şaiq və Axund Yusif Ziya Talıbzadə kimi dövrün ən tanınmış müəllimlərinə etibar etmişdir.
Ulu babasının Talıbzadələrlə əlaqələri haqqında söz açan Rəyanə Məlikaslanovanın Hacı Ələkbər bəy Nəsirbəyovun şəxsiyyəti, xalqına sevgisi barədə söylədikləri bu dostluq münasibətlərinin hansı ortaq dəyərlərdən qaynaqlandığını göstərir. O, xalq içində böyük ehtiram qazanmış, öz dövrünün Azərbaycan elitasında özünəməxsus mövqeyi olan Hacı Ələkbər bəy haqqında deyir: “Hacı Ələkbər bəy Nəsirbəyov böyük xeyriyyəçi olub. O, Füzulidə məscid tikdirib, həmin məscidin memarı Kərbəlayı Səfixan adlı şəxs imiş. Məscidin yanında kəhriz, Füzulidə mədəniyyət klubu və rayonun Şıxımlı kəndində dəyirman da tikdiribmiş. Hacı Ələkbər bəy rəhmətə gedəndən sonra xalq arasındakı böyük hörmətinə görə Füzuli camaatı onu tikdirdiyi məscidin içində dəfn etmişdi. Əslində Hacı Ələkbər bəy sağlığında vəsiyyət edibmiş ki, məscidin girəcəyində dəfn olunsun və ibadətə gələn insanlar onun sinəsinə ayaq basıb məscidə getsinlər. Amma camaat buna razı olmayıb və o, məscidin içində dəfn olunub. Təəssüflər olsun ki, həmin məscid indi yoxdur, ulu babamın qəbrinin nə vəziyyətdə olduğu haqqında da heç bir məlumatımız yoxdur”.
Hacı Ələkbər bəyin pristav işlədiyi, ailəsi ilə birlikdə Bakıda yaşadığı vaxtlar onun qızlarına Abdulla Şaiq dil-ədəbiyyat fənnindən, onun qardaşı Yusif Ziya Talıbzadə isə şəriətdən dərs verib. Təxminən 1901-1902-ci illərdə Nəsirbəyova bacılarına evdə dərs deyən bu görkəmli müəllimlər onların xatirəsində silinməz izlər qoymuşlar. Nəsirbəyovlar ailəsinin böyük qızı Sona xanım həyatı boyunca nəvələrinə bu iki böyük müəllimi, fəxrlə haqqında söz açdığı şəxsiyyətlər haqqında işıqlı xatirələrini danışıb. Hacı Ələkbər bəy Hacı Zeynalabdin Tağıyevlə yaxın dost olsa da, övladlarını onun qızlar üçün açdığı məktəbə göndərməyib. Bu haqda ondan soruşanda isə deyib ki, “mənim imkanım var, öz pulumla uşaqlarımı oxuda bilirəm, o məktəbə qoy kasıb uşaqları getsinlər”.
Rəyanə Məlikaslanovanın ulu babası ilə bağlı nənəsindən eşitdikləri müqəddəs kitabımız Qurani-Kərimin ilk dəfə Azərbaycan dilinə tərcümə edilməsi təşəbbüsünün kimə aid olduğuna da müəyyən aydınlıq gətirir. Maraqlıdır ki, Qurani-Kərimin dilimizə ilk dəfə tərcüməsi fikrini irəli sürən bir müsəlman yox, xristian dininə etiqad edən tarixi şəxsiyyət – Almaniya kralı II Vilhelm olub. Tarixdən bəlli olduğu kimi, bu alman kralı türk-müsəlman dostu kimi tanınmışdır. 29 yaşında kral taxtına çıxsa da, güclü xarici siyasəti ilə dünyanı heyran qoyan II Vilhelmin Osmanlı imperiyasını dəstəkləməsi bir çox ölkələrdə narazılıq doğurmuş, hətta Rusiya ilə münasibətlərin həddindən artıq kəskinləşməsinə gətirib çıxarmışdı. Bu cəhətdən də II Vilhelmin Azərbaycan elitasının nümayəndələrinə belə bir təkliflə müraciəti son dərəcə təbii və inandırıcıdır.
