- 505 Okunma
- 0 Yorum
- 1 Beğeni
TALAN EDİLMİŞ ÖMÜRLER
TALAN EDİLMİŞ ÖMÜRLƏR
Həyat onları iki sinfi düşmən kimi qarşılaşdırmışdı. Qarabağın adlı-sanlı bəylərindən olan Sərkarlı Dadaş bəyin yeganə qız övladı Tavat xanım Qasımbəyova mənim istəkli nənəm, yeni hökumətə sadiq bolşevik, NKVD-də işləyən İsrafil Hacıyev yoldaş isə əziz babam idi. Onların taleyini 30-cu illər repressiyası birləşdirmişdi. Hələ 13 yaşından Ərdəbildən Quzey Azərbaycana gələn İsrafil babam ilk gəncliyindən rəiyyət hökumətinin tərəfdarlarından olmuş, sosialist ideologiyaya qəlbən inanmış, bolşeviklərə qoşularaq onların böyük etibarını qazanmışdı. Nənəmin atasının – yeni ictimai quruluşu əsla qəbul etməyən, sovet hökumətini qondarma hesab edən və bunu aşkar surətdə cəsarətlə nümayiş etdirən Dadaş bəyin həbsində, istintaqında bilavasitə babam iştirak etməsə də, bu proseslərdə onun bolşevik yoldaşlarının “canfəşanlığı” olmuşdu.
Dadaş bəy bir çox zadəgan dostları kimi vətənini tərk edib Arazın o tayına keçməyi, oradan da xaricə getməyi özünə və ailəsinə rəva bilməmişdi. Camaatla çox ədalətli davrandığından, bütün Qarabağda xeyirxah, mərhəmətli və səxavətli bir ağa kimi tanındığından yeni hökumətin ona dəyib-dolaşmayacağını zənn etmişdi. Nənəmin söhbətlərindən bunu xatırlayıram: “Bütün bəylərin, ağaların evində bəy ailəsi ilə qulluqçular üçün ayrı-ayrı qazanlar qaynayardı. Bəy süfrəsinə ən ləziz yeməklər, qulluqçuların süfrəsinə xəşil, umac, çobanaşı kimi ətsiz kasıb yeməkləri qoyulardı. Bizim evdə isə biz də, qulluqçular da bir qazandan yemək yeyərdik. Bu atamın qoyduğu qanun idi. Bir dəfə atamın dostu Əliş bəyin ailəsi bizə qonaq gəlmişdi. Onun arvadı Zəhra xanım yeməkdən sonra anama sual vermişdi ki, siz niyə qulluqçuya da öz yediyinizdən verdiniz? Anam cavabında demişdi ki, başqa cür etsək, günah olar. Zəhra xanım buna ağız büzmüş, “onda onlarla bizim fərqimiz nə oldu” deyə bunu xoş qarşılamamışdı”. Dadaş bəy ova gedəndə gətirdiyi ov qənimətlərini – qırqovulu, turacı, ceyran ətini belə qulluqçu və nökərlərinin ailəsi ilə paylaşıb. Bəlkə də kasıb-kusubu heç vaxt xor görməyən, öz kəndlilərinin hər dərdinə qalan bir mülkədar kimi onların sevgi və hörmətini qazandığındandır ki, Əliş bəy “çəkidə yüngül, vəzndə ağır” nəyi varsa, apara biləcəyi bütün sərvətini götürüb ailəsi ilə Arazın o tərəfinə keçəndə Dadaş bəy bunu etməyib. El-obasının qayğısına qalan bəy kimi kasıbların hökumətinin bunu nəzərə alacağına ümid edib, dədə-baba torpaqlarını tərk etməyə lüzum görməyb. Lakin Stalin repressiyası yeni quruluşun birinci dərəcəli düşməni bildiyi, “qolçomaq” deyə ittiham etdiyi bəy zümrəsindən kimsəyə acımadı. Dadaş bəy də 1934-cü ildə “KULAK” adı ilə həbs olundu və Sibirə sürgün edildi.
