- 789 Okunma
- 0 Yorum
- 1 Beğeni
Şairin əlini tuşladığı yer (Təranə Turan Rəhimli poeziyası haqqında)
MEHMET RREMA,
Aıban şairi və tədqiqatçısı
ŞAİRİN ƏLİNİ TUŞLADIĞI YER...
Azərbaycan şairi Təranə Turan Rəhimlinin gözəl poetik biçimli, məcazlarla, metaforalarla bədii təsiri daha da qüvvətlənən misralarının sıralandığı bir şeirini oxumaqla Azərbaycan xalqının tarixi haqqında çox mətləbləri öyrəndim. Bu şeirin ruhu mənə öz alban xalqımın ağrı-acılı və eyni zamanda şərəfli tarixini xatırlatdı. Şair “Bağışlama, ay Vətən” adlı bu şeirdə yazır:
Səni parça-parça bölüb itə, qurda atdılar,
Torpağını zaman-zaman namərd yada satdılar,
Naxələflər igidlərin kölgəsində yatdılar,
Biz də dinib danışmadıq, bağışlama, ay Vətən.
Təranə Turan Rəhimli “Səni parça-parça bölüb itə, qurda atdılar” deyir. Və elə bu ilk misradan şair sübh şehi, səhər nuru kimi təmiz ruhu ilə, yalnız bir şairin sahib ola biləcəyi cəsarətlə əlini bir qrup cılız xislətli adamlara tuşlayır. O adamlara ki, qaranlıq yolun yolçusudurlar, yalnız zülm və bədbəxtlik gətirməyi, kədər və əzab toxumu əkməyi bilirlər.”Onlar...” Kimdir onlar? Şairin əlini tuşlayıb onları göstərməsi üçün hansı əməlləri törədiblər? “Köpəyə, qurda atdılar” fikrinin arxasında mənalar gizlənir. Deməli, o qrupu təmsil edən adamların amansızlığı o qədər böyükdür ki, konkret bir varlığa (Azərbaycana) qarşı o qədər nifrət doludur ki, o varlığı amansızlıqla köpəyin, qurdun ağzına ata bilirlər. Ancaq hələ bu yırtıcı heyvanların ağzına atmaq da kifayət deyil, çünki onun itə, qurda tab gətirəcəyini də sövq-təbii hiss edirlər. “Onlar” qurdun ağzına atmazdan əvvəl o varlığı özləri tikə-tikə bölürlər, parçalayırlar. İnsan ruhunun ikrah doğuran pisliklərinin ən son həddi budur. “Zaman-zaman torpağını namərd yada satdılar” misrası ilk misradakı fikri dolğun şəkildə tamamlayır. Bir ölkəni, bir milləti, Azərbaycanı parçaladılar, götürə bildikləri qədər qənimət mənimsədilər, torpağı parçalayıb yadlara, köpək, qurd kimi yırtıcılara satdılar. İnsanlıq tarixində buna bənzər hadisələr çoxdur. Bu hadisə isə mənə öz millətimin tarixi yaşantılarını, onun (Albaniyanın) torpaqlarının satılmasını, kimlərinsə iştahını doydurmaq üçün o dövrün hakimiyyət dairələrinin torpaqlarımızı beş yerə bölməsini xatırladır. O bölgü ki, yaraları bu gün də göynədir.
Naxələflər igidlərin kölgəsində yatdılar,
Biz də dinib danışmadıq, bağışlama, ay Vətən.
Bəlkə kimsə soruşa bilər ki, axı bu necə olur və bu ədalətsizliyə kimsənin reaksiya verməməsi mümkündürmü? Təbii ki, “onlar” öz qara əməllərini gerçəkləşdirmək üçün çoxdan zəmin hazırlamışdılar. Adamların içindən kreslo, pul və s. düşkünlərini tapıb onların gözünü bu və ya digər şəkildə bağlamaqla, yaxud təhdidlərlə məqsədlərinə nail olublar. Və “onlar” xəstə mənəviyyatla gerçəkləri ört-basdır edərək, qara müqavilələr imzalamaqla, yalnız özlərinin ən yaxşı bildikləri şəkildə təslim oldular, bu gün də etdikləri kimi.. İnsanların ağzını bağlamaq üçün şiddət və terrorizmdən də istifadə edildi. Xalq nə qədər daxili üsyanlar etsə də, liderlərə ehtiyac duyurdu, bu liderlər isə satılmış, öz dayaq nöqtələrini itirmişdilər, soxulcan kimi daş altında yaşayıb boy atırdılar. Təranə Turan Rəhimli deyir:
Başımıza od ələyən yağılarla barışdıq,
Dünəni tez yadırğadıq, bu günə tez alışdıq.
Bu misralar göstərir ki, “onlar” əsla bir millətin üstünə zülmət pərdəsi çəkdikləri, onu kədərə qərq etdikləri, sonsuz ağrı və əzaba məruz qoyduqları üçün nəinki narahat olmadılar, əksinə, heç vaxt ölüm kölgəsini əsirgəmədilər. Onlar insanlara rəhm etmədilər, ancaq əcnəbilərin tapdağı altında yaşamaq, namusunu və millətini satmaqla kifayətləndilər. Bitmək bilməyən əzablara qərq olmuş, mübarizə meydanında tamamilə tərk edilmiş millət reaksiya göstərdi, ancaq bu reaksiyalar vəziyyəti dəyişdirə bilmədi. Mahnı gözəl oxunsa da, bitdi...