Tarixi faktlardan bildiyimiz kimi, 1907-ci ildə Quranın Azərbaycan türkcəsində nəşr edilmiş üç cildlik nüsxəsini (təfsirlə birlikdə) Osmanlı sultanı II Əbdülhəmidə Axund Yusif Ziya Talıbzadə hədiyyə aparıb. Bu şərəfli işi ona etibar edən isə Hacı Zeynalabdin Tağıyev olmuşdur. Bu məqsədlə 1910-cu ildə Türkiyəyə gedən Yusif Ziya həmin səfəri münasibətlə “Türkiyə məktubları”nı yazıb çap etdirmişdir. Niderlandda yaşayan həmyerlimiz qeyd edir ki, Quranın Azərbaycan dilinə tərcüməsi prosesində, alman kralı II Vilhelmin bu mötəbər təklifinin həyata keçirilməsində bilavasitə Yusif Ziya Talıbzadə iştirak edib. Rəyanə Məlikaslanova deyir: “Nənəmin atası Hacı Ələkbər bəy və Hacı Zeynalabdin Tağıyev, ya Türkiyədə, ya da Almaniyada alman kralı II Vilhelmlə görüşmüşdülər. Onlar orada namaz qılanda Vilhelm soruşub ki, niyə Quran ərəb dilindədir, nə üçün onu Azərbaycan dilinə tərcümə etdirmirsiniz? Babam gil onu başa salıb ki, Quran ərəb dilindədir və hamı da ərəb dilində namaz qılır. O, da onlara söyləyib ki, əgər Quran tərcümə edilsə, bir nüsxəsi də mənə hədiyyə olunsa, çox məmnun olaram və Quranı mənə təqdim edən adama çoxlu bəxşiş, qiymətli hədiyyələr verərəm. Onlar Bakıya dönəndən sonra Hacı Zeynalabdin Tağıyev Hacı Ələkbər bəyə deyib ki, Hacı Ələkbər bəy, bəlkə Quranı tərcümə edən adamı siz tapasınız? Nənəmin atası dövrünün universitet təhsilli, bir neçə dil bilən ziyalılarından biri kimi bu işi ləyaqətlə, lazımi səviyyədə kimin yerinə yetirə biləcəyini yaxşı bilirdi. O, deyib ki, mən Yusif Ziya Talıbzadəyə müraciət edərəm. Axund Yusif Ziya Talıbzadə onları Quranı tərcümə edən şəxslə tanış edib və Quran Azərbaycan dilinə tərcümə olunub. Bu ilk Azərbaycan dilinə tərcümə edilən Quran olub və 1904-cü ildə çapdan çıxıb. O Quranın biri bizdə, mənim qardaşımdadı, bir nüsxəsini isə mən dünən Hacı Zeynalabdin Tağıyevin ev-muzeyində gördüm. Nənəmin dediyinə görə, bir nüsxəsi türk sultanına, biri də alman kralına hədiyyə verilib. Və bu iki nüsxə – türk sultanına və alman kralına hədiyyə olunan Quranlar bahalı daş-qaşlarla bəzədilibmiş, onlar Yusif Ziya Talıbzadə tərəfindən aparılıb iki hökmdara da çatdırılmışdı”.