Repressiya vaxtı həbs olunanların ailəsini də eyni aqibət gözləyirdi. Zabitə xanım əri tutulandan sonra övladları üçün narahat olduğundan gecələri sabaha qədər yatmayıb xilas yolu düşünürmüş. Ona görə də nənəmi – o vaxt 15 yaşı olan nişanlı qızı Tavat xanımı tez-tələsik ər evinə köçürüb bu yolla ailənin fərdlərindən birini repressiya müsibətindən qorumaq istəmişdi. Atası yenicə həbs olunmuş, anasını, qardaşlarını necə bir taleyin gözlədiyindən nigaran nənəm gözü yaşlı gəlin faytonuna oturmuşdu. Bakının zadəgan ailələrindən Ağacanovların böyük oğlu, nişanlısı Mehdi ilə yola düşmüşdülər. Amma yolda qəfildən faytonu saxladan bolşeviklər bu iki gənci birdəfəlik ayırmışdılar. Həmin bolşevik dəstəsinin başçısı İsrafil babam ilk dəfə nənəmi o faytonda görüb sevmişdi. Mehdini özünün və ailəsinin həbsi ilə qorxutmuş, Tavat xanıma isə şərtli evlillik təklif edərək əvəzində anası Zabitə xanımla, qardaşları Qamboy və İsfəndiyarı həbs və sürgündən qorumağa söz vermişdi. Atasından ayrı düşən, mal-mülkləri, torpaqları müsadirə olunan, hətta doğulub böyüdüyü üçmərtəbəli malikanə belə əllərindən alınıb məktəb üçün istifadəyə verilən nənəm çarəsizlikdən babama “hə” demişdi. Babam da söz verdiyi kimi onun anasını, qardaşlarını qorumaq üçün Dadaş bəy və Zabitə xanımın adlarına saxta boşanma kağızı düzəltmiş, onları repressiya qurbanı olmaqdan xilas etmişdi.
Əslində babama elə gəlmişdi ki, onları xilas edə bilib. Amma tale öz işini görmüşdü. Bəy ailəsinin heç bir üzvü sovet cəmiyyətində xoşbəxt ola bilməmişdi. Nə nənəm, nə anası, nə də qardaşları... Dadaş bəyin böyük oğlu Qamboy Kislovodsk knyazlarından Elbrus ağanın qızı Məryəmlə evləndikdən altı ay sonra Məryəmin atası həbs edilmiş, Məryəm ər evində olmasına baxmayaraq anası Raya xanım və Elbrus ağa ilə birlikdə Sibirə sürgün olunmuşdu. Altı aylıq xoşbəxt evlilikdən sonra çox sevdiyi ömür-gün yoldaşını itirən Qamboy bu ayrılığa dözə bilməmiş, sovet hökumətinə nifrəti daha da artmışdı. İkinci Dünya Müharibəsi başlayan kimi dərhal könüllü olaraq cəbhəyə getməsi isə bir növ intihar idi. Məryəmsiz öz el-obasına sığmayan gənc Qamboy digər tərəfdən də müsadirə olunan ata-baba torpaqlarının, doğulub boya başa çatdığı bəylik malikanəsinin yaxınına belə gedə bilməməyin mənəvi iztirabını çəkirdi. Buna görə də müharibənin başlanması ona bu yerlərdən uzaqlaşmaq üçün odun-alovun içinə atılmaq kimi ölümü gözə alacaq qədər qəribə bəhanə vermişdi. Qamboy müharibəyə gedəndən sonra ondan bircə məktub belə almamışdılar. Nə “qara kağız”ı gəlmiş, nə də onu görən olmuşdu. Nənəm onun sağ qaldığına inanmaq istədiyindən Qamboy haqqında yana-yana “itkin qardaşım” deyə söz açardı. Sibirdən anası ilə birgə qaçmağı bacaran Məryəm isə 45 illik ayrılıqdan sonra nənəmi gəlib tapmışdı, “Məryəm” adlı hekayəmdə həmin hadisənin ailəmizə yaşatdığı dərin həyəcanı ifadə etmişəm.
Nənəmin anası Zabitə xanım bütün itirdiklərini heçə saysa da, ərinin acı aqibəti ilə barışa bilməmiş, oğlu müharibədə itkin düşəndən sonra isə dərddən saralıb solmuş, Dadaş bəyin, Qamboyun adlarını sayıqlaya-sayıqlaya dünyasını dəyişmişdi.
Dadaş bəyin sonbeşiyi, atası sürgün olunanda çox kiçik yaşlarında olduğundan onun üzünü belə xatırlamayan, bəylik həyatının səfasını sürməyən İsfəndiyar da bəy oğlu olmağın cəfasını görmüşdü. Gəncliyində hökumətin diqqətini yayındırmaq, təhsil alıb cəmiyyətdə layiqli yer tutmaq üçün ilk növbədə soyadını dəyişdirmiş, Qasımbəyov soyadını qondarma “Abdullayev” familyası ilə əvəz etmişdi. Bu yolla bəy oğlu olduğunu unutdurmaq, sovet hökumətində rahat yaşamaq istəmişdi. Amma ali təhsil alıb son dərəcə savadlı bir mühəndis olsa da, gözəl tar çalmağı, rəssamlıq məharəti ilə hamını heyran etsə də, ömür boyu savadına və istedadına layiq olan yerlərə yüksələ bilməmişdi. Kədərli bir ömür taleyi olmuş, qocalığını ehtiyac və sıxıntılar içərisində keçirmişdi.