Şair etirazla bildirir: “Bu günə tez alışdıq”. Bu, şairlərin xalqının çəkdiyi əziyyətlə razılaşa bilmədiyini göstərən zərif bir müraciətdir. Çünki, onlar ədalətsizliyin ilk əleyhdarlarıdır. “Ölüb yerə qarışmadıq, bağışlama ay Vətən”. Şair “Ölülərə qarışmadıq deyir, yəni, Biz hələ yaşayırıq və Vətəndən söhbət gedirsə, dirilər danışmalıdırlar, reaksiya verməlidirlər, Vətəni yadlara bağışlayanlara qarşı heç vaxt susmamalıdırlar, çünki şairlər Vətən uğrunda həyatlarını belə fəda edərlər.
Çaldı-çapdı səni gürcü, ərəb, rus dönə-dönə,
Qalib çıxdın hər sınaqdan, yıxılmadın sən yenə.
“Torpaqdan pay olmaz” deyib biz də yağı düşmənə
Neçə yurdu bağışladıq, bağışlama ay Vətən.
Bir çox fatehlərin yolu bu torpaqlardan düşüb. İşğallardan qorunmaq üçün bu torpaqlar uğrunda nə qurbanlar verilib, saf Azərbaycanlı qanı axıdılıb, amma yenə də hər tərəfdən qurdlar, köpəklər üstünə axışıb gəlib. Kimlər bu torpaqlara ayaq basmağa cəhd etməyib ki?!
Elə bu fraza məni öz ölkəmlə paralellər aparmağa və belə bir nəticə çıxarmağa vadar edir ki, əslində ədalətin olmadığı bu dünyada yırtıcı dişlərdən xilas olmaq üçün dua etmək, nəyəsə ümid bəsləmək yox, öz gücündən başqa heç nəyə etibar etməmək lazımdır. Bu güc nə qədər kiçik olsa da təmiz milli ruh və Vətən sevgisi ilə birləşəndə böyük görünər və hər məqsədə çatar. “Tikə-tikə paylaşdılar səni Azərbaycanım” misrasında yenə də “onlar”ı görürük. "Onlar"... Və yenə hörmətli şair Təranə Turan Rəhimli barmağını onlara tərəf tuşlayır. O, Azərbaycandakı ağrı-acıların səbəbkarlarını axtarıb tapır. Bunlar əsrlər boyu dayanmayan, əsrlər boyu qana doymayan, bu torpağa və bu xalqa dişlərini qıcırdan, ona müsibətlər verən kəslərdir. Bütün bu fəlakətlərin başına gəlməsində xalqın günahı nədir? Tək günahı onun öz torpağında doğulub yaşaması, kimsəyə pislik diləməməsidir. O heç kimə borclu deyil. Məhz günahsız olduğu üçün, tarixən torpaqları bölünərək kiçildiyi üçün maskalı düşmənlər onu işğal edə, şiddətə və soyqırıma məruz qoya biliblər. Düşmənləri bir-birinin tamahını Azərbaycanın yorgun kürəyində doydurmaq üçün bu torpaqları bölüblər. Səni böldülər - deyir şair, dünyanın sonundan gələn qaranlıq qüvvələrlə birləşən əsli-kökü olmayan sərsərilər tərəfindən bölündün.
Mənim Azərbaycanım! Şair, xalqı, milləti için “bölünmək” sözünü işlədəndə nə qədər acı yaşayır, dərd çəkir. Vətəninin vücudundakı bu ağrılı parçalanmaya tab gətirə bilmir. Ona görə də ruhunun dərinliklərindən gələn səs Azərbaycanı bölənlərə inadla “Paralanmış ürəyinə qurban yaralı canım, O tayında qoy alışım, bu tayında qoy yanım” deyir. Şair yaralı canını – ruhunu Vətənin qırılan, paralanan ürəyinə qurban verməyə hazırdı. Bu düşüncəyə alışmaq, öyrəşmək lazımdı: “Yaralı ruhum ... deməli, Vətən şairin ruhudur, oğul anasının ruhu olduöu kimi. Şairin vətəni dünyanı dolaşıb gəzir və yolundan dayanmır, buna ehtiyac duyduğu üçün dayanmır. Tarixin səhnəsində sağ qalmaq, yırtıcı dişlərə dözmək, hegemon “güclülər”in vurduğu yaraları sağalda-sağalda sabahlara addımlamaq.. Nəticədə bir milləti heç bir qüvvə məhv edə bilməz. Azərbaycanın ləyaqətli şair qızı Təranə Turan Rəhimli kimi övladları bu yaraları sağalda biləcək. Şeirin sonundakı “Sən yananda alışmadıq, bağışlama ay Vətən” misrasında da böyük həyəcan var. Şairin Vətəni müsibətlərə məruz qalsa, bu vətənin övladları o dərdlərə, talanlara, repressiyalara öyrəşməyib. Kimsə buna öyrəşsə, qarşıdan daha ağır işgəncələr gələcək. “Bağışlama, ay Vətən” nidası Vətəni bütün dəyərlərdən üstün tutmayanları bağışlamaq olmaz qənaətini möhkəmləndirir. Tanınmış şair Təranə Turan Rəhimlini bu gözəl şeiri üçün təbrik edirəm və sonsuz yaradıcılıq uğurları arzulayıram.
Tərcümə edən: Təranə Turan Rəhimli
YORUMLAR
Henüz yorum yapılmamış.