Rəyanə Məlikaslanova Quranın dilimizə ilk tərcüməsinin 1904-cü ildə nəşr edildiyini bildirir. Yusif Ziya Talıbzadə haqqında tədqiqatlarda Yusif Ziyanın Osmanlı sultanı II Əbdülhəmidə 1910-cu ildə apardığı Quranın 1907-ci ildə çap olunduğu vurğulanır. Həqiqətdə isə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edən və müqəddəs kitabımızın üç cildlik təfsirini (izahı) hazırlayan Bakı qazisi Mir Məhəmməd Kərim ağa əl-Bakuvi bu kitabların birinci və ikinci cildini 1904-cü ildə, üçüncü cildini isə 1906-cı ildə Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə “Kaspi” qəzetinin Bəxariyə mətbəəsində çap etdirmişdir. Hacı Zeynalabdin Tağıyevin bu tərcümə üçün zəhmət haqqı olaraq Mir Məhəmməd Kərim ağaya həmin Quran və üç təfsir kitabı ağırlığında qızıl bağışladığı da məlumdur. AMEA Milli Azərbaycan Tarixi Muzeyində qorunan nadir kitablardan biri olan həmin üç cildliyin – Quranın Azərbaycan dilində ilk tərcümə və təfsiri “Kəşfül-həqayiq”in (“Həqiqətlərin açıqlanması”) eyni müəllif tərəfindən 1904-1918-ci illərdə yazıldığını göstərən mənbələr də vardır. Bu tərcümə ilə bağlı Rəyanə xanımın söhbətlərindən öyrəndiyimiz önəmli yeni məlumat isə bundan ibarətdir ki, həmin tərcümə prosesində bilavasitə Yusif Ziya Talıbzadə iştirak edib və alman kralına da tərcüməni o çatdırıb.
Ana dilimizə bu ilk tərcümənin alman kralına Türkiyədə, yaxud Almaniyada təqdim edildiyini dəqiqləşdirmək üçün Almaniyaya məktub yazan Rəyanə Məlikaslanova məktubuna cavab gözlədiyini bildirir. O, həmin Quranın izi ilə Utrex şəhərinə də gedib, bu münasibətlə qeyd edir: “Utrex şəhərinin yaxınlığında alman kralı II Vilhelmin Ev-Muzeyi var. Çünki Birinci Dünya Müharibəsindən sonra o, Almaniyadan qovulub. Niderland kralları onu Niderlanda dəvət ediblər və saraylarının birini ona veriblər. Bu Quranı orada axtarım deyə mən o saraya getmişəm. Aidiyyatı olan şəxslərlə bu haqda danışmışam, hələ ki, onlardan mənə bir cavab gəlməyib. Almaniyaya da bu haqda yazmışam. Bu bir tarixdi, Azərbaycanımızın tarixidir. Əgər həmin Quran oradadırsa, istəyirəm Almaniyada bilinsin ki, bu Quran Azərbaycandan hədiyyə olunub. Eşitdiyimə görə, o vaxt Osmanlı sultanına hədiyyə olunan Quran indi Türkiyədə muzeydədir. Hələ ki, ora getməmişəm, amma gedib o Quranı da orada görəcəyəm və bildiklərimi onlara da danışacağam”.
Abdulla Şaiqin nəvəsi, klassik irsimizin bu görkəmli nümayəndəsinin Mənzil-Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə bildirir ki, Yusif Ziya haqqında bir çox həqiqətləri atası, Talıbzadələr haqqında ən dəyərli tədqiqatların müəllifi, akademik Kamal Talıbzadədən eşitsə də bu məlumatlar onun üçün də yenidir. O, qeyd edir: “Atam doğulan il Yusif Ziya Talıbzadə şəhid olub. 1923-cü il may ayının 18-də Qızıl Ordu ilə döyüşlərin birində ağır yaralanıb, silahdaşları ilə birgə Amu-Dərya çayını üzüb keçərkən bolşeviklər tərəfindən kürəyindən güllələnib. Sonralar da bir “xalq düşməni”, sovet dövlətinin qatı düşməni kimi Yusif Ziyanın adı yasaq edilib. Hətta evdə də onun adını çəkməyə qorxublar. Ona görə də evdə uşaqlar onun adını əməlli-başlı