Tavat nənəm atası sürgün ediləndən sonra babamla evliliyi sayəsində bircə təsəlli tapmışdı ki, anası və qardaşları həyatdadır. Amma onların da tale üzünə gülməmiş, bütün xoşbəxtlikləri talan edilən keçmişdə qalmışdı. 85 illik ömrünün elə bir günü olmamışdı ki, nənəm itirdiyi ailəsini, o bəxtəvər illəri xatırlamasın. Aradan uzun illər keçmişdi, nəvə-nəticə sahibi olmuşdu, amma nənəm sanki o illərdə qalmışdı. Sovet dövründə özünü qərib hiss edən feodal qızı dəyişən zamanın içində öz zəmanəsində, hələ də atalı-analı dünyasında, o illərin sirli-sehrli aləmində idi.
Geniş, bağlı-bağçalı həyət evinin divar qonşularının hamısı nənəmin qohumları idi. Təzə evləndikləri vaxt nənəm özünü tənha hiss etməsin deyə babam bolşevik nüfuzundan istifadə edib evinin dörd bir tərəfində nənəmin qohum-əqrəbasına torpaq sahəsi verdirmişdi. Amma bu evliliyin şərtli olduğunu nənəm heç vaxt unutmamış, babamı heç vaxt sevməmişdi. Biz nəvələri dünyaya göz açandan bəri nənəmin babama necə hörmətlə yanaşdığını, ailə başçısı kimi onu sayıb-saydırdığını, canla-başla qulluğunda dayandığını görmüşdük. Babam da nənəmə bəy qızı olduğunu yadırğatmamış, evləndikləri vaxtdan qocalanadək nənəmə xidmətçi tutmuş, dolanışıq sarıdan heç vaxt korluq çəkdirməmişdi. Amma nənəmlə evlənməsi babama ağır başa gəlmişdi. Hökumətin etibarını itirmiş, bəy qızı ilə evləndiyi üçün NKVD-dəki işindən çıxarılmışdı. Bütün bunları ilk dəfə babam vəfat etməzdən əvvəl nənəmin dilindən eşidəndə 10 yaşım vardı, söhbəti nağıla qulaq asırmış kimi dinləmişdim. Sonralar nənəm bizə adəti üzrə nağıl danışmaq istəyəndə “nənə, bəylik həyatından danış” deyə fərqində belə olmadan nənəmi o doymadığı günlərə, ömrünün o sehrli çağlarına qaytarardım. Nənəm də o vaxtın hər yaşantısını zərrəsinə qədər anlatmaqdan, təsvir etməkdən yorulmazdı. Nənəmin xatirələrinin qanadlarında bəylik malkanəsinin bütün otaqlarını xəyalən gəzərdim. Kübar həyatının dəbdəbəsi, yazılmamış qanunları, ailədaxili münasibətlərin nizamı, bütün bunlar məndə keçmişin bu gündən daha gözəl və cazibəli olduğu haqqında dərin təəssürat yaradardı. Nənəm danışar, danışar... sonra qəfildən gözlərinə kölgə enər, “nə gün gördüm ki, cəmi 15 illik cah-cəlal” deyib doluxsunardı...