eşitməyiblər. Təkcə onu biliblər ki, belə bir babaları var. Ancaq mənim atam müəyyən məlumatları bilirdi. O, böyük oğul olduğuna görə Abdulla Şaiq bir çox məlumatları atama deyib. Yusif Ziya ilə bağlı hal-hazırda nə məlumat varsa, hamısı atamın danışdıqlarıdır. O, da öz atasından – Abdulla Şaiqdən eşitdiklərini bilirdi. Bu böyük şəxsiyyət haqqında bütün sənədləri yox etmişdilər. Hətta onun kitablarını belə evlərdən yığmışdılar. Rus dilində çap olunan “Rusiya haqqında” adlı kitabının və bir çox əsərlərinin itib-batması, bu gün əlimizdə olmaması da bununla bağlıdır. Yusif Ziya Talıbzadənin lazımınca tanınmaması, çox dar bir dairədə, yalnız bir qrup ziyalılar tərəfindən tanınması da uzun zaman adının unutdurulması ilə bağlıdır. Hazırda Yusif Ziya Talıbzadə haqqında ən önəmli mənbə Minaxanım Əsədlinin yazdığı doktorluq işi və monoqrafiyasıdır. Quranla bağlı isə belə bir məlumatımız var ki, Hacı Zeynalabdin Tağıyev Abdulla Şaiqlə yaxın olub. Yusif Ziya Talıbzadə isə Hacı Zeynalabdin Tağıyevin yoldaşının şəriət dərsindən müəllimi olub. Və Quran tərcümə olunandan sonra Tağıyev onun Osmanlı sultanı Əbdül Həmidə çatdırıllmasını məhz Yusif Ziyaya tapşırıb. Yusif Ziya bir qrup adamın başında durub, bir yerdə gedib gümüş üz qabığı olan Quranı təntənəli surətdə türk sultanına təqdim ediblər.”
Rəyanə Məlikaslanova Ülkər Talıbzadə ilə söhbətində Abdulla Şaiq və Yusif Ziya Talıbzadə qardaşlarını Hacı Zeynalabdin Tağıyevlə Hacı Ələkbər bəy Nəsirbəyovun tanış etdiyini də vurğulayır. Eyni zamanda, nənəsi Sona xanımın söhbətlərindən bildiyi maraqlı bir faktı da nəzərə çatdırır. Yusif Ziya Quranı alman kralına təqdim edərkən II Vilhelmin ona çoxlu bahalı hədiyyələr, qızıl-cəvahirat verdiyini, lakin Yusif Ziya Azərbaycana qayıdanda rusların tabeliyində olan ölkədə dövlətin həmin hədiyyələri mənimsədiyini, Yusif Ziyanın bu hadisədən sonra inciyib İrana getdiyini qeyd edir. Ülkər Talıbzadə Yusif Ziyanın Xorasana getdiyini, Bakıya qayıtdıqdan sonra Nəriman Nərimanov tərəfindən Naxçıvana hərbi komissar təyin olunduğunu, ancaq burada 5-6 ay işlədikdən sonra sovet höküməti ilə barışmaz mövqeyinə görə yenə də N.Nərimanovun köməkliyi ilə buraxılış vəsiqəsi alaraq Türküstana yola düşdüyünü bildirir.
Beləliklə, Niderlanddan Abdulla Şaiqin Mənzil Muzeyini ziyarətə gələn qonaq – Rəyanə Məlikaslanovanın nənəsi Sona xanımdan eşitdikləri bizi maraqlı faktlarla tanış etməklə yanaşı, həm də tədqiqatçılarımızı Axund Yusif Ziya Talıbzadənin sirli ömür yolunun izi ilə Azərbaycan, İran, Türkiyə, Rusiya və Almaniya… arxivlərinə üz tutmağa səsləyir. Bizsə inanırıq ki, zaman fırtınalarının yıxıb keçdiyi, dərin qatlarda gizlətdiyi həqiqətlər gec-tez aydınlığa qovuşur. Yüz ildən artıq bir vaxt keçəndən sonra Quranın XX əsrin əvvəlində Azərbaycan dilinə tərcüməsinin alman kralı II Vilhelmin fikri ilə ərsəyə gəldiyinin, tərcüməçini tövsiyə edənin, müqəddəs kitabı iki hökmdara çatdıranın Yusif Ziya Talıbzadə olduğunun bu gün bilindiyi kimi…
Təranə TURAN RƏHİMLİ,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
YORUMLAR
Henüz yorum yapılmamış.