Babamın ömür tarixçəsinə nəzər salanda isə qeyri-ixtiyari düşünürəm ki, həyatda nə qədər paradoksal məqamlar varsa, onun taleyində birləşib. Ərdəbildə dindar bir ailədə dünyaya gəlib. Şamda 25 il din təhsili alan Axund Hacının ilk oğul nəvəsi, molla Paşanın ilk övladı olub. Zülmün ərşə dayandığı İran şah rejimində yaşamağın çətinlikləri bir yana, üstəlik ögey ana zülmü də görüb. Başını götürüb Arazın bu tayına keçəndə 13 yaşı varmış. Təzə quruluşa qədər bu tayda da min bir əziyyətlə yaşayıb, yəqin buna görə də bolşevik hökuməti yarananda onun sıralarına ilk qoşulanlardan olub. Həyatının xilasını bunda görüb. Din xadiminin nəvəsi, ruhani ailənin oğlu olan babam ömrünün yeni mərhələsində “Allahsızlar cəmiyyəti” yaratmış ateist bolşeviklərlə birgə addımlayıb. Kommunist əqidəsində olan, gələcək yüksəlişi üçün öz işində məsuliyyətlə çalışan İsrafil babam nənəmi görəndə heç bir tərədüd etmədən, nələri itirə biləcəyini düşünmədən qarşı zümrənin nümayəndəsi – bəy qızı ilə evlənib. Elə bununla da çox maaşlı iş yerini itirib. Lakin buna heç vaxt təəssüflənməyib. Ömür boyu itirməyinə heyfsiləndiyi tək məfhum Vətəni olub. Axşam “Günün ekranı” başlayanda evimizdə kimsənin səsi çıxmazdı. Çünki babam İrandan xəbər eşitmək ümidilə televizora baxardı. Nəinki Ərdəbilin, Təbrizin, Tehranın belə adını eşidəndə ürəyi titrəyərdi. Dinlədiyi tək müğənni həmşəhərlisi Rübabə Muradovaydı. Rübabə oxuyanda fikri uzaqlara gedər, cismi yanımızda olsa da, ruhu Ərdəbildə, Həmədanda, Təbrizdə dolaşardı. “Yadımda belə qalıb” adlı bir şeirimdə həmin nisgili olduğu kimi əks etdirməyə çalışmışam. Babam Ərdəbildə qalan qardaş-bacılarının şəklini ən əziz bir xatirə kimi saxlayırdı. Arxasında əski əlifba ilə yazılar yazılmış o şəkillər bizim ailə üçün babamın Güney həsrətinin bir parçası, rəmzi idi. Sanki onlara heç vaxt qovuşmayacağını sövq-təbii hiss etdiyindən adlarını bizə tanıtmağa, yaddaşımıza həkk etdirməyə çalışardı.
...İndi heç biri həyatda yoxdu, illər əvvəl babam da, nənəm də Haqq dünyasına köç edib. Əvvəlcə babam Ərdəbil, Həmədan (atası Ərdəbilli, anası Həmədanlı idi) həsrətiylə dünyaya göz yumdu. İllər sonra, sərhədlər açılan kimi atam onun məzarına Ərdəbil torpağı gətirib tökdü.
Sonra isə nənəm... Talan olmuş soyuna göz yaşı tökə-tökə, yeganə övladı - atam üçün Allaha şükr edə-edə sonda övlad dağı da gördü. Taleyin bu müsibətinə dözmədi. “Dağ boyda atam Sibirə sürgün olundu, dözdüm. Anam dərddən qübarlayıb öldü, igid qardaşım Qamboy müharibədə itkin düşdü, səbr elədim, beş övladımdan dördü körpə ikən tələf oldu, “qismətim budur” dedim. Amma Yusifin ölümü mənə dağ çəkdi” deyib atamın vəfatından az sonra dünyasını dəyişdi.
Ayrı-ayrı dünyaların insanı olan, bir damın altında birgə ömür yaşayan, biz nəvələrinə həmişə örnək olan nənəmlə babamın bir-biri ilə bağlı xatirələri yox idi. Hərəsinin öz Vətəni, el-obası, keçmişi, doğmaları haqqında xatirələri, bir-birindən fərqli itirilmiş dünyaları, ölən arzuları, ümidləri vardı. Nənəmlə babamın birgə şəkilləri də yox idi. Cəmi bir dəfə birlikdə şəkil çəkdirmişdilər. Amma nənəm babamın bu şəklinin yanından öz şəklini kəsib götürmüşdü. Onunla şərt kəsərək evlənməsi vaxtilə nənəmin qüruruna necə toxunmuşdusa, bunu ömür boyu babama bağışlamamışdı.
Onların cismani yoxluğundan uzun zaman keçib. Talan edilmiş ömürləri, yıxılan dünyaları, məhv olan ümidləri ilə bağlı acı təəssüf isə hələ də qəlbimizi didib parçalayır. Təsəllimiz isə bizə miras qoyduqları ən böyük sərvətdir: şərəfli ad, təmiz vicdan, yenilməz qürur və möhkəm əqidə. Həyatda nə iş görsəm, ikisinin də nəzərlərini həmişə öz üzərimdə hiss edirəm. Onlara layiq olmağa çalışıram, gördüyüm hər işdə, hər yaşda, hər addımda...
Təranə TURAN RƏHİMLİ,
şair, ədəbiyyatşünas,
filologiya üzrə fəlsəfə doktoru, dosent.
YORUMLAR
Henüz yorum yapılmamış.